Məhkəmə qərarları › İş №e-2-2(113)-2120/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2120/2024

19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2120/2024 19.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun ödənilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 344285-CNS-34330 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə banka borclu olduğu 3343,63 manat (üç min üç yüz qırx üç manat altmış üç qəpik) məbləğində əsas borc, 476,12 manat (dörd yüz yetmiş altı manat on iki qəpik) məbləğində faiz borcu, 476,54 manat (dörd yüz yetmiş altı manat əlli dörd qəpik) məbləğində cərimə üzrə borcu, ümumilikdə 4296,29 manat (dörd min iki yüz doxsan altı manat iyirmi doqquz qəpik) borc və 210 (iki yüz on) manat ödənilmiş mediasiya xərcinin Cavabdeh “Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 344285- CNS-34330 saylı “Kredit müqaviləsi”nə əsasən Cavabdeh illik 23 (iyirmi üç) faiz hesablanması şərti ilə 24 ay müddətinə 6000 (altı min) manat məbləğində dövriyyə vəsaitlərinin artırılması (malmaterial qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) üçün kredit verilərək cari hesabına köçürülmüşdür. Eyni zamanda Cavabdeh ilə 22 aprel 2022-ci il tarixli, № İİD_YL 344285-01 saylı Korporativ Biznes kart hesabı müqaviləsi bağlanılmışdır. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2023-cü il tarixdən icra etməmiş və xx.xx.2023-cü il tarixinə Cavabdeh banka 3343,63 manat məbləğində əsas borc, 476,12 manat məbləğində faiz borcu, 476,54 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə 4296,29 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə bank tərəfindən Cavabdeh xəbərdarlıq edilmiş, lakin bundan sonra da kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Bank tərəfindən cavabdehə pretenziya qaydasında müraciət olunmuşdur.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 462.1, 739.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

5. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 344285-CNS-34330 saylı kredit müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən bank kredit alana müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə kredit verməyi, kredit alan isə krediti qəbul etməyi, kreditdən təyinatı üzrə istifadə etməyi və geri qaytarmağı, faizləri/komissiyaları, o cümlədən əlavə faizləri müqavilə ilə nəzərdə tutulmuş müddətdə və şərtlər əsasında ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən kreditin məbləği və valyutası 60000 manatdır. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən müqavilədə nəzərdə tutulan şərtlərin kredit alan tərəfindən yerinə yetirilməsindən sonra kreditin təqdim edilməsi bank tərəfindən kredit alanın adına açılan cari hesaba köçürülməsi yolu ilə həyata keçirilir. Kreditin təqdim olunma tarixi kreditin cari hesaba köçürüldüyü tarix hesab olunur. Həmin müqavilənin 2.3-cü maddəsinə əsasən kredit alan krediti tam məbləğdə 22 aprel 2024-cü il tarixində və ya müqavilədə nəzərdə tutulmuş hallarda vaxtında əvvəl ödəməlidir. Həmin müqavilədən 2.4-cü maddəsinə əsasən kreditdən istifadəyə görə faizlər bank tərəfindən illik 23% olmaqla və müqavilənin 4.9-cu maddəsinə əsasən faiz dərəcəsinin avtomatik artırılması və ya azaldılmasının mümkünlüyünü nəzərə almaqla hesablanır. Həmin müqavilənin 4.2-ci maddəsinə əsasən kreditin və faizlərin ödənilməsi kredit alanın cari hesabına nağd və ya nağdsız şəkildə köçürmə yolu ilə həyata keçirilir. Həmin müqavilənin 4.3-cü maddəsinə əsasən kreditdən istifadəyə görə faizlərin hesablanması kreditin verildiyi tarixdən onun tam ödənildiyi tarixə qədər kredit hesabındakı borcun faktiki qalığına gündəlik olaraq, kreditdən istifadənin faktiki təqvim günlərinin sayı üçün davamlı olaraq hesablanır. Həmin müqavilənin 8.1-ci maddəsinə əsasən müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə qüvvədə olan qanunvericiliklə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. Həmin müqavilənin 8.2-ci maddəsinə əsasən müqavilə ilə müəyyənləşdirilən kreditin geri qaytarılması və ya faizlərin və ya digər ödənişlərin ödənilməsi üzrə öhdəliklər kredit alan tərəfindən vaxtında icra edilmədikdə, hər gecikdirilən təqvim günü üçün gecikdirilmiş məbləğə 0.5% həcmində cərimə hesablanır və kredit alan tərəfindən bankın xeyrinə ödənilir. Həmin müqavilənin 8.4-cü maddəsinə əsasən kredit alan cərimədən başqa vurulmuş zərərin əvəzini və sair xərcləri banka tam həcmdə ödəməyə borcludur.

8. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, İİD_YL-344285-01 saylı “Korporativ biznes kart hesabı” müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən bank müştərinin kart vasitəsilə aparılan əməliyyatlarını həyata keçirmək üçün müştəriyə kart hesabı açmaq öhdəliyini, müştəri isə banka bank əməliyyatlarına dair komisyon haqlarını ödəmək öhdəliyini üzərinə götürür. Həmin müqavilənin 3.1.2-ci maddəsinə əsasən bankın müqavilə üzrə vəzifələrin vaxtında və lazımınca icra edilməsini və onların pozulmasına yol verilməməsini müştəridən tələb etmək hüququ vardır. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasənən qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir.

9. İş materiallarına ödəniş cədvəli, bank hesabından çıxarış əlavə edilmişdir.

10. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli “Nağd pul kredit müqaviləsi” üzrə xx.xx.2023cü il tarixə banka əsas borcu 3343,63 manat, faiz borcu 476,12 manat, cərimə borcu 476,54 manat olmaqla, ümumilikdə 4296,29 manat təşkil edir.

11. xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/4154/2024 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli, 344285-CNS-34330 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2023-cü il tarixə banka olan əsas borcu 3317,92, faiz borcu 479,07 olmaqla, ümumilikdə 3796,99 manat təşkil edir.

12. İddiaçı ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 (üç) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

13. İddiaçı ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 (üç) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

16. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi

17. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra yetirməmiş və hal-hazırda iddiaçıya borcu yaranmışdır.

18. İddia tələbinin bir hissəsini cavabdehdən xx.xx.2022-ci il tarixli, 344285-CNS- 34330 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə banka borclu olduğu 3343,63 manat məbləğində əsas borc, 476,12 manat məbləğində faiz borcunun tutulması təşkil edir.

19. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-9/4154/2024 nömrəli ekspert rəyini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən, faiz borcu hissəsində isə tam təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, 344285-CNS-34330 saylı kredit müqaviləsinə əsasən 3317,92 manat (üç min üç yüz on yeddi manat doxsan iki qəpik) əsas borc, 476,12 manat (dörd yüz yetmiş altı manat on iki qəpik) faiz borcu iddiaçının xeyrinə tutulmalı, əsas borcun tutulmasına dair iddia qalan hissədə təmin edilməməlidir.

20. İddia tələbinin digər hissəsini cavabdehdən müqavilə üzrə 476,54 manat cərimə borcunun tutulması təşkil edir.

21. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

22. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini, işin hallarını nəzərə alaraq hesab edir ki, müqavilə üzrə tutulması tələb olunan dəbbə pulu azaldılaraq ümumilikdə 160 (yüz altmış) manat məbləğində müəyyən edilməli ,dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.

23. Eləcə də, iddiaçı ödənilmiş 210 manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

24. Məhkəmə hesab edir ki, ödənilmiş mediasiyanın əvəzi olaraq 210 (iki yüz on) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

25. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pulun 184 (yüz səksən dörd manat) manat hissəsi Cavabdeh, 16 manat (on altı manat) hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 344285-CNS-34330 nömrəli kredit müqaviləsinə əsasən 3317,92 manat (üç min üç yüz on yeddi manat doxsan iki qəpik) əsas borc, 476,12 manat (dörd yüz yetmiş altı manat on iki qəpik) faiz borcu, 160 (yüz altmış) manat cərimə və ödənilmiş mediasiya xərci olaraq 210 (iki yüz on) manat olmaqla, cəmi 4164,04 manat (dörd min yüz altmış dörd manat dörd qəpik) məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pulun 184 (yüz səksən dörd manat) manat hissəsi Cavabdeh, 16 manat (on altı manat) hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar