Məhkəmə qərarları › İş №e-2-2(113)-2108/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2108/2022

13.04.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2108/2022 13.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsi Hakim Həsənova Ülkər Təhmasib qızı, İddiaçı MMC-nin cavabdehlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu və Cavabdeh2 MMC-yə qarşı “tender nəticələrinin ləğv olunması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu və Cavabdeh2 MMC-yə qarşı “tender nəticələrinin ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən “laboratoriya avadanlığının” satın alınması məqsədi ilə 22.11.2019-cu il tarixində keçirilən və qalibi Cavabdeh2 MMC seçilən açıq tenderin nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Məhkəməyə yazılı etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı tərəfindən irəli sürülən iddiaya dair artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri (Bakı Kommersiya Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin), habelə Ali Məhkəmənin müvafiq qərarı vardır. Bu səbəbdən iddia ərizəsinin iddianın yolverilməzliyinə görə geri qaytarılmasını xahiş edir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Belə ki, materiallarda olan Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2148/2020 saylı, 18.11.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı MMC-nin cavabdehlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi- Tədqiqat İnstitutu və Cavabdeh2 MMC-yə qarşı “tender nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-359/2021 saylı, 14.04.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2148/2020 saylı, 18.11.2020-ci il tarixli qətnaməsi ləğv edilərək iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 285/2021 saylı, 11 avqust 2021-ci il tarixli Qərarı ilə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-359/2021 saylı, 14.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdehlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu və Cavabdeh2 MMC-yə qarşı “tender nəticələrinin ləğv olunması” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar