Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2078/2024 24.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi üzrə borcun ödənilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh icarə haqqlarını ödəmədiyinə görə yaranmış 113.513,25 (bir yüz on üç min beş yüz on üç manat 25 qəpik) manat icarə haqqı borcunun, əsas borcu gecikdirdiyinə görə 900 manat faiz borcunun və 404 manat dövlət rüsumunun Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh MMC arasında qeyri-yaşayış sahəsinin subicarəyə verilməsinə dair xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh icarəyə götürdüyü ümumi sahəsi 660 kvm. olan icarə obyektinə görə hər ay (1 kvm. x 15 manat) 9.900 manat məbləğində icarə haqqı ödəmək öhdəliyi götürmüşdür. Lakin, cavabdeh icarə obyektini qəbul edib istifadə etsə də, icarə haqqlarını vaxtı-vaxtında ödəməmişdir. Belə ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtlı vaxtında icra etmədiyinə görə 2022-ci ilin dekabr ayı üzrə 1 ay, 2023-cü ili bütünlüklə olmaqla ümumilkdə 13 ay müddətində icarə haqqlarını ödəməmişdir. Beləliklə, yaranmış borcun ödənilməsi üçün hər dəfə möhlət istəyən cavabdeh verdiyi vədlərə əməl etməmişdir. Bu səbəbdən, aralarında bağlanmış müqavilənin şərtlərini pozan cavabdeh öz öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə iddiaçıya 113.513.25 (bir yüz on üç min beş yüz on üç manat 25 qəpik) manat məbləğində icarə haqqı borcu yaranmışdır. Bununla bağlı aralarında üzləşmə aktı tərtib edilib təsdiq olunmuşdur. Bununla yanaşı, cavabdeh yaranmış borc məbləğini ödəməkdən yayındığına görə əsas borc məbləğinin üzərinə hər ötən gün üçün faiz borcu da hesablanmışdır. Beləliklə, AR MM-nin 445.7-cimaddəsinə əsasən cavabdehdən illik gecikmə üzrə 900 manat faiz borcu tutulmalıdır.
II. Tərəflərin mövqeləri:
3. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı QSC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli icarə müqaviləsi imzalanmışdır.
10. Həmin müqavilənin 1.1.1-ci bəndinə əsasən subicarəyə verən Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, 46E ünvanında A27 binasının ikinci mərtəbəsi, ümumi sahəsi 660 kv.m olan qeyri-yaşayış sahəsini sub-icarəçinin istifadəsinə və sahibliyinə verir, Sub-icarəçi isə bunun müqabilində sub-icarəyə verənə bu müqavilənin şərt və müddəalarına uyğun olaraq icarə haqqı ödəyir.
11. Müqavilənin 2.2-ci bəndinə əsasən tərəflər razılığa gəlirlər ki, sub-icarə haqqı 01 oktyabr 2023-cü il tarixdən başlayaraq icarə müddətində A27-2 mərtəbəsinə görə hər 1 kv.metr üçün 15 manat olmaqla, (ƏDV xaric) ümumilikdə (60 kv.m sahə üçün) 9.900 manat icarə haqqı hesablanacaq.
12. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı gündən qüvvəyə minir və 5 il müddətinə qüvvədə qalır.
13. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
14. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də, məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış icarə müqaviləsindən irəli gəlir.
15. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun texnikalardan istifadəyə görə icarə haqqı haqqı ödəmək vəzifəsi və iddiaçının da, müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.
16. Məhkəmə qeyd edir ki, iş materiallarında olan, hər iki hüquqi şəxsin imzası və möhürü ilə təsdiq olunmuş İddiaçı QSC ilə Cavabdeh MMC arasında xx.xx.2022xx.xx.2024-cü il dövrü üçün tərtib olunan üzləşmə aktına əsasən Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən icarə haqqı borcu üzrə iddiaçıya 113.513,25 manat məbləğində borcu olduğunu həmin üzləşmə aktını imzalamaqla və şirkətin möhürü ilə təsdiq etməklə qəbul etmişdir.
17. Hazırda iddiaçı da xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən cavabdehin 113.513,25 manat məbləğində borcunun ödənilməsini xahiş edir.
18. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh tərəf məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya münasibət (etiraz) bildirməmiş, icarə haqqı borcu üzrə ödənişlərin edilməsini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.
19. Belə olan halda, məhkəmə hesab edir ki, icarə haqqı borcu üzrə 113.513,25 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
20. Məhkəmə əsas borca illik 5 % hesablanmaqla 900 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
21. Məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixdən (üzləşmə aktının tərtib olunduğu tarixdən) xx.xx.2024-cü il tarixədək (iddia ərizəsi ilə məhkəməyə müraciət edilən tarixədək) hesabladıqda görünür ki, təxmini 20 gün keçmişdir.
22. Buna görə də, əsas borca illik 5 % hesablanmaqla 310 manat məbləğində pul (113.513,25x5/100=5.675.66 (bir il üçün), 5.675.66/365=15,5497 (1 gün üçün), 15,5497x20=310 (20 gün üçün) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
23. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 404 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
24. Ona görə də, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 404 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir.
25. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli müqavilə üzrə icarə haqqı borcu üzrə 113.513 (bir yüz on üç min beş yüz on üç) manat, 25 (iyirmi beş) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Əsas borca illik 5 % hesablanmaqla 310 (üç yüz on) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 404 (dörd yüz dörd) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov