Məhkəmə qərarları › İş №e-2-2(113)-2080/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2080/2024

15.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2080/2024 15.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Rüstəmova Mülayim Akif qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs BOKT "xxxx" QSC-nin nümayəndəsi X3 iştirakları ilə, iddiaçı X4 cavabdehlər "xxxx" MMC-yə və "xxxx" ASC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs BOKT "xxxx" QSC) qarşı əmlakın qiymətləndirilməsinə dair sənədin etibarsız sayılması və s. tələbinə dair iddiası üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X7 cavabdehlər "xxxx" MMC-yə və "xxxx" ASC-yə qarşı əmlakın qiymətləndirilməsinə dair sənədin etibarsız sayılması və s. tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 2(002)-1057/2008 saylı, xx.xx.2008-ci il tarixli qiyabi qətnaməsinə əsasən, cavabdeh X2 ümumilikdə 241.828,12 ABŞ dolları həcmində borc məbləğinin tutulması, tutmanın X5 məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi olan 174 saylı mağazaya yönəldilməsi, həmin mağazanın açıq hərracda satılması qət edilmişdir. İcra üsulunun dəyişdirilməsinə dair Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 8(002)- 144/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı mənafeyini təmsil etdiyim iddiaçı X5 təqdim edildikdən sonra ona məlum olmuşdr ki, həmin məhkəmənin yuxarıda göstərilən qiyabi qətnaməsinə əsasən verilmiş 2(002)-1057/2008 saylı, xx.xx.2008-ci il tarixli icra vərəqəsi aidiyyəti üzrə icra olunması üçün Xətai rayon İcra şöbəsinə göndərilmişdir. Xətai rayon İcra şöbəsi tərəfindən icra vərəqəsinin icrası qaydasında müvafiq hərrac sifariş verilmiş, lakin ipoteka predmeti hərracda satılmadığı üçün həmin predmet tələbkar (hazırkı iş üzrə cavabdeh) "xxxx" ASC-yə təklif edilmişdir. Cavabdeh "xxxx" MMC-nin xx.xx.2013cü il tarixli, 06/25 saylı hərracın yekunları barədə protokoluna əsasən ipoteka predmeti 120.717 manat dəyərində "xxxx" ASC tərəfindən əldə edilmişdir. Bundan sonra icra işi üzrə tələbkar "xxxx" ASC (hazırkı iş üzrə cavabdeh) özünün Xətai filialını iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsində yerləşdirərək həmin qeyri-yaşayış sahəsindən faktiki olaraq istifadə etməyə başlamışdır. Hərrac protokoluna əsasən icra işi üzrə tələbkar (hazırkı iş üzrə cavabdeh) "xxxx" ASC tərəfindən qeyri- yaşayış sahəsinə mülkiyyət sənədinin alınması məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilən zaman müəyyən olunmuşdur ki, icra işi üzrə borclu X7 ilə kredit müqaviləsi rəsmiləşdirilən zaman qeyri-yaşayış sahəsi olan daşınmaz əmlaka dair ipoteka müqaviləsi daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınmamışdır. Bu səbəbdən də qeyri-yaşayış sahəsi olan daşınmaz əmlaka dair tələbkarın adına mülkiyyət sənədinin verilməsindən imtina edilmişdir. Bundan sonra "xxxx" ASC-nin müvafiq tələb hüququnun güzəşt edildiyi "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ərizə ilə Bakı şəhəri, Qaradağ rayon məhkəməsinə müraciət edərək icra işi üzrə borclu X2 borcunun ümumi qaydada tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 8(002)-144/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının ərizəsi təmin edilərək Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 2(002)-1057/2008 saylı, xx.xx.2008-ci il tarixli qiyabi qətnaməsinə əsasən qəbul edilmiş xx.xx.2008-ci il tarixli icra sənədinin icra üsulunun dəyişdirilməsi, qətnamənin ümumi qaydada icra edilməsi və qətnamə üzrə cavabdeh X2 qalıq borcu 241.823,12 ABŞ dollarının (2009-cu ildə ödəmə gününə olan ABŞ dollarının manata olan məzənnəsi nəzərə alınmaqla manatla) "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulması qərara alınmışdır. Qeyri-yaşayış sahəsinin "xxxx" ASC-nin Xətai filialı tərəfindən istifadəsinin hüquqi əsasları barədə məlumatın verilməsinə dair S.V.Tağıyevin müraciəti əsasında "xxxx" ASC-nin verdiyi xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Qaradağ rayon məhkəməsinin 16 dekabr 2008-ci il tarixli qətnaməsinin icra edilməsi ilə əlaqədar olaraq, Bakı şəhəri, 8 noyabr (Nobel) prospekti 23 ünvanında yerləşən 78.9 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi 28 yanvar 2013-cü il tarixli Hərracın yekunları barədə protokola və 28 yanvar 2013-cü il tarixli hərracın yekunları üzrə alqı-satqı müqaviləsinə əsasən kredit borcunun müqabilində ABB tərəfindən əldə edilmişdir. Hazırda sözügedən qeyriyaşayış sahəsi ABB-nin qanuni sahiblik və istifadəsindədir. Məktubda göstərilən sənədlərin - 28 yanvar 2013-cü il tarixli hərracın yekunları barədə protokol və 28 yanvar 2013-cü il tarixli hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin, eləcə də əmlakın qiymətləndirilməsinə dair sənədin təsdiq edilmiş surətlərinin verilməsi barədə cavabdeh "xxxx" ASC ASC-yə xx.xx.2023-cü il tarixli vəkil sorğusu göndərilmiş, lakin bu günədək vəkil sorğusuna cavab verilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Bankı” ASC hərracın yekunları barədə 06/25 nömrəli protokolun surətini xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyası zamanı Bakı 2 saylı Mediasiya Təşkilatına təqdim etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək tərəflə işin məhkəmə aidiyyəti üzrə göndərilməsi məsələsini müzakirə edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə etiraz etmədi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs BOKT "xxxx" QSC-nin nümayəndəsi X8 işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə etiraz etmədi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də məhkəmə iclasına gəlməmişlər. Cavabdeh "xxxx" MMC gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Digər cavabdeh "xxxx" ASC-nin nümayəndəsi isə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, Mülki Prosessual Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mübahisəsinin subyektləri qismində hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər çıxış edə bilərlər. Kommersiya mübahisəsinin predmeti isə tərəflərin həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olmalıdır. Hazırkı işin materiallarından isə görünür ki, iddiaçı X4 fərdi sahibkar statusu olsa da, hazırkı mübahisə onun fərdi sahibkar kimi həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gəlmir. Belə ki, iddia ərizəsinin məzmunundan da göründüyü kimi iddiaçı X5 məxsus qeyriyaşayış sahəsinin satılmasına dair mübahisəli hərrac Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-1057/2008 saylı, xx.xx.2008-ci il tarixli qiyabi qətnaməsinin icrasının təmin edilməsi məqsədilə keçirilmişdir. Sözügedən qətnamə ilə "xxxx" ASC ilə X9 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 48 saylı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın "xxxx" ASC ilə X9 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 47 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış sahəsinə yönəldilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2007-ci il tarixli, 48 saylı kredit müqaviləsindən isə müəyyən edilir ki, həmin müqavilə əsasında X6 mənzilin təmiri məqsədləri üçün kredit verilmişdir. Beləliklə, işin yuxarıda göstərilən hallarına əsasən müəyyən edilir ki, iddiaçı X7 qardaşı X9 tərəfindən götürülmüş istehlak kreditinin təmin edilməsi üçün özünə məxsus əmlakı ipoteka ilə yüklü etmiş, Teymur Tağıyev kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyindən ipotekaya tutma yönəldilərək iddiaçıya məxsus ipoteka predmeti olan əmlak açıq hərracda satılmışdır. Hazırda iddiaçı S.Tağıyev həmin hərracın nəticələrini mübahisələndirir. Göründüyü kimi hazırkı mübahisənin kökündə duran hüquq münasibətlərinin iddiaçı X1 fəaliyyəti ilə bağlı olması müəyyən edilmir. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11-ci bəndinə görə o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin qərarın 12-ci bəndinə görə bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Yuxarıda da qeyd edildiyi kimi hazırkı halda iddiaçı X7 nəticələri mübahisələndirilən hərracın əsasında duran hüquq münasibətlərində sahibkarlıq subyekti qismində iştirak etmədiyindən hazırkı mübahisə onun fərdi sahibkar kimi fəaliyyətindən irəli gəlmir. Odur ki, məhkəmə hesab edir ki, hazırkı mübahisə iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin həyata keçirməsi ilə əlaqədar yaranmadığından onun kommersiya mübahisəsi hesab edilməsi üçün əsasların mövcudluğu müəyyən edilmir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş məhkəmə aidiyyəti qaydalarına əsasən ümumi məhkəməyə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.idiyyət haqqında məsn aələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədəəsaslandırılmış qəra rdad çıxarır. 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbinin yönəldiyi cavabdehlərdən "xxxx" ASC Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşdiyindən iddiaçı X4 cavabdehlər "xxxx" MMC-yə və "xxxx" ASC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs BOKT "xxxx" QSC) qarşı əmlakın qiymətləndirilməsinə dair sənədin etibarsız sayılması və s. tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.5, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X4 cavabdehlər "xxxx" MMC-yə və "xxxx" ASC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs BOKT "xxxx" QSC) qarşı əmlakın qiymətləndirilməsinə dair sənədin etibarsız sayılması və s. tələbinə dair iddia ərizəsi üzrə iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar