Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2118/2023 26.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, Abşeron rayon Mərkəzi Xəstəxanası PHŞ-in "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair ilkin, "xxxx" ASC-nin Abşeron rayon Mərkəzi Xəstəxanası PHŞ-yə qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İlkin iddiaçı Abşeron rayon Mərkəzi Xəstəxanası PHŞ ilkin cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X6 Cəmiyyətinin 60.727 manat borcun iddiaçı Abşeron Rayon Mərkəzi X4 Şəxsin üzərinə qoyulması hərəkəti qanunsuz hesab edilərək həmin borcun silinməsi və ödənilmiş mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən tərtib edilmiş 22 Dekabr 2022-ci il tarixli AG22/1569 saylı xəbərdalıq məktubu əsasında 28 dekabr 2022-ci il tarixdə Abşeron Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Xırdalan Ailə Sağlamlıq Mərkəzinə verilən elektrik enerjisi dayandırılmışdır. Məktubda qeyd olunmuşdur ki, guya Abşeron Rayon Mərkəzi Xəstəxanası PHŞ-in 60.727 manat borcu vardır. Eyni zamanda tərtib edilmiş və qeyri-rəsmi şəkildə verilmiş sənədlərlə isə müəyyən olunur ki, guya borc 2015-ci ildən hesablanır və ümümilikdə 121.454,20 manat istifadə edilmiş elektrik enerjisinə görə borc vardır. Göstərilən uyğunsuzluqların aradan qaldırılması, faktiki borcun hansı məbləğdə olması və təqdim edilmiş xəbərdarlıqda göstərilən borcun silinməsinə dair məhkəməyə iddia icraatı qaydasında müraciət etməzdən əvvəl tərəflərindən mediasiya qurumuna müraciət edilmişdir. Elektrik enerjisinin verilişini dayandıran Azərişıq ASC nəzərə almayıb ki, xəstəxanada icbari tibbi sığorta sistemi fəaliyyət göstərir. Bu sistemin tətbiqi səhiyyənin maliyyələşdirilməsi istiqamətində mühüm addımdır və gündəlik olaraq tibbi xidmətlə bağlı aparılan qeydiyyatlar elektron sistem vasitəsi ilə həyata keçirilir. Bundan başqa xəstəxanada vətəndaşlara keyfiyyətli tibbi xidmət (müayinə və müalicələr) müxtəlif tibbi cihazların köməkliyi ilə aparılır. Qeyd olunan bütün hallar üçün elektrik enerjisinin olması zəruri və əsas şərtdir. Lakin "xxxx" ASC olmayan borcu əsas götürərək tibb müəssisəsinə verilən elektrik enerjisini dayandırmaqla tək ölkədə yeni addımlar atan icbari tibbi sığortaya deyil, eyni zamanda bir çox insanın həyatına təhlükə yaratmaqdadır. Eyni zamanda iddiaçı məhkəməyə ərizə təqdim edərək, məhkəmədən işə mahiyyəti üzrə baxılıb qurtaranadək Abşeron Rayon Mərkəz X5 Sağlamlıq Mərkəzinə verilən elektrik enerjisinin dayandırılmasının cavabdehə qadağan edilməsi və elektrik enerjisinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 12 aprel 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Abşeron Rayon Mərkəzi X4 Şəxsinin nəzdində olan Xırdalan Ailə Sağlamlıq Mərkəzinə elektrik enerjisinin verilməsi bərpa edilməklə "xxxx" ASC-yə həmin tibb müəssisəsinə elektrik enerjisinin verilməsinin dayandırılması qadağan edilmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh "xxxx" ASC “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilkin iddia üzrə iddiaçı Abşeron Rayon Mərkəzi X4 Şəxs tərəfindən verilmiş iddianın rədd edilməsi və Abonent kodu ********** olan Abşeron Rayon Mərkəzi X4 Şəxsin istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 26.503 manat borcun və 170 manat ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdeh Abşeron Rayon Mərkəzi X4 tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, silinməsi tələb edilən məbləğin 34.224 manat məbləği "xxxx" ASC yaranmazdan əvvəlki dövrə qədər yaranmışdır. Lakin tələb edilən məbləğin 26.503 manatı "xxxx" ASC-nin fəaliyyəti dövründə elekrik enerjisinin sərf edilməsi nəticəsində yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********4 olan X7 elektrik enerjisindən istifadə etməsi ilə bağlı "xxxx" ASC-yə cəmi 26.503 manat məbləğində borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. "xxxx" ASC-nin əməkdaşlarının hər ay Abşeron Rayon Masazır Bələdiyyəsinin ünvanına gedərək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsi tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. xx.xx.2023-cü il tarixdə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Abşeron Rayon Mərkəzi X4 Şəxs məhkəməyə ilkin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh X6 Cəmiyyətinin 60.727 manat borc məbləğinin silinməsi və ödənilmiş mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra 26 iyul 2023-cü il tarixdə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Abşeron Rayon Mərkəzi X4 Şəxs məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verərək, qarşılıqlı iddia verən Cavabdeh ASC-nin iddia müddətini (üç illik) ötürdüyü üçün qarşılıqlı iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia müddətinin tətbiqi barədə ərizə onunla əsaslandırılmışdır ki, hazırki kommersiya mübahisəsi zamanı elektron kabinetə yerləşdirilən sənədlərlə və tərəflərindən təqdim olunan elektron qaimələrdə qeyd edilən ödəniş tarixləri üst-üstə düşmür. Tərəflərindən təqdim edilən elektron qaimələrdə acıq-aydın görsənir ki, 2019-cu ildən cari vaxtadək hər ay istifadə olunan elektrik enerjisinin dəyəri ödənilmişdir. Buna baxmayaraq hər ay ödənilən elektron qaimələr Cavabdeh ASC tərəfindən məqsədli şəkildə təqdim edilməmiş və özlərinin hec bir möhürlə və yaxud imza ilə təsdiq olunmamış sənədlərini qeyri-mötəbər subut kimi təqdim etmişdirlər. Beləliklə də, təqdim edilən elektron qaimələrdəndə görsəndiyi kimi əsassız hesablanmış borc məbləği 2019-cu ilədək yaranmış, həmin borcla əlaqədar hec bir məbləğ ödənilməmiş və 2019-cu il tarixdən etibarən ödənilən məbləğlər isə hər ay istifadə olunan elektirik enerjisindən əmələ gələn yeni ödənişlər olmuşdur. Qeyd etmək lazımdır ki, qaimələrdə göstərilən məbləğlərin 1000-2000 manat miqdarında dəyişməsi də göstərir ki, Cavabdeh ASC tərəfindən əsassiz hesablanmış keçmiş borc məbləği müəssisələrindən tələb olunmamış və ödənilməmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X2 ilkin iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, ilkin iddianın təmin edilməsi qarşılıqlı ddia tələbini qəbul etməyərək, qarşılıqlı iddianın isə (o cümlədən iddia müddəti tətbiq edilməklə) rədd olunmasını məhkəmədən xahiş etdi. M.Seyidov məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Abşeron Rayon Mərkəzi X4 Şəxs ödənişli tibbi xidmət göstərməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə ilkin iddia tələbini qəbul etməyib, qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, qarşılıqlı iddianın təmin edilməsi, ilkin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Nümayəndə məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, 34.224 manat məbləğində borc Cavabdeh ASC-nin yaranmasından əvvəlki dövrə aid borcdur. Həmin borcun hansı əsasla hesablanması barədə Cavabdeh ASC-də məlumat yoxdur. Hazırkı tarixə abonentin borcu 58.967,86 manat təşkil edir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: "xxxx" ASC ilə Abşeron Rayon Mərkəzi X4 Şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən görünür ki, həmin müqavilənin: 7-ci bəndinə görə enerjitəchizatı müəssisəsi bu müqavilə ilə müəyyənləşdirilmiş elektrik enerjisinin göstəricilərinə uyğun olaraq abonenti elektrik enerjisi ilə təchiz edir. 9-cu bəndinə görə hesablaşmalar yalnız tərəflərin elektirk şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişlərinə əsasən aparılır (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalı nəzərə alınmaqla). Abonentin baş transformatoru enerjitəchizatı müəssisəsinin elektrik veriliş xəttinə (EVX) bilavasitə qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatordan sonra orta (alçaq) gərginlik tərəfində quraşdırıldıqda, abonentlə hesablaşmalarda hər 1 kVt saat elektrik enerjisinə görə ödəniş müvafiq olaraq ikidolaqlı transformatorlar üçün 1,03 və üçdolaqlı transformatorlar üçün 1,05 yüksəldici əmsala vurulmalıdır. Bu halda balans mənsubiyyət sərhədindən hesablaşma elektrik sayğacı quraşdırılmış yerə qədər elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir, həmin elektrik enerjisi itkisinə görə abonentdən əlavə ödəniş tutulmur və o abonentə buraxılmış elektrik enerjisi ilə cəmlənir. 10-cu bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar istehlakçı qrupu üçün müəyyən edilmiş 1 kVts aktiv elektrik enerjisi 0,11 manat tarif üzrə aparılır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. "xxxx" ASC tərəfindən abonent kodu – **********4 olan abunəçiyə (Xırdalan şəhərində yerləşən Xəstəxana (doğum evi)) təqdim edilmiş xx.xx.2015-ci il tarixli hesabödəniş vərəqindən görünür ki, abunəçiyə elektrik enerjisindən istifadəyə görə xx.xx.2015-ci il tarixə 34.231,84 manat borc hesablanmış və abunəçinin xx.xx.2015-ci il tarixə qalıq borcu 34.231,84 manat təşkil edir "xxxx" ASC tərəfindən abonent kodu – **********4 olan abunəçiyə (Xırdalan şəhərində yerləşən Xəstəxana (doğum evi)) təqdim edilmiş xx.xx.2022-ci il tarixli hesabödəniş vərəqindən görünür ki, abunəçiyə elektrik enerjisindən istifadəyə görə xx.xx.2022-ci il tarixə 60.727,10 manat borc hesablanmış və abunəçinin xx.xx.2022-ci il tarixə qalıq borcu 121.454,20 manat təşkil edir Abonent kodu – **********4 olan abunə haqqında məlumatlardan görünür ki, abonentin hesabına “bağlanan aktlar” bölməsində “inteqrasiya dövrü borcu” adı altında 2015-ci il avqust ayından əvvəlki dövrə aid 8 uçot nöqtəsi üzrə 4278,97 manat olmaqla cəmi 34.231,84 manat məbləğində borc daxil edilmişdir. xx.xx.2023-cü il tarixə abonentin elektrik enerjisindən istifadəyə görə borcu 58.967,86 manat təşkil edir. "xxxx" ASC tərəfindən istifadə edilmiş elektrik enerjisinə görə elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Abşeron Rayon Mərkəzi X4 Şəxsinə göndərilmişdir. "xxxx" ASC tərəfindən Abonent kodu – **********4 olan abonentə (Xırdalan şəhərində yerləşən Mərkəzi Poliklinikaya) xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, abonentin istifadə etdiyi elektrik enerjisinə görə xx.xx.2022-ci il tarixə 60.727 manat debitor borcu yaranmışdır. "xxxx" ASC-nin təqdim etdiyi xx.xx.2023-ci il tarixli maliyyə arayışından görünür ki, **********4 abonent kodu altında fəaliyyət göstərən Abşeron Rayon Mərkəzi X4 Şəxsin elektrik enerjisindən istifadə etməsi nəticəsində 2015-ci ilədək 27.679,22 manat, 2019-cu ildən hazırki günədək 31.552,81 manat məbləğində, ümumilikdə 59.232,03 manat ASC qarşısında borcu var. İstifadə olunan elektrik enerjisinin hesablanmasına dair illik arayışlardan görünür ki, hesablamaların başladığı tarixə - xx.xx.2025-ci il tarixə abonentin borcu 34.231 manat məbləğində olmuş, xx.xx.2015-ci il tarixə borc 27.679 manat təşkil etmiş, xx.xx.2019-cu il tarixə abonentin borcu 53.053,87 manat, xx.xx.2020-ci il tarixə 56.095,03 manat, xx.xx.2021-ci il tarixə 58.966,45 manat, xx.xx.2022-ci il tarixə 58.966,47 manat təşkil etmiş, 2020-ci ilin yanvar-aprel ayları üzrə sərfiyyat 9512 manat, ödəniş də 9512 manat olmuşdur. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı Abşeron Rayon Mərkəzi X4 Şəxsinin iddiası qismən təmin edilməlidir. Belə ki, işin halları ondan ibarətdir ki, iddiaçı Abşeron Rayon Mərkəzi X4 Şəxsi cavabdeh "xxxx" ASC tərəfindən ona elektrik enerjisindən istifadəyə görə hesablanmış 60.727 manat borc məbləğinin əsassız olmasına istinad etməklə həmin borcun silinməsini tələb edir. Göründüyü kimi "xxxx" ASC tərəfindən Abşeron Rayon Mərkəzi X4 Şəxsinə elektrik enerjisindən istifadəyə görə hesablanmış borcun əsaslı olub-olmaması işin mübahisəli halını təşkil edir. Sözügedən halın məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən edildi ki, 2015-ci ilin oktyabr ayınadək olan dövrdə "xxxx" ASC tərəfindən Abşeron Rayon Mərkəzi X4 Şəxsinə 34.231,84 manat məbləğində borc hesablanmış, həmin borcun bir hissəsi xx.xx.2015-ci il tarixədək olan müddətdə ödənilmiş, 27.679 manat hissəsi isə halhazıradək ödənilməmiş qalmışdır. Sözügedən borc abunə barədə məlumatda “bağlanan aktlar” bölməsində yer alsa da, borcun sayğac göstəriciləri və ya akt əsasında hesablandığını müəyyən etmək mümkün olmamışdır. İlkin cavabdehin nümayəndəsinə həmin borcun əsaslılığı ilə bağlı sübutların məhkəməyə təqdim edilməsi təklif edilsə də, ilkin cavabdeh müvafiq sənədləri məhkəməyə təqdim edə, eləcə də borcun yaranması əsaslarını izah edə bilməmişdir. Odur ki, ilkin cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 34.231,84 manat məbləğində borcun əsaslı olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından həmin borcun hal-hazıradək ödənilməmiş 27.679 manat hissəsinin silinməsi hissəsində ilkin iddia əsaslıdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, abunə barədə məlumatdan da göründüyü kimi ilkin iddiaçının silinməsini tələb etdiyi qalan borc məbləği 2015-ci ildən sonrakı dövrdə sayğac göstəricilərinə əsasən hesablanmış borc olduğundan həmin hissədə ilkin iddianın təmin edilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Öhdəliklərin xitamı üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin keçməsi əsası ilə həmin borcun silinməli olması barədə ilkin iddiaçının dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin: 550-ci maddəsinə görə tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. 551.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. 551.2-ci maddəsinə görə aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər. AR Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair 15 fevral 2023-cü il tarixli qərarına əsasən iddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir. Belə ki, hüquq nəzəriyyəsində öhdəliklərin bir növü kimi Roma hüququndan qaynaqlanan, məhkəmə müdafiəsi ilə təmin olunmayan, yəni icrası məcburi qaydada tələb edilə bilməyən natural öhdəliklər növü fərqləndirilir. Natural öhdəliklər pozitiv hüquqa deyil, təbii hüquqa (lex naturalis) əsaslanır. Bu cür öhdəliklərin icra edilməsi vicdanlılıq, ədalət və əxlaq tələblərindən irəli gəlir. Hüquq ədəbiyyatında belə öhdəliklər üzrə borc bəzən “şərəf borcu” da adlandırılır. Natural öhdəliklər üzrə icranı qəbul etmiş kreditor əsassız varlanmış hesab olunmur və müvafiq icranı özündə saxlamağa haqlıdır. Belə icra borclu tərəfindən hətta icranın təqdim edildiyi zaman kreditorun iddia hüququna malik olmadığını bilməsə belə geri tələb edilə bilməz. Göründüyü kimi, natural öhdəliklərin iki əsas əlaməti mövcuddur: - borclu tərəfindən öhdəliklərin icra edilməməsi halında kreditorun tələbinin məhkəmə müdafiəsi (iddia qaldırmaq hüququ) ilə təmin edilməməsi; - borclu tərəfindən icra edilmişlərin geri tələb edilməsinin yolverilməzliyi. Beləliklə, digər iddia müddətlərinin buraxılması Mülki Məcəllənin 551-ci maddəsinə nəzərdə tutulmuş iddia müddətlərin buraxılması öhdəliyə xitam vermədiyindən hazırkı halda ilkin iddiaçının silinməsini tələb etdiyi borcun bir hissəsi ilə bağlı öhdəliyin xitamı müddətinin keçməsi ehtimal edilsə belə göstərilən hal “natural öhdəlik” kimi mövcud olmaqda davam edən borc öhdəliyinin silinməsi üçün əsas vermir. Borcun tutulması tələbinə dair qarşılıqlı iddiaya gəldikdə məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı "xxxx" ASC-nin ödənilməsini tələb etdiyi 26.503 manat borc sayğac göstəricilərinə əsasən hesablanmış borc olduğundan (qarşılıqlı iddiaçının 2015-ci ilin oktyabrına qədər olan müddətdə hesablanmış və əsası məlum olmayan borcu tələb etməməsi qarşılıqlı iddianın məzmunundan, eləcə də qarşılıqlı iddiaçının nümayəndəsinin izahatından aydın olur) qarşılıqlı iddiaçının həmin borcun tutulması tələbinə dair qarşılıqlı iddia tələbi əsaslıdır. Lakin eyni zamanda iş materiallarından da göründüyü kimi qarşılıqlı iddiaçı qarşılıqlı iddiaya münasibətdə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Həmin ərizəyə münasibətdə qeyd edilməlidir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1, 377.2, 377.3-cü, 375.2-ci, 378, 379.1.6 və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Abunə haqqında məlumatdan və illər üzrə “İstifadə olunan elektrik enerjisinin hesablaşmasına dair” arayışlardan isə görünür ki, hazırda qarşılıqlı cavabdehin hesabında mövcud olan 58.967,86 manat (qətnamənin qəbul edildiyi tarixə) məbləğində borcun 53.053,87 manat hissəsi 2020-ci ilin aprel ayınadək yaranmış və ödəniş müddəti 2020-ci ilin may ayınadək (elektrik enerjisindən istifadəyə görə borcun ödəniş müddəti bir aydır) başa çatmış borcdur, borcun qalan 5914 manat hissəsi isə həmin tarixdən sonra yaranmışdır. Digər tərəfdən 2020-ci ilin aprel ayından sonrakı dövrdə qarşılıqlı cavabdehin elektrik enerjisindən istifadəyə görə borcu 53.053,87 manatdan aşağı düşməmişdir. Göstərilən hal isə ona dəlalət edir ki, qarşılıqlı cavabdeh 2020-ci ilin aprel ayından sonrakı dövrdə yalnız cari borcu ödəməklə 2020-ci ilin aprel ayınadək olan müddətdə yaranmış borcdan ödəniş etməmişdir. Beləliklə, 2015-ci ilin aprelindən sonrakı dövrdə yaranmış 5914 manat məbləğində borc istisna olmaqla qarşılıqlı cavabdehin abunə hesabında hazırda mövcud olan qalan borcun icra vaxtı qarşılıqlı iddia qaldırılmamışdan (xx.xx.2023) 3 il əvvəl (2020-ci may ayınadək) çatdığından və üç illik iddia müddəti ərzində qarşılıqlı cavabdehin həmin borcdan ödəniş etməklə iddia müddətinin kəsilməsinə səbəb olan hərəkətlər etməsi iş materialları ilə öz təsdiqini tapmadığından borcun həmin hissəsi üzrə iddia müddəti qarşılıqlı iddiaçı tərəfindən buraxılmışdır. Beləliklə, qarşılıqlı iddia 5914 manat borcun tutulması hissəsində təmin edilməli, qalan hissədə isə iddia müddətinin buraxılması əsası ilə rədd edilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə ilkin iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərcləri, eyni zamanda qarşılıqlı iddia verilərkən qarşılıqlı iddiaçı tərəfindən 170 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, ilkin iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 272 manat, qarşılıqlı iddia üzrə isə 170 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş ilkin iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə ilkin və qarşılıqlı iddialar qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, ilkin iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti ilkin cavabdehdən tutularaq ilkin iddiaçıya ödənilməli, qarşılıqlı iddia tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 manat məbləğində pul vəsaiti qarşılıqlı cavabdehdən tutularaq qarşılıqlı iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İlkin iddia qismən təmin edilsin. İlkin cavabdeh "xxxx" ASC tərəfindən ilkin iddiaçı Abşeron rayon Mərkəzi Xəstəxanasına 2015-ci ilin oktyvar ayınadək olan dövr üzrə hesablanmış 27.679 manat məbləğində borc silinsin. Mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti ilkin cavabdeh Azərişıq” ASC-dən tutularaq ilkin iddiaçı Abşeron rayon Mərkəzi Xəstəxanası PHŞ-yə ödənilsin. Qalan hissədə ilkin iddia rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı cavabdeh Abşeron rayon Mərkəzi Xəstəxanası PHŞ-dən 5914 manat elektrik enerjisindən istifadəyə görə borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 manat məbləğində pul vəsaiti tutularaq qarşılıqlı iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qalan hissədə qarşılıqlı iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2118/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2118/2023
26.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver