Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2092/2021 13.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə Cavabdehin iştirakı olmadan İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən vurulmuş ziyana görə 2745 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh QSC-nin sürücüsü Mais Xəlilov 30.07.2020-ci il tarixində Ağdaş rayonunun Kotanarx kəndi ərazisində idarə etdiyi cavabdehə məxsus **-JK-*** nömrəli avtomaşınla İddiaçı MMC-nin X1 məxsus iki rabitə dirəyini aşıraraq FO-12 və TPP 50x2 kabellərini qırmışdır. Nəticədə rabitə xəttinin bərpası üçün istifadə edilmiş mal-material sərfiyyatından İddiaçı MMC-yə 2745 manat məbləğində maddi zərər vurulmuşdur. Rabitə kabellərinin və dirəklərinin 30.07.2020-ci il tarixində cavabdehə məxsus avtomaşınla qırılması ilə əlaqədar Ağdaş TKQ-nın işçiləri ilə Cavabdeh QSC-nin sürücüsü Mayıs Xəlilovun imzası ilə 30.07.2020-ci il tarixində akt tərtib etmişlər. Cavabdehə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar 28.01.2021-ci il tarixli məktubla müraciət edilmiş, lakin cavabdeh tərəfindən bu günə kimi ziyan ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, məhkəməyə təqdim etdiyi qiyabi qətnamənin ləğvi ilə bağlı ərizədə Cavabdeh QSC-nin sürücüsü Mais Xəlilovun, 30.07.2020-ci il tarixində Ağdaş rayonunun Kotanarx kəndi ərazisində idarə etdiyi müəssisənin mülkiyyətində olan **-JK-*** nömrəli avtomaşınla İddiaçı MMC-nin Telekomunikasiya Qovşağına məxsus iki rabitə dirəyini aşırması və FO-12 və TPP 50x2 kabellərinin qırılması faktı ilə əlaqədar olaraq həmin tarixdə akt tərtib edilməsi, bundan sonra isə dəymiş zərər İddiaçı MMC-nin əməkdaşları tərəfindən hesablanaraq 500 manat miqdarında olduğu müəyyən edilərək həmin məbləğin tərəflərindən ödənildiyi, ödəniş ilə bağlı qəbzin yaxın vaxtlarda təqdim ediləcəyi bildirilmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - -Ağdaş T.K.Q-nın nümayəndələri, Kotanarx kənd EATS-ın montyorunun, icra nümayəndəsinin, kənd saxkinlərinin və qəza törətmiş sürücü olan X2 iştirakı ilə tərtib edilmiş rabitə xətt və avadanlıqlarına zərər vurulması barədə 30.07.2020-ci il tarixli aktdan görünür ki, 30.07.2020-ci il tarixində saat 18:30 radələrində Ağdaş rayonu, Kotanarx kəndi ərazisində istismarda olan FO 12 və TPP-50x2 tutumlu kabellər və 2 ədəd ağac dirək qırılmışdır. Qeyd olunan avadanlıqlar ”Kavkaz-L” QSC-yə məxsus ** JK *** dövlət 619 dövlət nömrə nişanlı avtomaşınla törədilmiş hadisə nəticəsində sıradan çıxmışdır. Nəticədə Kotanarx və Cazdam kəndləri istiqamətləri üzrə rabitə və digər xidmətlər tamamilə kəsilmişdir. Yuxarıda qeyd edilən şəxslər tərtib edilmiş aktı öz imzaları ilə təsdiq etmişlər. - Ağdaş rayonu Kotanarx kəndi ərazisində hava rabitə kabellərinin (FO-12 və TPP- 50x2x0,4) bərpası üçün tərtib edilmiş 18.09.2020-ci il tarixli lokal smetadan görünür ki, qeyd olunan kabellərinin bərpa edilməsi məqsədilə çəkilmiş xərclərin miqdarı ümumilikdə 2745.83 manat təşkil etmişdir. ĞVÜ seriyalı 015836 nömrəli malların təsərrüfatdaxili yerdəyişməsi barədə 07.08.2020-ci il tarixli qaimə-fakturanın surətindən görünür İddiaçı MMC tərəfindən Ağdaş TKQ-ya Ağdaş rayonu Kotanarx kəndi ərazisində hava rabitə kabellərinin bərpa edilməsi üçün vahidinin qiyməti 3.83 manat təşkil edən 200 ədəd ümumi dəyəri 465.456 manat olan TPP-50x2x0,4 troslu kabellər təhvil verilmişdir. ĞVÜ seriyalı 019361 nömrəli malların təsərrüfatdaxili yerdəyişməsi barədə 20.08.2020-ci il tarixli qaimə-fakturanın surətindən görünür İddiaçı MMC tərəfindən Ağdaş TKQ-ya Ağdaş rayonu Kotanarx kəndi ərazisində hava rabitə kabellərinin bərpa edilməsi üçün vahidinin qiyməti 69.40 manat təşkil edən 1 ədəd FO-12 kabel təhvil verilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə ünvanlanmış 28.01.2021-ci il tarixli 102-2-21- /1215-21 nömrəli pretenziya qaydasında məktubla 2745.83 manat məbləğində dəymiş zərərin ödənilməsi tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş 06.05.2021-ci il tarixli, 102-2-21/6314- 21 nömrəli dəymiş zərərin hesablanmasına dair məlumatdan görünür ki, 1 metrinin qiyməti 3.45 manat təşkil edən 690 manat dəyərində 200 m TPP 50x2 kabel, vahidinin qiyməti 6.9 manat təşkil edən 13.8 manat dəyərində 2 ədəd birləşdirici qolçaq TPP 50x2, 1 metrinin qiyməti 2.24 manat təşkil edən 694.4 manat dəyərində 310 metr FO-12 kabel, vahidinin qiyməti 67 manat təşkil edən 1 ədəd FO-12 kabeli üçün qolçaq, dəyəri 40 manat olan 1 ədəd USLK, olmaqla ümumilikdə 1505.2 manat dəyərində materiallardan istifadə olunmuş, nəzərə alınmayan digər materiallar 75.26 manat təşkil etmiş, əmək haqqı, maşın-mexanizmlə bağlı 474.14 manat, olmaqla, dəymiş maddi ziyanın məbləği cəmi 2054.46 manat məbləğində hesablanmışdır. Beləliklə işin hallarından məlum olur ki, tərəflər arasında cavabdeh tərəfindən iddiaçıya məxsus əmlakın yararsız vəziyyətə salınması və iddiaçıya maddi ziyan vurulması ilə bağlı öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, Cavabdeh QSC-yə məxsus olan nəqliyyat vasitəsi ilə İddiaçı MMC-nin iki rabitə dirəyini aşırmış və FO-12 və TPP 50x2 kabellərini qıraraq ona maddi ziyan yetirmişdir. Hazırda iddiaçı dəymiş ziyanın əvəzi olaraq 2745 manat məbləğində pulun ödənilməsini tələb edir. Məhkəmə Cavabdeh QSC-nin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi real zərər vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşır. Belə ki, zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi real zərərin vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmişdir. “Telekommunikasiya” haqqında Azərbaycan Respublikası Qanunun 1.0.1. maddəsinin tələbinə görə telekommunikasiya-elektrik və ya elektromaqnit rabitə vasitələri (kabel, optik və radio əlaqəsi və digər vasitələr) ilə hər hansı siqnalın, səsin və təsvirin məsafəyə ötürülməsi və qəbul edilməsidir. Həmin qanunun 35.1 maddəsinin tələbinə görə Azərbaycan Respublikasında telekommunikasiya şəbəkələri, vasitələri və qurğularının mühafizəsinə dövlət tərəfindən hüquqi təminat verilir. Telekommunikasiya şəbəkələrinə, vasitələri və qurğularına qanunvericiliklə müəyyən olunmuş mühafizə zonası və zolaqları ayrılır. Həmin qanunun 35.2 maddəsinin tələbinə görə layihə və tikinti ilə məşğul olan hüquqi və fiziki şəxslər binaların, tikililərin, şəbəkələrin, qurğuların tikintisi, təmiri, yenidən qurulması və bərpası zamanı tikinti sahələrində mövcud olan telekommunikasiya şəbəkələrini, vasitələrini və qurğularını mühafizə etməlidirlər. «Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə Qaydaları» nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 dekabr 2005-ci il tarixli 227 saylı qərarın 2.1.1-ci maddəsinin tələbinə görə yeraltı kabel və məftilli hava xətləri üçün yan naqillərə və kabellərə paralel olaraq hər iki tərəfə 2 metr məsafədə torpaq sahəsi mühafizə zonası müəyyən edilir. Həmin Qərarın 4.1.1 maddəsinin tələbinə görə telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə zonalarında aidiyyəti dövlət orqanlarının və telekommunikasiya operatorlarının razılığı və iştirakı olmadan işlərin görülməsi qadağandır. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra - MM) zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (386.1-ci maddə). MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılması olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. İlkin olaraq məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbində göstərdiyi məbləğlə dəymiş zərərin hesablanmasına dair təqdim etdiyi cədvəldə göstərilən məbləğ arasında ziddiyyət mövcuddur. Belə ki, iddia ərizəsində tələb edilən məbləğ 2745 manat olduğu halda, cədvəldə dəymiş zərərin məbləği 2054.46 manat olaraq göstərilmişdir. Bundan əlavə məhkəməyə təqdim edilmiş lokal smeta və dəymiş zərərin hesablanması barədə məlumatda yarasız vəziyyətdə olan cəmi 1505.2 manat dəyərində avadanlıqların əvəzləşdirilməsi qeyd edilsə də, yalnız ümumi dəyəri 765.46 manat təşkil edən Kabel TPP 50x2x0,4 troslu kabelin və ümumi dəyəri 69,40 manat təşkil edən FO-12 kabelinin təhvil verilməsi ilə bağlı 07.08.2020-ci il tarixli, ĞVÜ seriyalı 015836 nömrəli və 20.08.2020-ci il tarixli ĞVÜ seriyalı 019361 nömrəli qaimə fakturalar təqdim edilmişdir. Dəymiş zərərin hesablanmasına dair cədvəldə öz əksini tapan dəyəri 75.26 manat təşkil edən nəzərə alınmayan digər materiallar və əmək haqqı, maşın-mexanizmlər üçün çəkilmiş xərclər barədə isə məhkəməyə ümumiyyətlə təsdiqedici sənədlər təqdim etməmişdir. Bundan əlavə Cavabdeh QSC tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə dəymiş zərərin məbləğinin 500 manat olduğu və ödənildiyi qeyd edilsə də, bununla bağlı məhkəməyə hər hansı bir sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan 7 Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə hesab edir ki, cavabdehdən avadanlıqların yarasız vəziyyətdə olduğu və yenisi ilə əvəz edildiyi dövrdə boş dayanmaya (əldən çıxmış fayda) görə hesablanmış 87.60 manat məbləğində pul da tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, hava rabitə kabellərinin (FO- 12 və TPP-50x2x0,4) bərpası məqsədilə tərtib edilmiş lokal smetadan görünür ki, TKQ-nın məlumatına görə boş dayanma üçün 87.60 manat məbləğində pul hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Əldən çıxmış faydanın məbləği öhdəlik icra olunduğu təqdirdə kreditorun çəkməli olacağı ağlabatan xərclər nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən yalnız 834.86 manat məbləğində avadanalıqların əvəzləşdirilməsi ilə bağlı müvafiq sənədlər (qaimə fakturalar) təqdim olunduğundan, avadanlıqların əvəzləşdirilməsinə görə 834.86 manat və əldən çıxmış fayda olaraq 87.60 manat olmaqla , ümumilikdə cavabdehdən dəymiş ziyanın əvəzi olaraq 922.46 manat tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh QSC-dən dəymiş ziyana görə 922.46 manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 952.46 (doqquz yüz əlli iki manat qırx altı qəpik) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2092/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2092/2021
13.07.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver