Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(113)-21/2025 03.03.2026 BAKI KOMMERSIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı BOKT ASC-nin cavabdehlər cavabdeh2 İsmayıl oğlu və cavabdeh1 İsmayıl oğluna qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimənin ödənilməsi və ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, vərəsə, ipoteka, dəbbə pulu) Hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, cavabdeh cavabdeh2 İsmayıl oğlunun nümayəndə/vəkili Vəkil iştirakı ilə iddiaçı İddiaçı BOKT ASC-nin cavabdehlər cavabdeh2 İsmayıl oğlu və cavabdeh1 İsmayıl oğluna qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh1 İsmayıl oğlu və cavabdeh2 İsmayıl oğlundan kreditin əsas borcu üzrə 13 584.53 manat məbləğində qalıq, müqavilə müddəti bitənə kimi ona hesablanmış 5524,49 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 12440 manat məbləğində dəbbə pulu, müqavilə müddəti bitdikdən sonra Mərkəzi Bankın uçot dərəcəsi əsasında hesablanan 2053,72 manat məbləğində faiz borcu olmaqla cəmi 33 620,74 manat borcun və mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində pulun tutulması; tələbin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi ev 3A, mənzil 69 ünvanında yerləşən 71.44 kv.m sahəsi olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 60 000 manat müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 13 584.53 manat məbləğində qalıq, müqavilə müddəti bitənə kimi ona hesablanmış 5524,49 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 12440 manat məbləğində dəbbə pulu, müqavilə müddəti bitdikdən sonra Mərkəzi Bankın uçot dərəcəsi əsasında hesablanan 2053,72 manat məbləğində faiz borcu olmaqla cəmi 33620,74 manat məbləğində borcun və mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində pulun ona ödənilməsi; ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı BOKT ASC ilə Quliyev İsmayıl Rza oğlu arasında bağlanmış ## #### 2018-ci il tariхli, 2018/00275-01 (KTN) №-li Krеdit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 18 ay güzəşt müddəti olmaqla 36 ay müddətinə illik 7% hesablanmaq şərti ilə 20 000 manat məbləğində krеdit vеrilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Müqavilənin 1.4-cü bəndində qeyd edilir ki, bu müqavilənin 1.1-ci bəndində ayrılmış kredit məbləği borc alanın “heyvandarlıq” yönümlü investisiya layihəsinə əsasən balıqçılığın inkişafı məqsədi üçün nəzərdə tutulmuşdur. Krеdit müqaviləsi üzrə öhdəliklərin təminatı оlaraq cavabdeh Quliyev İsmayıl Rza oğlu mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi ev 3A, mənzil 69 ünvanında yerləşən 71.44 kv.m sahəsi olan fərdi yaşayış evini (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış: Reyestr № ************- 05101-093003, Qeydiyyat № **********, tarix ##.##.2011) ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə ## #### 2018-ci il tariхli, 2018/00275-**IP №-li ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi ##.##.2018-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, Qeydiyyat № **********). İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri tərəflərin razılığına əsasən 60 000 manat məbləğində müəyyən edilmişdir. ## #### 2018-ci il tariхli, 2018/00275-01 (KTN) №-li Krеdit Müqaviləsinin müddəti ## #### 2021-ci il tarixində başa çatmışdır. Odur ki, müqavilənin 3.2-ci bəndinə müvafiq olaraq, kreditin illik faiz dərəcəsi 7%-dən 36%-ə qaldırılmışdır. Quliyev İsmayıl Rza oğlu ##.##.2019-cu il tarixində vəfat etmişdir. Elektron Notariat İnformasiya Sistemindən çıxarışdan da göründüyü kimi, Bərdə regional “ASAN xidmət” mərkəzinin notariat ofisində Quliyev İsmayıl Rza oğlunun vərəsələri cavabdeh1 İsmayıl oğlu və cavabdeh2 İsmayıl oğlu barəsində vərəsəlik işi açılmış və onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hazırkı tələb üzrə predmet – kredit müqaviləsinin mahiyyəti kommersiya mübahisəsi olsa da cavabdehlər cavabdeh1 İsmayıl oğlu və cavabdeh2 İsmayıl oğlu fiziki şəxslərdir və onların VÖEN-i olmadığından “e-taxes.gov.az” portalında elektron kabinetinə pretenziya məktubunun göndərilməsi mümkün deyildir. Belə ki, ## #### 2018-ci il tariхli, 2018/00275-01 (KTN) №-li Krеdit Müqaviləsi üzrə borclu Quliyev İsmayıl Rza oğlu fərdi sahibkar olduğundan özünə məxsus VÖEN-i olmuş və Quliyev İsmayıl Rza oğlu vəfat etdiyindən hazırda həmin nömrə üzərindən elektron hərəkətlərin aparılması mümkün deyil, vərəsələri cavabdeh1 İsmayıl oğlu və cavabdeh2 İsmayıl oğlu isə vergi ödəyiciləri deyil və onlara “etaxes.gov.az” portalında elektron kabinetinə pretenziya məktubunun göndərilməsi mümkün deyildir. Bu səbəbdən onlara yalnız poçt vasitəsilə pretenziya məktubu göndərilmişdir. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKT ASC cavabdehlərə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişlər. Bu səbəbdən İddiaçı BOKT ASC tərəfindən cavabdehlərə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimələrdən də göründüyü kimi, cavabdehlər sözügedən məktubu qəbul etmişlər. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. İddiaçı iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279, 295, 317.1, 319.1, 385.1, 427.3, 442, 443.1, 445.2.1445.2.1, 448.1, 449-ci maddələrinə, “İpоtеkа Hаqqındа” Аzərbаycаn Rеspublikаsı Qаnunun 34.1.1, 39.1, 59.3-cü maddələrinə istinad edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 İsmayıl oğlunun nümayəndəsi izahatında bildirmişdir ki, iddianı qismən qəbul edir. Birinci ekspert rəyindəki 13583,26 manat əsas borcu qəbul edir. Həmin rəydə müqavilə müddəti bitənədək hesablandığı üçün 1064,40 manat faiz məbləğini də qəbul edir. Lakin iddia tələbini illik 5% hesablanma məbləği, dəbbə pulu, həmçinin əmlakın boşaldılaraq çıxarılma hissəsində qəbul etmir. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışında və ikinci ekspert rəyində faiz məbləği 36% hesablansa da tərəflər arasında bağlanmış kredit müqaviləsində faiz məbləğinin 36% hesablanması qeyd edilməmişdir. ##.##.2023-cü il tarixli birinci ekspert rəyində qeyd olunan əsas borc və müqavilə müddətinin sonunadək hesablanmış faiz borcunu qəbul edir. İddiaçı və digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə iddiaçı və digər cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı BOKT ASC ilə Quliyev İsmayıl Rza oğlu arasında imzalanmış ## #### 2018-ci il tariхli, 2018/00275-01 (KTN) №-li kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən borc verən bu müqavilənin 1.4-cü bəndində göstərilən məqsəd üçün borcalana 20 000 manat məbləğində krediti Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinin vəsaiti hesabına verir. 1.2-ci bəndinə əsasən bu müqavilənin imzalanmasından keçən 5 bank günü ərzində hazırkı müqavilənin 1.1-ci bəndində göstərilən məbləği borc alanın “xxxx” ASC-nin Şərq filialındakı hesabına daxil edilir. 1.3-cü bəndinə əsasən kredit 36 ay müddətinə 18 ay güzəşt müddəti olaraq verilir. 1.4cü bəndinə əsasən bu müqavilənin 1.1-ci bəndinə ayrılmış kredit məbləği borc alanın “heyvandarlıq” yönümlü investisiya layihəsinə əsasən Balıqçılığın inkişafı məqsədləri üçün nəzərdə tutulmuşdur. 1.5-ci bəndinə əsasən kreditdən istifadəyə görə faiz dərəcəsi, verilmiş məbləğin illik 7%-ni təşkil edir. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi 7.65% təşkil edir. 1.8-ci bəndinə əsasən əsas borc və hesablanmış faizlər, borc alan tərəfindən bu müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi olan * nömrəli kreditin ödəniş cədvəli əsasında ödənilir. 3.1-ci bəndinə əsasən borc alan ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə müqavilə məbləğinin 0,1% faizi həcmində dəbbə pulu ödəyir. Dəbbə pulu müqavilə üzrə kreditin verildiyi müddət ərzində, kredit üzrə nəzərdə tutulmuş ödəniş gününün sonrakı ilk günündən hesablanmağa başlanır. 4.1-ci bəndinə əsasən bu müqavilə ilə öhdəliklərin icrasına təminat olaraq kredit müqaviləsinin təminatı kimi çıxış edən mülkiyyət hüququ ilə tam Quliyev İsmayıl Rza oğluna məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsində istifadədə olan *A nömrəli, 5 mərtəbəli binada 71.44 kv.m ümumi, 50.04 kv.m yaşayış, 21.4 kv.m yardımçı sahədən ibarət 4 otaqlı ** nömrəli mənzil (çıxarış: Seriya MA N0206261, Dövlət Reyestrində *** nömrəli reyestr kitabının ***** nömrəli vərəqində qeydiyyata alınıb, reyestr nömrəsi 002011000092-05101-093003, qeydiyyat nömrəsi 1111040853, qeydiyyat tarixi ##.##.2011) ipoteka qoyulur. İpoteka predmetləri AR qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Qiymətləndirici tərəfindən cəmi 60 000 manat məbləğində qiymətləndirilmişdir. Kredit müqaviləsinə ** saylı Əlavədən (ödəniş qrafikindən) görünür ki, ## #### 2018-ci il tariхli, 2018/00275-01 (KTN) №-li kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 7% olmaqla güzəşt müddəti 18 ay olmaqla verilmiş kreditə görə Quliyev İsmayıl Rza oğlu ##.##.2018-ci il tarixdən ##.##.2020-ci il tarixinə qədər hər ay 116,67 manat, ##.##.2020-##.##.2021 dövr üzrə hər ay fərqli məbləğlərdə (1227,78; 1221,30; 1214,81 manat və s) ödəniş etməlidir. ## #### 2018-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı BOKT ASC tərəfindən Quliyev İsmayıl Rza oğlunun hesabına 20 000 manat köçürülmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2011-ci il tarixli, ******* nömrəli çıxarışa əsasən Quliyev İsmayıl Rza oğluna məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, ev 3a, mənzil 69 ünvanında yerləşən mənzil Quliyev İsmayıl Rza oğlunun xüsusi mülkiyyətindədir. İddiaçı BOKT ASC ilə Quliyev İsmayıl Rza oğlu arasında imzalanmış ##.##.2018-ci il tarixli ipoteka müqaviləsinin 2.2-ci bəndinə əsasən ipotekanın predmetini mülkiyyət hüququ ilə tam Quliyev İsmayıl Rza oğluna məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsində istifadədə olan *A nömrəli, 5 mərtəbəli binada 71.44 kv.m ümumi, 50.04 kv.m yaşayış, 21.4 kv.m yardımçı sahədən ibarət 4 otaqlı ** nömrəli mənzil (çıxarış: Seriya MA N0206261, Dövlət Reyestrində *** nömrəli reyestr kitabının ***** nömrəli vərəqində qeydiyyata alınıb, reyestr nömrəsi 002011000092-05101-093003, qeydiyyat nömrəsi 1111040853, qeydiyyat tarixi ##.##.2011) təşkil edir. 3.1-ci bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak müstəqil qiymətləndirici “FM Consulting” tərəfindən ##.##.2018-ci il tarixində likvid dəyəri 60 000 manat məbləğində qiymətləndirilmişdir. 9.1-ci bəndinə əsasən ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutma, ipoteka ilə təmin edilmiş öhdəliyi ipoteka qoyan yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2018-ci il tarixli, ******* nömrəli çıxarışa əsasən Quliyev İsmayıl Rza oğluna məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, ev 3a, mənzil 69 ünvanında yerləşən mənzil 36 müddətinə İddiaçı BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. “Elektron Notariat” AVİS-dən çıxarışa əsasən cavabdeh1 İsmayıl oğlu və cavabdeh2 İsmayıl oğlu Quliyev İsmayıl Rza oğlunun qanun üzrə vərəsələridir. Şəhadətnamə verilən miras əmlak: DTXK-nin Bərdə Rayon Şöbəsi tərəfindən ##.##.2003-cü il tarixdə Quliyev İsmayil Rza oğluna verilmiş seriya nömrəsi JN:279A, KOD: 61005058 olan şəhadətnaməyə əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsindən ibarətdir. ##.##.2023-cü il tarixli “Borc haqqında arayış” a əsasən kredit müqaviləsi üzrə qalıq borc kreditə görə 13584,53 manat, müqavilə müddəti bitənə kimi hesablanmış faiz borcu: 5542,49 manat, dəbbə: 12440,00 manat, müqavilə müddəti bitdikdən sonra Mərkəzi Bankın uçot dərəcəsi əsasında hesablanan faiz: 2053,72 manat olmaqla, cəmi 33620,74 manat təşkil edir. ##.##.2022-ci il tarixinə hesabdan çıxarışdan görünür ki, verilmiş kredit üzrə 6415,47 manat əsas, 2531,53 manat faiz borcu olmaqla, cəmi 8947,00 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ######## 2023-cü il tarixli, */**** nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən ##.##.2021ci il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) əsas borc üzrə 13.583,26 manat; faiz borcu üzrə 1.064,40 manat, ## #### 2021-ci il tarixdən ## #### 2023-cü il tarixədək olan dövrdə illik faiz dərəcəsi 5% ilə hesablanmaqla Quliyev İsmayıl Rza oğlunun İddiaçı BOKT ASC-yə olan borcu ##.##.2023-cü il tarixə əsas borc üzrə 13.583,26 manat; faiz borcu üzrə 2.222,75 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2024-cü il tarixli, */**** nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən Quliyev ismayıl Rza oğlunun Müqavilənin bitmə müddətinə, yəni ##.##.2021-cü il tarixə banka olan borcu əsas borc üzrə ---13587,67 manat faiz borcu üzrə ---15955,95 manat, müqavilə müddətindən sonra illk 5% hesablanmaqla ##.##.2023-cü il tarixə banka olan borcu əsas borc üzrə ---13587,67 manat, faiz borcu üzrə --- 15955,95 manat, 5%lə faiz borcu üzrə --- 1158,73 manat təşkil edir. “xxxx” MMC-nin ## ###### 2026-cı il tarixli, QCM/Y **-***/** nömrəli hesabatına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, ev 3A, mənzil 69 ünvanında yerləşən ümumi sahəsi 71,44 kv.m. olan mənzilin bazar dəyəri 132 935,0 manat yuvarlaq 133 000 (bir yüz otuz üç min) manat, likvid dəyəri (bazar – 10%) yuvarlaq şəkildə 119 700,0 (bir yüz on doqquz min yeddi yüz) manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ######## 2023-cü il tarixli, */**** nömrəli ekspert rəyinin “ekspertiza xərclərinə dair” bildiriş hissəsində aparılmış tədqiqatın dəyəri 145 manat, ## ###### 2024-cü il tarixli, */**** nömrəli ekspert rəyinə əsasən 100 manat təşkil edir. “xxxx” MMC-nin ## ###### 2026-cı il tarixli, QCM/Y **-***/** nömrəli hesabatına əsasən əmlakın qiymətləndirilməsi xərci 300 manat təşkil edir. ##.##.2023-cü il tarixli, **** nömrəli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən Bakı ** saylı Mediasiya Təşkilatına mediasiya xidməti üçün 205 manat ödənmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 317.1 maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 739-cu maddəsinin ##.##.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “İpoteka haqqında” Qanunun: 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” ## #### 2009-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. ...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il # #### tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq sübutlara məcmu şəkilində hüquqi qiymət verib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı BOKT ASC ilə Quliyev İsmayıl Rza oğlu arasında bağlanmış ## #### 2018-ci il tariхli, 2018/00275-01 (KTN) №-li krеdit müqаviləsinə əsasən iddiaç tərəfindən sonuncuya 36 ay müddətinə 20 000 manat məbləğində kredit verilmişdir. Öhdəliyin icrasının təmin edilməsi üçün tərəflər arasında imzalanmış ##.##.2018-ci il tarixli ipoteka müqaviləsi ilə Quliyev İsmayıl Rza oğluna məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsində istifadədə olan *A nömrəli, 5 mərtəbəli binada 71.44 kv.m ümumi, 50.04 kv.m yaşayış, 21.4 kv.m yardımçı sahədən ibarət 4 otaqlı ** nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Quliyev İsmayıl Rza oğlu ##.##.2019-cu il tarixində vəfat etmiş, Elektron Notariat İnformasiya Sistemindən çıxarışa əsasən cavabdeh1 İsmayıl oğlu və cavabdeh2 İsmayıl oğlu barəsində vərəsəlik işi açılmış və onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Kreditor, yəni iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və onun vərəsələri, yəni cavabdehlər kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmişlər, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit müqaviləsi əsasında borcu tələb etmək hüququ yaranmışdır. Həmçinin məhkəmə qeyd edir ki, borclu Quliyev İsmayıl Rza oğlunun ölümündən sonra mirası qəbul etmiş vərəsələri cavabdeh1 İsmayıl oğlu və cavabdeh2 İsmayıl oğlu onlara çatan miras payı həcmində atalarının kreditoru İddiaçı BOKT ASC qarşısında birgə məsuliyyət daşıyırlar. Lakin məhkəmə cavabdehlərdən tutulacaq əsas və faiz borcunun məbləği ilə bağlı qeyd edir ki, iddiaçı iddia tələbində 13584,53 manat məbləğində əsas, müqavilə müddəti bitənə kimi hesablanmış faiz borcu üzrə 5524,49 manatın tutulmasını tələb etsə də, keçirilmiş 1-ci məhkəmə ekspertizası nəticəsində ##.##.2021-ci il tarixədək əsas borc məbləği 13583,26 manat, faiz borcu 1064,40 manat müəyyən olunmuşdur. Həmin ekspert rəyi kifayət qədər əsaslı şəkildə əsaslandırılmış, edilən ödənişlərə silinmələr cədvəl üzrə aydın şəkildə göstərilmişdir. Məhkəmə ##.##.2024-cü il tarixli, */**** nömrəli ekspert rəyini ona görə mötəbər hesab etmir ki, ## #### 2018-ci il tariхli, 2018/00275-01 (KTN) №-li krеdit müqаviləsi üzrə kredit cavabdehə illik 7% ilə verilsə də, 2-ci ekspert rəyində ekspert tərəfindən borc 36% ilə hesablamışdır. Buna görə də 1-ci ekspert rəyini mötəbər sübut kimi qəbul edərək, cavabdehin nümayəndəsinin həmin rəydəki məbləğləri qəbul etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən tutulacaq əsas borcun məbləği 13583,26 manat, faiz borcu 1064,40 manat müəyyən olunmalıdır. Bundan başqa iddiaçı cavabdehlərdən kredit müqaviləsi üzrə 12440 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (3.1-ci bənd) iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 650 manat məbləğində müəyyən olunmalıdır. Həmçinin iddiaçı müqavilə müddəti bitdikdən sonra Mərkəzi Bankın uçot dərəcəsi əsasında hesablanan 2053,72 manat məbləğində faiz borcunun da ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində həmin məbləğin tələb etmə əsasını “Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsinin 449-cu mаddəsinin bəzi müddəаlаrının şərh оlunmаsınа dаir” Аzərbаycаn Rеspublikаsı Kоnstitusiyа Məhkəməsi Plеnumunun ## #### 2009-cu il tаriхli qərаrı ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan ## #### 2009-cu il tarixli Qərarının məzmunundan aydın olur ki, MM-in 449-cu maddəsinə əsasən faizlərin ödənilməsi yalnız “faydalanma”, yəni, gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəldiyi hallarda tətbiq olunmalıdır. İddiaçı isə borcun ödənilməsinin gecikdirilməsi nəticəsində cavabdehlərin maddi gəlir əldə etməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, yəni öz tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Bu səbəbdən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Bundan başqa, iddiaçı tutumanın ipoteka predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi ev 3A, mənzil 69 ünvanında yerləşən 71,44 kv.m sahəsi olan fərdi yaşayış sahəsinə yönəldilməsini, həmin əmlakın açıq hərracdan satılaraq borcun ödənilməsini tələb etmişdir. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, cavabdehlər kredit müqaviləsi üzrə vaxtaşırı ödənişləri ödəmədiklərindən iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsini və açıq hərracdan satılmasını tələb etməkdə haqlıdır. Məhkəmə qiymətləndirici rəyində aparılmış tədqiqat metodlarını və tərəflərin bazar dəyərini mübahisələndirmədiklərini nəzərə alaraq hesab edir ki, bazar dəyəri müəyyən olunarkən qiymətləndirici rəyi əsas götürülərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi ev 3A, mənzil 69 ünvanında yerləşən 71,44 kv.m sahəsi olan fərdi yaşayış sahəsinin bazar dəyəri 113000 manat müəyyən olunmalı, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçı İddiaçı BOKT ASC-nin borc tələbi ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia “ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması” hissəsində də rədd edilməlidir. Belə ki, ipotekaya qoyulmuş mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyətçinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmamışdır. Məhkəmə MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 90 manat cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 245 manat məbləğində pul vəsaitinin 110 manat məbləğində hissəsi cavabdehlərdən müştərək qaydada, 135 manat məbləğində hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə-qiymətləndirmə ekspertizasının keçirilməsinə xərclənmiş 300 manat məbləğində pul vəsaitinin 135 manatı müştərək qaydada cavabdehlərdən, 165 manatı isə iddiaçı İddiaçı BOKT ASC-dən tutularaq “xxxx” MMC-nin hesabına ödənməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdеhlər cavabdeh1 İsmayıl oğlu və cavabdeh2 İsmayıl oğlundan müştərək qaydada 13583,26 manat əsas bоrc, 1064,4 manat faiz bоrcu, 650 manat cərimə borcu olmaqla, ümumilikdə 15297 (on beş min iki yüz doxsan yeddi) manat 66 (altmış altı) qəpik məbləğində bоrc və ödənilmiş mediasiya xərci kimi 90 manatının əvəzi tutularaq iddiaçı İddiaçı BOKT ASC-nin xeyrinə ödənilsin. Tutma ipoteka predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi ev 3A, mənzil 69 ünvanında yerləşən 71,44 kv.m sahəsi olan fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış dəyəri 133000 manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçı İddiaçı BOKT ASC-nin borc tələbi ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə-qiymətləndirmə ekspertizasının keçirilməsinə xərclənmiş 300 (üç yüz) manat məbləğində pul vəsaiti 135 (yüz otuz beş) manatı müştərək qaydada cavabdеhlər cavabdeh2 İsmayıl oğlu və cavabdeh1 İsmayıl oğlundan, 165 (yüz altmış beş) manatı isə iddiaçı İddiaçı BOKT ASC-dən tutularaq “xxxx” MMC-nin (AZ06 Al IB400600C9446562905103 "xxxx" ASC, Yasamal filialı 200037 VÖEN: 990000361 1 S.W.İ.F.T.: AIIBAZ2X AZ37NABZ01350100000000001944) hesabına keçirilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 245 (iki yüz qırx beş) manat məbləğində pul vəsaiti 110 (yüz on) manatı müştərək qaydada cavabdеhlər cavabdeh2 İsmayıl oğlu və cavabdeh1 İsmayıl oğlundan, 135 (yüz altmış beş) manatı isə iddiaçı İddiaçı BOKT ASC-dən tutularaq tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X8, 210005, VÖEN 1401555071, Müxbir Hesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22, VÖEN 1700326621, hesab: AZ34CTRE00000000000002088501) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-21/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-21/2025
03.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver