Məhkəmə qərarları › İş №e-2-2(113)-2077/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2077/2024

12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2077/2024 12.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Firmasının Cavabdeh qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: icarə müqaviləsinə xitam verilməsi və pul tələbi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Firmasının Cavabdeh qarşı icarə müqaviləsinə xitam verilməsi və pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. "xxxx" QSC-nin 10 avqust 2023-cü il tarixli məktubundan görünür ki "xxxx" QSC onların xeyirinə yüklü edilmiş və İddiaçı Firmasının mülkiyyətində olan ipoteka predmetinin - ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü saxlanılması şərti ilə Mehmood Ansara 1 il müddətinə icarəyə verilməsinə etiraz etmirlər.

2. İddiaçı Firması (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında 10 avqust 2023-cü il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1-ci bəndinə əsasən icarəyə verən - İddiaçı Firması mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 94,1 kv.m olan qeyri-yaşayış sahəsini icarəçi - Cavabdeh icarəyə vermişdir. 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2026-cı il tarixədək müəyyən edilir. 4-cü bəndinə əsasən real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2023-cü il tarixli qeydiyyat nömrəsi **********GK73501 olan arayışa əsasən müqavilə bağlanan anda ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi yüklüdür. 5-ci bəndinə əsasən icarəyə götürən Cavabdeh icarəyə verən - İddiaçı Firmasına aylıq 500 manat icarə haqqı ödəyir. 9-cu bəndinə əsasən icarəçi icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. 8-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. 12-ci bəndinə əsasən kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqqlar, habelə şəhərlərarası və ödənişli telefon danşıqları haqqı, o cümlədən əlavə vergi haqqları icarəçi tərəfindən ödənilir. Müqavilə tərəflərin imzası və İddiaçı Firmasının möhürü ilə notariat qaydasında təsdiq edilmişdir.

3. 02-xx.xx.2023-cü il tarixli qaimə-satış fakturalarından görünür ki, müxtəlif elektrik malları (lampa, patron və s.) və təmir-tikinti materiallarının (“emusiya”, “şpatel” alçı (astar), “rolik” və s.) cəmi dəyəri 3.264,50 manat təşkil edir (qaimə-fakturada əlyazma ilə usta pulu 1450 AZN qeyd edilmişdir).

4. Cavabdeh xx.xx.2023-cü il tarixli ərizə ilə İddiaçı Firmasının direktoru kimi Qanuni nümayəndə müraciət edərək, bildirmişdir ki, onunla İddiaçı Firmasının direktoru kimi Qanuni nümayəndə arasında xx.xx.2023-cü il tarixli bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, ev 145, mənzil 2 (tam hissə 94.1 kv.m) sahəni aylıq 500 manat olmaqla xx.xx.2026-cı ilədək icarəyə götürmüş, icarəyə götürdüyü obyekti onların razılığı ilə cari təmir etdirmişdir (təxmini smeta xərci 6000 manat həddində olmuşdur). Götürülmüş icarə obyektinə görə bu vaxta kimi bir neçə ay icarə haqqı ödənilmişdir, lakin buna baxmayaraq, o həmin obyekti bir gün də istifadə etməmişdir. Belə ki, onun iş gördüyü şəxslər müəyyən səbəblərdən obyektə göndərilməli malları göndərə bilməmiş və malların göndərilməsi üçün icazə ala bilməmişdir. Hazırda icarəyə götürdüyü obyektin (Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, ev 145, mənzil 2 (tam hissə 94.1 kv.m sahənin) icarə müqaviləsinə xitam vermək qərarına gəlmişdir. Ona görə Uğur” Firmasının direktoru kimi Qanuni nümayəndə arasında xx.xx.2023-cü il tarixli bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, ev 145, mənzil 2 (tam hissə 94.1 kv.m) sahənin icarə müqaviləsini ləğv edir və nəzərə alınmasını xahiş edir.

5. İş materiallarına əlavə edilmiş foto-şəkillərdən eyni qeyri-yaşayış sahəsinin təmirdən əvvəl və təmirdən sonrakı vəziyyətində fərqlilik (döşəmə və divarların yenilənməsi, avadanlıqların quraşdırılması və s.) müşahidə edilir.

6. İddiaçı Firması Cavabdeh xx.xx.2024-cü il tarixli 07 nömrəli bildiriş göndərərək, bildirmişdir ki, 10 avqust 2023-cü il tarixində həyat yoldaşı kimi təqdim etdiyi Mahmudla İddiaçı Firmasının direktoru İbrahim İsgəndərlə ünvan 2 ünvanında yerləşən qeyri-yaayış sahəsinin notariat qaydada bağlanmış icarə müqaviləsinin vaxtından altı ay keçməsinə baxmayaraq nə icarə ödənişi, nə də ki, heç bir öhdəliklər yerinə yetirilmir. Dəfələrlə ödənişin həyata keçirilməsi və ya obyektin təhvil verilməsi ilə bağlı müraciətlər edilsə də, onun və həyat yoldaşı kimi təqdim etdiyi Mahmud tərəfindən heç bir müsbət addım atılmamışdır. Məhz buna görə sonuncu dəfə bildirmək istəyir ki, tərəflərindən göstərilən öhdəlikləri 1 həftə ərzində həyata keçirməsələr, onlara dəyən maddi və mənəvi ziyanın ödənilməsi üçün məhkəməyə müraciət edəcəklər.

7. İddiaçı Firması tərəfindən Cavabdeh borcun ödənilməsi və obyektin təhvil verilməsinə dair xəbərdarlıq (pretnziya) ünvanlanmışdır.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

8. İddiaçı Firması Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 manat məbləğində pulun İddiaçı firmasının xeyrinə tutulması, tərəflər arasında bağlanmış 10 avqust 2023-cü il tarixli icarə müqaviləsinə xitam verilməsi və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 94.1 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı firmasına təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, bir tərəfdən İddiaçı firmasının direktoru Qanuni nümayəndə icarədar, digər tərəfdən Cavabdeh icarəçi qismində 10 avqust 2023-cü ildə Nəsimi rayonu, Vidadi 140 ünvanında yerləşən **********74-05101- 083003 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 94.1 kv.m sahəli qeyri-yaşayış sahəsinin notariat qaydada icarəsinə dair aralarında müqavilə bağlanmışdır. Aydınlıq üçün bildirməlidir ki, Pakistan vətəndaşı Mahmudu ona makler təqdim etmişdir. Danışıqda Mahmud müqavilənin öz adına tərtib edilməsini bildirsə də, notariat kontorunda onlara həyat yoldaşı kimi təqdim etdiyi Cavabdeh adına tərtib edilməsini xahiş etdi. Qanunla heç bir məhdudiyyət olmadığı üçün etiraz etmədilər. Qarşı tərəf müqavilədə göstərilən tərəflərin hüquq və vəzifələrini birtərəfli qaydada pozmuş, hal-hazırda qanunlara məhəl belə qoymadan pozmaqda davam edir. Bunun nəticəsində ona, yəni direktoru olduğu firmaya külli miqdarda istər maddi, istərsə də mənəvi ziyar vurulmuşdur. İlk növbədə, müqavilənin 5-ci bəndində əsasən, icarəçi Cavabdeh icarəyə verən “Uğur" firmasına aylıq 500 manat icarə haqqı ödəmək öhdəliyini üzərinə götürsə də, birinci ay istisna olmaqla, qalan ayları müəyyən bəhanələ gətirərək, kirayə haqqının ödəmə müddətini süni şəkildə uzatmış, daha sonra isə ümumiyyətlə ödənişdən dolayı yolla imtina etmişdir. Mahmud adlı ödəniş edəcəyi barədə vədlər verərək onun etimadından sui-istifadə etmişdir. Dəfələrlə ödənişin həyatı keçirilməsi, ya da obyektin təhvil verilməsi barədə müraciətlərinin qarşılığında yenə qarşı tərəf 1 ay möhlət istəyərək bütün məbləği ödəyəcəklərinə söz versələr də, 6 aydır ki, heç bir ödəniş həyata keçirməmişlər. Bu barədə tərəfindən yanvar 2024-cü il tarixində Vergilər Nazirliyinə ərizə ilə müraciət edilmişdir. Borcun ödənilməsi və öhdəliklərinin yerinə yetirməsinə dair 20 fevral 2024-cü il tarixli pretenziya məktubu ilə cavabdehə müraciət olunmuşdur. Lakin, sözügedən pretenziya məktubuna dair bu günədək cavabdeh tərəfindən heç bir cavab verilməmiş, borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir.

10. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh 4000 manat icarə haqqı və 10.000 manat mənəvi zərərin İddiaçı fırmasının xeyrinə tutulması, tərəflər arasında bağlanmış 10 avqust 2023-cü il tarixli icarə müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421.2, 421.3, 423.2, 424.2, 424.3, 424.4, 424.5, 425.1, 425.2, 442, 443.1, 445.2.1, 447.1, 448.1 və 448.2-ci maddələrinə istinad etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

12. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

13. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib, iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Qanuni nümayəndə həmçinin izahatında bildirmişdir ki, cavabdehin təmir işləri aparmağa ixtiyarı olmayıb, icazəsi olmadan əsaslı təmir işləri apara bilməzdi.. Bundan əlavə cavabdeh tərəfindən rəngləmədən başqa təmir işləri aparılmayıb. Qanuni nümayəndə məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, icarə obyekti cavabdeh tərəfindən onlara təhvil verilməyib. Belə ki, 2024-cü ilin fevral ayının 29-u İcra Hakimiyyətinin nümayəndələri onu çağıraraq mənzildən pis qoxunun gəlməsilə bağlı qonşuların şikatətlərinin olduğunu bildirdi. O bildirdi ki, açar onda deyil. Bu səbəbdən cavabdeh ora çağırıldı, lakin onda da açar olmadığı üçün qapını açmaq mümkün olmadı. Nəticədə İcra Hakimiyyətinin nümayəndələri pəncərənin şüşəsini sındıraraq ora daxil oldular. Həmin tarixdən qeyriyaşayış sahəsi onun sahibliyindədir. 1-ci ay üçün icarə haqqı maklerə vasitəsilə ödənilmişdir. Daha sonra 2023-cü ilin oktyabr ayında cavabdehə zəng edib icarə pulunun ödənilməsini istəyəndə, cavabdeh möhlət verilməsini xahiş etmiş, lakin sonradan ödənişləri etməmişlər.

14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, əmlakı cavabdehə təhvil verən zaman bərbad vəziyyətdə olub. Cavabdeh təmir üçün böyük vəsait sərf edib. Tərəflər arasındakı razılaşmaya əsasən çəkilən təmir xərcləri ilkin ödənişdən çıxılmalı idi. Təmirlə əlaqədar çəkilən xərclərlə bağlı sənədləri elektron sistemə əlavə etmişlər. İddiaçı ilə daha çox Pakistan vətəndaşı danışıb. Cavabdeh sadəcə vasitəçi qismində çıxış edib. 3 ay ödəniş edilib. Müqavilə bağlanmasına baxmayaraq obyektdən istifadə edə bilməyiblər.

15. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, icarə müqaviləsini o imzalasa da, faktiki olaraq obyekti başqa şəxs icarəyə götürmüşdür və bütün danışıqlar onlar arasında aparılmışdır. O, sadəcə müqaviləni imzalamışdır. Cavabdeh məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, buna o səbəbdən razılaşmış ki, o da açılacaq obyektdə işləyəcəkdi. İddiaçı icarə sahəsini həmin şəxsə vermişdir. Lakin faktiki icarəçi iki aylıq icarə haqqını ödəsə də, sonradan ödəniş etmədiyi üçün onların arasında mübahisə yaranmışdır. İcarə sahəsi 2023-cü ilin avqust ayında təhvil verildi. Avqust və sentyabr ayları üzrə icarə pulu ödənilmişdir. Ödənişləri o yox, faktiki icarəçi edirdi. Dediyinə görə birinci dəfə pulu maklerə, ikinci dəfə isə iddiaçının kartına ödəyib. Məhkəmə iclasında şahid Mehmood Ansar ifadəsində göstərmişdir ki, iddiaçı ilə aparılan danışıqlarda o iştirak etmişdir. İddiaçı Pakistan vətəndaşı olduğu üçün onunla müqavilə bağlaya bilməyəcəyini bildirmişdir. Cavabdeh müqavilənin bağlanması üçün tərəf kimi çıxış etməsini xahiş etmişdir. Həmin obyekti istifadəsinə götürmüşdür. 03 yanvar tarixində iddiaçının direktoru İsgəndər İbrahmovla görüşmüş, açarı verib obyekti təhvil vermək istədiyini bildirmiş, lakin İ.İbrahimov razılaşmamış, iddiaçı açarı guya ona vermək istəmədiyinə görə icra hakimiyyətinə müraciət etmiş, icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə obyektin qapısı açılmışdır. İcarə obyektinin təmiri üçün 10.000 manat dəyərində vəsait xərcləmişdir. -

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

16. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

17. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

18. AR Mülki Məcəlləsinin: - 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. -421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. -421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. - 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 697.2-ci maddəsinə görə əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; - “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına görə Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.Həmin qərarın 3-cüü bəndinə görə mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir.

19. AR MPM-in: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 113.1-ci maddəsinə görə iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

20. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

21. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı Firması (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında 10 avqust 2023-cü il tarixli icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı Firması mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 94,1 kv.m olan qeyri-yaşayış sahəsini Cavabdeh icarəyə vermişdir. İddiaçı mübahisəli müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra edərək icarə obyekti olan qeyriyaşayış sahəsini cavabdehin istifadəsinə və sahibliyinə vermiş, cavabdeh isə 1 aylıq müddət üçün 500 manat məbləğində icarə haqqını ödəmişdir.

22. Hazırda İddiaçı Firması Cavabdeh icarə müqaviləsi üzrə icarə haqqını ödəmək öhdəliklərini lazımi qaydada icra etmədiyini əsas göstərərək icarə müqaviləsinin ləğv edilməsi, 4000 manat məbləğində icarə haqqının və cavabdehin qanunsuz əməlləri nəticəsində dəymiş mənəvi zərərin əvəzi olaraq 10.000 manat məbləğində pul vəsaitinin tutulmasını tələb edir.

23. Məhkəmə ilk növbədə icarə müqaviləsinin ləğv edilməsi tələbinə münasibətdə qeyd edir ki, iş materiallarından da göründüyü kimi cavabdeh xx.xx.2023-cü ildə iddiaçıya ləğvetmə barədə bildiriş göndərərək icarə müqaviləsinin ləğv edilməsi barədə iradəsini ifadə etmişdir. Eyni zamanda iddiaçının qanuni təmsilçisinin məhkəmədə verdiyi izahatından aydın olur ki, 2023-cü ilin dekabr-2024-cü ilin yanvar aylarında iddiaçı dəfələrlə cavabdehə şifahi və yazılı müraciətlər edərək icarə obyektini boşaltmasını tələb etmişdir. Göründüyü kimi hər iki tərəf mübahisəli icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsinə razı olmuşdur. Digər tərəfdən iş materiallarından o da müəyyən edilir ki, ən geci 2024-cü ilin fevral ayının 29-dan etibarən icarə obyekti icarəyə verənin sahibliyində və istifadəsindədir, yəni icarə münasibətlərinə həmin tarixdən faktiki olaraq da xitam verilmişdir. Hər iki tərəfin müqavilənin ləğvi barədə iradələrini qarşı tərəfə çatdırmaları və bundan sonra icarə münasibətlərinə faktiki olaraq xitam verilməsi icarə müqaviləsinin tərəflərin razılığı ilə ləğv edilməsinə dəlalət edir.

24. Belə olan halda məhkəmə hesab edir ki, icarə müqaviləsinin ləğv edilməsi hissəsində iddia təmin edilməli, İddiaçı Firması (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında 10 avqust 2023-cü il tarixli icarə müqaviləsi ləğv edilmiş hesab edilməlidir.

25. İcarə haqqı tələbinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdehin mübahisəli icarə müqaviləsi üzrə yalnız bir ay (2023-cü ilin avqust ayı) üçün icarə haqqı ödəməsi öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh sentyabr ayı üçün də icarə haqqını ödəməsini iddia etsə də, həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

26. İkincisi, icarə obyektini təmir etdirməsi və tərəflər arasında razılaşmaya əsasən təmir xərclərinin icarə haqqından çıxılmalı olması barədə cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsində obyektin icarəçi tərəfindən təmir edilməsi ilə bağlı icarə haqqına güzəşt edilməsi barədə şərt yer almamış, eləcə də tərəflər arasında istinad edilən məzmunda şifahi razılaşmanın mövcudluğu da cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Odur ki, icarə obyektinin cavabdeh tərəfindən iddiaçının razılığı ilə təmir edilməsi ehtimal edilsə belə göstərilən hal cavabdehi icarə haqqını ödəmək öhdəliyindən azad etmir.

27. Mübahisəli icarə müqaviləsi onun adına rəsmiləşsə də, icarə obyektinin faktiki icarəçisinin Mahmud Ansar olması barədə cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh mübahisəli icarə müqaviləsini bağlamaqla öz iradəsi ilə icarə müqaviləsi üzrə öhdəlikləri, o cümlədən icarə haqqı ödəmək öhdəliyini üzərinə götürmüşdür. Odur ki, icarə obyektinin cavabdehin razılığı ilə icarə obyektindən başqa şəxsin istifadə etməsi cavabdehin icarə haqqını ödəməməsi üçün əsas hesab edilə bilməz.

28. Eynilə cavabdehin iddiaya etirazına əsas kimi istinad etdiyi icarə sahəsindən faktiki olaraq istifadə etməməsi barədə dəlillərə münasibətdə məhkəmə qeyd edir ki, həmin dəlillər öz təsdiqini tapsalar belə, iddianın əsassız hesab edilməsi üçün əsas vermir. Belə ki, icarə müqaviləsi üzrə icarə haqqını ödəmək öhdəliyinin yaranması icarəçinin icarə sahəsindən faktiki istifadə edib-etməməsi ilə deyil, icarə verənin icarə sahəsini icarəçinin sahiblik və istifadəsinə təqdim etməsi ilə şərtləndirilir. Odur ki, icarəçinin sahibliyinə və istifadəsinə verilmiş və icarəyə verənə qaytarılmamış icarə sahəsindən faktiki istifadə etməməsi sonuncunu icarə haqqını ödəmək öhdəliyindən azad edilməsi üçün əsas vermir.

29. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki. iddiaçı icarə müqaviləsində nəzərdə tutulmuş icarə haqqının cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

30. İcarə haqqının hansı tarixədək olan müddət üçün tutulmalı olması məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, İddiaçı Firması icarə obyektinin xx.xx.2024—cü il tarixdə obyektin qapısı icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə açıldıqdan sonra onun sahibliyinə qaytarıldığını iddia edir. Cavabdeh isə icarə obyektinin iddiaçıya daha əvvəl qaytarılmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, iddiaçı xx.xx.2024—cü il tarixədək olan müddət üçün icarə haqqının ödənilməsini tələb etmək hüququna malikdir.

31. xx.xx.2023-xx.xx.2024-cü il tarixləri arası 5 ay 20 günlük müddət üçün icarə haqqı borcu aşağıdakı kimidir.

32. 500 manatx 5 ay=2500 manat

33. 500 manat/30 günx 20 gün=333 manat

34. Cəmi 2500 manat+333 manat= 2833 manat

35. İddianın mənəvi zərərin əvəzi olaraq pul tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aid olduğundan hüquqi şəxs olan İddiaçı firması mənəvi zərərin ödənilməsini tələb edə bilməz. Odur ki, həmin hissədə iddia əsassız olduğundan rədd edilməlidir.

36. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 129 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

37. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan görünür ki, hazırkı iddia tələbi üzrə dövlət rüsumunun məbləği 132 manat təşkil edir.

38. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 27 manat məbləğində manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

39. Dövlət rüsumunun kəsiri olan 3 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Uğur” Firması ilə Cavabdeh arasında bağlanmış 10 avqust 2023-cü il tarixli icarə müqaviləsi ləğv edilmiş hesab edilsin. Cavabdeh 2833 manat məbləğində icarə haqqı borcu, dövlət rüsumunun əvəzi olaraq 27 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı firmasına ödənilsin. Dövlət rüsumunun kəsiri olan 3 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar