Məhkəmə qərarları › İş №e-2-2(113)-2088/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2088/2021

30.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2088/2021 30.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 598,01 manat məbləğində maddi zərərin və ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən 24.06.2020-ci il tarixində Qazax şəhəri, Ə.Şıxlinski küçəsində su-kanalizasiya çəkilişi üçün qazıntı işləri aparılarkən İddiaçı X2 məxsus yeraltı TPP 100x2 və TPP 50x2 tipli rabitə kabelləri qırılmışdır. Nəticədə rabitə xəttinin bərpası üçün istifadə edilmiş mal-material sərfiyyatından İddiaçı MMC-yə 598,01 manat məbləğində maddi zərər vurulmuşdur. Rabitə kabellərinin qırılması ilə əlaqədar Qazax TKQ-nin işçiləri və Cavabdeh MMC-nin iş icraçısı Nəsirov Xudaşükürün imzası ilə 29.06.2020-ci il tarixində akt tərtib edilmişdir. Cavabdeh MMC-yə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar 27.01.2021-ci il tarixli məktubla müraciət edilmiş, lakin cavabdeh tərəfindən bu günə kimi ziyan ödənilməmişdir. Nazirlər Kabinetinin 14 dekabr 2005-ci il tarixli 227 nömrəli qərarı ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə Qaydaları”nın 6-cı bəndinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən telekommunikasiya şəbəkələrinə, vasitə və qurğularına zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməsi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 24.06.2020-ci il tarixdə vurulmuş zərərə görə 598,01 manat, 08.12.2020-ci il tarixdə vurulmuş zərərə görə 85,12 manat olmaqla, ümumilikdə 683,13 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib, iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi X4 cavabdeh şirkət tərəfindən aparılmış işlər zamanı iddiaçıya maddi zərər vurulması faktını mübahisələndirməmiş, lakin smetalarda müəyyən edilmiş məbləğlərinin hazırkı bazar qiymətlərindən yüksək olmasını bildirmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: Qazax TKQ-nın KTŞ üzrə sahə rəisi Mahmudov Kamil, Qazax TKQ-nın STŞ üzrə sahə rəisi Yusifov Fariz, Qazax TKQ-nın baş mühəndisi Rzayev Rafiq tərəflərindən 09.12.2020-ci il tarixdə tərtib edilmiş rabitə xətt və avadanlıqlarına zərər vurulması barədə aktdan görünür ki, Qazax şəhəri, Azadlıq küçəsi ərazisində Cavabdeh MMC tərəfindən sukanalizasiya çəkilişi üçün qazıntı işləri aparılarkən Qazax TKQ-yə məxsus yeraltı TPP 100x2 tipli rabitə kabeli qırılmışdır. Həmin akt Cavabdeh nümayəndəsi qismində X3 tərəfindən imzalanmışdır. Qazax şəhəri, Azadlıq küçəsində kabelin bərpası üçün TPP 100x2x0,4 kabelinin bərpası üçün 28.12.2020-ci il tarixli lokal smetaya əsasən müəyyən edilir ki, kabelin bərpası üçün tələb edilən xərclər 85,12 manat təşkil edir. Qazax TKQ-nın STŞ üzrə sahə rəisi Mahmudov Kamil, Qazax TKQ-nın baş mühəndisi Rzayev Rafiq, Olimpiya Mərkəzi BATS-nin el/mex. Novruzov Rəşid tərəflərindən 29.06.2020-ci il tarixdə tərtib edilmiş rabitə xətt və avadanlıqlarına zərər vurulması barədə aktdan görünür ki, Qazax şəhəri, Ə.Şixlinski küçəsi ərazisində Cavabdeh MMC tərəfindən su-kanalizasiya çəkilişi üçün qazıntı işləri aparılarkən Qazax TKQ-yə məxsus yeraltı TPP 100x2 və TPP 50x2 tipli rabitə kabelləri qırılmışdır. Həmin akt Cavabdeh nümayəndəsi qismində Xudaşükür Nəsirov tərəfindən imzalanmışdır. Qazax şəhəri, Ə.Şixlinski küçəsində TPP 100x2x0,4 və TPP 50x2x0,4 kabelinin bərpası üçün 21.06.2020-ci il tarixli lokal smetaya əsasən müəyyən edilir ki, kabelin bərpası üçün tələb edilən xərclər 598,01 manat təşkil edir. İddiaçı MMC tərəfindən Bakı Kommersiya Məhkəməsinə ünvanlanmış 10.06.2021-ci il tarixli 102-2-71/7751-21 saylı arayışa əsasən müəyyən edilir ki, 29.06.2020-ci il tarixdə Qazax şəhəri, Ə.Şixlinski küçəsində Cavabdeh MMC–nin işçiləri tərəfindən sukanalizasiya çəkilişi zamanı zədələnmiş İddiaçı MMC-yə məxsus TPP 100x2 və TPP 50x2 tipli rabitə kabellərin bərpası üçün xərclər 598,01 manat, 08.12.2020-ci il tarixdə Qazax şəhəri, Azadlıq küçəsində Cavabdeh MMC–nin işçiləri tərəfindən su-kanalizasiya çəkilişi zamanı zədələnmiş İddiaçı MMC-yə məxsus TPP 100x2 tipli rabitə kabelin bərpası üçün xərclər 85,12 manat təşkil edir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-ünvanlanmış 27.01.2021-ci il tarixli məktubdan görünür ki, 598,01 manat məbləğində dəymiş zərərin 7 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir: Belə ki, hazırkı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1096-1097-ci maddələri təşkil edir. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097-ci maddəsinə görə mülki hüquq pozuntusunun (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 dekabr 2005-ci il tarixli 227 saylı qərarı ilə təsdiq olunmuş “Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə Qaydaları”nın: 4.1.8-ci bəndinə görə telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə zonalarında aidiyyəti dövlət orqanlarının və telekommunikasiya operatorlarının razılığı və iştirakı olmadan telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının zədələnməsinə, normal iş rejiminə xələl gətirilməsinə səbəb olan işlərin aparılması qadağandır. 6.2-ci bəndinə görə telekommunikasiya şəbəkələrinə, vasitə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. İşin yuxarıda göstərilən hallarına əsasən isə müəyyən edilir ki, 29.06.2020-ci il tarixdə Cavabdeh MMC tərəfindən Qazax şəhəri, Ə.Şixlinski küçəsi ərazisində və 09.12.2020-ci il tarixdə Qazax şəhəri, Azadlıq küçəsi ərazisində zamanı su-kanalizasiya çəkilişi işləri aparılarkən həmin ərazilərdə yerləşən İddiaçı MMC-yə məxsus kabel qurğuları zədələnmişdir. Göstərilən faktlar hər iki tərəfin iştirakı ilə tərtib edilmiş rabitə xətt və avadanlıqlarına zərər vurulması barədə aktlarla təsdiq edilmişdir. Məhkəmə araşdrıması gedişində cavabdehin adından aktları imzalamış şəxslərin səlahiyyətləri cavabdehin nümayəndəsi tərəfindən mübahisələndirilməmişdir. Digər tərəfdən məhkəməyə təqdim edilmiş smetalara əsasən müəyyən edilir ki, İddiaçı MMC-yə məxsus kabel qurğularının bərpa etmək üçün cəmi 683,13 manat məbləğində xərc çəkilməsi tələb edilir. Cavabdehin nümayəndəsinin iddiaya etirazına əsas kimi istinad etdiyi smetada göstərilən məbləğlərin bazar qiymətlərinə uyğun olmaması barədə dəlillərinə gəldikdə məhkəmə qeyd edir ki, cavabdehib nümayəndəsinə bununla bağlı sübutların təqdim edilməsi təklif edilsə də, cavabdehin nümayəndəsi iddiaçı tərəfindən təqdim edilmiş smetalarda göstərilən məbləğlərin bazar qiymətinə nəzərən yüksək olmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə Cavabdeh MMC -nin törətdiyi maddi hüquq pozuntusu (delikt) nəticəsində İddiaçı MMC-yə maddi zərər vurulmasının iş materialları ilə öz təsdiqini tapdığını nəzərə alaraq hesab edir ki, İddiaçı MMC ona vurulmuş real zərərin əvəzi olaraq 683,13 manat məbləğində pul vəsaitinin ödənilməsini Cavabdeh MMC-dən tələb etməkdə haqlıdır. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi tam təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən dəymiş maddi zərərin əvəzi olaraq 683,13 manat (altı yüz səksən üç manat on üç qəpik) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar