Məhkəmə qərarları › İş №e-2-2(113)-209/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-209/2025

17.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-209/2025 17.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Sabko” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə İddiaçı MMC arasında xx.xx.2022-ci il, RLY 01/09 saylı Alqı-Satqı Müqaviləsinə əsasən yaranmış əsas borc 66.215 manat, ƏDV 9.173,3 manat və ödənilmiş 278,24 manat dövlət rüsumu, cəmi 75.666,54 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında xx.xx.2022-ci il, RLY 01/09 saylı Alqı-Satqı Müqaviləsi bağlanmışdır. Həmin Müqavilə əsasında yaranmış işgüzar münasibətlər nəticəsində - cavabdeh "xxxx" MMC tərəfindən ödənilməmiş borc məbləği yaranmışdır. Bununla da, cavadehlə bağlanmış xx.xx.2022-ci il tarixli, RLY 01\09 saylı Müqavilənin 3-cü və 4-cü bəndlərində qeyd edilmiş şərtlər icra olunmaması, nəticədə həmin Müqavilənin 7-ci və 8-ci bəndlərinin şərti pozulmuşdur.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

10. İşin müəyyən olunmuş halı ondan ibarətdir ki, İddiaçı (satıcı) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (alıcı) arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır.

11. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilədə müəyyən edilmiş şərtlər əsasında satıcı təhvil verməyi, alıcı isə malların dəyərini ödəməyi öhdəsinə götürür.

12. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

13. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.

14. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qarışılıqlı üzləşmə aktından görünür ki, xx.xx.2023-cü il tarixin sonuna alıcının satıcıya borcunun 67.245,70 manat təşkil etdiyini tərəflər öz imza və möhürləri ilə təsdiq etmişlər.

15. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə elektron qaimələr göndərilmiş, cavabdeh tərəfindən də ödənişlər edilmişdir.

16. Hazırda iddiaçı cavabdehin 66.215 manat əsas borc, 9.173,3 manat ƏDV borcunun (elekron qaimələr iş materiallarına əlavə edilmişdir) qaldığını bildirərək, cavabdehdən iddiaçının xeyrinə tutulmasını məhkəmədən xahiş edir.

17. Cavabdeh tərəf iddiaya etiraz edərək, cavabdeh hüquqi şəxsin işçiləri tərəfindən səlahiyyətlərindən istifadə edərək, mənimsəmə hallarına yol verildiyini, şirkətin adında mal alaraq, yalnız alınan malları şirkətin deyil başqa anbarlara daxil etdiklərini bildirmişdir.

18. Məhkəmə cavabdehin qeyd olunan dəlillərini əsassız hesab edir.

19. Belə ki, ilk növbədə işdə olan xx.xx.2023-cü il tarixli qarşılıqlı üzləşmə aktına nəzər yetirildikdə görünür ki, cavabdeh hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.

20. Məhkəmə qeyd edir ki, oxşar vəziyyətlərdə fiziki şəxslərlə müqayisədə hüquqi şəxslərin üzərinə öz statusuna görə daha böyük məsuliyyət düşür. Belə ki, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanmasına maddi məsul olan şəxslərə malikdir.

21. Hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki və ya digər hüquqi şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Bu zaman sənədin möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Çünki bir qayda olaraq möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək (təmsilçilik) səlahiyyətinə malik olan şəxs olur.

22. Ona görə də, hətta qeyd edilən sənədlərdə, cavabdeh hüquqi şəxsin adından kimin imzalamasının belə, hazırkı mübahisənin həlli baxımından əhəmiyyəti yoxdur.

23. Bundan başqa da, qeyd edilən dəyərdə malların verilməsi ilə bağlı cavabdehə göndərilmiş elektron qaimələrlə bağlı hər hansı bir etiraz edilməmişdir.

24. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.

25. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə dəyəri 75.388,30 (66.215 manat Əsas+9.173,30 manat ƏDV) manat olan mallar verilmiş və alıcının da, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.

26. Məhkəmə həmçinin qeyd edir ki, xx.xx.2024-cü il tarixli ekspert rəyində ancaq işə ilk öncə əlavə edilmiş elektron qaimələrdə göstərilən məbləğləri hesablayaraq nəticəyə gəlmişdir. Ancaq sonradan əlavə edilmiş və 1000 səhifədən (elektron sistemdə 73-75-ci sırada olan) də, artıq olan elektron qaimələr üzrə hesablamalar aparılmamışdır.

27. Belə olan halda, Məhkəmə hesab edir ki, iddia 66.215 manat əsas, 9.173,30 manat ƏDV borcunun tələb edilməsi hissəsində əsaslıdır və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçıya ödəniməlidir.

28. Bundan başqa məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 278,24 manat məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

29. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

30. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 66.215 (altmış altı min iki yüz on beş) manat, ƏDV borcu üzrə 9.173 (doqquz min yüz yetmiş üç) manat 30 (otuz) qəpik, ümumilikdə 75.388 (yetmiş beş min üç yüz səksən səkkiz) manat 30 (otuz) qəpik məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 278 (iki yüz yetmiş səkkiz) manat 24 (iyirmi dörd) qəpik məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar