Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-212/2024 15.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sənədlərin təqdim edilməsi, prosessual maraq, qeyri-yaşayış sahəsinə hüquqlarının dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün zəruri sənədlər) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair kommersiya mübahisəsinə qiyabi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) və Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Sumqayıt Şəhər İcra Hakimiyyəti arasında bağlanmış 11 dekabr 2018-ci il tarixli sosial mənzillərdən ibarət yaşayış binasının tikintisi ilə əlaqədar ərazidə yerləşən qeyri-yaşayış obyektlərinin (binaların, mağazaların və digər tikililərin) sökülməsi və təmizlik işlərinin aparılması barədə müqaviləyə əsasən Sumqayıt şəhəri, 12ci mikrorayon, Koroğlu prospekti, 550 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində 76 kv.m sahəli qeyri-yaşayış sahəsinə hüquqlarının dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün zəruri sənədlərin – "xxxx" MMC tərəfindən maliyyə arayışının, ümumi yığıncağının protokolundan çıxarışın və binanın eskiz layihəsinin cavabdehlərdən alınaraq iddiaçıya təqdim edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. Sumqayıt şəhəri, 12-ci mikrorayon, Koroğlu prospekti, 550 ünvanında yerləşən 0,0078 ha torpaq sahəsi və inşa olunmuş 60,1 kv.m qeyri-yaşayış evi iddiaçıya məxsus olmuşdur. Həmin faktı xx.xx.2012-ci ildə qeydə alınmış çıxarış təsdiq edir. 2.2. Sumqayıt şəhər İcra Hakimiyyəti, "xxxx" MMC və İddiaçı arasında bağlanmış sosial mənzillərdən ibarət yaşayış binasının tikintisi ilə əlaqədar həmin ünvanda yerləşən qeyri-yaşayış obyektlərinin sökülməsi və təmizlik işlərinin aparılması barədə 11 dekabr 2018-ci il tarixli 4 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçıya məxsus adıçəkilən mənzil sonuncu tərəfindən sökülmüş, ərazidə təmizlik işləri aparılmışdır. Müqaviləyə uyğun olaraq Sumqayıt şəhəri, 12-ci mikrorayon, Koroğlu prospekti, 550 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində olan 76 kv.m qeyriyaşayış sahəsi iddiaçıya verilmişdir. Belə ki, tərəflər arasında imzalanmış 4 saylı müqaviləyə görə, Sumqayıt Şəhər İcra Hakimiyyəti və "xxxx" MMC Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində inşa ediləcək binaların 1-ci mərtəbəsinin eskiz layihəsi və sxeminə əsasən söküləcək qeyri-yaşayış obyektlərinin sahiblərinə onların mülkiyyətində və istifadəsində olan obyektlərin hüquq müəyyənedici sənədlərində göstərilən ölçüsünə uyğun qeyri-yaşayış sahələrinin verilməsini öhdələrinə götürmüşdür. 2.3. Lakin cavabdehlər müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri icra etməmişlər. Belə ki, iddiaçı cavabdehlərə ərizə ilə müraciət edərək sözügedən müqaviləyə uyğun olaraq Sumqayıt şəhəri, 12-ci mikrorayon, Koroğlu prospekti, 550 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində olan 76 kv.m qeyri-yaşayış sahəsinin özəlləşməsi məqsədilə zəruri sənədlərin təqdim edilməsini xahiş etmiş, "xxxx" MMC-yə ünvanlanan ərizə xx.xx.2023-cü ildə Cavadov adlı şəxs tərəfindən qəbul edilsə də, heç bir tədbir görülməmişdir. Digər cavabdeh isə müraciətə cavab verməmişdir. 2.4. Belə olan halda, 11 dekabr 2018-ci il tarixli 4 saylı üçtərəfli müqaviləyə uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın alınması üçün zəruri sənədlərin cavabdehlərdən alınaraq iddiaçıya təqdim edilməsi barədə qətnamə qəbul edilməlidir.
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-212/2024 nömrəli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, Koroğlu prospekti, 550 ünvanında olan qeyri-yaşayış sahəsini qaçqın və məcburi köçkünlər üçün inşa ediləcək binalarla əlaqədar könüllü təhvil vermişdir. Həmin binaların inşasına 2017-ci ilin sonlarında başlanmış, 2018-ci ilin dekabr ayında tikinti işləri başa çatmışdır. İddiaçı ilə cavabdehlər arasında 2019-cu ildə geri tarixə - 11 dekabr 2018-ci il tarixə sosial mənzillərdən ibarət yaşayış binasının tikintisi ilə əlaqədar ərazidə yerləşən qeyri-yaşayış obyektlərinin (binaların, mağazaların və digər tikililərin) sökülməsi və təmizlik işlərinin aparılması barədə müqavilə imzalanmışdır. Həmin müqavilə əsasında sökülmüş qeyriyaşayış sahəsinə uyğun sahə 2019-cu ilin yay ayında iddiaçıya təhvil verilmişdir. Lakin iddiaçı bu günədək qeyri-yaşayış sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ala bilmir.
6. Məhkəmənin suallarına cavab olaraq iddiaçı qeyd etdi ki, cavabdeh "xxxx" MMC həmin binalar üzrə çıxarışın verilməməsinin səbəbi kimi bir mülkiyyətçinin öz çıxarışını ləğv etməməsini göstərir. Belə ki, binadan mənzil və qeyri-yaşayış sahəsi verilən digər şəxslər öz çıxarışlarını ləğv etsə də, bir şəxs verilən sahə ilə razı olmadığından çıxarışını ləğv etməmişdir. Bu səbəbdən, yəni torpağın üzərində digər şəxsin mülkiyyət hüququ daşınmaz əmlakın reyestrində qeydiyyatda olduğundan tikilmiş binaya çıxarış verilə bilmir. Bina qaçqın və məcburi köçkünlər üçün tikildiyindən həmin qrup şəxslərə çıxarışın verilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır, digər mülkiyyətçilərdən isə heç bir şəxs çıxarış ala bilməmişdir. Nəticədə bir şəxsə görə digər şəxslərin, o cümlədən iddiaçının hüquqları pozulur. İddiaçı diş həkimi olduğundan həmin qeyri-yaşayış sahəsində stomatoloji fəaliyyətlə məşğul olmaq istəyir. Lakin lisenziya almaq üçün müvafiq qurum ondan qeyri-yaşayış sahəsi üçün daşınmaz əmlakın reyestrindən çıxarış tələb edir.
7. Məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdeh "xxxx" MMC-nin və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemi və X1 Sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilmiş, cavabdehin qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilmiş, məhkəmə iclasının yeri və vaxtı barədə telefonoqramlar ötürülmüşdür. Lakin adıçəkilən cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdeh "xxxx" MMCnin iştirakı olmadan baxmışdır.
8. Məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin X1 Sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilmiş, ünvanına göndərilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti məktubla məhkəməyə müraciət edərək, iddianın əsassız və qanunsuz olduğunu, yekun məhkəmə qərarının qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdıqlarını göstərmişdir. Eyni zamanda adıçəkilən cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə rəsmi qaydada məlumat verməmişdir. Məhkəmə mübahisəyə cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (İcraçı qismində) ilə cavabdeh "xxxx" MMC (İcraçı qismində) və Sumqayıt Şəhər İcra Hakimiyyəti (Sifarişçi qismində) arasında bağlınmış xx.xx.2018-ci il tarixli 4 nömrəli sosial mənzillərdən ibarət yaşayış binasının tikintisi ilə əlaqədar ərazidə yerləşən qeyri-yaşayış obyektlərinin (binaların, mağazaların və digər tikililərin) sökülməsi və təmizlik işlərinin aparılması barədə müqavilənin şərtlərindən görünür ki, “Sifarişçi” Sumqayıt Şəhər İcra Hakimiyyəti Sumqayıt şəhərinin mövcud baş planına, memarlıq və şəhərsalma prinsiplərinə, inşaat normalarına riayət edilməsi, şəhərsalmanın nizamlı inkişafının təmin edilməsini, həmçinin şəhərdə məskunlaşmış məcburi köçkünləri və aztəminatlı ailələri yaşayış sahəsi ilə təmin etmək məqsədilə şəhərdə aparılan bərpa, yenidənqurma, abadlıq işləri çərçivəsində Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində "xxxx" MMC podratçı təşkilatına 2 ədəd yaşayış binasını inşa etdirərək, inşa olunan binaların 1-ci mərtəbəsində eskiz layihəsi və sxeminə əsasən qeyri-yaşayış hesab edilən hissəsində qeyd olunan ərazidə ticarət cərgəsində yerləşən və söküləcək qeyri-yaşayış obyektlərinin (binaların, mağazaların və digər tikililərin) sahiblərinə onların mülkiyyətində və istifadəsində olan obyektlərin hüquq müəyyənedici sənədlərinə əsasən ölçüsünə uyğun qeyri-yaşayış sahəsinin verilməsini öz öhdəsinə götürür (1.1). “İcraçı” 1. "xxxx" MMC podratçı təşkilat “Sifarişçi” ilə bağladığı müqaviləyə əsasən Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində 2 ədəd yaşayış binasını müqavilə şərtlərinə uyğun inşa etməyi və vaxtında “Sifarişçi”yə təhvil verməyi öz öhdəsinə götürür (1.2). “İcraçı” 2. İddiaçı DƏDRX-nin Sumqayıt şəhər ərazi İdarəsinin xx.xx.2012-ci il tarixli Seriya MA-0368779 №-li Çıxarışına əsasən Sumqayıt şəhəri, 12-ci mikrorayon, Koroğlu prospekti, 550 ünvanında 0,0078 ha torpaq sahəsində inşa etdiyi və ümumi sahəsi 60,1 kv.m olan tikilini könüllü şəkildə sökməyi və söküntü materiallarını ərazidən daşınaraq ərazinin təmizlənməsini öz öhdəsinə götürür (1.3).
13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA ******* seriya və nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, Koroğlu prospekti, 550 ünvanında 0,0078 ha torpaq sahəsində inşa etdiyi və ümumi sahəsi 60,1 kv.m olan tikili iddiaçının mülkiyyətində olmuşdur.
14. Məhkəməyə təqdim edilən Sumqayıt Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən təsdiq edilmiş eskiz layihədən görünür ki, İddiaçı ayrılması nəzərdə tutulan qeyri-yaşayış sahəsi 76 kv.m binanın birinci mərtəbəsində yerləşir.
15. Məhkəmə icraatının gedişində iddiaçının vəsatəti əsasında Sumqayıt Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə ünvanlanan məhkəmə sorğuları əsasında toplanmış materiallardan görünür ki: – Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 25 iyun 2008-ci il tarixli 181 nömrəli Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində çoxmərtəbəli yaşayış binaları kompleksinin layihələndirilməsinə icazə verilməsi barədə sərəncamından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə şəhərin baş planına əsasən Sumqayıt şəhəri,12-ci mikrorayon ərazisində çoxmərtəbəli yaşayış binaları kompleksi tikintisi məqsədilə nəzərdə tutulmuş 2,81 ha ərazidə tikintialtı sahəsi 8560 kv.m olmaqla çoxmərtəbəli yaşayış binaları kompleksinin layihələndirilməsinə icazə verilmişdir; – Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 17 iyun 2017-ci il tarixli 144 nömrəli Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində qaçqın və məcburi köçkünlər üçün çoxmərtəbəli yaşayış binaları layihələndirilməsinə və tikintisinə icazə verilməsi barədə sərəncamından görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 25 iyun 2008-ci il tarixli 181 nömrəli sərəncamı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə çoxmərtəbəli yaşayış binaları kompleksinin layihələndirilməsinə icazə verilməsi nəzərdə tutulmuş 2,81 ha ərazidə qaçqın və məcburi köçkünlər üçün 2 ədəd 14 mərtəbəli və 2 ədəd 15 mərtəbəli yaşayış binalarının layihələndirilməsinə və tikintisinə icazə verilmişdir; – Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 03 dekabr 2018-ci il tarixli 286 nömrəli Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində qaçqın və məcburi köçkünlər üçün çoxmərtəbəli yaşayış binaları layihələndirilməsinə və tikintisinə icazə verilməsi barədə sərəncamından görünür ki, "xxxx" MMC və "xxxx" MMC Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısına məktubla müraciət edərək bildirmişlər ki, həmin ərazidə 7 mərtəbəli - 2 binaya (4 və 5 nömrəli) dair layihələndirilmə və tikinti işləri "xxxx" MMC tərəfindən aparılsa da, vəsaitin olmaması səbəbindən geridə qalan, 10 binanın tikinti işləri faktiki olaraq "xxxx" MMC tərəfindən həyata keçirilmiş, bu səbəbdən qeyd edilən sərəncamlarda müvafiq dəyişikliklərin aparılmasını xahiş etmiş, həmin müraciət əsasında Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində 2,81 ha ərazidə inşası qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulmuş, 14 mərtəbəli - 2 binanın, 15 mərtəbəli - 2 binanın və 7 mərtəbəli - 6 binanın layihələndirilmə və tikinti işlərinin "xxxx" MMC tərəfindən görülməsinə icazə verilmiş, ilkin mərhələdə "xxxx" MMC tərəfindən görülmüş işlərin, layihələndirmənin və bütövlükdə sənədləşmə işlərinin başa çatdırılması "xxxx" MMC tərəfindən davam etdirilməsi və layihələndirmə zamanı ərazidə olan mövcud qeyri-yaşayış tikililərinin sökülməsi və ya yerinin dəyişdirilməsi müvafiq qaydada razılaşdırmaqla "xxxx" MMC-yə həvalə olunması qərara alınmışdır; – Çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazırlığı barədə 30 oktyabr 2019-cu il tarixli 0213 nömrəli rəydən görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 03 dekabr 2018-ci il tarixli 286 nömrəli sərəncamı əsasında tikintisinə icazə verilmiş tikintisi 2018-ci il tarixdə başa çatmış "xxxx" MMC-yə məxsus 6 ədəd 1 girişli, 7 (+mansarda) mərtəbəli, 2 ədəd 1 girişli, zirzəmili 14 mərtəbəli və 2 ədəd 1 girişli 15 (+texniki) mərtəbəli yaşayış binaları istismara yararlıdır; – 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına xx.xx.2019-cu il tarixli 19 nömrəli icazədən görünür ki, 30 oktyabr 2019-cu il tarixli 0213 nömrəli rəylə istismara yaralı hesab edilmiş "xxxx" MMC-yə məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon, Koroğlu prospektində yerləşən 6 ədəd 1 girişli, 7 (+mansarda) mərtəbəli, 2 ədəd 1 girişli, zirzəmili 14 mərtəbəli və 2 ədəd 1 girişli 15 (+texniki) mərtəbəli yaşayış binalarının istismarına icazə verilmişdir.
16. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki: – Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 25 iyun 2008-ci il tarixli 181 nömrəli sərəncamı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Sumqayıt şəhəri,12-ci mikrorayon ərazisində çoxmərtəbəli yaşayış binaları kompleksi tikintisi məqsədilə nəzərdə tutulmuş 2,81 ha ərazidə tikintialtı sahəsi 8560 kv.m olmaqla çoxmərtəbəli yaşayış binaları kompleksinin layihələndirilməsinə icazə verilmiş, 17 iyun 2017-ci il tarixli 144 nömrəli sərəncamı ilə həmin ərazidə qaçqın və məcburi köçkünlər üçün 2 ədəd 14 mərtəbəli və 2 ədəd 15 mərtəbəli yaşayış binalarının layihələndirilməsinə də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə icazə verilmiş, 03 dekabr 2018-ci il tarixli 286 nömrəli sərəncam ilə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində 2,81 ha ərazidə inşası qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulmuş 14 mərtəbəli - 2 binanın, 15 mərtəbəli - 2 binanın və digər 7 mərtəbəli - 6 binanın layihələndirilmə və tikinti işləri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müraciət əsasında "xxxx" MMC-yə həvalə edilmişdir; – İddiaçı ilə cavabdehlər arasında xx.xx.2018-ci il tarixli 4 nömrəli sosial mənzillərdən ibarət yaşayış binasının tikintisi ilə əlaqədar ərazidə yerləşən qeyri-yaşayış obyektlərinin (binaların, mağazaların və digər tikililərin) sökülməsi və təmizlik işlərinin aparılması barədə müqavilədən irəli gələn öhdəlik yaranmış, cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində "xxxx" MMC podratçı təşkilatına 2 ədəd yaşayış binasını inşa etdirərək, inşa olunan binaların 1-ci mərtəbəsində eskiz layihəsi və sxeminə əsasən qeyri-yaşayış hesab edilən hissəsində qeyd olunan ərazidə ticarət cərgəsində yerləşən və söküləcək qeyri-yaşayış obyektlərinin (binaların, mağazaların və digər tikililərin) sahiblərinə onların mülkiyyətində və istifadəsində olan obyektlərin hüquq müəyyənedici sənədlərinə əsasən ölçüsünə uyğun qeyri-yaşayış sahəsinin verilməsini, iddiaçı özünə məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon, Koroğlu prospekti, 550 ünvanında 0,0078 ha torpaq sahəsində inşa etdiyi və ümumi sahəsi 60,1 kv.m olan tikilini könüllü şəkildə sökərək təhvil verməyi, cavabdeh "xxxx" MMC isə podratçı təşkilat kimi Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə bağladığı müqaviləyə əsasən Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində 2 ədəd yaşayış binasını müqavilə şərtlərinə uyğun inşa etməyi və vaxtında sonuncuya təhvil verməyi öz öhdəsinə götürmüşdür. – Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 03 dekabr 2018-ci il tarixli 286 nömrəli sərəncam ilə layihələndirilməsinə və tikintisinə icazə verilmiş 14 mərtəbəli - 2 bina, 15 mərtəbəli - 2 bina və digər 7 mərtəbəli - 6 binanın 2018-ci il tarixdə tikintisi başa çatmış, həmin binalar 30 oktyabr 2019-cu il tarixli 0213 nömrəli rəylə istismara yararlı hesab edilmiş, xx.xx.2019-cu il tarixli 19 nömrəli icazə ilə istismarına icazə verilmişdir.
17. İddiaçı adıçəkilən xx.xx.2018-ci il tarixli 4 nömrəli müqaviləyə əsasən cavabdehlərdən Sumqayıt şəhəri, 12-ci mikrorayon, Koroğlu prospekti, 550 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində 76 kv.m sahəli qeyri-yaşayış sahəsinə hüquqlarının dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün zəruri sənədlərin – "xxxx" MMC tərəfindən maliyyə arayışının, ümumi yığıncağının protokolundan çıxarışın və binanın eskiz layihəsinin alınmasını tələb edir.
18. Cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti iddianın əsassız olduğunu və yekun qərarı məhkəmənin mülahizəsinə buraxdıqlarını qeyd edir və məhkəmə iclaslarında iştirak etmir.
19. Cavabdeh "xxxx" MMC hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
20. Məhkəmə həmin cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
22. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
23. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə real vaxt rejimində iddiaçının təqdim etdiyi bütün sübutlarla tanış ola bilməsinə baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
24. Məhkəmə əvvəla tərəflər arasında bağlanmış müqavilənin hüquqi təbiəti barədə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
25. Müqavilənin qüvvəsi ilə bağlı göstərilməlidir ki, iddiaçı müqavilənin 2019-cu il tarixdə xx.xx.2018-ci il tarixə imzalandığını qeyd edir. İddiaçının göstərdiyi hal hətta həqiqət kimi qəbul olunsa da, nəzərə alınmalıdır ki, hər üç tərəfin razılığı əsasında baş vermişdir. Əks təqdirdə müqavilə tərəflərindən hər hansı biri müqaviləyə imza etməkdən imtina edə bilərdi.
26. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur, 399.2-ci maddəsinə görə isə tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir.
27. Məhkəmə Mülki Məcəllənin 399.2-ci maddəsinə əsasən qeyd edir ki, xx.xx.2018ci il tarixli 4 nömrəli müqavilənin qüvvəsi iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin könüllü təhvil verilməsi və ona yeni qeyri-yaşayış sahəsinin verilməsi ilə bağlı tərəflər arasında yaranmış bütün münasibətlərə şamil edilir.
28. Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
29. Sözügedən müqavilədə Sumqayıt şəhəri, 12-ci mikrorayon, Koroğlu prospekti, 550 ünvanında tikiləcək binalara münasibətdə "xxxx" MMC podratçı təşkilat kimi göstərilsə də, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 03 dekabr 2018-ci il tarixli 286 nömrəli sərəncam ilə layihələndirilməsinə və tikintisinə icazə verilmiş 14 mərtəbəli - 2 bina, 15 mərtəbəli - 2 bina və digər 7 mərtəbəli - 6 binanın istismara hazırlığı ilə bağlı 30 oktyabr 2019-cu il tarixli 0213 nömrəli rəy və istismarına icazə verilməsi haqqında xx.xx.2019-cu il tarixli 19 nömrəli icazədə həmin binaların sahibi kimi "xxxx" MMC göstərilmişdir.
30. Məhkəmə qeyd edir ki, mənzil-tikinti kooperativlərində olduğu kimi, hazırkı halda da iddiaçı onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinin inşası üçün kapital qoymuş (pay haqqı kimi naturada əmlakını vermiş), "xxxx" MMC ilə bağlanmış müqaviləyə əsasən iddiaçı yuxarıda qeyd edilən qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın payçısı (investoru) hesab edilmişdir. Başqa sözlə, iddiaçı yeni daşınmaz əmlakın yaradılmasında kapital qoyuluşu ilə iştirak etmişdir.
31. Əslində iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixli 4 nömrəli müqavilədən irəli gələn podrat münasibətləri yaranmışdır. Sonuncu, iddiaçının Sumqayıt şəhəri, 12-ci mikrorayon, Koroğlu prospekti, 550 ünvanında 0,0078 ha torpaq sahəsində inşa etdiyi və ümumi sahəsi 60,1 kv.m olan qeyri-yaşayış sahəsinə uyğun qeyri-yaşayış sahəsi tikib iddiaçıya təhvil verməyi, iddiaçı isə özünə məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon, Koroğlu prospekti, 550 ünvanında 0,0078 ha torpaq sahəsində inşa etdiyi və ümumi sahəsi 60,1 kv.m olan tikilini könüllü şəkildə sökərək təhvil verməyi, yəni qeyri-yaşayış sahəsi üçün pay haqqını əvvəlcədən naturada verməyi öhdəsinə götürmüşdür.
32. Konstitusiya Məhkəməsi də göstərmişdir ki, podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarı).
33. Podrat müqaviləsinin predmeti konkret göstəricilərə malik, başqa əşyalardan yalnız özünə xas əlamətlərə görə ayrılan qeyri-yaşayış sahəsi – yəni, əvəz edilən deyil, fərdi-müəyyən (əvəzedilməz) əşya olduğundan həmin müqaviləyə alqı-satqı qaydaları tətbiq edilə bilməz (Mülki Məcəllənin 135.7-ci və 752.2-ci maddələri). Podratçı da həmin qeyri-yaşayış sahəsini özünün əldə etdiyi materiallardan hazırlayaraq həmin sahəyə mülkiyyəti sifarişçiyə (iddiaçıya) vermişdir. Müqavilə tərəfləri onu mübahisələndirmədən icra etmişlər.
34. Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.
35. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır.
36. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən, bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.
37. Həmin Məcəllənin 113.3-cü maddəsinə əsasən, mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.
38. İddiaçı müqavilə öhdəliyinə əməl edərək müqavilədə nəzərdə tutulan qeyriyaşayış sahəsinin pay haqqını naturada ödəmiş, qeyri-yaşayış sahəsinin yerləşdiyi tikinti obyektinin istismarına icazə verilmişdir. İddiaçı qeyri-yaşayış sahəsi üçün pay haqqını tam verdiyindən həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir.
39. Belə olan halda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş müvafiq əsasla cavabdeh "xxxx" MMC tərəfindən pay haqqını tam ödənildiyi barədə müvafiq arayış və sonuncunun ümumi yığıncağının protokolundan çıxarışı və Sumqayıt şəhəri, 12-ci mikrorayon, Koroğlu prospekti, 550 ünvanında yerləşən binanın eskiz layihəsini iddiaçıya təqdim edilməlidir.
40. Həmçinin məhkəmə nəzərə alır ki, cavabdeh "xxxx" MMC analoji qaydada 18 aprel 2023-cü il tarixli arayış təqdim edərək, "xxxx" Firmasının "xxxx" MMC-yə hər hansı borcunun olmamasını arayışla təsdiq etmişdir.
41. Digər tərəfdən, Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə bağlı olan hissədə qeyd edilməlidir ki, sonuncu da xx.xx.2018-ci il tarixli 4 nömrəli sosial mənzillərdən ibarət yaşayış binasının tikintisi ilə əlaqədar ərazidə yerləşən qeyri-yaşayış obyektlərinin (binaların, mağazaların və digər tikililərin) sökülməsi və təmizlik işlərinin aparılması barədə müqavilə əsasında hüquq müəyyənedici sənədlərə əsasən ölçüsünə uyğun qeyriyaşayış sahəsinin verilməsini öhdəliyini öz üzərinə götürmüş, bu öhdəlik Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında olan müqavilə ilə əlaqələndirilmişdir.
42. Lakin dəfələrlə məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etmədiyindən Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasındakı öhdəliyin məzmunu müəyyənləşdirilə bilməmişdir.
43. Belə olan halda, Sumqayıt şəhəri, 12-ci mikrorayon, Koroğlu prospekti, 550 ünvanında yerləşən binanın eskiz layihəsinin həm də Sumqayıt Şəhər İcra Hakimiyyətində olduğunu, xx.xx.2018-ci il tarixli 4 nömrəli müqavilə ilə sonuncu tərəfindən qeyri-yaşayış sahəsinin verilməsi öhdəliyinin götürüldüyünü və bu öhdəliyin həm də qeyriyaşayış sahəsini lazımi sənədlərlə verməyi ehtiva etdiyini nəzərə alan məhkəmə hesab edir ki, iddia həmin cavabdehə münasibətdə də təmin edilməlidir.
V. Nəticə:
44. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Sumqayıt Şəhər İcra Hakimiyyəti arasında bağlanmış 11 dekabr 2018-ci il tarixli sosial mənzillərdən ibarət yaşayış binasının tikintisi ilə əlaqədar ərazidə yerləşən qeyri-yaşayış obyektlərinin (binaların, mağazaların və digər tikililərin) sökülməsi və təmizlik işlərinin aparılması barədə müqaviləyə əsasən Sumqayıt şəhəri, 12-ci mikrorayon, Koroğlu prospekti, 550 ünvanında yerləşən binanın 1ci mərtəbəsində 76 kv.m. sahəli qeyri-yaşayış sahəsinə hüquqlarının dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün zəruri sənədlərin – "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən maliyyə arayışının, ümumi yığıncağının protokolundan çıxarışın və Sumqayıt şəhəri, 12-ci mikrorayon, Koroğlu prospekti, 550 ünvanında yerləşən binanın eskiz layihəsinin iddiaçıya təqdim edilməsi vəzifəsi müvafiq olaraq cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Sumqayıt Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulsun. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Nərmin Əhmədova