Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2091/2025 29.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X2 katibliyi, iddiaçının nümayəndəsi/vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1980 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2017-ci ildən başlayaraq ayrı-ayrı şəxslərin adına vergi uçotuna alınmış cavabdehə aid olan sahibkarlıq obyektlərinin (Hiss Club, Boss Club) vergi və mühasibatlıq xidmətlərini göstərmişdir. Bu xidmətlərə obyektlərə kod alınması, kassa qoyulması, vergi hesabatlarının təqdim edilməsi, işçilərin əmək fəaliyyəti ilə əlaqədar olaraq qeydiyyata alınması və çıxarılması, vergi yoxlamaları zamanısənədlərin tərtib edilərək təqdim edilməsi və sair xidmətlər daxil olmuşdur. Göstərilən obyektlər ayrı-ayrı şəxslərin adına olsa da, cavabdeh tərəfindən işlədilmişdir, əldə olunmuş gəlirlər cavabdehə məxsus olmuşdur. 2022-ci ilin noyabr ayından başlayaraq həmin obyektlərdən Boss X5 adına keçirilmişdir. Hiss Club isə X4 adına keçirilmişdir. Bu obyekt Vüsaldan əvvəl cavabdehin adına qeydiyyatdan keçirilmişdir. 2023-cü ilin təxminən iyul ayında vergi orqanı tərəfindən həmin obyektlər barəsində kameral yoxlama həyata keçirildi. X1 (Hiss Club üzrə) dövlət büdcəsinə ümumilikdə 30.000 manat vergi borcu hesablandı. Vergi orqanı tərəfindən aparılmış əsassız yoxlamalar barəsində şikayətlər vermiş, nəticədə vergi öhdəliyi 5000 manata qədər azaldılmışdır. X10 adına olan Boss Club üzrə aparılan kameral yoxlama nəticəsində 12.500 manat məbləğində vergi borcu hesablanmışdır. Cavabdehin göstərişi ilə 2023-cü ilin sentyabr-oktyabr aylarından başlayaraq X4 adına olan Hiss Clubun fəaliyyəti sənəd üzrə dayandırıldı, buna baxmayaraq 2024-cü ilin oktyabr ayınadək fəaliyyət göstərməyə başladı. 2024-cü ilin oktyabrında isə yenidən obyektin fəaliyyəti bərpa edildi. 2024-cü ilin fevral ayında Boss Club cavabdehin göstərişi ilə Atmaca Ömərin adına keçirildi. Bu günə qədər də həmin obyekt fəaliyyət göstərir. Cavabdeh əsassız olaraq hər iki obyekt üzrə vergi borcunun iddiaçı tərəfindən ödənilməsini tələb etməyə başlamışdır. Halbuki həmin borc öhdəliyi vergi orqanı tərəfindən hesablanılmışdır. 2022-ci ilin noyabr ayından indiyədək cavabdeh ona 8000 manat ödəniş etmişdir, vergi və mühasibatlıq xidmətlərinə görə iki obyektə görə ona hər ay 150 manat xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. 2024-cü ildə ona xidmət haqqı ödənilməmişdir. Ödənilmiş 8000 manat məbləğdən xx.xx.2023-cü ildə Hiss Cluba görə dövlət büdcəsinə 1512 manat (mədaxil qəbzinin nörməsi **********), xx.xx.2023-cü ildə Hiss Cluba görə dövlət büdcəsinə 2835 manat (mədaxil qəbzinin nömrəsi **********), xx.xx.2023-cü ildə Hiss Cluba görə dövlət büdcəsinə 514 manat (mədaxil qəbzinin nömrəsi **********), xx.xx.2023-cü ildə Hiss Cluba görə dövlət büdcəsinə 212 manat (mədaxil qəbzinin nörməsi **********), xx.xx.2023-cü ildə Hiss Cluba görə dövlət büdcəsinə 152 manat (mədaxil qəbzinin nörməsi **********), xx.xx.2023-cü ildə Hiss Cluba görə dövlət büdcəsinə 47 manat (mədaxil qəbzinin nörməsi **********), xx.xx.2023-cü ildə Hiss Cluba görə dövlət büdcəsinə 255 manat (mədaxil qəbzinin nörməsi **********), xx.xx.2023-cü ildə Hiss Cluba görə dövlət büdcəsinə 76 manat (mədaxil qəbzinin nörməsi **********), xx.xx.2023-cü ildə Hiss Cluba görə dövlət büdcəsinə 961 manat (mədaxil qəbzinin nörməsi **********) ödəmişdir. Bu məbləğləri öz kart hesabından ödəmiş və bu barədə onun şəxsi email adresə elektron mədaxil qəbzi gəlmişdir. Ömər Atmacanın adına olan Boss Cluba görə 1416 manat dövlət büdcəsinə ödəniş etmişdir. Belə ki, Ömər Atmaca 1675 manatı onun kartına ödəniş edib, həmin puldan 150 manat aylıq xidmət haqqını çıxaraq qalan məbləği vergi borcu üçün ödəmişdir. Hesablama apardıqda verilən 8000 manatdan 6064 manat vergi ödəmiş, yerdə qalan 1936 manat xidmət haqqı kimi ödənilmişdir. Göründüyü kimi ounla cavabdeh arasında olan münasibətlər mülki xarakterli münasibətlər olmuşdur. İddiaçı ona vergi və mühasibatlıq xidmətləri göstərmişdir. Hər dəfə onu hədələyərək vergi borcunu bağlamağı tələb etmişdir. O da hər dəfə ona bildirmişdir ki, hesabatların verilməsi və dəqiqləşdirmələr ilə vergi borcunun azalmasına köməklik edəcək. Lakin cavabdeh isə ondan obyektlərin vergi borcunu öz hesabına ödəməyi tələb edir. Hətta bununla kifayətlənməyib Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə şikayət etmişdir. Hazırda cavabdehin ona 1800 manat xidmət haqqı borcu qalmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclaslarında iştirak edən cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, əvvəllər 2017-2023-cü illər ərzində həqiqətən də İddiaçı tərəfindən şifahi müqavilə əsasında ona mühasibatlıq xidmətləri göstərilib. Xidmət haqqı olaraq 150 manat deyil, 50 manat razılaşdırılmışdır. İddiaçının kartına hər ay 700-800-900 manat cıvarında pullar köçürüb, İlkin isə həmin pulları vergiyə ödəməli idi, ödəmədiyi üçün hazırda onun vergiyə xeyli borcları yaranıb, hətta ölkədən getmək hüququ da məhdudlaşdırılıb. Buna görə də o, İddiaçı barəsində Nəsimi Polis İdarəsinə şikayət edib, hazırda istintaq gedir. İddiaçı bir çox şəxslərin başına bu cür oyunlar açıb. İddiaçı 2024-cü ilə görə xidmət haqqını tələb edir, lakin 2024-cü ildə obyekt artıq onun olmayıb və iddiaçı ona hər-hansı xidmət göstərməyib, sonuncu əməkdaşlıq 2023-cü ildə olub və bütün xidmət haqları iddiaçıya ödənilib. 2024-cü ildə iddiaçı ilə olan danışıqlar, yazışmalar 2024-cü ildən əvvəlki dövrdə İlkinə ödənilən pulların nəyə görə vergiyə ödəmədiyi və ona yaratdığı problemlərlə bağlı olan danışıqlıqlardı. İddia əsassız olduğu üçün rədd olunmasını xahiş etmişdir.
III.Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. İddiaçı tərəfindən təqdim olunan xx.xx.2022-cü il tarixli mədaxil qəbzinə əsasən 991 manat, eyni tarixli qəbzə əsasən - 100 manat məbləğində, eyni tarixli qəbzə əsasən - 144 manat, eyni tarixli qəbzə əsasən - 65 manat məbləğlərində, xx.xx.2023-cü il tarixli mədaxil qəbzinə əsasən 2831 manat məbləğində Cavabdeh tərəfindən Dövlət Vergi Xidmətinə, DSMF-nın Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə ödənişlər edilmişdir.
7. Azəbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli ödənilmiş vəsait haqqında məlumatında X9 tərəfindən xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində heç bir vergi və sosial sığorta haqları ödənilmədiyi qeyd olunmuşdur.
8. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, X6, X11 və X13 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 16 ünvanında yerləşən ümumi sahəsi 583,2 kv.m olan qeyri-yaşayış sahəsini Atmaca Omerə icarəyə verilmişdir.
9. İddiaçı tərəfindən məhkəməyə X16 tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə edilməsi Baş İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli şikayət, Lokal Gəlirlər Baş İdarəsinə xx.xx.2024-cü il tarixli məktub; X10 adına yazılmış məzuniyyətlərin verilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə və s. müxtəlif şəxslərin ərizələri təqdim edilmişdir.
10. Məhkəmə işin hər tərəfli və obyektiv araşdırılması məqsədi ilə iddiaçı tərəfin vəsatətinə əsasən dəvət edilmiş şahidlərin ifadələri də alınmışdır.
11. X7 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, obyektdə işləməyə başlayanda, təxminən 2022-ci ilin iyul ayında obyektin onun adına keçirildiyi və obyekt adında fəaliyyət göstərməyə başladığını, sonradan 2023-cü ilin noyabr ayında obyekt onun adından çıxdığı və başqa iş yerinə keçdiyini, bu müddətdə telefonuna vergi borcunun olması ilə bağlı mesajlar gəldiyini, o, da mühasiblə danışıb bunu bildirdiyini, həmçinin mesajların şəklini göndərdiyini, bir neçə dəfə Vergi Xidmətinə də getdiyini, borca görə orda da görüşü olduğunu, həmişə də deyilirdi ki, sistemdə borc görünür, edilən ödənişlər sistemə gec düşür deyə gecikmələr yarandığını qeyd etmişdir.
12. X3 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci ilin axırı 2023-cü ilin əvvəli, dəqiq yadında olmadığını, lakin obyekt onun adında olduğunu, 2023-cü ildə adına borc yarandığını, hər dəfə İlkini yığıb bildirirdi ki, adına borc yığılıb, İlkin isə deyirdi ki, narahat olmasın, özü həll edəcək. İddiaçı tək onların deyil, çox adamı aldatdıb.
13. X24 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyul ayından sonra 2023-cü ilin noyabr ayına kimi Cavabdeh müəlimlə bir yerdə işləyib, sonra aralarında olan razılaşmaya əsasən Məzahir müəllim obyektdən ayrılıb, oranı tək işlətməyə başlayıb, 2024-cü ilin yanvar ayından müqavilə və bütün sənədləşmə onun özünün adına olub, obyekti özü işlətdiyini, İddiaçı onun özünə 30-40 min manata yaxın borcu var, 2024-cü ilin yanvar ayından Cavabdeh obyektə aidiyyəti olmayıb, 2023-cü ildən Cavabdehlə aralaşıblar. İddiaçı tanıdığı üçün ondan xahiş edib ki, 2024-cü ildən ona mühasibatlıq xidmətlərini göstərsin və hər ay xidmət haqqı kimi İddiaçı 100 manat ödəniş edib. 2024-cü ildən, yəni obyekti öz adına keçirdikdən sonra İlkinə ayda 1700 manat da, 1500 manat, bəzən 800 manat verib, İlkinə əlbəəl 12-13 min manat pul da verib, 1625 manat kartına köçürüb, qalan məbləği Qənimət Parkında yerləşən ofisində verib. 2024-cü ildən Quliyev Mazahir ilə onun arasında hər-hansı şəriklik olmayıb.
14. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi rədd edilməlidir.
15. Göründüyü kimi, hazırki mübahisə tərəflər arasında mühasibatlıq, vergi və digər hesabatların aparılmasına dair xidmətlərinin göstərilməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, ilk növbədə adı çəkilən xidmətlərin göstərilməsi haqqında müqavilə ilə yaranmış öhdəlik üzrə pulun tələb edilməsi ilə bağlı hüquqi əsas tapılmalıdır.
16. Məhkəmə hesab edir ki, mühasibatlıq xidmətlərinin göstərilməsi haqqında müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilə bilər. Ancaq qeyd edilməlidir ki, nə qeyd edilən xidmətlərin göstərilməsi haqqında müqavilə, nə də Xidmət müqaviləsi mülki qanunvericilikdə birbaşa mövcüd olmasa da, hazırkı halda Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
17. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, hazırki mübahisənin həlli zamanı Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarına uyğun araşdırılmalıdır.
18. Mülki Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər;
20. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
21. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
22. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
23. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında yazılı xidmət (tapşırıq) müqaviləsi olmasa da, hər iki tərəfin izahatına əsasən iddiaçı tərəfindən cavabdehə mühasibatlıq xidmətləri göstərilmiş və həmin xidmətlərin müqabilində cavabdeh tərəfindən xidmət haqqı ödənilmişdir. 2017-ci ildən 2023-cü ilin sonuna qədər xidmətlərin göstərilməsi və xidmət haqlarının tam ödənilməsi işin mübahisəsiz halıdır.
24. Hazırki iddia ərizəsi ilə iddiaçı iddia edir ki, cavabdehə 2024-cü ildə də xidmətlər göstərilib, lakin cavabdeh ona xidmət haqqını ödəməyib, ona görə də aylıq 150 manat olmaqla hesablanmış 1980 manat xidmət haqqı borcunun cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir.
25. Cavabdeh isə bildirir ki, mübahisə edilməyən dövr üzrə xidmət haqqı 150 manat deyil, 50 manat olub və xidmət haqqı idiaçıya ödənilib, 2024-cü ildə isə işlətdiyi obyekt belə artıq onun adına olmayıb və iddiaçı tərəfindən ona hər-hansı xidmət göstərilməyib. Əksinə əvvəlki, iddiaçı ilə əməkdaşlıq etdiyi illərdə, vergi ödənişlərin edilməsi üçün iddiaçının kartına köçürdüyü pulları belə iddiaçı vergiyə ödəməyib və iddiaçının bu cür əməlləri nəticəsində cavabdehin hazırda vergiyə çox həcmli borcları yaranıb və ölkədən getmək hüququ dəfələrlə məhdudlaşdırılıb. Məhz bu əməllərinə görə cavabdeh iddiaçı barəsində Nəsimi Rayon Məhkəməsinə şikayət edib, istintaq gedir.
26. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə müəyyən edilməli olan əsas məqam - iddiaçı tərəfindən cavabdehə 2024-cü il üçün mühasibat uçotunun aparılması, vergi və digər icbari hesabatların təqdim edilməsi üzrə xidmətlərinin göstərilib-göstərilməməsi təşkil edir.
27. İddiaçı tərəfindən təqdim edilən sənədlərdən və cavabdeh ilə aralarında olan səs yazılarından 2024-cü il üzrə cavabdeh tərəfindən iddiaçıya hər hansı xidmətin göstərilməsi üzrə tapşırığın verilməsi, cavabdehə hər-hansı xidmətin həqiqətən də göstərilməsi və həmin il üzrə xidmətə görə borcun yaranması halları müəyyən edilmir.
28. İşin hallarından və şahid ifadələrindən də göründüyü kimi iddiaçı tərəfindən 2024cü il üzrə cavabdehə hər hansı xidmət göstərilməyib və həmin ildə mühasibatlıq işləri aparılan obyekt belə cavabdehə məxsus olmamışdır.
29. Göründüyü kimi iddiaçının iddia ərizəsində bir sıra dəlillər irəli sürməsi, həmin faktlarının məhkəmədə sadəcə şifahi (heç bir sübut təqdim edilmədən) izahat ilə müdafiə etməsi, onun hazırkı mübahisə predmeti üzrə haqlı olması anlamına gəlməməlidir.
30. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
33. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfin irəli sürdüyü dəillər (iddiaçı tərəfindən cavabdehə 2024-cü il üzrə hər-hansı xidmətin göstərilməsi) məhkəmə araşdırllması zamanı sübuta yetirilmədiyindən iddia təmin edilə bilməz.
34. Məhkəmə xərclərinə dair məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 39,80 manat dövlət rüsumu ödənilmişdir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Məhkəmə hesab edir ki, iddia tələbi tam rədd olunduğu üçün işə baxılması ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçı tərəfin özünə aid edilməlidir.
V. Nəticə:
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdeh qarşı “1980 manat pul” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova