Məhkəmə qərarları › İş №e-2-2(113)-209/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-209/2024

29.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-209/2024 29.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X21 və Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sığorta, subroqasiya, mülki hüquq pozuntusu, subasma, sübutetmə, balans mənsubiyyəti sərhəddi, iddia müddəti) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X21 və Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) cavabdehlər Cavabdeh1, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) və Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 14550 manat məbləğində pul vəsaitinin və 200 manat mediasiya xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, AZ/PİP-S/17/0005 nömrəli “Əmlakın yanğından və digər əlavə risklərdən sığorta şəhadətnaməsi” ilə sığorta müqaviləsi bağlanmış və X2 istifadəsində olan Sumqayıt şəhəri, 30-cu məhəllə, e 23/2, mənzil 1, 4, 5-də yerləşən ticarət obyekti təminat altına alınmışdır. xx.xx.2017-ci il tarixdə Cavabdeh1 istifadəsində olan mənzildən X2 istifadəsində olan ünvan 1, mənzil 1, 4, 5-də yerləşən ticarət obyektində yerləşən daşınar əmlaka su axması nəticəsində maddi ziyan dəymişdir, baş vermiş hadisə nəticəsində 14550 manat sığorta ödənişi həyata keçirilmişdir. Qeyd edilən fakt 5 saylı mənzil-kommunal istismar sahəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli aktla təsdiq olunuşdur. Bu səbəbdən ödənilmiş 14550 manat məbləğ qanunvericiliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 936-cı maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

5. 11.07.2024-cü il tarixli məhkəmə iclasında cavabdeh "xxxx" ASC prosessual hüquq varisi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X21 ilə əvəz edilmişdir.

II. Tərəflərin mövqeləri:

6. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndələri X9, Nümayəndə, X7 və X14 iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və eyni zamanda bildirdilər ki, 11 aprel 2017-ci il tarixdə iddiaçıya sığorta hadisəsi barədə məlumat verilib, həmin gün də iddiaçının nümayəndəsi tərəfindən hadisə yerinə baxış keçirilib. Həmçinin sığortalanan əmlakın qiymətləndirilməsi üçün ekspert dəvət edilib və qiymətləndirmə aparılıb. Ekspert rəyində dəymiş zərəri 15800 manat olaraq qiymətləndirib, 800 manat azadolma məbləği və 450 manat sığorta haqqı çıxıldıqdan sonra 14550 manat sığorta ödənişi həyata keçirilib. Zərərvuran şəxsin Cavabdeh1 olması isə məhz 5 saylı mənzil-kommunal istismar sahəsi tərəfindən tərtib edilmiş 11 aprel 2017ci il tarixli aktla təsdiq edilir.

7. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndələri göstərdilər ki, mövcud təcrübəyə görə binaya qədər olan su təchizatına “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X21, bina daxilində olan su təchizatına isə yerli icra hakimiyyətləri cavabdehdirlər. Bu səbəbdən həmin şəxslər də cavabdeh qismində cəlb edilmişdir. Hazırkı hadisə isə mənzilin daxilində baş vermişdir.

8. Məhkəmənin birinci hazırlıq iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iddiaya etiraz etdi və qeyd etdi ki, "xxxx" ASC binanın giriş hissəsinə kimi olan su və kanalizasiya xətlərinə görə məsuliyyət daşıyır. Hazırda isə mübahisə bina daxilində olan subasma hadisəsi ilə bağlıdır. Bu məsələnin isə "xxxx" ASC-yə aidiyyəti yoxdur.

9. Cavabdeh1 məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdi və eyni zamanda göstərdi ki, mənzilinin yerləşdiyi bina 4 mərtəbəlidir. Belə ki, birinci mərtəbədəki üç mənzil və ikinci mərtəbədəki 2 mənzil X6 tərəfindən alınaraq iki mərtəbəli ticarət mərkəzi (1, 2, 3, 4 və 5-ci mənzil) yaradılıb. Cavabdeh1 mənzili isə üçüncü mərtəbədə bir otaqlıdır (8-ci mənzil). Əvvəla, bir otaqlı məznildən birinci və ikinci mərtəbəyə böyük zərərə səbəb ola biləcək suyun axması mümkün deyildir. Suyun sızması uzun müddət 4cü mərtəbədən baş vermişdir. Belə ki, su sızması ilə bağlı dəfələrlə 4-cü mərtəbədə yerləşən mənzilin mülkiyyətçisində də xəbər verilmişdir. X6 da ona müraciət edəndə sızmanın onunla əlaqəsinin olmadığı, 4-cü mərtəbədən gəlidiyini bildirmişdir. Subasma nəticəsində Cavabdeh1 da mənzilinə zərər dəymiş, sonuncu, mənzili təmir etdirməmişdir.

10. Məhkəmənin suallarına cavab olaraq Cavabdeh1 bildirdi ki, 5 saylı mənzilkommunal istismar sahəsi tərəfindən 11 aprel 2017-ci il tarixli akt tərtib edilərkən ona məlumat verilməmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli aktla da təsdiq olunur ki, onun mənzilinə su 4-cü mərtəbədən axmışdır.

11. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə yazılı vəsatət verərək, Mülki Məcəllə ilə müqavilə öhdəlikləri üçün nəzərdə tutulan üç illik iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

12. İddiaçının nümayəndəsi X10 xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, Mülki Prosessual Məcəllənin 170-ci maddəsinin tələblərini rəhbər tutaraq hazırkı iddia ərizəsinin və ödənilmiş 200 manat məbləğində dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında Mülki Prosessual Məcəllənin 170-ci maddəsinə uyğun olaraq iddia ərizəsinin geri qaytarılmasının mümkün olmadığını, Cavabdeh1 işə mahiyyəti üzrə baxılmasında maraqlı olduğunu nəzərə alaraq, işə mahiyyəti üzrə baxılması qənaətinə gəlmişdir.

13. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X21 məhkəmnin baxış iclasında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə həmin cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.

14. Sumqayıt Şəhər İcra Hakimiyyəti məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmənin baxış iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə həmin cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

15. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Subroqasiya qaydasında pulun tutulması tələbi ilə bağlı

16. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər, mümkün və aid sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

17. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

18. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, əmlakın yanğından və digər əlavə risklərdən sığortası barədə AZ/PİP-S/17/0005 nömrəli xx.xx.2017-ci il tarixli şəhadətnaməyə əsasən ünvan 1 ünvanında yerləşən 1, 4 və 5-ci mənzillər (“Mem” geyim mağazası) ümumilikdə 415 750 manat sığorta məbləği həddində əmlakın yanğından və digər əlavə risklərdən sığortası qaydasında sığortalı X6 tərəfindən sığortalanmışdır. 11 aprel 2017-ci il tarixdə X6 ona məxsus obyektə subasma nəticəsində zərər dəydiyi barədə iddiaçıya ərizə ilə müraciət etmiş, xx.xx.2017-ci il tarixli hadisə barədə məlumat aktı ilə iddiaçının əməkdaşı Əliyev Rasim hadisəyə səbəbin üçüncü mərtəbədən axmış su olduğunu göstərmiş, dəymiş zərərin xx.xx.2017-ci il tarixli ilkin hesabatına görə ümumi zərər 15800 manat qiymətləndirilmiş, 25 may 2017-ci il tarixli 845 nömrəli əmlakın qiymətləndirilməsinə dair rəydə isə subasma nəticəsində dəymiş zərər 22023 manat göstərilmişdir. 23 iyun 2017-ci il tarixli 1387/FS/Fİ-016/2017 nömrəli sığorta aktı ilə xx.xx.2017-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği 15800 manat müəyyən edilmiş, 800 manat azadolma məbləği və 450 manat sığorta haqqı çıxıldıqdan sonra sığorta ödənişi 14550 manat təyin edilmiş və 23 iyun 2017-ci il tarixli 4693 nömrəli ödəniş tapşırığı əsasında sığortalı X2 bank hesabına köçürülmüşdür.

19. İddiaçı 5 saylı mənzil-kommunal istismar sahəsinin 11 aprel 2017-ci il tarixli aktına istinad etməklə zərərvuran şəxsin Cavabdeh1 olduğunu, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X21 və Sumqayıt Şəhər İcra Hakimiyyətinin su və kanalizasiya xətlərinə nəzarət həyata keçirmədiyini əsas gətirərək 14550 manat məbləğində pulun cavabdehlərdən tutulmasını tələb edir.

20. Cavabdeh1 onun mənzilindən subasmanın baş vermədiyini, əksinə 4-cü mərtəbədə olan subasma nəticəsində onun da mənzilinə zərər dəydiyini bildirir və iddianın rədd olunmasını xahiş edir.

21. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X21 binanın daxilində olan su xətlərinə nəzarəti həyata keçirmədiklərini göstərir və iddianın rədd olunmasını xahiş edir.

22. Cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti mübahisənin iştirakları olmadan baxılmasını və iddia rədd olunmasını xahiş edir.

23. Məhkəmə kommersiya mübahisənin həlli üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

24. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

25. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

26. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

27. Məhkəmə qeyd edir ki, subroqasiya hüququ mahiyyəti etibarilə qanunun göstərişinə əsasən tələbin güzəşti nəticəsində öhdəlikdə şəxslərin dəyişməsidir. Belə ki, əmlaka dəyən zərərlə bağlı zərərçəkənin zərərvuran şəxsə qarşı olan tələb hüququ sığorta ödənişi həddində sığortaçıya keçir, beləcə sığortaçı zərərçəkən şəxsi sonuncu ilə zərərvuran şəxs arasında olan öhdəlik münasibətində əvəz edir. Bu mənada subroqasiya qaydasında pulun tutulması tələblərində hər bir halda zərərvuranla zərərçəkən arasında yaranmış öhdəliyin xarakteri qiymətləndirilməlidir.

28. Hazırkı işin hallarından görünür ki, 11 aprel 2017-ci il tarixdə Cavabdeh1 mənzilindən subasmanın baş verməsi irəli sürülür və bu mənada sonuncunun maddi məsuliyyətinin əsasını mülki hüquq pozuntu (delikt) təşkil edir.

29. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Yəni öhdəlik bir tərəfin müəyyən hərəkətlər etməsi və ya müəyyən hərəkətlərdən çəkinməsi, digər tərəfin isə tələb etmək hüququ ilə xarakterizə edilən qarşılıqlı hüquqi münasibətdir. Hər bir hüquqi münasibət kimi öhdəlik hüquq münasibətinin də müəyyən yaranma - əmələ gəlmə əsası olur. Mülki Məcəllənin 386-cı maddəsi öhdəliklərin əmələ gəlmə əsaslarını müəyyən edir. Belə ki, öhdəliyin əmələ gəlmə əsaslarına başlıcası müqavilə olmaqla zərər vurulması, əsassız varlanma və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar aid edilir. Mülki hüquq nəzəriyyəsində bu əsaslar müqavilədən və müqavilədən kənar olmaqla iki yerə bölünür. Öhdəliyin zərər vurulması ilə, yəni mülki hüquq pozuntusu (deliktlər) nəticəsində əmələ gəlməsi onun müqavilədən kənar əsasla yaranması hesab olunur.

30. Mülki Məcəllənin doqquzuncu bölməsi mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər adlanır. Mülki Məcəllənin 1096-cı maddəsi mülki hüquq pozuntusuna anlayış verir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Verilən anlayışdan aydın olur ki, mülki hüquq pozuntusunun tərkibi hüquqazidd əməl, bu əməllə zərər arasında səbəbli əlaqə və təqsirdir.

31. Göründüyü kimi, deliktin yaranması üçün üç mühüm şərtin olması vacibdir və bu, bütün deliktlər üçün ümumi normadır.

32. İddiaçının məhkəməyə təqdim etdiyi 5 saylı mənzil-kommunal istismar sahəsinin mühəndisi X1, sahə ustası X11, “Mem” mağazasının baş satıcısı X8 tərəfindən imza edilmiş 11 aprel 2017-ci il tarixli aktdan görünür ki, 30-cü məhəllə, ev 2/23-ün 1, 4 və 5 saylı mənzillərində yerləşən “Mem” mağazasının satıcıları xx.xx.2017-ci il tarixdə saat 09:00-da mağazaya daxil olarkən mağazanın hər tərəfinə suyun axmasının şahidi olmuş, həmin vaxt mənzillərə suyun axıdılması barədə 5 saylı mənzil-kommunal istismar sahəsinə məlumat verilmiş, 5 saylı mənzil-kommunal istismar sahəsinin rəhbərliyi tərəfindən su axıdılan mənzillərə texniki baxış keçirilmiş və məlum olmuşdur ki, 30-cu məhəllə, ev 2/23, mənzil 8-də mənzil sahibi həmin axşam mənzildə olmamış və mənzilin su otağından su borusu zədələnmiş, nəticədə axan sular evin 1, 4 və 5-ci mənzillərinə axaraq, mənzillərdə olan əşyaları istifadəsiz hala salaraq mənzillərə böyük ziyan və zərər vurmuşdur.

33. Cavabdeh1 məhkəməyə təqdim etdiyi 5 saylı mənzil-kommunal istismar sahəsinin mühəndisi İlkin Quliyev, sosial işçisi Sevda Məmişova, 30-cü məhəllə, ev 2/23, mənzil 8-də yaşayan Cavabdeh1, sakin Esmira İbrahimova və sakin Elçin Nurəddinov tərəfindən imza edilmiş 27 iyul 2023-cü il tarixli aktdan görünür ki, 30-cü məhəllə, ev 2/23ün 8-ci mənzilinə baxış keçirilərkən müəyyən olunur ki, mənzilin mətbəx, dəhliz və vanna otağına qeyri-müəyyən vaxtda yuxarı mərtəbələrdən su axmışdır. Divarda olan sumaqdakı və divar kağızlarındakı su ləkələrindən suyun mənzilə yuxarı mərtəbədən keçərək axması müəyyən olunur.

34. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4574/2023 nömrəli qərardadı ilə təyin edilmiş kompleks məhkəmə-iqtisad və mühəndis-texniki ekspertizalarının 24 may 2024-cü il tarixli 3-16-16/1-10/8255-9/8600 nömrəli ekspert rəyindən görünür ki, 1, 2 və 5 saylı mənzillərə baxış keçirilən zaman müəyyən olunmuşdur ki: – mənzil faktiki olaraq qeyri-yaşayış sahəsidir və mağaza kimi istifadə olunur. ünvan 1 ünvanında yerləşən 1, 4, 5 saylı mənzillərin tikililərinə baxış keçirilən zamanı, tikililərin tam təmirli vəziyyətdə olduğu və su sızmaya aid hər hansı bir qüsurların olmadığı müəyyən edilmişdir. ünvan 1 ünvanında yerləşən 8 saylı mənzillə baxış keçirilən zamanı mənzilin dəhliz tikilisinin tavan və divarları üzərində su sızmaya aid (divar kağızının qopması və tavanın üzərində sarımtıl su ləkələri) qüsurların olduğu müəyyən edilmişdir. – Ekspertiza tərəfindən qeyd olunur ki, mərtəbəarası örtük konstruksiyalarından su sızması aşağıdakı səbəblərə görə baş verə bilər: boru xətlərində yaranan qəzadan; sanitar-qovşaq avadanlıqlarında əmələ gələn qüsurlardan; kanalizasiya borularının çatlamasından, birləşmə yerlərinin keyfiyyətsiz bərkidilməsindən, tıxajlanmadan; yararsız sanitar-qovşaq avadanlıqlarından istifadə edilməsindən; mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsindən və s. – 1, 4, 5 saylı mənzillərə su sızmasının səbəbini müəyyən etmək üçün tədqiq olunan mənzilin üzərində yerləşən, cavabdehin 8 saylı mənzilinə baxış keçirilməsi təşkil olunmuşdur. Baxış zamanı həmin mənzilin mətbəxində və sanitariya qovşağında quraşdırılmış su və kanalizasiya boru xətlərinin gözlə görünən hissələrində hər hansı nasazlıq (rütubət, sızma, sıradan çıxma və s.) müşahidə olunmamışdır. Mənzilin mətbəxində və sanitariya qovşağında quraşdırılmış digər kommunikasiya xətləri (kanalizasiya boru xəttləri) gizli (malalatı) şəkildə olduğundan, onların saz və ya nasazlığını müəyyən etmək mümkün olmadı. Eyni zamanda cavabdehin mənzilinin sanitar-texniki qurğularına müəyyən həcmdə su tökülməklə eksperiment keçirilmiş və müəyyən vaxt keçəndən sonra iddiaçının mənzilinə baxış keçirilərkən, mənzilin konstruktiv elementləri üzərində su sızma halları müşahidə olunmamışdır. Bu səbəbdən 1, 4, 5 saylı mənzilə su sızmasının səbəbini texniki cəhətdən dəqiqliklə müəyyən etmək mümkün olmadı. – ünvan 1 ünvanında yerləşən 1, 4, 5 saylı mənzillər (qeyri-yaşayış sahəsi) təmirli vəziyyətdə oluduğunan (ilkin vəziyyətdə saxlanmadığından) cavabdehə məxsus 8 saylı mənzildən suyun axıdılıb axıdılmamasını dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Baxış keçirilən zamanı cavabdehə məxsus 8 saylı mənzilin tavanı və divarları üzərində su sızma (sarımtıl) ləkələrinin olduğu müşahidə olunmuşdur. ünvan 1 ünvanında yerləşən 1, 4, 5 saylı mənzillər (qeyri-yaşayış sahəsi) təmirli vəziyyətdə oluduğunan (ilkin vəziyyətdə saxlanmadığından) eləcə də. 8 saylı mənzilin tavanı və divarları üzərində su sızma (sarımtıl) ləkələrinin olduğunu nəzərə alaraq, cavabdehə məxsus 8 saylı mənzildən suyun axıdılıb-axıdılmamasını dəqiqliklə müəyyən etmək mümkün olmadığından qərardadın bu sualları üzrə tədqiqat aparılmadı. – Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq aparılmış tədqiqatla, ünvan 1 ünvanında yerləşən 1, 4, 5 saylı mənzillər (qeyri-yaşayış sahəsi) təmirli vəziyyətdə oluduğundan (ilkin vəziyyətdə saxlanmadığından) cavabdehə məxsus 8 saylı mənzildən suyun axıdılıb-axıdılmamasını dəqqiqliklə müəyyən etmək mümkün olmamışdır. Baxış keçirilən zaman cavabdehə məxsus 8 saylı mənzilin tavanı və divarları üzərində su sızma (sarımtıl) ləkələrinin müşahidə olunmuşdur.

35. Məhkəmə qeyd edir ki, 11 aprel 2017-ci il tarixli akt tərtib edilərkən hadisə nəticəsində zərər vurulan 1, 4 və 5 saylı mənzillərə baxış keçirilmiş, 8-ci mənzilin mülkiyyətçisinin iştirakı təmin edilməmişdir. Həmçinin baxış keçirilmədiyi halda, hadisənin baş verməsinin 8-ci mənzilin su otağında su borusunun zədələnməsi nəticəsində olması qənaətinə gəlinməsinin əsasları da aktda əks olunmamışdır. Belə ki, üst mərtəbədən suyun axmasının müşahidə olunması birmənalı şəkildə həmin suyun üst mərtəbədə yaşayan şəxsin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində axması qənaətinin formalaşması üçün kifayət deyildir. Məhz ekspert rəyindən də göründüyü kimi, su sızması boru xətlərində yaranan qəzadan, sanitar-qovşaq avadanlıqlarında əmələ gələn qüsurlardan, kanalizasiya borularının çatlamasından, birləşmə yerlərinin keyfiyyətsiz bərkidilməsindən, tıxaclanmadan, yararsız sanitar-qovşaq avadanlıqlarından istifadə edilməsindən, mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsindən baş verə bilər. Göründüyü kimi, mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilmə su sızmasının baş verməsinin yalnız bir səbəbidir.

36. Həmçinin aparılmış ekspert tədqiqatı ilə 8 saylı mənzilin tavanı və divarları üzərində su sızma (sarımtıl) ləkələrin olduğu müəyyən edilmiş, cavabdehə məxsus 8 saylı mənzildən suyun axıdılıb-axıdılmaması dəqiqliklə təsbit edilə bilməmiş, həyata keçirilmiş eksperiment zamanı (8 saylı mənzilinin sanitar-texniki qurğularına müəyyən həcmdə su tökülməklə) 1, 4 və 5-ci mənzillərin konstruktiv elementləri üzərində su sızma halları müşahidə olunmamışdır.

37. Qeyd edilənlər onu deməyə əsas verir ki, hazırda Cavabdeh1 münasibətdə mülki hüquq pozuntusunun tərkibi – hüquqazidd əməl, bu əməllə zərər arasında səbəbli əlaqə və təqsir iş materialları ilə təsdiq edilmir.

38. Digər cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X20 münasibətdə isə göstərilməlidir ki, X2 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X20 tələb hüququnun yaranması da iş materialları ilə təsdiqlənmir.

39. Belə ki, su təchizatı və kanalizasiya müəssisəsi (STKM) kimi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X21 tərəfindən suyun istehlakçıya çatdırılma məntəqəsində STKM və istehlakçı arasında müqavilə ilə su təchizatı və kanalizasiya sisteminin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsi olan balans mənsubiyyəti sərhəddi aktı hazırda mövcud deyildir. Nəzərə alınmalıdır ki, STKM yalnız balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək vəzifəsini daşıyır. STKM ilə istehlakçı arasında su təchizatı və kanalizasiya sisteminin balans mənsubiyyəti sərhədini müəyyən edən sənəd isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 3 nömrəli əlavəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilən aktdır. Belə bir akt olmadan, subasmanın baş vermə nöqtəsində balans mənsubiyyətini aydınlaşdırmadan isə subasma ilə əlaqədar “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X20 maddi məsuliyyət müəyyən etmək mümkün deyildir.

40. Cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı hissədə isə göstərilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən, yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə vətəndaşların öz hesabına və müqavilələr əsasında yaşayış məntəqələrinin elektrikləşdirilməsi, qaz və su ilə təchizatı məsələlərini həll etmək, suyun keyfiyyətinə nəzarəti həyata keçirmək, müvafiq ərazidə müəssisə və təşkilatların inşa etdikləri elektrik, su kəməri, kanalizasiya, istilik və qaz şəbəkələri və qurğularının tikintisinə dair rəy vermək, əhalinin yanacaqla təmin olunması üçün tədbirlər görmək (4.5.11); “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəhərin, rayonun su təchizatı və kanalizasiya təsərrüfatlarının yerləşdirilməsi və inkişafı üzrə regional sxemləri hazırlamaq və təsdiq etmək, su təchizatı və kanalizasiya müəssisəsinə müəssisənin xidməti zonasının hüdudlarından kənarda fəaliyyətini həyata keçirməsinə səlahiyyət vermək, müəyyən miqdarda yerüstü və yeraltı suyun qəbuluna, tullantı sularının hər hansı yerüstü və yeraltı su hövzələrinə axıdılmasına, həmçinin tullantıların (o cümlədən maye tullantıların) daşınmasına, torpaqda və ya su hövzələrində basdırılmasına, su bəndlərinin, su anbarlarının və digər hidrotexniki qurğuların tikintisinə icazə vermək, su təchizatı və kanalizasiya obyektlərinin layihələndirilməsinə və tikintisinə razılıq vermək (4.5.12); su obyektlərinin istifadəsi və mühafizəsi ilə bağlı tədbirlər görmək (4.7.11); tikinti layihələrinin, habelə tikilməkdə olan obyektlərin, torpağı, hava və su hövzələrini çirkləndirən müəssisələrin (təşkilatların) işinin ekoloji ekspertizasının keçirilməsini tələb etmək, ekspertizanın nəticələri mənfi olduqda, layihələrin yenidən işlənilməsi, müvafiq obyektlərin tikintisinin dayandırılması ilə bağlı aidiyyəti dövlət orqanları qarşısında məsələ qaldırmaq (4.11.10) aid edilmişdir.

41. Göründüyü kimi, 11 aprel 2017-ci il tarixli subasma, ümumiyyətlə, işin halları ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin səlahiyyətləri arasında hər hansı əlaqə mövcud deyildir. Belə ki, iddiaçının irəli sürdüyü iddianın faktiki əsası hadisənin yerli icra hakimiyyətinin hərəkət və ya hərəkətsizliyindən irəli gəlməsini istisna edir.

42. Məhkəmə Cavabdeh1 iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə qeyd edir ki, L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 8 may 2008-ci il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyinə görə, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.

43. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə iddia müddətinin tətbiq edilməsi üçün iddiaçının subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.

44. Hazırkı halda isə iddiaçının subyektiv hüququnun Cavabdeh1 tərəfindən pozulması təsdiq olunmadığından cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi də ona münasibətdə nəzərə alına bilməz. Həmçinin subroqasiya tələblərində 3 illik iddia müddəti deyil, ümumi iddia müddəti olan 10 illik müddət tətbiq edilir.

45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X21 və Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair iddiası rədd edilməldir.

b) Məhkəmə xərcləri ilə bağlı

46. İddiaçı 200 manat mediasiya xərcinin də cavabdehlərdən tutulmasını xahiş edir.

47. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

48. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

49. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən (Məcəllənin iddia ərizəsi məhkəməyə təqdim edilərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

50. Göründüyü kimi, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

51. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, 24 may 2024cü il tarixli 3-16-16/1-10/8255-9/8600 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat təşkil edir.

52. Mülki Prosessual Məcəllənin 115.0 və 115.0.4-cü maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir.

53. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

54. Beləliklə, məhkəmə iddia tələbinin rədd edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, mediasiya xərci iddiaçıya aid edilməli, ekspertiza xərcinin əvəzi olaraq 100 manat məbləğində pul iddiaçı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir.

V. Nəticə:

55. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X21 və Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza xərci olaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 100 (bir yüz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar