Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2118/2024 21.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh1 və Cavabdeh2nə qarşı “müqaviləyə xitam verilməsi, avtomobilin qaytarılması və müqavilə üzrə borcun ödənilməsi barədə” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, müqavilənin ləğvi, dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan, Cavabdeh1 iştirakı ilə, Digər cavabdehin iştirakı olmadan İddiaçı MMC-nin Cavabdeh1 və Cavabdeh2nə qarşı “müqaviləyə xitam verilməsi, avtomobilin qaytarılması və müqavilə üzrə borcun ödənilməsi barədə” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh2 MMC-nin arasında bağlanmış xx.xx.2021-ci il tarixli 06/4248/İLİZ nömrəli X3 Müqaviləsinin xitam olunması, "xxxx" MMC-yə məxsus “Chevrolet Cruze” markalı **-PB- *** dövlət qeydiyyat nişanlı avtomobilin öz mülkiyyətçisinə qaytarılması və "xxxx" MMC ilə Cavabdeh2 MMC və zamini Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 06/4248/İLİZ nömrəli X3 Müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixədək yaranmış 16980.67 manat əsas borc, 2040.04 manat mükafat borcu cəmi 19020 manat lizinqi borcu məbləğinin, iddiaçı tərərəfindən ödənilmiş 200 manat ilkin mediasiya prosesində iştirak üçün ödənilmiş xərc və əlavə 10 manat dövlət rüsumunun əvəzi Cavabdeh2 MMCdən və zamin Cavabdeh1 tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 MMC və zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 06/4248/İLİZ nömrəli X3 Müqaviləsinə əsasən bu müqavilədə göstərilən 1 ədəd, 2018-ci il buraxlışı olan, “Chevrolet Cruze” markalı, ban 1G1BE5SMOJ7173946 nəqliyyat vasitəsini xx.xx.2021-ci il tarixdən etibarən Cavabdeh2 MMC-nin istifadəsinə vermişdir. Müqavilənin 9.4 bəndinə əsasən Lizinq alanın “Lizinq verən”ə ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 25191 manat təşkil edir. Bu ümumi məbləğdən 7591 manat “lizinq verən”nin mükafatını təşkil edir. Tərəflərin razılığı əsasında bu müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Həray 699.77 manat ödəniş etməlidir. Lizinq müqaviləsi üzrə illik faiz dərəcəsi 25 % olmaqla 36 ay müddətinə verilmişdir. Cavabdeh müqaviləsinə əlavə edilmiş Lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Belə ki, cavabdeh xx.xx.2020-ci il tarixdən etibarən 36 ay ərzində hər ay 699.77 manat olmaqla ödəniş etməli olduğu təqdirdə, "xxxx" 211 MMC tərəfindən ödənişlər tam və vaxtında ödənilməmişdir. Cavabdeh lizinqə məxsus avtomobili etibarnamə olmadan idarə edərək özündə saxlamaqdadır. Yaranmış borcla bağlı İddiaçı MMC tərəfindən cavabdehlərə müxtəlif tarixlərdə yazılı vəşifahi xəbərdarlıqlar edilmiş, əks halda tərəflər arasında bağlanmış müqavilənin bir tərəfli qaydada xitam edilməsi və yaranmış borcun məhkəmə qaydasında tələb edilməsi məqsədi ilə aidyyatı üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Bu Müqavilənin 4.1.3 bəndinə əsasən Tərəflər arasındakı müqavilə münasibətlərinə «Lizinq alan» tərəfindən vaxtında və lazımi qaydada icra edilməməsi ilə bağlı xitam verildiyi zaman lizinq obyekti «Lizinq alan» tərəfindən geri qaytarılmazsa və ya vaxtında geri qaytarılmazsa ödənilməmiş ümumi məbləğin hər günü üçün 3% məbləğində ödəniş tələb etmək hüququ vardır. Bu Müqavilənin 13.1 bəndinə əsasən hər hаnsı bir mübаhisə və yахud аnlаşılmаzlıq ilkin olaraq danışıqlar yolu ilə, bu mümkün olmadıqda isə Аzərbаycаn Respublikаsının qüvvədə оlаn qаnunvericiliyinə uyğun оlаrаq Аzərbаycаn Respublikаsının aidiyyəti məhkəməsində həll оlunur. Eyni zamanda cavabdeh RENT A CAR 211 MMC-nin “İnternet Vergi” Şəxsi kabinetinə İddiaçı MMC tərəfindən (İnternet Vergi ödəyicisinin” Şəxsi kabineti taxes.gov.az) bu iddia ərizəsi və pretenziya məktubu xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Tərəflərindən işin mediasiya qaydasında həll edilməsi üçün xx.xx.2023-cü il tarixdə Mediasiya Təşkilatına müraciət edilmiş, mediator tərəfindən xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. İddia ərizəsinin verilməsinə görə 19020 mant pul tələbinin dövlət rüsumu 147,06 manat təşkil edir və tərəfndən 200 manat mediasiya xərci 10 manat kargüzarlıq xərci Bakı 8 saylı Mediyasiya Təşkilatına ödənilmişdir.
II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, ekspert rəyinə heç bir etirazı yoxdur, məhkəmə baxışı iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddiaya etiraz edərək bildirdi ki, iki il qabaq cavabdeh şirkəti satıb, şirkətin digər maşınları var, borcu həmin maşınlara yönəltmək olar. Maşın hazırda cərimə meydançasındadır, iddiaçıya təhvil verilməyib. Maşının sahibi deyib ki, aya 300 manat ödəyəcək, lakin razılaşmayıblar. Son olaraq borc məbləğini Cavabdeh2 MMC-nin mövcüd olan digər maşınlarına yönəldilməsini xahiş etdi.
5. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.
6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 06/4248/İLİZ saylı daxili lizinq müqaviləsinə əsasən:
9. Müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər arasında imzalanmış maliyyə lazinqi müqaviləsinə əsasən lizinq verən əvvəlcədən lizinq vermək məqsədilə öz vəsiti hesabına əldə etdiyi və mülkiyyətində olan və ya lizinq alan tərəfindən seçilmiş, lizinq verənlə satıcı arasında bağlanılan alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş 1 ədəd, 2018-ci il buraxılışlı olan, Chevrolet Cruze minik markalı, mühərrik HBDX0157-ban №1G1BE5SM0J7173946 nəqliyyat vasitəsini lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi öz öhdəsinə götürür. Lizinq alan isə bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öhdəsinə götürür.
10. Müqavilənin 3.1-ci bəndinə əsasən hazrkı maliyyə lizinqi müqaviləsi 36 ay müddətinə bağlanılmaq şərti ilə lizinq obyektinin lizinq alana təhvil-təslim aktının imzalanmaqla təhvil verildiyi andan hüquqi qüvvəyə minir və xx.xx.2024-cü il tarixinədək qüvvədədir.
11. Müqavilənin 4.4-cü bəndinə əsasən lizinq alanın vəzifələri:
12. Müqavilənin 4.4.1-ci bəndinə əsasən maliyyə lizinqi müqaviləsinin 01 saylı əlavə olan ödəniş qrafikinə əsasən dövri olaraq müəyyənləşdirilmiş lizinq ödənişlərini vaxtında və tam şəkildə icra etmək;
13. Müqavilənin 4.4.7-ci bəndinə əsasən maliyyə lizinqi müqaviləsinə xitam verildikdə, lizinq obyekti müqavilə şərtləri pozuldğuna görə lizinq alandan geri təhvil alınmalı olduqda lizinq obyektini normal köhnəlmə nəzərə alınmaqla lizinq verəndən aldığı vəziyyətdə geri qaytarmaq, əks halda lizinq obyektinə dəyən bütün zərər məbləğini qeyd-şərtsiz ödəmək.
14. Müqavilənin 5.1-ci bəndinə əsasən maliyyə lizinqi müqaviləsinə əsasən lizinq alanın müvəqqəti sahilik və istifadəsinə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətindədir.
15. Müqavilənin 9.1-ci bəndinə əsasən lizinq ödənişləri maliyyə lizinqi müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə lizinq alan tərəfindən ödənilən lizinq ödənişlərinin ümumi məbləğidir və lizinq verənin xeyrinə keçirilir.
16. Müqavilənin 9.2-ci bəndinə əsasən lizinq ödənişləri lizinq müddətinin hər ayı üçün hesablanır. Lizinq müddətinin hər aı üçün lizinq ödənişinin məbləği, habelə lizinq ödənişlərinin ödənilməsi qaydası lizinq ödənişləri qrafiki ilə müəyyən edilir.
17. Müqavilənin 11.1-ci bəndinə əsasən aşağıdakı hallarda lizinq verən maliyə laizin müqaviləsini vaxtından əvvəl ləğv etmək və lizinq obyektini geri almaq hüququ vardır:
18. Müqavilənin 11.1.4-ci bəndinə əsasən lizinq alan lizinq obeyktindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə və ya iki dəfədən artıq ödənişləri gecikdirirsə;
19. Müqavilənin 11.1.7-ci bəndinə əsasən lizinq alan lizinq verənlə bağlanmış bu müqavilə və ona edilmiş əlavələr üzrə öhdəliklərini pozduğu halda.
20. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən “Chevrolet Cruze markalı avtomobil Cavabdeh2 MMC-yə təhvil verilmişdir.
21. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsinə əsasən müqavilənin 1.2-ci bəndində göstərilən müqavilə üzrə lizinq alanın lizinq verən qarşısında götürdüyü öhdəliyini (əsas borc, lizinq mükafatı, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində lizinq verənə dəyən digər zərərin və əldən çıxmış faydanın ödənilməsi, lizinq predmetinə dəyiş zərərin ödənilməsi) icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürür.
22. Maliyyə arayışına əsasən Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixə əsas borcu 16980,67 manat və mükafat borcu 2040,04 manat olmaqla cəmi borcu 19020 manat müəyyən edilmişdir.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
24. 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanılmalı olduğunu müəyyən edir.
25. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
26. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
27. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
28. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
29. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
30. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
31. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
32. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
33. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
34. Məhkəmə ilkin olaraq xx.xx.2021-ci il tarixli 06/4248/İLİZ saylı X3 Müqaviləsi”nin ləğvi barədə tələbə dair aşağıdakı məqamları qeyd etməyi zəruri hesab edir.
35. Tərəflər arasında bağlanmış müqavilədən görünür ki, müqavilə xx.xx.2021-ci il tarixdən 36 ay müddətinə (xx.xx.2024-cü il tarixə kimi) bağlanmışdır. İşin məhkəmənin icraatında olduğu müddətdə müqavilə müddəti başa çatmışdır. Buna görə də müqavilə ləğv edilmiş hesab edilməlidir.
36. İddia tələbinin digər hissəsi olan xx.xx.2023-cü il tarixədək yaranmış 16980,67 manat əsas borc, 2040,04 manat mükafat borcunun ödənilməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir.
37. Belə ki, məhkəmə iddia tələbinin həmin hissədə obyektiv və ətraflı araşdırılması məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertin xx.xx.2024-cü il tarixli 9/4338 saylı rəyinə əsasən cavabdehin iddiaçının tələb etdiyi -xx.xx.2023-cü il tarixə əsas borcu 16585,27 manat, faiz borcu 1992,54 manat, xx.xx.2024-cü il tarixə 16585,27 manat və mükafat borcu 4215,42 manat müəyyən edilmişdir.
38. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbində göstərilən əsas və mükafat borcunun ekspert rəyində müəyyən edilən məbləğlərdən yüksək olduğundan, ekspert rəyi ilə müəyyən edilmiş əsas və mükafat borcu məbləğlərin cavabdehlərdən tutulmasını qanuni və əsaslı hesab edir.
39. Göründüyü kimi cavabdeh lizinq müqaviləsinin 8.2.1-ci bəndinə əsasən lizinq obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, lizinq verən tərəfindən hesab təqdim edilmədən lizinq ödənişlərini qrafik ilə müəyyən edilmiş vaxtda və həcmdə həyata keçirmək öhdəliyi götürmüş, lakin öhdəliyin həyata keçirməsində gecikmələrə yol vermiş və yekun ödənilməyən əsas borcu 16.585,27 manat və mükafat borcu 1.992,54 təşkil etmiş, o cümlədən həmin məbləğin mövcudluğuna dair də etiraz edilməmişdir. Buna görə də məhkəmə iddia tələbini də bu hissədə əsaslı hesab edir.
40. Eyni zamanda texnikanın geri qaytarılması tələbi ilə bağlı da məhkəmə hesab edir ki, tələb bu hissədə də əsaslıdır.
41. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-1.12-ci maddəsinə əsasən lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır:
42. 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.
43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən xx.xx.2021-ci il tarixli 06/4248/İLİZ nömrəli X3 Müqaviləsi üzrə xx.xx.2023-cü il tarixədək yaranmış 16.585,27 manat əsas borc məbləği, 1992,54 manat faiz (mükafat) borcu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı və lizinq obyekti olan “Chevrolet Cruze”markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 MMC tərəfindən İddiaçı MMC-yə geri qaytarılmalıdır.
44. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 210 manat məbləğində mediasiya xərci ödənilmişdir.
45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
46. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
47. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün, təmin edilən hissəsinə mütənasib olaraq ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 146 manat pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı MMC ilə RENT ACAR 211 MMC-nin arasında bağlanmış xx.xx.2021-ci il tarixli 06/4248/İLİZ nömrəli X3 Müqaviləsi ləğv edilmiş hesab edilsin. Lizinq obyekti olan “Chevrolet Cruze”markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 MMC tərəfindən İddiaçı MMC-yə qaytarılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada xx.xx.2021-ci il tarixli 06/4248/İLİZ nömrəli X3 Müqaviləsi üzrə xx.xx.2023-cü il tarixədək yaranmış 16585,27 manat əsas borc məbləği, 1992,54 manat faiz (mükafat) borcu və mediasiya xərcinin/dövət rüsumunun əvəzi olaraq 146 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Məhkəmə-mühasibatlıq ekspertizaların keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova