Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2076/2024 23.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı xx.xx.2022-ci il tarixli razılaşmaya əsasən kredit borcunun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı ASC ilə Cavabdeh4 arasında krеditin verilməsinə dair xx.xx.2022-ci il tarixli razılaşma imzalanmışdır. Həmin razılaşmaya əsasən: 1-ci bəndinə görə kreditverən borcalana illik faiz dərəcəsi 22 olmaqla xx.xx.2023-cü ilədək 0 ay güzəşt müddəti olmaqla Avadanlıq alınması və digər investisiya xərcləri məqsədi ilə 20.000 manat məbləğində kredit verir. 3-cü bəndinə görə ödəmə vaxtı çatmış lakin borcalan tərəfindən ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hisəssi illik 20% üstəgəl 5% gecikdirmə faizi hesablanır. 6-cı bəndinə görə borc alan bu razılaşmaya əsasən verilmiş kreditin faizləri ilə birlikdə tam olaraq qaytarılmalı olduğu tarixədək öhdəliklərini icra etmədiyi yaxud lazımi qaydada icra etmədiyi təqdirdə kreditverənə gecikdirilmiş borc məbləğinin 40 % məbləğində cəriməni ödəməlidir. Qeyd olunanlarla yanaşı kreditverən dəbbə pulunu yaxud öhdəliyin icra olunmaması nəticəsində dəymiş zərərin ödənilməsinin tələb edilməsini seçmək hüququnu özündə saxlayır. Razılaşma hər iki tərəfin imzası və kredit verənin möhürü ilə təsdiq edilmişdir.
2. İddiaçı ASC ilə Cavabdeh4 arasında krеditin verilməsinə dair xx.xx.2023-cü il tarixli, 40240***-*******01R nömrəli restrukturizasiya razılaşması bağlanmışdır. Həmin razılaşmanın: 1-ci bəndinə əsasən tərəflər arasında bağlanmış 40240***-*******01 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən “kreditveron” “borcalana” 18 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 20000 manat məbləğində kredit (borc) verilməsinə dair razılığa gəlmişdirlər. 2-ci bəndinə əsasən restrukturizasiya razılaşmasının imzalanması tarixinə borcalanın həmin kredit üzrə 8672.37 manat məbləğdə əsas borc və 0 manat məbləğdə faiz borcu mövcuddur. 3-cü bəndinə əsasən razılaşmanın 2-ci bəndində qeyd edilən kredit (borc) üzrə faiz dərəcəsi 20 faiz və kreditin son icra müddəti xx.xx.2024-cü il müəyyən edilir. 7-ci bəndinə əsasən borcalan tərəfindən ödəniş cədvəli üzrə ödənişlər lazımi qaydada həyata keçirilmədikdə, kreditverən verilmiş kredit üzrə vaxtında ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsinə illik 20 % üstəgəl 5% gecikdirmə faizi ilə hesablamaq hüququna malikdir. Ödəniş cədvəlində qeyd edilmiş kreditin (borcun) son icra müddətində borcalan kredit və faizləri kreditverənə ödəmədikdə, borcalan kreditverənə gecikdirilmiş borc məbləğinin 40 (qırx) % məbləğində cəriməni ödəməlidir. 8-ci bəndinə əsasən bu razılaşma imzalandığı gündən qüvvəyə minir. Razılaşma hər iki tərəfin imzası və kredit verənin möhürü ilə təsdiq edilmişdir.
3. xx.xx.2023-cü il tarixli razılaşmaya əlavə olan ödəniş cədvəlinə əsasən cəmi ödənişin məbləği xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixədək ümumilkdə 10160,29 manat, o cümlədən əsas borc üzrə 8672,37 manat, faiz borcu üzrə 1487,92 manat müəyyən edilmişdir. Ödəniş cədvəli hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir.
4. İddiaçı ASC (kreditor) ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 (zaminlər) arasında xx.xx.2023-cü il tarixli müvafiq olaraq 40FİZAM130671704 saylı, 40FİZAM112155601 saylı və 40FİZAM133577302 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrin: 1.1-ci bəndinə əsasən bu müqavilə borclunun kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliyin tamamı ilə icra edilməsi üçün zaminin kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. 1.2-ci bəndinə əsasən icrası zaminliklə təmin olunmuş öhdəlik və onun məzmunu Kreditor və Borclu Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli razılaşma ilə müəyyən olunur. Razılaşmaya əsasən kreditor Borcluya 31 ay müddətinədək 20.000 manat məbləğinədək illik 20% dərəcəsi ilə kredit verir. 1.3-cü bəndinə əsasən əsas müqavilə üzrə tələb edilə biləcək borc: 20.000 manat kredit, hesablanacaq faiz borcları və kreditin qeyd edilmiş müddətdə geri qaytarılmamasına görə qalıq borcun 40%-i məbləğində cərimədir. 2.1-ci bəndinə əsasən zamin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyır. 2.2-ci bəndinə əsasən borclu kreditor qarşısında olan öhdəliyini vaxtında və lazımi qaydada icra etmədikdə, Kreditor öz mülahizəsinə əsasən həmin öhdəliyin icrasını Borcludan və ya Zamindən, yaxud onların hər ikisindən birlikdə tələb edə bilər. 3.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən Zaminlik icrasını təmin etdiyi kredit limiti müqaviləsinin qüvvəyə mindiyi andan qüvvəyə minir və kredit limiti müqaviləsinin qüvvədə olduğu müddət ərzində, o cümlədən kredit limiti müqaviləsinin müddəti uzadıldıqda, uzadılmış müddət ərzində və kredit müqaviləsindən irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir. Müqavilə tərəflərin imzası və kreditorun möhürü ilə təsdiq edilmişdir.
5. Cavabdeh4 xx.xx.2024-cü il tarxili bank hesabından çıxarışdan müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış kredit razılaşmasına əsasən sonuncu tarix xx.xx.2023-cü il olmaqla müxtəlif vaxtlarda həmin hesaba müxtəlif məbləğlərdə pul vəsaiti köçürülmüşdür.
6. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli (maliyyə) arayışa əsasən Cavabdeh4 İddiaçı ASC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh4 6548,55 manat məbləğində əsas, 621,01 manat məbləğində faiz olmaqla, cəmi 7169,56 manat məbləğində kredit borcu vardır.
7. xx.xx.2024-cü il tarixdə İddiaçı ASC tərəfindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 pretenziya məktubu ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin borcalan tərəfindən lazımi qaydada icra edilməməsi əsası ilə kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyi bildirilmiş, kredit müqaviləsi üzrə yaranmış borcun 3 gün ərzində ödənilməsi təklif edilmiş, borcun ödənilməsi təmin edilməyəcəyi təqdirdə aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət ediləcəyi bildirilmişdir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
8. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada 6548,55 manat məbləğində əsas kredit borcu, 621,01 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 0 manat məbləğində penya olmaqla, cəmi 7169,56 manat, həmçinin iddia qaldırılması üçün ödənilmiş 91,70 manat dövlət rüsumunun ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış 24 yanvar 2022ci il tarixli Razılaşmaya əsasən Cavabdeh4 18 ay müddətinə illik 20% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 8672,37 manat məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ilə 40FİZAM130671704, 40FİZAM112155601 və 40FİZAM13357730 saylı 24 yanvar 2023-cü il tarixli zaminlik müqavilələri üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Lakin kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh4 12 fevral 2024-cü il tarixə İddiaçı ASC-yə 6548.55 manat məbləğində əsas kredit borcu, 621.01 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 0 manat məbləğində penya olmaqla, cəmi 7169.56 manat məbləğində vəsait borcu qalmaqdadır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət etmələrinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, müqavilələrdən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişlər. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalıblar. 10.İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 26-cı və 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 421.2, 443.1, 443.2, 472.1, 472.2 və 472.3-cü maddələrinə istinad etmişdir
11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı ASCnin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı xx.xx.2022-ci il tarixli razılaşmaya əsasən kredit borcunun tutulması tələbinə dair kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında baxılması barədə ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. 12.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3408 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarını nəzərə alınaraq Cavabdeh4 banka olan borcu xx.xx.2023cü il tarixə (kreditin verilmə müddətinin bitdiyi tarixə) əsas kredit borcu 6920,45 manat, faiz borcu 80,74 manat məbləğində müəyyən olunur.
b) İddiaya qarşı etirazın dəlilləri
13.İddiaya qarşı etiraz təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
14. Cavabdeh1 izahatında iddia tələbini qəbul etmiş borclu olduğunu etiraf etmişdir.
15. İş üzrə digər iddiaçı və digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, cavabdehlər gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir.
16. Məhkəmə işə işdə iştirak edən digər şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
17. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
18. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
19. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.
20. AR MPM-in: - 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. - 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
21. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
22. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (kreditor) ilə Cavabdeh4 (borc alan) arasında xx.xx.2022-ci il tarixli razılaşma bağlanmışdır. İddiaçı ASC həmin razılaşmaya əsasən Cavabdeh4 xx.xx.2023-cü il tarixinədək illik 22 %-lə 20.000 manat məbləğində kredit vermişdir. İddiaçı göstərilən razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh4 razılaşma üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixinə kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır.
23. Mübahisəli kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği işin mübahisəli halı olduğundan həmin halın müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və ekspert rəyi ilə iş materiallarında olan hesabdan çıxarış məlumatlarını nəzərə alınaraq Cavabdeh4 banka olan borcunun xx.xx.2023-cü il tarixə (kreditin verilmə müddətinin bitdiyi tarixə) əsas kredit borcu 6920,45 manat, faiz borcunun 80,74 manat məbləğində olması müəyyən edilmişdir.
24. Belə olan halda məhkəmə işə iddia tələbləri həddində baxaraq hesab eir ki,Cavabdeh4 xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı ASC Cavabdeh4 xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə 6548,55 manat məbləğində əsas və 80,74 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.
25. Bununla yanaşı iş materiallarından həmçinin görünür ki, Cavabdeh4 xx.xx.2022-ci il tarixli razılaşma üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi bank ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zaminlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 borclu Cavabdeh4 xx.xx.2022-ci il tarixli razılaşmadan irəli gələn öhdəliklərinə zamin durmuşlar.
26. Belə olan halda məhkəmə xx.xx.2023-cü il tarixli müvafiq olaraq 40FİZAM130671704 saylı, 40FİZAM112155601 saylı və 40FİZAM13357730 saylı zaminlik müqavilələrinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Cavabdeh4 xx.xx.2022-ci il tarixli razılaşmadan irəli gələn öhdəliklərinə zamin durduqlarını, Cavabdeh4 isə həmin razılaşma üzrə öhdəliklərini yerinə yetirmədiyini nəzərə alaraq hesab edir ki, xx.xx.2022-ci il tarixli razılaşma üzrə əsas, faiz borcu və dəbbə pulu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulmalıdır.
27. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 91,70 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
28. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 91,70 manat təşkil edir.
29. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddia tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 84 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
30. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaitinin 45 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 5 manat hissəsi isə İddiaçı ASC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada xx.xx.2022-ci il tarixli krеdit razılaşması üzrə 6548,55 manat məbləğində əsas bоrc, 80,74 manat məbləğində faiz bоrcu olmaqla, cəmi 6.629,29 manat məbləğində pul vəsaiti, dövlət rüsumunun əvəzi olaraq 84 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaitinin 45 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 5 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva