Məhkəmə qərarları › İş №e-2-2(113)-2095/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2095/2025

09.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2095/2025 09.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızı, İddiaçı ASC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 364869-CNS-42877/1 saylı əlavə razılaşmaya əsasən xx.xx.2024cü il tarixə 4619,64 manat məbləğində əsas borc, 194,64 manat məbləğində faiz borcu cəmi 4814,28 manat məbləğində borcun və ödənilmiş 68,14 dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə sahibkar olan fiziki şəxs (VÖEN **********) Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 364869-CNS- 42877 saylı kredit müqaviləsinə əsasən cavabdehə dövriyyə vəsaitlərinin artırılması üçün illik 23 faiz hesablanması şərti ilə 24 ay müddətinə 10000 manat məbləğində kredit verilərək kart hesabına köçürülmüşdür. Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 364869-CNS-42877/1 saylı “xx.xx.2023-cü il tarixli, 364869-CNS- 42877 saylı kredit müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə 01 saylı Razılaşma”ya əsasən kredit müddəti xx.xx.2026-cı il tarixədək, faiz dərəcəsi 20, məbləği isə 4619,64 manat müəyyən edilmişdir. Lakin borclu üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024-cüil tarixdən icra etməmiş və nəticədə cavabdehin banka 4814,28 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək, pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir.

İİ. Məhkəmə baxışının hədləri:

3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 364869-CNS- 42877 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 10000 manat məbləğində illik 24 % olmaqla, 23 ay müddətinə kredit vermişdir. Kredit dövriyyə vəsailərinin artırılması (mal-material qiymətlilərin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) məqsədilə verilir.

5. Müqavilənin 1 saylı Əlavəsində kredit müqaviləsi üzrə ödəniş cədvəli öz əksini tapmışdır.

6. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 364869-CNS- 42877/1 saylı “xx.xx.2023-cü il tarixli, 364869-CNS-42877 saylı kredit müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə 01 saylı Razılaşma”ya əsasən kredit restrukturizasiya edilərək kredit müddəti xx.xx.2026-cı il tarixədək, faiz dərəcəsi 20, məbləği isə 4619,64 manat müəyyən edilmişdir.

7. Müqavilənin 1 saylı Əlavəsində kredit müqaviləsi üzrə ödəniş cədvəli öz əksini tapmışdır.

8. İddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 364869-CNS-42877/1 saylı nağd pul krediti müqaviləsi üzrə cavabdehin xx.xx.2024-cü il tarixə olan əsas borcu 4619,64 manat, faiz borcu 194,64 manat olmaqla, ümumilikdə borcu 4814,28 manat təşkil edir. Cavabdeh öz öhdəliyini xx.xx.2024-cü il tarixdən icra etmir.

9. İddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 364869-CNS-42877/1 saylı nağd pul krediti müqaviləsi üzrə cavabdehin xx.xx.2025-ci il tarixə olan əsas borcu 4414,28 manat, faiz borcu 0 manat olmaqla, ümumilikdə borcu 4414,28 manat təşkil edir. Cavabdeh öz öhdəliyini xx.xx.2024-cü il tarixdən icra etmir.

10. İddiaçı tərəfindən təqdim edilmiş Cavabdeh məxsus hesabdan çıxarışa görə xx.xx.2023-cü il tarixdə 10000 manat məbləğində pul cavabdehə məxsus hesaba köçürülmüşdür.

11. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

13. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 739.1-ci maddəsinə əsasən (əvvəlki redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

14. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

15. İddia ərizəsində 4619,64 manat məbləğində əsas borc, 194,64 manat məbləğində faiz borcu, cəmi 4814,28 manat məbləğində borcun tutulması xahiş edilsə də, iddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 364869-CNS-42877/1 saylı nağd pul krediti müqaviləsi üzrə cavabdehin xx.xx.2025-ci il tarixə olan əsas borcu 4414,28 manat, faiz borcu 0 manat olmaqla, ümumilikdə borcu 4414,28 manat təşkil edir.

16. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən xx.xx.2024-cü il tarixli, 364869-CNS-42877/1 saylı razılaşma üzrə 4414,28 manat məbləğində krеdit bоrcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 64,14 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş 4 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

IV. Nəticə:

19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 4414,28 manat əsas borc, 64,14 manat dövlət rüsumu, ümumilikdə 4478,42 (dörd min dörd yüz yetmiş səkkiz manat qırx iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 4 (dörd) manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar