Məhkəmə qərarları › İş №e-2-2(113)-211/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-211/2022

14.02.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-211/2022 14.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “gül köşkünün ərazidən çıxarılması və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov 24 ünvanında (“28 May” metro stansiyasının yaxınlığı) qanunsuz quraşdırılmış gül köşkünun cavabdehin hesabına götürülərək həmin ərazidən çıxarılması, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov 24 ünvanında (“28 May” metro stansiyasının yaxınlığı) gül köşkü quraşdırılmışdır. Cavabdeh MMC həmin gül köşkünün fəaliyyətinə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 18.01.2018-ci il tarixli, 23 nömrəli sərəncamı ilə icazə verildiyini qeyd etmişdir. Nəzərinizə çatdırırıq ki, Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov 24 ünvanında yerləşən ərazi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (ADY) balansındadır. Lakin tərəflərindən aparılmış monitorinq zamanı sözügedən gül köşkünün istifadəsi üçün "xxxx" MMC tərəfindən ADY ilə müqavilənin olmadığı və ərazidən qanunsuz istifadə etməklə səyyar ticarət xidmətinin göstərilməsi aşkar olunmuşdur. Bununla bağlı 22.02.2021-ci il tarixli, DƏ/X 02-014 nömrəli məktubla qanunsuz quraşdırılmış gül köşkünün ərazidən çıxarılması üçün Cavabdeh MMC-yə xəbərdarlıq edilmiş, ona həmin ərazidən istifadə edilməsinin qanunvericiliklə qadağan olunması izah edilmişdir. Buna baxmayaraq həmin qanunsuz quraşdırılmış gül köşkü cavabdeh tərəfindən könüllü şəkildə ərazidən çıxarılmamışdır. Cavabdeh MMC-yə məxsus gül köşkünün “28 May” metro stansiyası yaxınlığında qoyulması, həmin ərazidə ADY ilə müvafiq müqavilə bağlanmadan fəaliyyət göstərilməsi qanunsuzdur və nəticədə ADY-nin hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ******* saylı çıxarışdan görünür ki, ünvan 2 ünvanında olan 2,06297 hektar torpaq sahəsi və 40953,7 kv.m tikili 12.12.2018-ci il tarixdə "xxxx" QSC-nin istifadəsinə verilmiş və bu barədə plan-sxemlər iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin Başçısına ünvanlanmış 15.01.2018-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Yasamal rayonu, H.Cavid prospekti, Elmlər Akademiyası metro stansiyasının qarşısında, Nərimanov rayonu, Xətai prospekti 172 A ünvanında və ünvan 6n quraşdırılması barədə sərəncam verilməsininə köməklik göstərilməsi xahiş edilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının 18.01.2018-ci il tarixli Sərəncamın surətindən görünür ki, Cavabdeh MMC-nin 15.01.2018-ci il tarixli 02 saylı müraciətini və Memarlıq və Şəhərsalma Baş İdarəsinin 12.01.2018-ci il tarixli 18/03-8/83 saylı razılıq məktubunu nəzərə alaraq, Yasamal rayonu, H.Cavid prospekti, Elmlər Akademiyası metro stansiyasının yaxınlığında, Nərimanov rayonu, Xətai prospekti 172 A ünvanında və Nəsimi rayonu, 28 may metro stansiyasının yaxınlığında gül köşklərinin quraşdırılmasına həmin Cəmiyyətə icazə verilmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə müəyyən edilməli olan ilk məqam Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov 24 ünvanında (“28 May” metro stansiyasının yaxınlığı) quraşdırılmış gül köşkünun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin istifadəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsidir. Qeyd edilən halın arasdırılması məqsədi ilə Məhkəmə tərəfindən mühəndis-tikintitexniki ekspertizası təyin edilmişdir. İş materiallarında olan 18 noyabr 2021-ci il tarixli Ekspert rəyindən görünür ki, Cavabdeh MMC tərəfindən istifadə edilən, Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov 24 ünvanında (“28 May” metro stansiyasının yaxınlığı) yerləşən gül köşkü "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin istifadəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşir. Göründüyü kimi işin müəyyən edilmiş hallarından biri Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov 24 ünvanında (“28 May” metro stansiyasının yaxınlığı) yerləşən gül köşkü "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin istifadəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşməsidir. Məhkəmə qeyd edir ki, işin müəyyən edilməli olan digər halı Bakı şəhər İcra Hakimiyyəti Başçısının 18.01.2018-ci il tarixli Sərəncamın məhz cavabdeh tərəfindən Nəsimi rayonu, Fikrət Əmirov 24 ünvanında (“28 May” metro stansiyasının yaxınlığı) yerləşən gül köşkünün quraşdırılması ilə bağlı olub-olmamasıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, işdə olan Cavabdeh MMC-nin direktoru tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin Başçısına ünvanlanmış 15.01.2018-ci il tarixli məktubundan da göründüyü kimi, cavabdeh tərəfindən Nəsimi rayonu, Puşkin küçəsi, 28 may metro stansiyasının qarşısında gül köşkünün quraşdırılmasına dair müraciət olunmuşdur. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 18.01.2018-ci il tarixli Sərəncamında isə konkret olaraq gül köşkünün hansı ünvanda quraşdırılmasına icazə verilməsi göstərilməmiş, sadəcə olaraq ünvan mücərrəd olaraq “28 May” metro stansiyasının yaxınlığı qeyd edilmişdir. Yəni, cavabdeh tərəfindən Nəsimi rayonu, Fikrət Əmirov 24 ünvanında quraşdırılmış gül köşkünün məhz Bakı şəhər İcra Hakimiyyəti Başçısının 18.01.2018-ci il tarixli Sərəncamı əsasında quraşdırılması sübuta yetirilmir. Belə ki, Bakı şəhər İcra Hakimiyyətinə sorğu ilə verilmiş sərəncama dair aid olan plan-sxemlər istənilsə də, qeyd edilən sənəd sorğuya cavaba əlavə edilməmişdir. Bundan başqa iş materiallarında olan 21.04.2020-ci il tarixli Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ünvanlanmış məktubundan görünür ki, Bakı şəhər Ticarət və Xidmət Departamentinin balansında olan köşklərin qeyd edilən ünvandan çıxarıldığını və sözügedən ticarət köşkü ilə əlaqədar olaraq Cavabdeh MMC-yə müraciət olunması xahiş olunmuşdur. Beləliklə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən Nəsimi rayonu, Fikrət Əmirov 24 ünvanında quraşdırılmış gül köşkünün məhz Bakı şəhər İcra Hakimiyyəti Başçısının 18.01.2018-ci il tarixli Sərəncamı əsasında quraşdırılması sübuta yetirilmir. Həmçinin qeyd edilməlidir ki, Cavabdeh MMC "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin istifadəsində olan torpaq sahəsində gül köşkü quraşdırsa da, sonuncu ilə hər hansı bir müqavilə də bağlamamışdır. Məhkəmə ilk öncə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Hazırki işdə isə iddianın qanuni əsasını Mülki Məcəllənin 157.4-cü maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddənin məzmunundan da görünür ki, neqator iddianın təmin edilməsi üçün bir neçə şərt mövcud olmalıdır:

1. Mübahisəli əmlak mülkiyyətçinin (iddiaçının) sahibliyində olmalı;

2. Cavabdeh həmin əmlakdan istifadə, sahiblik və ya onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə maneə olan hərəkətlər etməli;

3. Həmin hərəkətlər hüquqazidd olmalıdır. Hazırkı işdə də hər üç şərt mövcuddur. Belə ki, cavabdeh tərəfindən Nəsimi rayonu, Fikrət Əmirov 24 ünvanında quraşdırılmış gül köşkü iddianın qanuni sahibliyində olan torpaq sahəsində quraşdırılmış və cavabdeh də həmin gül köşkünün quraşdırılmasına dair hər hansı bir hüquq müəyyənedici sənəd təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Torpaq Məcəlləsinin 111-ci maddəsinin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 6 aprel 2000-ci il tarixli 363 saylı Sərəncamı ilə təsdiq olunmuş “Bakı şəhərində səyyar (mövsümi) ticarət və xidmətlərin aparılması Qaydaları”na əsasən səyyar (mövsümi) ticarət və xidmət fəaliyyəti, Bakı Şəhər İcra Hakimiyyətinin verdiyi müvafiq icazə əsasında aparılır və həmin Qaydaların 3.16-cı bəndinə əsasənhüquqi və fiziki şəxslər müvafiq icazəni aldıqdan sonra, fəaliyyətin həyata keçirildiyi ərazinin aidiyyəti orqanları ilə ayrılmış yerdən istifadəyə görə ayrıca müqavilə bağlamalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 20-ci hissəsinə əsasən səyyar (mövsümi) ticarət və xidmət küçələrin, səkilərin hərəkət hissəsində, dövlət müəssisələrində bitişik ərazilərdə həyata keçirilə bilməz və müəyyən edilmiş sahələrdən kənarda səyyar (mövsümi) ticarət və xidmət fəaliyyəti qadağandır. Məhkəmə hesab edir ki, cavabdeh Nəsimi rayonu, Fikrət Əmirov 24 ünvanında quraşdırmış gül köşkünə dair hər hansı bir hüquq müəyyənedici sənəd (və ya yaxud müqavilə) təqdim edə bilmədiyindən iddia əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında (28 may metro stansiyasının yaxınlığı) quraşdırılmış gül köşkü "xxxx" MMC-nin hesabına götürülərək ərazidən çıxarılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul "xxxx" MMCdən tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər.

Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar