Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-209/2023 25.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, kredit borcu, qanuni faiz, zaminlər, prosessual maraq, müqavilənin xitamı, ekspertiza xərci, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 19 may 2021-ci il tarixli kredit müqaviləsi üzrə 19 noyabr 2022-ci il tarixə (müqavilənin bitdiyi tarixə) 9864,13 manat əsas borc, 3493,14 manat məbləğində faiz borcu, 19 noyabr 2022-ci il tarixdən 14 mart 2023-cü il tarixə kimi olan müddət ərzində isə gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 157,55 manat məbləğində faiz borcu olmaqla, cəmi 13514,82 manat məbləğində kredit borcunun və ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 19 may 2021 il tariхli XXXX/2 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 18 ay müddətinə, illik 23% dərəcəsi ilə 13055,26 manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda iddiaçı və digər cavabdehlər – Cavabdeh3 arasında 19 may 2021 il tariхli XXXX/2/2 nömrəli və Cavabdeh1 arasında 19 may 2021 il tariхli XXXX/2 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh2 əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar iddiaçıya olan borclarını ödəməmişlər. Məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin mediasiyada həll edilməsi üçün müvafiq qaydada Bakı şəhəri 4 saylı mediasiya təşkilatına müraciət edilmişdir. Mediasiya prosesində Cavabdeh2 iştirak etmiş, digər cavabdehlər isə iştirak etməmişlər. Lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmişlər. Bunun nəticəsi olaraq, mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 442, 445.7-ci və s. maddələri göstərilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, Cavabdeh2 19 may 2021 il tariхli kredit müqaviləsi üzrə verilmiş pul sonuncu tərəfindən hesabdan çıxarılmamış, borclunun ərizəsi əsasında digər kredit müqaviləsi üzrə borcun silinməsinə yönəldilmişdir. Lakin kredit məbləği bu günədək tam qaytarılmamışdır.
5. Cavabdeh2 məhkəmənin iclaslarında iştirak edərək iddia tələbini təşkil edən əsas borcla razı olduğunu, lakin “Covid-19” pandemiyası ilə əlaqədar borcunu ödəyə bilmədiyini qeyd etdi və faiz borcunun azaldılmasını xahiş etdi.
6. Məhkəmənin suallarına cavab olaraq Cavabdeh2 qeyd etdi ki, kredit borcu üzrə tam məbləğin tələb edildiyi xəbərdarlıq məktubunu 23 sentyabr 2022-ci il tarixdə almışdır.
7. İddiaçının nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, sonuncu məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.
8. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 yaşayış yerinə məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri, mobil telefon nömrələrinə “SMS” bildiriş göndərilmiş, lakin cavabdehlər məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə adıçəkilən cavabdehlərin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. İddia ərizəsinə əlavə olunmuş 19 may 2021-ci il tarixli XXXX/2 nömrəli kredit müqaviləsinin 1-ci hissəsinə əsasən, Bank (iddiaçı) Borcalana (Cavabdeh2) 13055,26 manat məbləğində kredit verməyi, Borcalan isə verilmiş krediti qəbul edib, Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə müqavilənin 1 №-li əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə illik 23 faiz dərəcəsi ilə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürür (1.1). Kredit 18 ay müddətinə verilir (1.2). Kredit Dövriyyə vəsaitinin alınması və cari xərclər məqsədi üçün verilir (1.3). Kredit, bu müqavilə ilə müəyyən olunan şərtlər Borcalan tərəfindən icra edildikdən sonra Bank tərəfindən Borcalanın müvafiq cari hesabına köçürmə yolu ilə verilir. Kreditin uçotu Borcalanın müvafiq ssuda hesabında aparılır (1.4).
13. Həmin müqavilənin 3-cü hissəsinə əsasən, bu Müqavilə üzrə Əsas borc və Faizlər Ödəniş cədvəlinə (Əlavə №1) əsasən Borcalanın Bankdakı AZ75AZEN******************** nömrəli cari hesabına köçürmə yolu ilə və ya nağd şəkildə mədaxil edilməklə həmin vəsaitin silinməsi yolu ilə Kredit müddətində tam həcmdə qaytarılır (3.1). Faizlər kreditin verilmə tarixindən etibarən kredit tam həcmdə qaytarılan günədək Müqavilə ilə müəyyənləşdirilən ssuda hesabı üzrə borc məbləğinə aylıq 30 (otuz), illik isə 360 (üç yüz altmış) gün hesabı ilə gündəlik olaraq hesablanır (3.4).
14. Adıçəkilən müqaviləyə əlavə olunan ödəniş cədvəlindən görünür ki, 19 iyun 2021-ci il tarixdən 19 noyabr 2022-ci il tarixə hər ay üçün 864,45 manat (sonuncu ay 864,35 manat) ödəmək barədə iddiaçı və Cavabdeh2 razılığa gəlmişlər.
15. Cavabdeh2 tərəfindən iddiaçıya ünvanlanmış 19 may 2021-ci il tarixli ərizədən görünür ki, cavabdeh 19 may 2021-ci il tarixdə verilmiş XXXX/2 nömrəli kredit müqaviləsi üzrə 13055,26 manat vəsaitin 15 noyabr 2019-cu il tarixli XXXX/1 nömrəli kredit müqaviləsi üzrə öhdəliyinin icrasına (silinməsini) yönəldilməsini xahiş etmişdir.
16. Məhkəməyə təqdim edilən 19 may 2021-ci il tarixli XXXX/2/2 nömrəli zaminlik müqaviləsinin 1 və 2-ci hissəsinə əsasən, Zamin (Cavabdeh3) Borcalanın (Cavabdeh2) 19 may 2021-ci il tarixli XXXX/2 nömrəli kredit müqaviləsi üzrə Bank (iddiaçı) qarşısında gotürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürür. Bankla Borcalan arasında bağlanmış 19 may 2021 il tarixli XXXX/2 nömrəli kredit müqaviləsinə əsasən X3 vəsaitinin alınması və cari xərclər məqsədi ilə illik 23 faiz dərəcəsi ilə 18 ay müddətinə 13055,26 manat məbləğində kredit verir. Həmin müqavilənin 4-cü hissəsinə əsasən, Zamin və Borcalan Bank qarşısında birgə məsuliyyət daşıyırlar. Zamin Kredit müqaviləsi üzrə öhdəliklərin Borcalan tərəfindən icra olunmasına, o cümlədən əsas borcun, əsas borc üzrə hesablanmış faizlərin və cərimənin, habelə öhdəliklərin icra olunmaması halında Borcalana qarşı iddia qaldırıldıqda Bank tərəfindən çəkilmiş xərclərin və digər pul tələblərinin ödənilməsinə gorə Bank qarşısında Borc alanla eyni həcmdə məsuliyyət daşıyır. Qeyd edilən müqavilənin 9.1-ci bəndinə əsasən, Müqavilə Tərəflərin imzaları ilə təsdiq edildiyi tarixdən qüvvəyə minir və 19 may 2021 il tarixli XXXX/2 nomeəli Kredit müqaviləsi üzrə kredit, faizlər və digər pul tələbləri üzrə öhdəliklərin Banka tam həcmdə icra olunduğu tarixədək qüvvədədir.
17. Məhkəməyə təqdim edilən 19 may 2021-ci il tarixli XXXX/2/2 nömrəli zaminlik müqaviləsinin 1 və 2-ci hissəsinə əsasən, Zamin (Cavabdeh1) Borcalanın (Cavabdeh2) 19 may 2021-ci il tarixli XXXX/2 nömrəli kredit müqaviləsi üzrə Bank (iddiaçı) qarşısında gotürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürür. Bankla Borcalan arasında bağlanmış 19 may 2021 il tarixli XXXX/2 nömrəli kredit müqaviləsinə əsasən X3 vəsaitinin alınması və cari xərclər məqsədi ilə illik 23 faiz dərəcəsi ilə 18 ay müddətinə 13055,26 manat məbləğində kredit verir. Həmin müqavilənin 4-cü hissəsinə əsasən, Zamin və Borcalan Bank qarşısında birgə məsuliyyət daşıyırlar. Zamin Kredit müqaviləsi üzrə öhdəliklərin Borcalan tərəfindən icra olunmasına, o cümlədən əsas borcun, əsas borc üzrə hesablanmış faizlərin və cərimənin, habelə öhdəliklərin icra olunmaması halında Borcalana qarşı iddia qaldırıldıqda Bank tərəfindən çəkilmiş xərclərin və digər pul tələblərinin ödənilməsinə gorə Bank qarşısında Borc alanla eyni həcmdə məsuliyyət daşıyır. Qeyd edilən müqavilənin 9.1-ci bəndinə əsasən, Müqavilə Tərəflərin imzaları ilə təsdiq edildiyi tarixdən qüvvəyə minir və 19 may 2021 il tarixli XXXX/2 nomeəli Kredit müqaviləsi üzrə kredit, faizlər və digər pul tələbləri üzrə öhdəliklərin Banka tam həcmdə icra olunduğu tarixədək qüvvədədir.
18. İş materiallarına əlavə edilmiş 14 mart 2023-cü il tarixli maliyyə arayışından görünür ki, arayışın verildiyi tarixə Cavabdeh2 19 may 2021-ci il tarixli XXXX/2 nömrəli kredit müqaviləsi üzrə əsas borcu 9864,13 manat, faiz borcu isə 3493,14 manat təşkil edir.
19. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-209/2023 nömrəli qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış 14 fevral 2023-cü il tarixli 9/627 nörməli ekspert rəyindən görünür ki, 16 sentyabr 2022-ci il tarixə (maliyyə arayışının verildiyi) Cavabdeh2 19 may 2021-ci il tarixli XXXX/2 nömrəli kredit müqaviləsi üzrə əsas borcu 10354,24 manat, faiz borcu 1495,04 manat, xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin bitdiyi) əsas borcu 10354,24 manat, faiz borcu isə 1911,79 manat təşkil edir.
20. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə Cavabdeh2 arasında 19 may 2021-ci il tarixli XXXX/2 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranış, iddiaçı 13055,26 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən şərtlərlə Cavabdeh2 verməyi, cavabdeh isə aldığı pul vəsaitini 18 ay müddətə illik 23 faiz dərəcəsi ilə və müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin sözügedən krеdit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq isə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 ilə zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh2 13055,26 manat məbləğində pul vəsaitini köçürmə yolu ilə digər – 15 noyabr 2019-cu il tarixli XXXX/1 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına yönəltmiş, lakin pul məbləğini iddiaçıya tam qaytarmamışdır.
21. İddiaçı adıçəkilən kredit müqaviləsi üzrə 9864,13 manat əsas borc, 3493,14 manat məbləğində faiz borcunun tutulmasını xahiş edir.
22. Cavabdeh2 iddiaya əsas borc hissəsində etiraz etmir, lakin faiz borcunun azaldılmasını tələb edir.
23. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.
24. Məhkəmə adıçəkilən cavabdehlərin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xarvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
26. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin qeyd edir ki, kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
27. Buna görə də məhkəmə cavabdehlərin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında onlardan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqelərini ifadə etməmələrini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
28. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsini zəruri sayır.
29. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
30. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
31. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
32. Göründüyü kimi, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
33. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Onlayn kargüzarlıq” sistemi vasitəsi ilə Cavabdeh2 (borclu) xəbərdarlıq məktubu yollayaraq həmin tarixə kredit müqaviləsi ilə bütün əsas borcu tələb etmişdir.
34. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.
35. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda.
36. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).
37. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2022-ci il tarixdə əsas borclu Cavabdeh2 xəbərdarlıq məktubu yollayaraq həmin tarixə kredit müqaviləsi üzrə bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və həmin tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. Belə olan halda, iddiaçı xx.xx.2022-ci il tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər.
38. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə bağlı qeyd edir ki, bu ödənişlərin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, iddiaçı və ya cavabdehlər tərəfindən ekspert rəyinin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət də verilməmişdir.
39. Həmçinin məhkəmə qeyd edir ki, 19 may 2021-ci il tarixli XXXX/2 nömrəli kredit müqaviləsi üzrə əsas borc ekspert rəyinə əsasən 10354,24 manat müəyyən olunsa da, iddiaçı 9864,13 manat əsas borcu tələb edir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələbinə uyğun olaraq məhkəmə iddia tələbi həddində işə baxmalı olduğundan məhkəmə hesab edir ki, cavabdehlərdən 9864,13 manat əsas borc tutulmalıdır.
40. Qeyd edilən kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 14 fevral 2023-cü il tarixli 9/627 nörməli ekspert rəyi ilə faiz borcu 1495,04 manat müəyyən edilmişdir. Rəyin əsaslandırıcı hissəsindən görünür ki, sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə edilmiş və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər günə düşən faiz məbləği dəyişilməz olaraq 6,62 manat müəyyən edilmişdir. Belə olan halda, kredit müqaviləsinin xitam tarixinə - xx.xx.2022-ci il tarixə faiz borcu 1536,74 (1495,04 manat+((6,62 manat (1 günün faizi) x 6 gün (xx.xx.2022-ci il tarixdən xx.xx.2022-cü il tarixədək olan gün sayı) ) manat təşkil edir.
41. Beləliklə, məhkəmə hesab edir ki, 19 may 2021-ci il tarixli XXXX/2 nömrəli kredit müqaviləsi üzrə müqavilənin xitam tarixinə tutulmalı əsas borc 9864,13 manat, faiz borcu isə 1536,74 manat təşkil edir.
42. Bundan başqa, Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
43. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
44. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
45. Ona görə də məhkəmə bu qənaətə gəlir ki, 19 may 2021-ci il tarixli XXXX/2 nömrəli kredit müqaviləsi üzrə 9864,13 manat əsas borc, 1536,74 manat faiz borcu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
b) Kredit müqaviləsi üzrə qanuni faizin tutulması tələbi ilə bağlı
46. İddiaçı 19 noyabr 2022-ci il tarixədək olan dövr üçün kredit məbləğindən istifadə üçün faiz borcunu, 19 noyabr 2022-ci il tarixdən 14 mart 2023-cü il tarixə kimi olan müddət üçün isə gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 157,55 manat məbləğində pulun cavabdehlərdən tutulmasını xahiş edir.
47. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
48. Konstitusiya Məhkəməsi göstərmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin – gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarlar).
49. Yuxarıda qeyd olunan hüquqi mövqeyə əsasən məhkəmə qeyd edir ki, müqaviləyə xx.xx.2022-ci il tarixdən xitam verildiyindən həmin tarixdən 19 noyabr 2022-ci il tarixədək olan dövr üçün kredit məbləğindən istifadəyə görə faiz borcu tutula bilməz. Həmin dövr üçün kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən məhkəmə hesab edir ki, həmin dövr üçün də illik beş faizlə hesablanmış məbləğ tutulmalıdır. Beləliklə, kredit müqaviləsinin xitam tarixindən – xx.xx.2022-ci il tarixdən iddiaçının tələb etdiyi 14 mart 2023-cü il tarixə qədər Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas borca illik 5 faizlə pul hesablanaraq cavabdehlərdən tutulmalıdır.
50. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, əsas borca illik 5 faizlə hesablanmaqla 232,42 (9864,13*5/100/365*172 gün) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir (zaminlərə münasibətdə bax §16,17, 42).
d) Məhkəmə xərcləri ilə bağlı
51. İddiaçı eləcə də 200 manat mediasiya xərcinin cavabdehlərdən tutulmasını xahiş etmişdir.
52. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞB/4-01686 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçının nümayəndəsi və Cavabdeh2 ilkin mediasiya sessiyasında iştirak etmiş, digər cavabdehlər xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak etməmiş və iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya xərcini ödənmişdir.
53. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, 14 fevral 2023-cü il tarixli 9/627 nörməli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat təşkil edir.
54. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
55. Həmin Məcəllənin 115.0, 115.0.4 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
56. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
57. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
58. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
59. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 172 manat, ekspertiza xərci olaraq 86 manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-yə, 14 manat məbləğində pul İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
V. Nəticə:
60. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 19 may 2021-ci il tarixli kredit müqaviləsi üzrə 9864 (doqquz min səkkiz yüz altmış dörd) manat 13 (on üç) qəpik əsas borc, 1534 (min beş yüz otuz dörd) manat 76 (yetmiş altı) qəpik faiz borcu, əsas borca illik 5 faizlə hesablanan 232 (iki yüz otuz iki) manat 42 (qırx iki) qəpik olmaqla, ümumilikdə 11631 (on bir min altı yüz otuz bir) manat 31 (otuz bir) qəpik məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 172 (yüz yetmiş iki) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza xərci olaraq 86 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada, 14 manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova