Məhkəmə qərarları › İş №e-2-2(113)-2095/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2095/2021

07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2095/2021 07.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 08 iyun 2020-ci il tariхli, 2020/00121-01 №-li №-li Kredit Müqaviləsinin ləğv edilməsi, Cavabdeh kreditin əsas borcu üzrə 15 000 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 1 403.84 ABŞ dolları məbləğində faiz borcunun, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3 495 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 19 898.84 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal-1 küçəsi 4/ mənzil 57-yə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 86 000 AZN müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 15 000 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 1 403.84 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3 495 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 19 898.84 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 08 iyun 2020-ci il tariхli, 2020/00121-01 №-li Krеdit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədilə 36 ay müddətinə illik 24% hesablanmaq şərti 15 000 ABŞ dolları məbləğində krеdit vеrilmişdir. Krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal-1 küçəsi 4, mənzil 57-ni (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ: Reyestr № **********72-05101-093003, Qeydiyyat № **********, tarix 20.11.2017) ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə 08 iyun 2020-ci il tariхli, 2020/00121-01İP №-li İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi 10.06.2020-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ, Qeydiyyat № **********). İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri tərəflərin razılığına əsasən 86 000 AZN məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər aparılmamışdır. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlər ödənilməmişdir. Bunlara baxmayaraq İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Cavabdehə Poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Belə ki, 26 fevral 2021-ci il tarixinə kreditin əsas borcu üzrə 15 000 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 1 403.84 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3495 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 19 898.84 ABŞ dolları məbləğində borc yaranmışdır. İddiaçı tərəf ərizə göndərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək kredit borcunun olduğunu etiraf etmiş, vaxta ehtiyacının olduğunu, cərimə və faiz borcunun azaldılmasını xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında 08 iyun 2020-ci il tariхli, 2020/00121-01 №-li krеdit müqaviləsi bağlanmış və sonuncuya dövriyyə vəsaitinin artırılması məqsədilə 36 ay müddətinə illik 24% hesablanmaq şərti 15 000 ABŞ dolları məbləğində krеdit vеrilmişdir. Krеdit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal-1 küçəsi 4, mənzil 57 ipoteka predmeti kimi tərəflər arasında bağlanmış ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Qeyd olunan ipoteka predmetinin likvid dəyəri tərəflərin razılığına əsasən 86000 manat müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, qeyd olunan müqavilə üzrə cəmi 2 dəfə 28.09.2020ci il tarixdı 588,96 ABŞ dolları və 28.01.2021-ci il tarixdə 587,20 manat ödəniş edilmişdir. Məhkəmə iclasında Cavabdeh borcunu etiraf etmiş, ödəniş etməsi üçün vaxt lazım olduğunu bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, əsas borc üzrə 15 000 ABŞ dolları və ona hesablanmış 1403,84 ABŞ dolları məbləğində faiz borcunun tələb edilməsi hissəsində iddia əsaslıdır. Məhkəmə hesab edir ki, dəbbə borcunun tələb edilməsi hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin 15000 ABŞ dolları olduğu mübahisəli olmayan əsas borcuna münasibətdə iddiaçı 3495 ABŞ dolları cərimə hesablayıb tələb etmişdir və məhkəmənin qənaətinə görə həmin məbləğ əsas borca mütənasib deyildir və cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 500 ABŞ dolları həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmçinin qeyd olunan normaların tələbləri baxımından da, iddianın borcun tutulmasının ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair hissəsi də əsaslıdır. Məhkəmə hesab edir ki, iddianın müqavilənin ləğvi ilə hissəsi də əsaslı olmaqla həmin hissədə də, iddia təmin edilməlidir. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 421.2-ci maddəsi təşkil edir. Həmin maddəyə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi müqavilə tərəfinin müqaviləni əhəmiyyətli dərəcədə pozması müqavilənin ləğv edilməsi əsaslarına aiddir. Hazırkı işdə də qeyd olunan əsaslar mövcuddur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir. X2 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırki işin mübahisəsiz halıdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində göstərilən 15000 ABŞ dolları məbləğində pul cavabdehə verilmiş, cavabdeh isə müqavilədə müəyyən edilmiş müddətdə və məbləğdə pulu ödəməmişdir. Belə olan halda kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pul vəsaiti Cavabdehdan tutularaq İddiaçı BOKT ASCyə ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 08 iyun 2020-ci il tariхli, 2020/00121-01 №-li kredit müqaviləsi ləğv edilsin. Əsas borc üzrə 15000 (on beş min) ABŞ dolları, faiz borcu üzrə 1403.84 (bir min dörd yüz üç dollar, səksən dörd sent) ABŞ dolları, 500 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 16 903,84 (on altı min doqquz yüz üç dollar, səksən dörd sent) ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla manatla Cavabdeh tutularaq İddiaçı BOKT ASC-yə ödənilsin. 08 iyun 2020-ci il tariхli, 2020/00121-01 №-li №-li kredit müqaviləsi üzrə tutma Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal-1 küçəsi 4/ mənzil 57-yə yönəldilsin, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni- Yasamal-1 küçəsi 4, mənzil 57-nin hərracdan ilkin satış qiyməti 86 000 AZN (səksən altı min) manat məbləğində müəyyən edilərək açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait Cavabdeh İddiaçı BOKT ASC-yə olan 08 iyun 2020-ci il tariхli, 2020/00121-01 №-li kredit müqaviləsi üzrə borcunun ödənilməsinə yönəldilsin, əmlak satıldıqdan sonra 1 ay ərzində orada yaşayan şəxslər əşyaları ilə birlikdə çıxarılmaqla boşaldılsın. Dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar