Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2076/2023 13.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İ. İddia ərizəsi üzrə tələbin mahiyyəti İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən iddiaçının adına qanuna zidd olaraq tərtib edilmiş alış aktları nəticəsində hesablanmış 2290,00 (iki min iki yüz doxsan) manat məbləğində pul vəsaitinin, həmçinin mənəvi ziyana görə 3000,00 (üç min) manat, iddianın verilməsi üçün ödənilmiş 73 (mediasiya 60 AZN) manat dövlət rüsumu ilə birgə, cəmi 5363,00 (beş min üç yüz altmış üç) manat pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə X6 arasında xx.xx.2020-ci il tarixdə **-KS-*** qeydiyyat nişanlı “Mazda CX9” markalı avtomobilin alqısatqı müqaviləsi bağlanmışdır. Daha sonra Cavabdeh MMC ilə X4 arasında xx.xx.2020-ci il tarixdə **-BK-*** qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtomobilin alqı-satqı müqaviləsi bağlanmışdır. On dörd gün sonra isə Cavabdeh MMC ilə X3 arasında xx.xx.2020-ci il tarixdə **-VE-*** qeydiyyat nişanlı “Renault Megane” markalı avtomobilin alqı-satqı müqaviləsi bağlanmışdır. Yuxarıda qeyd olunan hər üç alqı-satqıda satıcıların adından etibarnamə əsasında İddiaçı çıxış etmişdir. Həmin müqavilələrə əsasən Cavabdeh MMC tərəfindən alış aktları qanuna zidd olaraq etibarnamə əsasında satıcıların adından çıxış edən İddiaçı adına tərtib edilmişdir. Bununla əlaqədar olaraq iddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək onun adına tərtib edilmiş alış aktlarının ləğv edilməsi tələb edilmişdir. İddiaçının müraciəti əsasında cavabdeh tərəfindən qanunsuz olaraq tərtib edilmiş alış aktıarından ikisini ləğv etsə də üçüncü alış aktını ləğv etməmişdir. Belə olan halda vergi orqanı tərəfindən iddiaçıya 2290,00 (iki min iki yüz doxsan) manat məbləğində vergi borcu hesablanmışdır. Həmin vergi borcuna görə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4306/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının ölkədən getmək hüququ da məhdudlaşdırılmışdır. Bununla bağlı Cavabdeh MMC-yə iddiaçı dəfələrlə müraciətlər etsə də heç bir nəticəsi olmamışdır. Hətta mediasiya prosesində də iştirak etməkdən yayınmışdılar. İddiaçı tərəfindən göndərilmiş pretenziyayada cavabdeh heç bir reaksiya verməmişdir. İddiaçı tərəfindən vergi orqanına da şikayət olunmuşdur. Vergi orqanından verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Etibarnamə əsasında vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda elektron alış aktları təmsil edilən fiziki şəxsin adına rəsmiləşdirilməlidir. Cavabdeh MMC tərəfindən alış aktının ləğv edilməməsi nəticəsində İddiaçı 2290,00 (iki min iki yüz doxsan) manat məbləğində maddi ziyan vurulmuşdur. Bundan əlavə cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə ona mənəvi ziyan dəymişdir. Uzun müddətdir iddiaçı cavabdehin ünvanına və vergi orqanına getmək məcburiyyətində qalmışdır. Bu halda iddiaçının lüzumsuz vaxt itkisinə, gündəlik normal həyat tərzinin pozulmasına, əsəb və stress keçirtməyinə səbəb olmuşdur. İddiaçıya dəymiş mənəvi ziyanın dəyərini 3000,00 (üç min) manat dəyərində qiymətləndirir. Cavabdeh almış olduğu avtomobillərin alış aktını mülkiyyətçilərin adına təqdim etmək əvəzinə, mülkiyyətçiləri etibarnamə üzrə təmsil edən iddiaçının adına tərtib etməklə qanun pozuntusuna yol vermişlər. Həmçinin iddiaçı tərəfindən də cavabdehə e-qaimə təqdim edilməmişdir. Bu halın özü bir daha cavabdehin qanunsuzluq etdiyini sübut edir. İİ. İddiaçı və cavabdehin mövqeyi: Məhkəmə iclaslarında iştirak edən iddiaçı məhkəmə iclaslarında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, ayrı-ayrı lizinq müqavilələri imzalanmışdır. Həmin müqavilələr üzrə avtomobil satılarkən satıcıları təmsil etmişdir. Nəticədə adına alış aktları vurulmuşdur. Hər-hansı qaimə verilmədiyi halda adına alış aktları verilmişdir. Satılmış maşınların ödənişi özünün bank hesabına köçürülmüşdür. 3 aktdan ikisi ləğv edilmiş, lakin bir akt ləğv edilməmişdir. Bir akt ləğv edilmədiyi üçün borc ləğv edilmədən qalır. İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili qeyd etmişdir ki, lizinq şirkətləri daha münasib qiymətlərə maşınlar axtardığından, qarşı tərəfin təklifi ilə üç maşının alqı-satıqısı baş tutumuşdur. Qarşı tərəf elektron qaimə vurmadığından alış aktı əsasında həmin məbləğlər onun hesabına köçürürlmüşdür. Qarşı tərəfin həmin vəsaitlərin onun bank hesabına köçürülməsinə hər-hansı etirazı olmamışdır. Maliyyə hesabatları vergi orqanına təqdim edildiyi üçün həmin aktların ləğv edilməsi mümkün deyildir. Ümumiyyətlə hal-hazırki mübahisə inzibati mübahisədir. Cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: İİİ. Sübutların tədqiqi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: Cavabdeh MMC-nin direktoru Nümayəndə1 adlı şəxsə İddiaçı adından yazılmış ərizədə qeyd edilmişdir ki, mülkiyyətçinin etibarnamə əsasında nümayəndəsi olaraq əməliyyatların aparılmasında iştirak etmişdir. Ona görə də adına tərtib edilmiş aktlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada ləğv edilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada ləğv edilməlidir. Əlavə olaraq vergi ödəyicisi olaraq qeydiyyatdadır və elektron qaimə ilə müraciət edilməmiş alış aktının verilməsi mümkün deyildir. xx.xx.2020 tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən X5 məxsus, xx.xx.2020 tarixli müqaviləyə əsasən X2 məxsus, 19 fevral 2020 tarixli müqaviləyə əsasən X1 məxsus nəqəliyyat vasitələri Cavabdeh MMC-yə satılmışdır. Hər üç müqavilədə “satıcının soyadı adı ata adı imzası” hissəsi etibarnamə ilə Məmmədov qeyd edilərək imzalanmışdır. 19 fevral 2020-ci il tarixli etibarnamədə X3, 19 noyabr 2020-ci il tarixli etibarnamədə X4, 29 yanvar 2020-ci il tarixli etibarnamədə X7 mülkiyyətində olan nəqliyyat vasitələrini idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, tapşırıqları yerinə yetirilməsi ilə əlaqədar adından ərizələr vermək və s. səlahiyyətləri İddiaçı vermişdir. Samir Yolçuyev adlı istifadəçi tərəfindən “m.abdiyeva” adlı isifadəçiyə göndərilmiş elektron poçt göndərişində MLİZ-00171-05/19A saylı və MLİZ-00149-05/19A saylı müqavilələrin ləğv edildiyi qeyd edilmişdir. Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəirlər Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə göndərilmiş xx.xx.2022-ci il tarixli müraciətə cavabda qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Etibarnamə əsasında vergi orqanında uçotda olmayan şəxslərdən mallar aındıqda elektron alış aktları təmsil edilən fiziki şəxsin adına rəsmiləşdirilməlidir. Mülki Məcəllənin müddəalarına əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Əqd təmsilçi vasitəsilə də bağlana bilər Həmçinin, bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. İV. İşin müəyyən edilən halı: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı təmsil etdiyi ayır-ayrı şəxslərin nəqliyyat vasitələrini imzalanmış alqı-satqı müqaviləsi əsasında cavabdehə satmışdır. Bununla bağlı olaraq, vergi orqanı tərəfindən iddiaçıya vergi borcu hesablanmışdır. Hazırda iddiaçı həmin vergi borcu üzrə məbləğin cavabdehdən tutulmasını tələb etmişdir. V. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 359.1 maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Vİ. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. İddia ərizəsindən və eləcə də iddiaçının məhkəməyə izahatından məlum olur ki, iddiaçının cavabdehdən tələb etdiyi 2.290 manat pul vəsaitini onun adına qanuna zidd olaraq tərtib edilmiş alış aktlarının olması ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən qeyd edilən üç alış aktından ikisi ləğv edilmişdir. Yerdə qalan digər alış aktı isə ləğv edilməmişdir. İddiaçı həmin alış aktları nəticəsində hesablanmış 2.290 manatın cavabdehdən tutulmasını tələb etsə belə, bununla bağlı məhkəməyə hər-hansı sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin qeyd edilən hissədə hüquqi əsası olmadığından ləğv edilməlidir. Eyni zamanda iddiaçı mənəvi ziyanla bağlı 3.000 manatın da cavabdehdən tutulmasını tələb etmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “03” noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində qeyd olunur ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. 8-ci bəndə əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. 10-cu bəndə əsasən Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı özünün iddia ərizəsinə əlavə etdiyi sənədlərində və eyni zamanda məhkəmə araşdırması zamanı hər-hansı mənəvi zərərə məruz qaldığını sübuta yetirə bilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilə bilməz. Vİİ. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş 60 manat məbləğində mediasiya xərci, 13 manat dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2076/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2076/2023
13.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver