Məhkəmə qərarları › İş №e-2-2(113)-2090/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2090/2021

24.12.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2090/2021 24.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması və müqavilənin ləğvi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı “borcun tutulması və müqavilənin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 2019-ci il 14 mart tarixli № 3-BİZ-1-0-154-19 (1) kredit müqaviləsi üzrə banka 604295.4 ABŞ dolları əsas, 21660.25 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə cəmi 625955.65 ABŞ dolları məbləğində borcun, 14 mart tarixli № 3-BİZ-1-0-154-19 (2) kredit müqaviləsi üzrə banka 36909.35 ABŞ dolları əsas, 1189.03 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə cəmi 38098.38 ABŞ dolları məbləğində borcun, 17 dekabr tarixli № 3-BİZ-1-0- 154-19 (3) kredit müqaviləsi üzrə banka 149998.99 ABŞ dolları əsas, 4458.03 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə cəmi 154457.02 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun, 120 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən, 3372.8 kv.m ümumi sahədən ibarət 42C saylı qeyri – yaşayış binasına (bundan sonra – ipoteka predmeti) yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və borcun hərracdakı satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; ipoteka predmetinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və digər şəxslərin ipoteka predmetinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, ipoteka predmetinin boşaldılması və banka təhvil verilməsi; cavabdeh “Amara Hotel “ MMC ilə iddiaçı arasında bağlanmış 13 mart 2019-cu il tarixli Baş kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra 23 dekabr 2021-ci il tarixdə iddiaçı iddia ərizəsinə əlavə verərək cavabdehlərdən iddiaçının xeyrinə 14 mart 2019-cu il tarixli 3-BİZ-1-0-154-19 (1) sayli kredit müqaviləsi üzrə banka 604.295,40 ABŞ dolları əsas, 40525,50 ABŞ dolları faiz, 20447,41 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 665.268,31 ABŞ dolları məbləğində borcun; 14 mart 2019-cu il tarixli 3-BİZ-1-0-154-19 (2) saylı kredit müqaviləsi üzrə banka 25.109,35 ABŞ dolları əsas, 2320,97 ABŞ dolları faiz, 630,57 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 28061,29 ABŞ dolları məbləğində borcun; 17 dekabr 2019-cu il tarixli 3-BİZ-1-0-154-19 (3) saylı kredit müqaviləsi üzrə banka 149.998,99 ABŞ dolları əsas, 8646,22 ABŞ dolları faiz, 4464,81 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 163.110,02 ABŞ dolları məbləğində borcun – hər üç kredit müqaviləsi üzrə ümumilikdə cəmi 856.439,62 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması və Cavabdeh1 MMC ilə "xxxx" İKB ASC arasında bağlanmış 13 mart 2019-cu il tarixli Baş kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 14 mart 2019-cu il tarixli 3-BİZ-1-0-154-19 (1) sayli, 14 mart 2019-cu il tarixli, 3-BİZ-1-0-154-19 (2) saylı və 17 dekabr 2019-cu il tarixli 3-BİZ*1-0-154-19 (3) saylı kredit müqavilələri qüvvədə olduğu müddətdə və kredit müqavilələrinin bitdiyi tarixdən hazırkı vaxta kimi Cavabdeh1 MMC tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazimi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də Cavabdeh1 MMC tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcalan borcu ödəməkdən boyun qaçırır. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə verilmiş əlavəni müdafiə edib onun məzmununa uyğun izahat verib iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil3 bildirdi ki, iddia ərizəsinə əlavədə göstərilən əsas borcları qəbul edir, lakin hesablanmış faiz və cərimə borcları ilə razı deyil, bu səbəbdən iddia ərizəsinin həmin hissədə təmin edilməməsini xahiş edir. Bundan əlavə bildirdi ki, tərəflər arasında müqavilə üzrə münasibətlər artıq pozulduğundan Baş kredit müqaviləsinin ləğv edilməsinə etiraz etmirlər. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: "xxxx" İKB ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 13 mart 2019-cu il tarixli 3- BİZ-1-0-154-19 saylı Baş kredit müqaviləsinə əsasən bu müqavilənin predmeti kreditorun bu müqavilənin əsasında və bu müqavilənin ayrılmaz tərkib hissələri hesab edilən kreditorlarla bağlanılacaq ayrıca razılaşmalar üzrə verilməsi üçün borcalana 2.000.000 ABŞ dolları məbləğində illik faiz dərəcəsi 24 faizdən və qaytarılması gecikdirildiyi halda ödəniləcək gündəlik faiz dərəcəsi 0,15 faizdən çox olmamaq şərti ilə, 120 ay müddətinə kredit limitinin ayırması, borcalanın isə razılaşmalar üzrə limit çərçivəsində kreditor tərəfindən verilən kredit, kredit xətti, overdraft, qarantiya və akkreditivdən istifadə etməsi, habelə razılaşmalarda nəzərdə tutulmuş şərtlər daxilində krediti qaytarmasına dair pul öhdəliyidir. Müqavilənin 2.1-ci bəndinə əsasən borcalanın bu Müqavilə, o cümlədən razılaşmalar üzrə öhdəlikdərinin icrasının əsas təminatı aşağıdakılardır: 3-BİZ-1-0-154-19 (İ) saylı sonrakı ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında istifadədə olan 0,05973 ha torpaq sahəsi üzərində yerləşən və Cavabdeh3 məxsus olan ümumi sahəsi 3372,8 kv.m ibarət olan qeyri-yaşayış binasının sonrakı ipotekası. "xxxx" İKB ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 14 mart 2019-cu il tarixli 3- BİZ-1-0-154-19 (1) saylı kredit verilməsinə dair razılaşmaya əsasən kreditorun borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə və faizlər ödənilmək əsasında kredit verməsi, borcalanın isə bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti, kreditə hesablanmış faizləri, komissiya haqqı və digər ödənişləri kreditora ödənilməsinə dair pul öhdəliyi müqavilənin predmetini təşkil edir. Bu müqavilə 13 mart 2019-cu il tarixli 3-BİZ-1-0-154-19 saylı Baş kredit müqaviləsinə əsasən bağlanılır və onun ayrılmaz tərkib hissəsi sayılır. Müqavilənin 2-ci bəndinə əsasən bu müqaviləyə əsasən kreditor borcalana 655000 ABŞ dolları məbləğində kredit verir. Bu müqaviləyə əsasən kredit borcalana "xxxx" ASC qarşısında kredit üzrə cari öhdəliklərinin tam icra olunması məqsədilə verilir. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 20 may 2020-ci il tarixli 3-BİZ-1-0- 154-19 (1) saylı 14.03.2019-cu il tarixli kredit verilməsinə dair razılaşmaya 01 nömrəli əlavə sazişin 1.1.2-ci bəndinə əsasən müqavilə üzrə borcalana əsas borc məbləğinin ödənilməsi üçün 2020-ci ilin restrukturizasiya tarixinə hesablanmış faizlər üzrə 2000 USD ödənilməsi və ödənilməmiş faizlərin isə iyun, iyul, avqust və sentyabr ayları üzrə bərabər bölüşdürülməsi şərti ilə, 2020-ci ilin may ayından etibarən 11 ay güzəşt müddəti verilir. İddiaçının Kredit Komitəsinin iclasının 05.05.2020-ci il tarixli qərarı ilə Cavabdeh1 MMC-yə Müşahidə Şurasının 07.03.2019-cu il tarixli qərarına əsasən təyin edilən 2.000.000 USD limit çərçivəsində verilən 655.000 USD, 145.000 USD kreditlərin və İdarə Heyətinin 11.12.2019-cu il tarixli qərarına əsasən verilən 300.000 USD məbləğində bərpa olunmayan kredit xəttinin restrukturizasiya olunması barədə kreditlər üzrə ümumi müddətin 12 aylıq uzadılması, 2020-ci ilin restrukturizasiya tarixinə hesablanmış faizlər üzrə 2000 USD ödənilməsi və ödənilməmiş faizlərin isə iyun, iyul, avqust və sentyabr ayları üzrə bərabər bölüşdürülməsi şərti ilə, may 2020-ci ilindən başlayaraq 11 ay güzəşt müddəti verilməsi və qeyd edilən güzəşt müddəti ərzində ilk dörd ay illik faiz dərəcəsi 3 faiz və növbəti yeddi ay illik faiz dərəcəsi 4 faizlə hesablanması, növbəti 48 ay, 300.000 USD məbləğində bərpa olunmayan kredit xəttinin illik faiz dərəcəsi 5 faizlə, 655.000 USD və 145.000 USD kreditlərin illik faiz dərəcəsi 6 faizlə hesablanması, restrukturizasiya tarixinə hesablanmış cərimələrin bağışlanması qərara alınmışdır. "xxxx" İKB ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 14 mart 2019-cu il tarixli 3-BİZ-1-0-154-19 (2) saylı kredit xətti verilməsinə dair razılaşmaya əsasən bu Müqavilənin predmeti kreditorun borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddəti və faizlər ödənilmək əsasında kredit verilməsi, borcalanın isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti, kreditə hesablanmış faizləri, komisiyya haqqı və digər ödənişləri kreditora ödənilməsinə dair pul öhdəliyidir. Bu müqaviləyə əsasən kreditor borcalana 145.000 USD məbləğində yeniləşdirilməyən kredit xətti açır. Həmin məbləğ kredit xəttinin limiti kimi müəyyən edilir. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 20 may 2020-ci il tarixli 3-BİZ-1-0-154-19 (2) saylı 14.03.2019-cu il tarixli kredit verilməsinə dair razılaşmaya 01 nömrəli əlavə sazişin 1.1.2-ci bəndinə əsasən müqavilə üzrə borcalana əsas borc məbləğinin ödənilməsi üçün 2020-ci ilin restrukturizasiya tarixinə hesablanmış faizlər üzrə 2000 USD ödənilməsi və ödənilməmiş faizlərin isə iyun, iyul, avqust və sentyabr ayları üzrə bərabər bölüşdürülməsi şərti ilə, 2020-ci ilin may ayından etibarən 11 ay güzəşt müddəti verilir. Qeyd edilən güzəşt müddəti ərzində 15.06.2020-ci il tarixdən 15.09.2020-ci il tarixədək illik faiz dərəcəsi 3 faiz, 15.10.2020-ci il tarixdən 15.04.2021-ci il tarixədək illik faiz dərəcəsi 4 faiz təşkil edir. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 17 dekabr 2019-cu il tarixli 3-BİZ- 1-0-154-19 (3) nömrəli kredit xətti verilməsinə dair razılaşmaya əsasən bu müqavilənin predmeti kreditorun borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə və faizlər ödənilmək əsasında kredit verməsi, borcalanın isə bu Müqavilədə nəzərədə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti, kreditə hesablanmış faizləri, komissiya haqqı və digər ödənişləri kreditora ödənilməsinə dair pul öhdəliyidir. Bu Müqavilə 13 mart 2019-cu il tarixli 3-BİZ-1-0-154-19 saylı Baş Kredit müqaviləsinə əsasən bağlanılır və onun tərkib hissəsi sayılır. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən kreditor borcalana 300000 USD məbləğində bərpa olunmayan kredit xətti açır. Həmin məbləğ kredit xəttinin limiti kimi müəyyən edilir. Kredit xətti hər biri 150.000 USD olmaqla 2 tranşla verilir. Kredit xəttinin ikinci tranşı birinci tranşın təyinatı üzrə istifadə olunmasına dair monitorinq həyata keçirildikdən sonra istifadə edilə bilər. Bu Müqavilə üzrə kredit xətti borcalana Cavabdeh1də təmir işlərinin aparılması məqsədi ilə açılır. Kredit xətti 17.12.2019-cu il tarixindən 17.04.2024-cü il tarixədək açılır. Kreditin istifadəsinə görə borcalan kreditora illik 5% ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 5,14 faiz təşkil edir. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 20 may 2020-ci il tarixli 3-BİZ-1-0- 154-19 (3) saylı 17.12.2019-cu il tarixli kredit verilməsinə dair razılaşmaya 01 nömrəli əlavə sazişin 1.1.2-ci bəndinə əsasən müqavilə üzrə borcalana əsas borc məbləğinin ödənilməsi üçün 2020-ci ilin restrukturizasiya tarixinə hesablanmış faizlər üzrə 2000 USD ödənilməsi və ödənilməmiş faizlərin isə iyun, iyul, avqust və sentyabr ayları üzrə bərabər bölüşdürülməsi şərti ilə, 2020-ci ilin may ayından etibarən 11 ay güzəşt müddəti verilir. Qeyd edilən güzəşt müddəti ərzində 17.06.2020-ci il tarixdən 17.09.2020-ci il tarixədək illik faiz dərəcəsi 3 faiz, 17.10.2020-ci il tarixdən 17.04.2021-ci il tarixədək illik faiz dərəcəsi 4 faiz təşkil edir. "xxxx" İKB ASC ilə Cavabdeh2 və Cavabdeh1 MMC arasında bağlanmış 13 mart 2019-cu il tarixli 3-BİZ-1-0-154-19 (Z1) saylı zaminlik müqaviləsinə əsasən 13 mart 2019cu il tarixli, 3-BİZ-1-0-154-19 saylı Baş kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti zaminin və ya zaminlərin öz üzərinə götürməsi müqavilənin predmeti təşkil edir. Zaminliklə təmin edilmiş kreditləşmənin mənbəyi "xxxx" İKB ASC tərəfindən ayrılan vəsaitdir. "xxxx" İKB ASC ilə Cavabdeh3 və Cavabdeh1 MMC arasında bağlanmış 13 mart 2019-cu il tarixli 3-BİZ-1-0-154-19 (Z2) saylı zaminlik müqaviləsinə əsasən 13 mart 2019cu il tarixli, 3-BİZ-1-0-154-19 saylı Baş kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti zaminin və ya zaminlərin öz üzərinə götürməsi müqavilənin predmeti təşkil edir. Zaminliklə təmin edilmiş kreditləşmənin mənbəyi "xxxx" İKB ASC tərəfindən ayrılan vəsaitdir. "xxxx" İKB ASC ilə Cavabdeh3 və Cavabdeh1 MMC arasında bağlanmış 15 mart 2019-cu il tarixli 3-BİZ-1-0-154-19 (İ) nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı "xxxx" İKB ASC ilə Cavabdeh1 MMC arasında Bakı şəhərində bağlanmış 13 mart 2019-cu il tarixli, 3-BİZ-1-0-154-19 saylı “Baş kredit müqaviləsinə” əsasən yaranmış öhdəliyin təminatı kimi ünvan 2 ünvanında istifadədə olan 0,05973 ha torpaq sahəsi üzərində yerləşən və Cavabdeh3 mülkiyyətində olan, ümumi sahəsi 3372,8 kv.m ibarət olan qeyri-yaşayış binasını ipoteka saxlayana sonrakı ipotekaya verilir. Müqavilənin 9.4-cü bəndinə əsasən tərəflərin qarşılıqlı razılığına əsasən ipoteka predmetinə tutma yönəldilməsi zamanı ilkin satış qiyməti 4.300.000 manat təşkil edir. İddiaçı tərəfindən verilmiş 09.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 3- BİZ-1-0-154-19 (1) saylı kredit müqaviləsi üzrə "xxxx" Hotel MMC-nin əsas borc üzrə 604295,4 ABŞ dolları, faiz borcu üzrə 21660,25 ABŞ dolları məbləğində borcu mövcuddur. İddiaçı tərəfindən verilmiş 09.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 3- BİZ-1-0-154-19 (2) saylı kredit müqaviləsi üzrə "xxxx" Hotel MMC-nin əsas borc üzrə 36909,35 ABŞ dolları, faiz borcu üzrə 1189,03 ABŞ dolları məbləğində borcu mövcuddur. İddiaçı tərəfindən verilmiş 09.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 3- BİZ-1-0-154-19 (3) saylı kredit müqaviləsi üzrə "xxxx" Hotel MMC-nin əsas borc üzrə 149998,99 ABŞ dolları, faiz borcu üzrə 4458,03 ABŞ dolları məbləğində borcu mövcuddur. İddiaçı tərəfindən Cavabdeh3 və Cavabdeh2 göndərilmiş 27.01.2021-ci il tarixli PAİHTD-872 nömrəli, PAİHTD-871 nömrəli, PAİHTD-870 nömrəli xəbərdarlıq məktublarına əsasən aralarında bağlanmış kredit müqavilələrinə əsasən yaranmış borcu 5 gün müddətində ödəməsini tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 13 avqust 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 MMC tərəfindən "xxxx" ASC-dən alınmış kredit vəsaiti üzrə 14.03.2019-cu il tarixli 3-BİZ-1-0- 154-19 (1) saylı kredit müqaviləsi üzrə banka ödənilməli olan borc 09.03.2021-ci il tarixə əsas kredit borcu üzrə 604.295,12 ABŞ dolları, faiz borcu üzrə 22.431,97 ABŞ dolları; 13.08.2021-ci il tarixə əsas kredit borcu üzrə 604.295,12 ABŞ dolları, faiz borcu üzrə 36.733,63 ABŞ dolları, Amara Hotel” MMC tərəfindən "xxxx" ASC-dən alınmış kredit vəsaiti üzrə 14.03.2019-cu il tarixli 3-BİZ-1-0-154-19 (2) saylı kredit müqaviləsi üzrə banka ödənilməli olan borcu 09.03.2021-ci il tarixə əsas kredit borcu üzrə 36.890,99 ABŞ dolları, faiz borcu üzrə 1328,02 ABŞ dolları, 13.08.2021-ci il tarixə əsas kredit borcu üzrə 36.890,99 ABŞ dolları, faiz borcu üzrə 2.201,11 ABŞ dolları, 17 dekabr 2019-cu il tarixli 3- BİZ-1-0-154-19 (3) saylı kredit müqaviləsi üzrə 09.03.2021-ci il tarixə əsas kredit borcu üzrə 149.369,98 ABŞ dolları, faiz borcu üzrə 5.278,94 ABŞ dolları, 13.08.2021-ci il tarixə əsas kredit borcu üzrə 149.369,98 ABŞ dollar, faiz borcu üzrə 8.316,16 ABŞ dolları təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş 02 sentyabr 2021-ci il tarixli UNİ/S 77-674/21 saylı ekspert rəyi ilə ipoteka predmetinin 02 sentyabr 2021-ci il tarixə bazar qiyməti 19.668.000 manat, likvid qiyməti 18.684.600 manat, "xxxx" MMC tərəfindən verilmiş 21 sentyabr 2021ci il tarixli 001-21\SR\09-2021 saylı qiymətləndirmə hesabatına əsasən ipoteka predmetinin bazar dəyəri 5.500.000 manat və likvid dəyəri 4.000.000 manat, "xxxx" MMC tərəfindən verilmiş 18.10.2021-ci il tarixli ekspert rəyindən görünür ki, ipoteka predmetinin 21 oktyabr 2021-ci il tarixinə bazar dəyəri 15.300.000 manat, "xxxx" MMC tərəfindən verilmiş 26 oktyabr 2021-ci il tarixli 356/R-10-21/BK-09 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, ipoteka predmetinin 26.10.2021-ci il tarixinə bazar dəyəri 7.800.000 manat, likvid dəyəri isə 6.600.000 manat, "xxxx" MMC tərəfindən verilmiş 467/NKB nömrəli qiymətləndirmə rəyindən görünür ki, ipoteka predmetinin bazar dəyəri 6.500.000 manat, likvid dəyəri 5.500.000 manat, "xxxx" MMC tərəfindən verilmiş 20.11.2021-ci il tarixli ekspert rəyindən görünür ki, ipoteka predmetinin likvid dəyəri 15.300.000 manat təşkil edir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cərimələrin cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən iddia ərizəsində Cavabdeh1 MMC ilə iddiaçı (əvvəlki adı - "xxxx" İKB ASC) arasında bağlanmış 13 mart 2019-cu il tarixli Baş kredit müqaviləsinin ləğv edilməsi tələbi də irəli sürülmüşdür. Belə ki, borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdehlər tərəfindən də təkzib edilmədiyindən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır və təmin edilməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən 14 mart 2019-cu il tarixli kredit müqaviləsi üzrə 604.295,40 ABŞ dolları əsas, 40525,50 ABŞ dolları faiz, 20447,41 ABŞ dolları cərimə; 14 mart 2019-cu il tarixli kredit müqaviləsi üzrə 25.109,35 ABŞ dolları əsas, 2320,97 ABŞ dolları faiz, 630,57 ABŞ dolları cərimə; 17 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 149.998,99 ABŞ dolları əsas, 8646,22 ABŞ dolları faiz, 4464,81 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 856.439,62 ABŞ dolları məbləğində pul (tutduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) tutularaq iddiaçıya ödənilməli, Cavabdeh1 MMC ilə iddiaçı (əvvəlki adı "xxxx" İKB ASC) arasında bağlanmış 13 mart 2019-cu il tarixli Baş kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 14.03.2019-cu il tarixli, 3- BİZ-1-0-154-19 (1) saylı kredit müqaviləsi üzrə 604295,40 (altı yüz dörd min iki yüz doxsan beş dollar qırx sent) ABŞ dolları əsas, 40525,50 (qırx min beş yüz iyirmi beş dollar əlli sent) ABŞ dolları faiz, 20447,41 (iyirmi min dörd yüz qırx yeddi dollar qırx bir sent) ABŞ dolları cərimə; 14.03.2019-cu il tarixli, 3-BİZ-1-0-154-19 (2) saylı kredit müqaviləsi üzrə 25109,35 (iyirmi beş min yüz doqquz dollar otuz beş sent) ABŞ dolları əsas, 2320,97 (iki min üç yüz iyirmi dollar doxsan yeddi sent) ABŞ dolları faiz, 630,57 (altı yüz otuz dollar əlli yeddi sent) ABŞ dolları cərimə; 17.12.2019-cu il tarixli, 3-BİZ-1-0-154-19 (3) saylı kredit müqaviləsi üzrə 149998,99 (bir yüz qırx doqquz min doqquz yüz doxsan səkkiz dollar doxsan doqquz sent) ABŞ dolları əsas, 8646,22 (səkkiz min altı yüz qırx altı dollar iyirmi iki sent) ABŞ dolları faiz, 4464,81 (dörd min dörd yüz altmış dörd dollar səksən bir sent) ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 856439,62 (səkkiz yüz əlli altı min dörd yüz otuz doqquz dollar altmış iki sent) ABŞ dolları məbləğində pul (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddiaçı ASC (əvvəlki adı "xxxx" İKB ASC) və Cavabdeh1 MMC arasında bağlanmış 13.03.2019-cu il tarixli Baş kredit müqaviləsi ləğv edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar