Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2066/2024 23.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X5” Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə) borcun yenidən hesablanması və artıq hesablanmış məbləğin silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: artıq hesablanmış məbləğin silinməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X5” Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə) borcun yenidən hesablanması və artıq hesablanmış məbləğin silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (Cavabdeh ASC) qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X5” Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2014-cü ildə 36 ay müddətinə, illik 26% olmaqla, 19000 ABŞ dolları məbləğində kredit götürülməsinə dair bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun yenidən hesablanması və artıq hesablanmış məbləğin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli, 2(014)-4453/2016 saylı məhkəmə əmrinə əsasən iddiaçıdan kreditor "xxxx" ASC-yə cəmi 14916,96 ABŞ dolları məbləğində pul və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması qərara alınmışdır. Məhkəmə əmrinə verdiyi etiraz nəticəsində iş iddia icraatına keçirilmiş və Ağdaş Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(014)-553/2017 saylı qətnaməsi ilə iddiaçıdan 14316,36 ABŞ dolları, 20 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı həmin bankdan xx.xx.2014-cü ildə 36 ay müddətinə, illik 26 % olmaqla 19000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 2016-cı ildə krediti ödəyib bitirmiş, heç vaxt gecikməyə yol verməmişdir. Lakin manatın devalvasiyası nəticəsində ödənişdə çətinliklər yaranmış və bu səbəbdən də banka borcu yaranmışdır. Daha sonra bank iddiaçını məhkəməyə vermiş, iddia tələbində absurd faiz məbləği qeyd edilməklə, həmin məbləğin ödənilməsi tələbi irəli sürülmüşdür. Banka görə iddiaçı guya ümumiyyətlə banka ödəniş etməmişdir. İddiaçının yalnız 2016-cı ildə borcu yaranmışdır. Bank məhkəməyə verdiyi zaman faiz hesablanması dayandırılmalı olsa da, bank buna əməl etməmişdir. Nəticədə məbləğ şişirdilmişdir. Məhkəmədən sonra müqavilə üzrə zamin olan oğlu X2 əmək haqqından hər ay 50 % tutularaq bankın hesabına köçürülmüşdür. Banka kredit borcu haqda müraciət etsə də, o, dəqiq cavab verməkdən yayınmışdır. Bank həmin pulu tələb etmək hüququnu müqavilə əsasında xx.xx.2021-ci ildə BOA Agentliyinə güzəşt etmişdir. BOA Agentliyinə dəfələrlə borcun məbləği haqqında sorğu versə də, cavab verməmişdir. Sonradan həmin informasiyanın əldə edilməsi üçün Ombudsmana verdi. Ombudsmanın xx.xx.2023-cü il tarixli, 2-5/2- 9599/2023 saylı məktubu ilə bildirilmişdir ki, hazırda borcun məbləği 10154,08 ABŞ dolları təşkil edir. Bütün borcları ödəyib bitirmişdir. İş materiallarına əlavə edilmiş bank çıxarışları da bu faktı təsdiq edir. Transbrokerin xx.xx.2022-ci il tarixli, 16/2022 saylı cavab məktubundan da görünür ki, təkcə oğlu 2020-2022-ci illər ərzində 3786,45 manat ödəniş həyata keçirtmişdir. Odur ki, borclar yenidən hesablanmalı və artıq olan məbləğ silinməlidir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi iki hissədən ibarətdir: İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2014-cü il tarixdə bağlanmış, 36 ay müddətinə, illik 26 % olmaqla, 19000 ABŞ dolları məbləğində kredit götürülməsinə dair kredit müqaviləsi üzrə kredit borcunun yenidən hesablanması və artıq hesablanmış məbləğin silinməsi. İddiaçı özünün də iddia ərizəsinə əlavə etdiyi bank hesabından çıxarışda qətnamə ilə təsdiq edilmiş borc üzrə mədaxilləri izləyə və artıq ödəniş olmadığına əmin ola bilər. İddiaçı hər hansı yenidən hesablanma yaxud ekspertiza təyin edilməsini xahiş etməzdən əvvəl onun faktiki ödənişlərinin bank hesabındakı ödənişlərlə fərqi əsaslandırmalı, sübut kimi ödəniş sənədlərini təqdim etməli idi. Belə sübutlar təqdim edilməmişdir. Buna görə də iddia təmin edilməməlidir. Qüvvədə olan məhkəmə aktı üzrə borcun ödənilməsi məsələləri icra icraatına aid məsələ olduğu üçün, habelə borcun icra tədbirləri gedişində tutulduğu üçün bu iddia üzrə Cavabdeh ASC heç bir öhdəlik daşıya bilməz. Buna görə də iddia təmin edilməməlidir. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(014)-553/2017 nömrəli qətnaməsi ilə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı, X3, X4 və X1 müştərək qaydada 11964,33 ABŞ dolları əsas borc, 2322,03 ABŞ dolları faiz borc, 30 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 14316,36 ABŞ dolları məbləğində borcun ödəniş gününə məzənnə üzrə manatla və 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin borc üzrə tələb hüququ 10976,18 ABŞ dolları qalıq borc olaraq, xx.xx.2021-ci il tarixli, 02/21 UB nömrəli müqavilə ilə Cavabdeh ASC-yə (o zaman "xxxx" MMC) keçmişdir. Məhkəmə qətnaməsi tarixindən tələbin keçməsi tarixinədək cəmi 3236,06 ABŞ dolları ödəniş edilmişdir. Həmin ödənişləri iş materiallarına əlavə edilmiş bank hesabından çıxarışda da görmək olur. Borc üzrə tələb hüququ Cavabdeh ASC-yə keçdikdən sonra ödənişlər davam etmiş və xx.xx.2024-cü il tarixinədək cəmi 1969,19 ABŞ dolları ödənilmişdir. Həmin ödənişləri də iş materiallarına əlavə edilmiş bank hesabından çıxarışda görmək olur. Barəsində iddia verilmiş kredit müqaviləsi üzrə borcun bu günə olan qalığı 8918,75 ABŞ dolları təşkil edir. Yuxarıdakıları nəzərə alaraq, iddianın təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir.
5. İş üzrə cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, üçüncü şəxsin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(014)-553/2017 nömrəli qətnaməsinə əsasən İddiaçı, X3, X4 və X1 müştərək qaydada 11964,33 ABŞ dolları əsas borc, 2322,03 ABŞ dolları faiz borc, 30 ABŞ dolları cərimə borcu, cəmi 14316,36 ABŞ dolları (on dörd min üç yüz on altı ABŞ dolları otuz alt sent) ödəniş gününə məzənnə üzrə manatla borcun və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi, İddiaçı, X3, X4 və X1 müştərək qaydada 10 (on) manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
8. Tələbkar qismində "xxxx" X9 Səhmdar Cəmiyyəti ilə yeni tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında tələb hüququnun satılması haqqında 22 noyabr 2021-ci il tarixli, 02/21 UB nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən müqaviləyə görə tələbkar, Azərbaycan Respublikasının məhkəmələrinin qanuni qüvvəyə minmiş qərarlarına (qərar, əmr, qətnamə və sair) əsasən bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə (siyahı) və ya elektron daşıyıcılarda (disk və s.) qeyd edilən məbləğdə borc qalıqlarına (bundan sonra "borc qalıqları") dair irəli sürə biləcəyi tələbləri üzrə bütün hüquqlarını yeni tələbkara satır. Müqavilənin 2.1-ci bəndinə əsasən 56029248 (əlli altı milyon iyirmi doqquz min iki yüz qırx səkkiz) manat borc qalıqlarının ümumi dəyəri ******* (dörd milyon beş yüz min) manat müəyyən edilir.
9. 22 noyabr 2021-ci il tarixli, 02/21 UB nömrəli tələb hüququnun satılması haqqında müqavilə üzrə xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən 22 noyabr 2021-ci il tarixli, 02/21 UB saylı tələb hüququnun satılması haqqında müqavilənin 1.1-ci maddəsinə əsasən siyahını özündə əks etdirən disk - 1 ədəd "xxxx" X9 Səhmdar Cəmiyyəti tərəfindən "BOA Kollektor Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilmişdir.
10. Cavabdeh ASC-nin xx.xx.2024-cü il tarixli, BOA-4580 nömrəli maliyyə arayışından görünür ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(014)- 553/2017 nömrəli icra sənədinə əsasən 14316,36 ABŞ dolları məbləğində kredit borcu və 20 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar bankın xeyrinə ödənilməlidir. Kredit müqaviləsi üzrə 9006,99 ABŞ dolları borc məbləği qalmışdır.
11. Cavabdeh ASC-nin xx.xx.2024-cü il tarixli, BOA-6489 nömrəli maliyyə arayışından görünür ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(014)- 553/2017 nömrəli icra sənədinə əsasən 14316,36 ABŞ dolları məbləğində kredit borcu və 20 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar bankın xeyrinə ödənilməlidir. Kredit müqaviləsi üzrə 8918,75 ABŞ dolları borc məbləği qalmışdır.
12. Cavabdeh ASC-nin İddiaçı ünvanladığı məktubdan görünür ki, kredit borcu üzrə tələb hüququ xx.xx.2021-ci il tarixli müqavilə əsasında 10976,18 ABŞ dolları qalıq olaraq keçmişdir. Bu tarixdən sonrakı ödənişlər cəmi 2057,43 ABŞ dolları məbləğində olmuşdur.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 193.1-ci maddəsinə əsasən güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. 193.2-ci maddəsinə əsasən əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir. 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 199.1-ci maddəsinə əsasən borclu öhdəlik üzrə tələblərin yeni kreditora güzəşt edildiyi barədə bildirişi aldığı məqamda ilkin kreditora qarşı malik olduğu etirazları yeni kreditorun tələbinə qarşı irəli sürə bilər.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
15. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi
16. İddia tələbi iddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2014-cü ildə bağlanmış, 36 ay müddətinə, illik 26% olmaqla, 19000 ABŞ dolları məbləğində kredit götürülməsinə dair kredit müqaviləsi üzrə kredit borcunun yenidən hesablanması və artıq hesablanmış məbləğin silinməsindən ibarətdir.
17. Məhkəmə qeyd edir ki, borc məbləği Ağdaş Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(014)-553/2017 nömrəli qətnaməsinə əsasən müəyyən edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icra vərəqəsi icraya yönəldilmişdir. İddiaçı qətnamədə qeyd olunan məbləğlə razılaşmadığı təqdirdə həmin qətnamədən qanunvericilikdə müəyyən edilmiş müddətdə və qaydada apellyasiya şikayəti vermək hüququna malik olmuşdur. Eyni zamanda icra vərəqəsi icraya yönəldikdən sonra İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən icra sənədini vermiş məhkəməyə şikayət verə bilər.
18. Həmçinin məhkəmə qeyd edir ki, hazırkı Cavabdeh ASC tərəfindən hesablanmamışdır. Həmin borc üzrə məhkəmə qətnaməsi qəbul edildikdən və həmin qətnamə üzrə icra vərəqəsi icraya yönəldikdən sonra borcun tələb etmə hüququ 22 noyabr 2021-ci il tarixli, 02/21 UB nömrəli tələb hüququnun satılması haqqında müqavilə üzrə BOA Agency” ASC-yə verilmişdir. Odur ki, Cavabdeh ASC borcun yenidən hesablanması və artıq hesablanmış məbləğin silinməsi tələbinə cavab verməli olan şəxs deyildir və sözügedən tələblə bağlı cavabdehlik daşımır.
19. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır.
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova