Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2101/2023 23.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “icarə haqqı və dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi üzrə borcun ödənilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, X1, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Damask-777” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni nümayəndəsi (direktoru) Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “icarə haqqı və dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarə müqaviləsi üzrə ödənilməmiş 27.500 manat borcun, 11.576 manat məbləğində dəymiş zərərin, vəkil xidmətlərinə görə ödənilmiş 150 manat haqqın, qiymətləndirmələrin həyata keçirilməsi ilə bağlı 400 manat xərcin, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 100 manat xidmət haqqının, ödənilmiş 110 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60,1 kv.m təşkil edən qeyri-yaşayış sahəsi (obyekti) var və o, həmin qeyriyaşayış sahəsini icarəyə vermək istəyirdi. Cavabdeh direktoru Qanuni nümayəndə iddiaçıya həmin obyekti icarəyə götürmək istədiyini bildimişdir. Danışıq zamanı belə qərarlaşdırmışlar ki, obyekt cavabdehə 2500 manata icarəyə veriləcək və tərəflər arasında uzun müddətli notarial qaydada müqavilə bağlanacaqdır. Həmin ərazidə eyni ölçüdə olan obyektlərin ümumi icarə dəyəri 3500-4000 manat aralığındadır. Lakin notariusda cavabdeh iddiaçıya icarə haqqının formal olaraq 400 manat göstərilməklə müqavilə bağlanmasını xahiş etmiş və icarə haqqının qalan hissəsini isə nəğd şəkildə verəcəyini bildirmişdir. İddiaçının hüquqi savadsızlığından və sadəlövhlüyündən istifadə edən cavabdeh müqavilənin notariusda özünün diktə etdiyi formada bağlanmasına nail olmuşdur. Beləliklə, Cavabdeh (icarəçi) ilə İddiaçı (icarəyə verən) arasında 29 dekabr 2021-ci il tarixində notarial qaydada icarə müqaviləsi bağlanmış və xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60,1 kv.m təşkil edən qeyri-yaşayış sahəsi Cavabdeh MMC-nin istifadəsinə verilmişdir. Lakin, Cavabdeh tərəfindən müqavilənin şərtləri kobud şəkildə pozularaq, 2022-ci ilin noyabrın sonunadək icarə haqqı ödənilməmişdir. Bu hal isə İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilənin, həmçinin şifahi razılaşmanın şərtlərinin kobudcasına və əsassız olaraq, heç bir fors major hal baş vermədiyi halda cavabdeh tərəfindən pozulmasıdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3398/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsi ləğv edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minənədək iddiaçıya məxsus qeyd edilən obyekt cavabdehin istifadə olmuşdur.
3. İddia ərizəsində iddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 152.3,152.5, 157-ci və s. maddələri göstərilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən cavabdeh Damask-777” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni nümayəndəsi (direktoru) Qanuni nümayəndə iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 697.2. əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqqədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir. - 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 705-ci madəsinə əsasən əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.
8. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
9. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
10. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
11. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
12. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin 1-ci bəndinə əsasən icarəyə verən İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 60.1 kv.m olan qeyri-yaşayış sahəsini icarəçi Cavabdeh MMC-yə icarəyə verir. Müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilir.
13. Hazırda iddiaçı icarə müqaviləsində aylıq icarə haqqının 400 manat göstərilməsinə baxmayaraq 2.500 manat olduğunu, icarəçinin ümumiyyətlə icarə haqqı ödəmədiyini və icarəçi tərəfindən qeyri-yaşayış sahəsinə zərər vurulduğunu bildirir.
14. Cavabdeh tərəf isə icarə haqqından 4.000 manat pulu iddiaçının qohumuna nağd şəkildə verdiyini, obyektə hər hansı bir zərərin vurulmadığını, əksinə təmir işləri apardığını bildirir.
15. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından ilk növbədə iddianın icarə haqqı borcunun tələb edilməsi hissəsinə münasibət bildirilməlidir. Bunun üçün isə müəyyən edilməli olan ilk məqam icarə obyektinin hansı dövrdən nə vaxtadək icarəçinin istifadəsində olduğunu müəyyən etmək təşkil edir.
16. Bununla bağlı məhkəmə iclasında ilk növbədə iddiaçı tərəfindən qeyri-yaşayış sahəsinin nə zaman onların sərəncamına daxil olduğu soruşulmuş, iddiaçı tərəf də Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3398/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh MMC ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsi ləğv edilməsi barədə qətnamənin qanuni qüvvəyə minib icra edildikdən sonra yəni xx.xx.2022-ci il tarixdə icarə obyektini qəbul etdiklərini bildirdi.
17. Cavabdeh tərəf də, icarə obyektinin açarının 2022-ci ilin noyabr ayınadək onda olduğunu, noyabr ayında isə iddiaçı tərəfin obyektə daxil olduğunu bildirir.
18. Göründüyü kimi, cavabdeh tərəf də, iddiaçının obyektə noyabr ayında daxil olduğunu bildirirmiş ancaq gün olaraq dəqiq tarix verə bilmədiyindən, Məhkəmə iddiaçının ora 14 noyabr tarixində daxil olması barədə dəlilini əsaslı hesab edir.
19. Belə olan halda, Məhkəmə hesab edir ki, qeyri-yaşayış sahəsi xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixinədək cavabdehin istifadəsində olmuşdur.
20. Mübahisənin həlli baxımından digər müəyyən edilməli olan məqam, icarə haqqının nə qədər təşkil etməsi və ödənilməmiş icarə haqqının nə qədər olmasıdır.
21. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin 4-cü bəndindən görünür ki, aylıq icarə haqqı 400 manat təşkil edir.
22. İddiaçı tərəf aylıq icarə haqqının 2.500 manata razılaşdıqlarını, ancaq cavabdehin iddiaçının hüquqi savadsızlığından və sadəlövhlüyündən istifadə edərək notariusda özünün diktə etdiyi formada yəni aylıq 400 manat bağlanmasına nail olduğunu bildirir.
23. Cavabdeh tərəf isə aylıq icarə haqqının 400 manat razılaşdıqlarını və icarə haqqından 4000 manat pulu, iddiaçının Abbas adlı qohumuna ödədiyini bildirir.
24. Məhkəmə ilk növbədə iddiaçının aylıq icarə haqqının 2.500 manat məbləğində razılaşdıqları barədə dəlilini əsassız hesab edir. Belə ki, iddiaçı bunu hüquqi savadsızlıq və sadəlövlüklə əsaslandırsa da, nəzərə alınmalıdır ki, cavabdeh hüquqi şəxsin direktoru Suriyalıdır və bu da, iddiaçının dəlillərini inandırıcı etmir.
25. Həmçinin də, notariat orqanında müqavilə bağlanarkən, müqavilənin hər iki tərəfi sərbəst surətdə öz iradələrini ifadə etmişlər.
26. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə aylıq icarə haqqı 400 manat təşkil edir.
27. Məhkəmə həmçinin cavabdehin 4000 manat məbləğində pulun ödənilməsi barədə dəlilini də, əsassız hesab edir. Belə ki, cavabdeh tərəf qeyd edilmiş məbləğdə pulun ödənildiyini bildirsə də, bu barədə Məhkəməyə hər hansı bir sənəd təqdim edə bilməmişdir.
28. Ona görə də, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək icarə haqqı hesablanaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
29. Qeyd edilmiş tarixlərə nəzər yetirildikdə aydın olur ki, 10 ay 14 gün icarə obyekti icarəçinin istifadəsində olmuşdur. Belə olan halda, tutulmalı olan icarə haqqı 4.186,6 (10x400=4000 (10 aylıq), 400/30=13,33 (1 günlük), 13,33x14=186,6 (14 günlük), 4000+186,6=4186,6 (10 ay 14 günlük)) manat təşkil edir.
30. Beləliklə, 4.186,6 manat məbləğində icarə haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
31. Məhkəmə iddianın 11.576 manat dəymiş ziyanın tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
32. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
34. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2-ci maddə).
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.
36. Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.
37. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf iddianın qeyd edilmiş hissəsinin təsdiqi olaraq “Müstəqil eksper Talıblı Əhməd” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəyə istinad edir.
38. Cavabdeh tərəf obyektə hər hansı bir zərəri vurmadığını, əksinə qeyd edilmiş sahədə yaxşılaşdırma və təmir işlərinin aparıldığını bildirir.
39. Məhkəmə qeyd edir ki, qeyd edilən hissədə iddia əsassızdır.
40. Belə ki, yuxarıda işin müəyyənləşdirilmiş hallarından da, göründüyü kimi ticarət obyekti xx.xx.2022-ci il tarixdə iddiaçının sahibliyinə qaytarılmışdır, hazırda isə iddiaçının istinad etdiyi rəy xx.xx.2022-ci il tarixə aid olmaqla, ticarət obyektinə daxil olmadan, ancaq qapının çöl hissəsindən baxılmaqla verilmişdir. Həmçinin də, qeyd edilmiş rəydə sadalanmış zərərin həqiqətən də olub-olmamasını, və yaxud zərər olmuş olsa da belə onun məhz cavabdeh tərəfindən vurulub-vurulmadığını müəyyən etmək mümkün deyildir.
41. Beləliklə qeyd edilən hissədə iddia təmin edilə bilməz.
42. İddia dəymiş ziyanın tələb edilməsi hissəsində təmin edilmədiyindən iddiaçı tərəfindən əmlakın qiymətləndirilməsi ilə bağlı çəkilən xərcin, yəni 400 manat məbləğin tələb edilməsi hissəsində də təmin edilə bilməz.
43. İş materiallarında olan ilkin mediasiya sessiyasında sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xidmət haqqı olaraq 100 manat məbləğində pul Bakı 5 X2 ödənmişdir.
44. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı verilməlidir.
45. Məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq ödənilməli dövlət rüsumu mediasiya xərci ilə əvəz olunduğundan, iddia ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 110 manat məbləğində pul cavabdehdən tutula bilməz.
46. Məhkəmə hüquqi yardım göstərilməsinə görə xərcin əvəzi olaraq 150 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
47. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, vəkil xərcinin əvəzi olaraq 150 manat məbləğində pul ödənmişdir.
48. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə 150 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
49. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
50. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 29 dekabr 2021-ci il tarixli icarə müqaviləsi üzrə 4.186 (dörd min yüz səksən altı) manat 60 (altmış) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı verilsin. Hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 150 (yüz əlli) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı verilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov