Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2103/2025 10.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, prosessual maraq, müqavilənin birtərəfli ləğvi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 11 aprel 2022-ci il tarixli 343518-CNS-33902 saylı kredit müqaviləsi üzrə 350,39 manat əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 343518-CNS-33902 saylı kredit müqaviləsinə əsasən cavabdehə ilik 24 faiz hesablanması şərti ilə xx.xx.2025-ci il tarixədək, 36 ay müddətinə, 2000 manat məbləğində dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) üçün kredit verilmişdir. Lakin cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticəsində ümumilikdə 628,59 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə xəbərdarlıq edilmiş, lakin bundan sonra da kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Bundan başqa, cavabdeh ilə bağlanmış xx.xx.2022-ci il tarixli 343518- CNS-33902 saylı kredit müqaviləsinə əsasən müqavilə ilə müəyyənləşdirilən kreditin geri qaytarılması və ya faizlərin və ya digər ödənişlərin ödənilməsi üzrə öhdəliklər kredit alan tərəfindən vaxtında icra edilmədikdə, hər gecikdirilən təqvim üçün gecikdirilmiş məbləğdə 0,5% həcmdə cərimə hesablanır. İddia ərizəsi məhkəmənin icraatında olarkən edilmiş ödənişlər nəticəsində xx.xx.2025-ci il tarixə cavabdehin iddiaçıya olan borcu 350,39 manat təşkil edir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 443.1, 739.1-ci və s. maddələri göstərilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2103/2025 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza dair sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
6. İddiaçının nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixdə ərizələr ünvanlayaraq, məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə bildirişləri cavabdehin yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana çatdırılmaqla, sonuncunun mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Kredit müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (Bank qismində) ilə cavabdeh (Kredit alan qismində) arasında bağlanmış 11 aprel 2022-ci il tarixli 343518-CNS-33902 saylı kredit müqaviləsinin şərtlərindən görünür ki, müqaviləyə əsasən Bank Kredit alana bu Müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə Kredit verməyi, Kredit alan isə Krediti qəbul etməyi, Kreditdən təyinatı üzrə istifadə etməyi və geri qaytarmağı, faizləri/komissiyaları, o cümlədən əlavə faizləri bu Müqavilə ilə nəzərdə tutulan müddətdə və şərtlər əsasında ödəməyi öhdəsinə götürür. Kredit alan Kreditdən yalnız Dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması təyinatı üzrə istifadə etməlidir (1.1). Kreditin məbləği və valyutası: 2000.00 (iki min manat 00 qəpik) AZN (2.1); Müqavilədə nəzərdə tutulmuş şərtlərin Kredit alan tərəfindən yerinə yetirilməsindən sonra Kreditin təqdim edilməsi Bank tərəfindən Kredit alanın adına açılan cari hesaba köçürülməsi yolu ilə həyala keçirilir. Kreditin təqdim olunma tarixi (günü) Kreditin Cari hesaba köçürüldüyü tarix (gün) hesab edilir. Kreditin uçotu Kredit alanın müvafiq kredit hesabında aparılır (2.2). Kreditin müddəti: Kredit alan krediti tam məbləğdə 11 aprel 2025-ci il tarixində və ya Müqavilədə nəzərdə tutulmuş hallarda vaxtından əvvəl ödəməlidir (2.3); Faiz dərəcəsi: kreditdən istifadəyə görə faizlər Bank tərəfindən illik 24% (iyirmi dörd) olmaqla və bu Müqavilənin 4.9-cu bəndinə əsasən faiz dərəcəsinin avtomatik artırılması və ya azaldılmasının mümkünlüyünü nəzərə almaqla hesablanır (2.4). X2 Dərəcəsi (“FİFD”) maliyyə bazarları tənzimləyicisi tərəfindən müəyyən ounmuş hesablama metodologiyası əsasında müəyyən olunur və Müqavilənin tərkib hissəsi olan “Ödəniş cədvəli”ndə (Əlavə 1) göstərilmişdir (2.4.1). Kreditin qaytarılması və faizlərin ödənilməsi: hər ay, "Ödəniş cədvəli”nə uyğun olaraq (Əlavə 1) (2.5). Annuitet ödənişlər – Müqavilə üzrə öhdəliklərin icrasına yönəldilən müntəzəm bərabər aylıq ödənişlərdir, yəni Kredit alan tərəfindən öhdəliklərin yerinə yetirilməsi şərti ilə Müqavilənin müddətinin sonunda borcun tam ödənilməsinə hesablanan Kreditin geri qaytarılması və Faizlərin ödənilməsidir (2.5.1). Kreditin qaytarılması xx.xx.2022-ci il tarixindən başlanır (2.5.2).
12. Məhkəməyə təqdim edilən 11 aprel 2022-ci il tarixli 343518-CNS-33902 saylı kredit müqaviləsinə 01 nömrəli əlavə olan ödəniş cədvəlindən görünür ki, ilki ödəniş tarixi xx.xx.2022-ci il, sonuncu ödəniş tarixi xx.xx.2025-ci il olmaqla hər ay 78,52 manat (sonuncu ay 76,99 manat) ödəniş edilməsi və ümumilikdə 2000 manat əsas borc, 825,19 manat faiz borcunun qaytarılması razılaşdırılmışdır.
13. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışın əsasən, 11 aprel 2022-ci il tarixli 343518-CNS-33902 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borc 621,37 manat, faiz borcu 6,7 manat, cərimə məbləği 0,52 manat təşkil edir.
14. İş materiallarına əlavə edilən xx.xx.2025-ci il tarixli maliyyə arayışın əsasən, 11 aprel 2022-ci il tarixli 343518-CNS-33902 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə əsas borc 350,39 manat, faiz borcu 0 manat, cərimə məbləği 0 manat təşkil edir.
15. Məhkəməyə təqdim edilən cavabdehin AZ70VTBA**********518AZN001 nömrəli bank hesabından xx.xx.2022 – xx.xx.2025-ci il tarixləri üzrə çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə 11 aprel 2022-ci il tarixli 343518-CNS-33902 saylı kredit müqaviləsi üzrə 2000 manat məbləğində pul 30 manat komissiya haqqı çıxılmaqla hesaba köçürülmüşdür.
16. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 11 aprel 2022-ci il tarixli 343518-CNS-33902 saylı kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranış, iddiaçı 2000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən şərtlərlə cavabdehə verməyi, cavabdeh isə aldığı pul vəsaitini hissə-hissə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Borcalan kredit məbləğini təşkil edən 2000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.
17. İddiaçı 11 aprel 2022-ci il tarixli 343518-CNS-33902 saylı kredit müqaviləsi üzrə 350,39 manat borcun tutulmasını tələb edir.
18. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
19. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
21. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
22. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
23. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsini zəruri sayır. Məhkəmə həmçinin göstərir ki, borc müqaviləsi və kredit müqaviləsi üzrə münasibətləri tənzimləyən Mülki Məcəllənin müvafiq normaları yeni redaksiyada verildiyindən aşağıda həmin Məcəllənin kredit müqaviləsi bağlanan və müqavilə üzrə öhdəliklər icra edilən zaman qüvvədə olan redaksiyasına istinad edilir.
24. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən (müqavilə bağlanarkən qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
25. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
26. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
28. X1 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
29. Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
30. İş materiallarından görünür ki, iddiaçı 10 dekabr 2024-cü il tarixli 4988P nömrəli pretenziya məktubu ilə cavabdehə müraciət edərək bütün əsas borcu, xx.xx.2024-cü il tarixə faiz borcunu tələb etmiş, həmin məktub xx.xx.2024-cü il tarixdə sonuncuya poçt rabitəsi vasitəsi ilə çatdırılmışdır.
31. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.
32. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda.
33. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).
34. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri üçün həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Belə olan halda, iddiaçının xx.xx.2024-cü il tarixdə cavabdehə pretenziya məktubu yollayaraq bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və həmin məktubun çatdırıldığı xx.xx.2024-cü il tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. Bu səbəbdən iddiaçı xx.xx.2024-cü il tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər.
35. Lakin iddiaçı hazırkı iddia ilə əsas borcu və ancaq xx.xx.2024-cü il tarixə olan faiz borcunu tələb etmişdir.
36. Məhkəməyə təqdim edilən xx.xx.2022 – xx.xx.2025-ci il tarixlərini əhatə edən hesabdan çıxarışdan görünür ki, iddia ərizəsi məhkəməyə verildikdən sonra 11 aprel 2022-ci il tarixli 343518-CNS-33902 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixdə 170,98 manat əsas borc, 7,22 manat faiz borcu, xx.xx.2025-ci il tarixdə 100 manat əsas borca silinmə aparılmışdır.
37. İddiaçının təqdim etdiyi maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə əsas borc 350,39 manat qalmışdır.
38. Məhkəmə tərəfindən hesabdan çıxarış məlumatları kredit razılaşması üzrə ödəniş qrafikinin məlumatları və izahlı maliyyə arayışı ilə müqayisəli şəkildə təhlil edildikdə aydın olur ki, 11 aprel 2022-ci il tarixli 343518-CNS-33902 saylı kredit müqaviləsi üzrə əsas borc 350,39 manat, iddiaçının tələb etdiyi tarixə gecikdirilmiş faiz borcu isə 0 manat təşkil edir.
39. Belə olan halda məhkəmə hesab edir ki, 11 aprel 2022-ci il tarixli 343518-CNS- 33902 saylı kredit müqaviləsi üzrə borc məbləği maliyyə arayışına əsaslanmaqla və edilən ödənişlər çıxılmaqla 350,39 manat əsas borc kimi müəyyən edilməlidir.
40. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, iddia təmin edilməli, 11 aprel 2022-ci il tarixli 343518-CNS-33902 saylı kredit müqaviləsi üzrə 350,39 manat əsas borc Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
41. İddiaçı eləcə də 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
42. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli qəbzlə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir.
43. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
44. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Yuxarıda göstərilənlərə əsasən və iddianın qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
V. Nəticə:
46. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 343518-CNS-33902 saylı kredit müqaviləsinə əsasən 350,39 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova