Məhkəmə qərarları › İş №e-2-2(113)-207/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-207/2024

31.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-207/2024 31.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, faiz borcu, mediasiya xərci, iddia müddəti) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmənin iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 26.715 ABŞ dolları pulun (ödənilən gün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə ilə manat pulun), xx.xx.2017-ci il tarixdən hazıradək həmin pul iddiaçıya qaytarılmadığına görə bir il üçün illik 5 faiz məbləğ hesablanmaqla 10612 manat faiz məbləğinin, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 200 manat pulun və əlavə dövlət rüsumu kimi ödənilmiş 59 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Türkiyyə Respublikasının vətəndaşıdır. Türkiyyə Respublikasında Fiziki şəxs kimi vergi orqanlarında İddiaçı qeydiyyatdan keçmişdir. İddiaçı xx.xx.2017-ci ilin may ayında Türkiyyə Respublikasının Bursa şəhərindən Cavabdeh adına özəl kiçik ölçülü 23 ədəd "ALYANS" yataq dəsti, özəl kiçik ölçülü 7 ədəd "HAVAİ" yataq dəsti və özəl kiçik ölçülü 6 ədəd "MASSA" yataq dəsti olmaqla, ümumilikdə 36 ədəd özəl kiçik ölçülü yataq dəsti göndərmişdir. X2 ********** nömrəli VÖEN-lə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi uçotuna alınmış və sahibkarlıq fəaliyyəti ilə məşğuldur (mebel satışı). İddiaçı tərəfindən cavabdehə göndərilmiş 36 ədəd özəl kiçik ölçülü yataq dəsti Gömrük Bəyənnaməsinə əsasən Cavabdeh tərəfindən təhvil alınmışdır. Lakin, bu günədək Cavabdeh müxtəlif bəhanələr gətirərək sözü gedən mebellərin dəyəri olan 26715 ABŞ dolları İddiaçı ödənilməmişdir. İddiaçı Cavabdeh qarşı eyni məzmunlu iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1141/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh vergi ödəyicisi kimi fiziki şəxs qismində qeydiyyata alınmışdır və Bakı Şəhərində ticarət fəaliyyəti ilə məşğuldur. Təxminən 3 aya yaxın məhkəmə araşdırması getdikdən sonra, əlavə sübutların toplanılmasına zərurət yarandığından ərizənin geri qaytarılması barədə məhkəməyə ərizə ilə müraciət edilmiş və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1141/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır. Sonradan işin yenidən məhkəməyə verilməsinin hazırlanması başlanan zaman, 19.04 2023-cü il tarixdə Cavabdeh Fərmn oğlunun ünvan 1 ünvanına “X1 barədə” təklif göndərilmiş və Cavabdeh tərəfindən təklif yuxarıda göstərilən ünvanda şəxsən qəbul edilmişdir. Göründüyü kimi Cavabdeh tərəfindən 5 ilə yaxındır ki, pulun ödənilməsi təmin edilmir. xx.xx.2017-ci il tarixdən hazıradək həmin pul iddiaçıya qaytarılmadığı üçün bir il üçün 5 faiz məbləğ hesablanmaqla əlavə 10612 manat pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməsi zəruridir.

3. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixində iddia ərizəsinə əlavə izahat təqdim etmiş və həmin izahatda qeyd olunmuşdur ki, hazırkı iş tərəflərdən biri xarici elementli subyektdir. Bu zaman xarici elementli xüsusi hüquq münasibətlərini tənzimləmə prosesi baş verir. Münasibətin tənzimləmə üsuluna, mahiyyətinə, quruluşuna və məzmununa görə beynəlxalq xüsusi hüquq normaları iki qrupa: maddi və kollizion normalara bölünür. Maddi hüquq normaları münasibət iştirakçılarının hüquq və vəzifələrini müəyyən etməklə, onların davranışını birbaşa tənzimləyir. Kollizion norma isə hüquq münasibətini birbaşa tənzimləmir, aidiyyəti münasibəti birbaşa tənzimləməkdən ötrü tətbiq ediləcək hüququ müəyyən edir. Beynəlxalq xarakter daşıyan xarici elementli münasibətlər, bir qayda olaraq, bir neçə hüquq sistemi ilə əlaqəli olur. Həmin hüquq sistemlərinin hər biri söhbət gedən hüquqi münasibətə potensial tətbiq edilmə imkanına malikdir. Potensial imkanlar isə hüquq sistemlərinin mənafelərini, obrazlı ifadə etsək, «toqquşdurur». Kollizion hüquq normasının əsas təyinatı «toqquşan» hüquq sistemlərindən hansı birinin seçilməsi məsələsini həll etməkdir. Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, xarici elementli xüsusi hüquq münasibətlərini tənzimləmə prosesi birbiri ilə sıx əlaqədə olan iki mərhələdən keçir, ilk mərhələdə kollizion problem həll edilməlidir. Sonrakı mərhələdə isə münasibət mahiyyət etibarilə tənzimlənməlidir. Münasibəti mahiyyət etibarilə tənzimləməkdən ötrü kollizion norma istiqamətləndirir, bir növ «kompas» rolunu oynayır. Kollizion norma vasitəsilə səlahiyyətli hüquq sistemi müəyyən edilir. Münasibətin ədalətli nizama salınması üçün səlahiyyətli hüquq sisteminin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Kollizion norma istinad edir, tətbiq ediləcək hüququ göstərməklə o, göndərici xarakter daşıyır. Kollizion norma müəyyən edilmə formasına görə özünəməxsus xüsusiyyətlərə malikdir. Onlar ya xüsusi qanunlarda, ya da ayrı-ayrı məcəllələrdə xüsusi bölmədə ifadə olunub. Azərbaycan Respublikasının qanunvericiliyində kollizion normalar «Beynəlxalq xüsusi hüquq haqqında» Qanunda və bir sıra məcəllələrdə (məsələn, Ailə Məcəlləsinin Vİİ bölməsində) ayrıca bölmədə öz əksini tapmışdır. Yəni qanunvericilik aktlarında kollizion normalar sistemli şəkildə verilir. Kollizion normaların sistemi kollizion hüququ yaradır. Beynəlxalq Xüsusi Hüquq haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən Bu Qanun xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq normalarını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən- Xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur. Həmin Qanunun 19-cu maddəsinə əsasən- Müvafiq münasibətin tənzimlənməsi üçün hansı ölkənin hüququ tətbiq olunursa, iddia müddəti də həmin ölkənin hüququ ilə müəyyən edilir. Müvafiq münasibətin iştirakçılarından heç olmasa biri Azərbaycan Respublikasının vətəndaşı və ya hüquqi şəxsidirsə, onda iddia müddətinin aid edilmədiyi tələblər Azərbaycan Respublikasının hüququ ilə müəyyən olunur. Həmin qanunun 25-ci maddəsinə əsasən tərəflər arasında hansı ölkənin hüququnun tətbiq edilməsi barədə razılıq olmadığı halda satıcının mənsub olduğu ölkənin hüququ tətbiq edilir, (maddə 25.1.1) xx.xx.2011-ci il tarixli 6098 saylı X3 146-cı maddəsinə əsasən hər alacaq on illik zaman aşımına (iddia müddətinə) tabedir. Həmin qanunun 148-ci maddəsinə əsasən yuxarıda qeyd edilən müddət qətidir və müqavilə ilə dəyişdirilə bilməz. Türkiyə qanunvericiliyi barədə məlumatlar Türkiyə Respublikasının Prezident Administrasiyasının rəsmi saytı olan mevzuat.gov.tr internet səhifəsindən əldə etmək olar. Bu internet səhifəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsi tərəfindən e-qanun.az internet səhifəsinin analoqudur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq hazırkı iddia Azərbaycan Respublikasının ərazisində verildiyi üçün prosessual hüququ normalarının tətbiqi zamanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə istinad olunması, maddi hüquq normalarının tətbiqinə gəldikdə isə Beynəlxalq Xüsusi Hüquq haqqında Azərbaycan Respublikasının Qanununa əsasən X4 və onun müvafiq maddələrinə istinad edilməlidir.

4. Cavabdehin nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixində məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, müqavilədən məlum olur ki mübahisə predmeti olan yataq dəstlərinin alqı-satqısı ilə bağlı tərəflər arasında xx.xx.2017-ci il tarixli müqavilə imzalanmışdır. Müqavilənin 4.1-ci maddəsinə əsasən malların dəyəri alıcıya verilməsindən 15 təqvim günü əvvəl olmaq şərtilə hesab faktura alındıqdan 10 iş günü ərzində ödənilməldir. Müqavilənin 6.2-ci maddəsinə əsasən mübahisələrin həlli ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyi tətbiq edilməsi razılşadırılmışdır. Müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. O səbəbdən hazırkı iş üzrə iddia müddətinin keçdiyini nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh tərəfindən verilmiş ödəniş qəbzlərini qəbul etməyərək bildirdi ki, həmin qəbzlər İddiaçı tərəfindən verilməmişdir/imzalanmamışdır. Ümumiyyətlə cavabdehin təqdim etdiyi qəbzlərdə göstərilən tarixlərdə, yəni xx.xx.2017, xx.xx.2017-ci il tarixlərdə heç iddiaçı Türkiyyədə olmayıb, ona dair sübutu da məhkəməyə təqdim edib. Cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə bildirdi ki, X3 146-cı maddəsinə əsasən hər alacaq on illik zaman aşımına (iddia müddətinə) tabedir. Ona görə də həmin qanunu tətbiq edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

6. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.

7. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İşdə olan “vergi levhası” adlı verqi orqanından əldə edilmiş çıxarışdan görünür ki, Türkiyyə vətəndaşı İddiaçı-ın Vergi nömrəsi **********, ticarət ünvanı – Ak-Grup iç ve Dış ticarət, əsas fəaliyyəti kimi ev mebel və aksesuarların pərakəndə satışı qeyd olunmuşdur.

10. İnegöl Ticaret Sicili Memurluğu-Sicil tasdiknamesi adlı iddiaçı tərəfindən təqdim edilmiş sənəddə iddiaçının sahibkarlıq satusu fərdi sahibkar kimi və qeydiyyat tarixi xx.xx.2012-ci il kimi qeyd olunmuşdur.

11. xx.xx.2017-ci il tarixli invoysa və hesab-fakturaya əsasən İddiaçı (Akgrup iş və Dış Ticaret) tərəfindən Cavabdeh satılan malların dəyəri 26715 ABŞ dolları müəyyən edilmişdir.

12. xx.xx.2017-ci il tarixli gömrük bəyannaməsinə əsasən “Akgrup iş və Dış Ticaret” tərəfindən Cavabdeh 26715 ABŞ dolları dəyərində yataq tipli ağac mebellər, özəl kiçik ölçülü “Alyans” yataq dəsti-23 ədəd, özəl kiçik ölçülü “Havai” yataq dəsti-7 ədəd, özəl kiçik ölçülü “Massa” yataq dəsti-6 ədəd olmaqla göndərilmişdir.

13. xx.xx.2017-ci il tarixli gömrük bəyannaməsinə əlavəyə əsasən “Akgrup iç və Dış Ticaret” tərəfindən Cavabdeh 2055 ABŞ dolları dəyərində yemək və yaşayış otaqları üçün ağac mebellər, özəl kiçik ölçü “MASSA” yemək otağı dəsti-1 ədəd, özəl kiçik ölçü “Alyans” yemək otağı dəsti-3 ədəd olmaqla göndərilmişdir.

14. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir.

15. Hazırkı mübahisə xarici elementli olduğundan (iddiaçı xarici ölkədə vergi ödəyicisi kimi qeydiyyata alınmış fiziki şəxs olduğundan, eləcə də mübahisə xarici ölkədə şifahi qaydada (razılaşdırılmış) bağlanılmış (alqı-satqı) malların satılmasına dair müqaviləsindən irəli gəldiyindən) məhkəmə tərəfindən ilk növbədə Azərbaycan Respublikası Məhkəmələrinin həmin mübahisəyə baxmağa səlahiyyətli olub-olmaması müəyyən edilməlidir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun.

17. Həmin Məcəllənin 443.0-cı maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır:

18. 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda;

19. 443.0.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə. 450.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır.

20. Həmin Məcəllənin 450.2-ci maddəsinə əsasən tərəflərdən birinin xarici ölkədə yaşayış yeri, iş yeri və ya onun adətən olduğu yer varsa, tərəflər bu Məcəllənin 450.1-ci maddəsinə müvafiq olaraq xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gələ bilərlər.

21. İddia ərizəsinin məzmunundan və əsaslandırmasından görünür ki, borcun yaranması tərəflər arasında şifahi qaydada razılaşdırılmış alqı – satqı münasibətləri üzrə yaranmış öhdəliklərin yerinə yetirilməməsi, yəni, satılmış malların dəyərinin ödənilməməsindən irəli gəlir. Həmin müqaviləyə görə tərəflər müqavilə ilə bağlı yaranacaq mübahisələrin həlli üzrə hər hansı şərtləri barədə razılaşmamışlar. Hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikasının qanunlarına əsasən fərdi sahibkar kimi qeydiyyatdan keçmiş (VÖEN-i olan), yaşadığı yer Azərbaycan Respublikası olan fiziki şəxs Cavabdehdur.

22. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflər hazırkı mübahisəyə Azərbaycan Məhkəmələrində baxılmalı olması barədə razılığa gəlməsələr də belə AR MPM-in müvafiq normalarında əsasən AR məhkəmələri hazırkı mübahisəyə baxmaqda haqlıdırlar.

23. İkinci müəyyən edilməli olan məsələ xarici elementli mübahisəyə hansı hüququn tətbiq edilməli olması ilə bağlıdır.

24. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflər mübahisəli müqavilədə həmin müqavilədən irəli gələn mübahisələrin hansı dövlətin hüququnun əsasında həll edilməli olması ilə bağlı şərt nəzərdə tutmamışlar.

25. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun: 25.1-ci maddəsinə əsasən müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir:

26. 25.1.1. alqı-satqı müqaviləsində - satıcının.

27. Belə olan halda müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığından qanunvericiliyin tələbinə görə alqı-saqtı müqaviləsindən irəli gələn hazırkı mübahisəyə tətbiq edilməli olan hüquq satıcının təsis olunduğu və ya əsasən fəaliyyət göstərdiyi ölkənin yəni, Türkiyə Respublikasının hüququ tətbiq edilir.

28. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun: 1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir.

29. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur.

30. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarından da göründüyü kimi hazırki müqavilədən irəli gələn mübahisələrə hansı hüququn tətbiq edilməli olması müəyyən edildiyindən məhkəmə “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görmüşdür.

31. Belə ki, məhkəmə Türkiyə Respublikasının müvafiq sahədə hüquq normalarının məzmununu müəyyən edən sənədləri məhkəməyə təqdim edilməsini iddiaçı tərəfə təklif etmiş, eyni zamanda Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə müraciət edərək, alqı-satqı müqaviləsi haqqında ümumi müddəaları, eləcə də mülki hüquq münasibətlərində öhdəliyinin icra edilməsi vaxtı və yeri, öhdəliklərə xitam verilməsi əsasları, (icra. Bağışlanma, müddət və s.), iddia müddəti ilə bağlı, pul vəsaitlərinin gecikdirilməsinə görə faizlərin hesablanması müddəaları əhatə edən Türkiyə Respublikasının mülki hüquq qanunvericiliyindən çıxarışların Azərbaycan dilinə tərcümə olunmuş lazımi qaydada təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsini xahiş etsə də məhkəmənin sorğusuna cavab məktubu məhkəməyə daxil olmamışdır.

32. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun: 2.2-ci maddəsinə əsasən bu Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlər nəticə vermədikdə və ya həddən çox xərc tələb etdikdə və proses iştirakçısı olan tərəflərdən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquqi normaları təsdiqləyən sənədlər təqdim edə bilmədikdə məhkəmə Azərbaycan Respublikası qanunvericiliyini tətbiq edir.

33. MPM-in 28-ci maddəsinə əsasən, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, məhkəmələr baxırlar.

34. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda Azərbaycan Respublikasının mülki qanunvericiliyi tətbiq edilməlidir.

35. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

36. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

37. Həmin Məcəllənin 329.2-ci və 329.3-cü maddələrinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır və şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.

38. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

39. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir.

40. Göstərilən ərizəyə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1, 377.2, 377.3-cü, 375.2-ci, 378 və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

42. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

43. Məhkəmə cavabdehin ərizəsinə hüquqi qiymət verərkən ilk növbədə iddiaçının hazırkı iddia tələbi üzrə müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsini aydınlaşdırmağı zəruri hesab edir.

44. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeyə əsasən, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.

45. Məhkəmə qeyd edir ki, tərəflər arasında şifahi formada razılaşdırılmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri əmələ gəldiyindən, həmin münasibətlərin davamı olaraq tərəflər arasında malların iddiaçı tərəfindən cavabdehin adına göndərilməsinə dair gömrük bəyannaməsi olduğundan məhkəmə hesab edir ki, iddiaçının borcunu tələb etmək hüququ (subyektiv tələb hüququ) yaranmışdır. Yəni tərəflər arasında yazılı alqı-satqı müqaviləsi olmasa belə, cavabdehin nümayəndəsinin alqı-satqı müqaviləsini, eləcə də alqı-satqının predmeti barədə zəruri məlumatları və qiymətini əks etdirən invoysu gömrük orqanına təqdim etməklə malları götürməsi tərəflər arasında mübahisəli malın alqı-satqısı ilə bağlı müqavilənin mühüm şərtləri barədə razılığa gəlməsini, yəni tərəflər arasında mübahisəli malların alqı-satqısına dair şifahi alqı-satqı müqaviləsinin bağlanmasını sübut edir

46. Bundan əlavə MM-in 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

47. Məhkəmə, İddiaçının subyektiv tələb hüququna malik olmasını müəyyən etsə də, iddia tələbinin təmin edilməsini mümkün saymır. Ona görə ki, iddiaçı, MM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır.

48. Belə ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsində xx.xx.2017-ci il tarixli müqavilə imzalandığını, müqavilənin 4.1-ci maddəsinə əsasən malların dəyəri alıcıya verilməsindən 15 təqvim günü əvvəl olmaq şərtilə hesab faktura alındıqdan 10 iş günü ərzində ödənilməli olduğunu, müqavilə tələbləri üzrə iddia müddətinin 3 il olduğunu, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 il olduğunun və həmin müddətinin keçdiyini bildirmişdir. İddiа müddəti keçdiyi üçün iddia təmin edilməməli və məhkəmə tərəfindən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməli olduğunu qeyd etmişdir.

49. Məhkəmə ilkin olaraq cavabdeh tərəfindən istinad olunan xx.xx.2017-ci il tarixli müqaviləyə münasibətdə qeyd edir ki, həmin müqavilə bir tərəfli qaydada tərtib olunmuş, imzalanmış və möhürlənmişdir (cavabdeh tərəfindən müqavilə ümumiyyətlə imzalanmamışdır). Bundan başqa da iddiaçı tərəf aralarında belə müqavilə bağlanmadığını, həmin müqavilə cavabdeh tərəfindən tərtib edilərək gömrükdən gəlmiş malların götürülməsi üçün tərtib edildiyini bildirmişdir. Buna görə də məhkəmə hazırkı iş üzrə iddia müddətinin tətbiqi məsələsini xx.xx.2027-ci il tarixli müqavilə əsasında deyil, invoys və malların ölkəyə çatdırılmasına dair gömrük bəyannaməsinin tarixi əsasında aparılmasını qanuna uyğun hesab edir.

50. İş materialları ilə müəyyən olunur ki, tərəflər arasında yazılı alqı-satqı müqaviləsi olmasa belə, cavabdehin alqı-satqı müqaviləsini, eləcə də alqı-satqının predmeti barədə zəruri məlumatları və qiymətini əks etdirən invoysu gömrük orqanına təqdim etməklə malları götürməsi tərəflər arasında mübahisəli malın alqı-satqısı ilə bağlı müqavilənin mühüm şərtləri barədə razılığa gəlməsini, yəni tərəflər arasında mübahisəli malların alqı-satqısına dair şifahi alqı-satqı müqaviləsinin bağlanmasını sübut etdiyindən, məhkəmə də həmin müddətin axımının başlanğıcı kimi 2017-ci il tarixdə malların cavabdehə çatdırılması tarixindən 3 il keçdikdən sonra nəzərə alınmasını əsaslı hesab edir.

51. Beləliklə, iddia müddətinin axımı may 2020-ci il tarixində başa çatmışdır. İddiaçı isə iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir.

52. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

53. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

54. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

55. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

56. Beləliklə, işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapır ki, iddiaçı müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini buraxmışdır. Odur ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

57. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” 19 aprel 1994-cü il tarixli işində məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir.

58. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

59. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

V. Nəticə:

40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh qarşı “Cavabdeh 26.715 ABŞ dolları pulun (ödənilən gün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə ilə manat pulun), xx.xx.2017-ci il tarixdən hazıradək həmin pul iddiaçıya qaytarılmadığına görə bir il üçün illik 5 faiz məbləğ hesablanmaqla 10612 manat faiz məbləğinin, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 200 manat pulun və əlavə dövlət rüsumu kimi ödənilmiş 59 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə” iddia ərizəsi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar