Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2109/2022 04.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “müqavilənin ləğvi, borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlakın boşaldılması və mənzildən çıxarılma” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tariхli, 2020/00247-01 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən 13162,14 ABŞ dolları məbləğində əsas borc, 2264,37 ABŞ dolları faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3530,60 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 18957,11 ABŞ dolları məbləğində borc və 200 manat mediasiya xərcinin tutulması, tutmanın Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 73 saylı mənzilə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 65000 manat müəyyən olunmaqla açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına cəmi 18957,11 ABŞ dolları məbləğində borc və 200 manat mediasiya xərcinin İddiaçı BOKT ASC-yə ödənilməsi və ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək, sübutları qiymətləndirərək hesab edir ki, iş üzrə icraata ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması hissəsində iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3, 59.3.1 və 59.3.2-ci maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. xx.xx.2018-ci il tarixdə isə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.4-cü maddəsinə dəyişiklik edilmişdir. Həmin maddənin yeni redaksiyasında göstərilmişdir ki, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, qanunverici ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka qoyulmuş yaşayış sahəsindən çıxarılmasının yeni qaydasını müəyyən etmişdir. Həmin qaydaya görə bunun həyata keçirilməsi üçün ayrıca iddianın qaldırılması və məhkəmə tərəfindən qərarın qəbul edilməsi tələb olunmur. Belə ki, qanunun imperativ göstərişinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqdan sonra ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Bu baxımdan məhkəmə hesab edir ki, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka qoyulmuş yaşayış sahəsindən çıxarılması ilə bağlı ayrıca iddianın irəli sürülməsi və məhkəmə tərəfindən baxılması üçün əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Beləliklə, iddiaçı tərəfindən irəli sürülmüş ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması barədə tələblərə ayrıca məhkəmə icraatında baxılmadığını nəzərə alaraq və qeyd olunan prosessual hüquq normasını rəhbər tutaraq məhkəmə hesab edir ki, həmin tələblərə aid hissədə iş üzrə icraata xitam verilməli, həmçinin iddiaçıya izah olunmalıdır ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 (on) təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır; 262.5-ci mаddəsinə əsаsən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “müqavilənin ləğvi, borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlakın boşaldılması və mənzildən çıxarılma” tələbinə dair iş üzrə icraata ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması hissəsində xitam verilsin. İddiaçıya izah olunsun ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 (on) təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2109/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2109/2022
04.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver