Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2130/2024 16.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh X5 qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçının nümayəndəsi X6 iştirakı ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh X5 qarşı “icarə haqqı üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən icarə haqqı borcu üzrə 300 manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X8 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iləX7 arasında Bakı şəhəri, Yasamal rayonu, Əlibaba Abdullayev küçəsi,1 ünvanında yerləşən 79.2 kv.m. torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2021-ci il tarixli, 1050 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifəsinə daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə görə icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Beləliklə, icarə müqaviləsi üzrə cavabdehin dövlət büdcəsinə ödənilməli olan 300 (üç yüz) manat məbləğində icarə haqqı borcu mövcuddur. Bununla əlaqədar olaraq Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cavabdehə “dövlət büdcəsinə yaranmış icarə haqqı borcunun ödənilməsi tələbi barədə” xx.xx.2023-cü il tarixli, 3-21-3/2-19779/2023 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh məktubu qəbul etməkdən və icarə haqqı borcunu ödəməkdən imtina etmişdir (akt iddia ərizəsinə əlavə edilir).
3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehdən xx.xx.2021-ci il tarixli, 1050 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2024-cü il tarixə 750 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası X8 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsi məhkəməyə göndərildikdən sonra ötən müddət ərzində icarə müqaviləsi qüvvədə olduğuna və xx.xx.2021-ci il tarixli, 1050 nömrəli icarə müqaviləsi üzrə cavabdeh tərəfindən ödənişlər həyata keçirilmədiyinə görə borcun məbləği artaraq, xx.xx.2024-cü il tarixə 750 manat olmuşdur.
5. Cavabehin nümayəndəsinin etirazı onunla əsaslandırılmışdır ki, təmsil etdiyi şəxs iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə “29” noyabr 2021-ci il tarixli, 1050 nömrəli “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilə” bağlamış, müqavilənin şərtlərinə əsasən, xüsusi mülkiyyətində olan ünvan 2 ünvanındakı qeyri-yaşayış sahəsinin yerləşdiyi 79,2 kvadratmetrlik ərazi müvəqqəti istifadəsinə təqdim edilmişdir. Hərçənd mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən torpaq sahəsi üzərində istifadə hüququ artıq qeydiyyata alınmışdır. "xxxx" MMC mərkəzi və yerli icra hakimiyyəti orqanlarının razılığı ilə hazırda ona məxsus həmin əmlakın olduğu yerə yaxın məsafədə tikinti-bərpa işlərini icra edir. Mülkiyyətçisi olduğu müvafiq qeyri-yaşayış sahəsinin aqibəti ilə bağlı sözügedən quruma müraciət etdikdə onun da tikinti ərazisinə düşdüyü və yaxın zamanlarda söküntüyə məruz qalacağı bildirilmişdir. Əlavə olaraq, işlərin mərhələvi surətdə görüldüyü nəzərə çatdırılmışdır. Aralarında imzalanmış yuxanda qeyd olunan müqavilənin 4.1 -ci bəndinə görə, icarə müddəti xx.xx.2021-xx.xx.2023-cü il tarixləri əhatə edir. Mülkiyyətçisi olduğu sahə "xxxx" MMC-nin tikinti ərazisinə düşdüyündən xx.xx.2023-cü il tarixdən etibarən müqavilə münasibətinin davam etdirilməsini arzu etmir. Adıçəkilən müqavilənin 4.2-ci bəndində qeyd olunur ki, müqavilənin müddəti qurtardıqdan sonra tərəflərdən birinin ərizəsi olmadıqda müqavilə nəzərdə tutulmuş eyni müddət üçün uzadılmış hesab edilir. Bununla əlaqədar iddiaçıya hüquq münasibətini davam etdirməyi arzulamaması barədə müraciət ünvanlanmışdır. Həmin müraciət xx.xx.2023-cü il tarixdə qurum tərəfindən qəbul edilmişdir. Müraciətə “2” noyabr 2023-cü il tarixli cavab məktubunda Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə ”nin 11-ci hissəsinə istinad etməklə bildirmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra - Dövlət Xidməti) əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Üstəlik, həmin qurumdan daxil olmuş Bildirişdə də torpaq sahəsinin ya satınalınması, yaxud satınalma hüququ ilə icarəyə götürülməsi təklif edilmiş, əks halda onun hərrac vasitəsilə satılacağı qeyd olunmuşdur. İki ildir ki, icarə haqqı ödədiyim torpaq sahəsi əslində göstərilən Əsasnaməyə görə, onun mülkiyyətinə verilməlidir. Göründüyü kimi, qanunvericilik həm birbaşa satınalmanı, həm də satınalma hüququ ilə icarə verməni ehtiva edir. Göstərilənləri nəzərə alaraq və müqavilənin 4.2-ci bəndini, eləcə də tərəflər arasında hüquq münasibətinə xitam olunduğunu, habelə iki il icarə haqqı ödədiyindən torpaq sahəsinin mülkiyyətinə keçməli olduğunu rəhbər tutaraq iddianın təmin olunmamasını, həmçinin torpaq sahəsinin mülkiyyətinə təqdim olunmasını xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddianın təmin olunmasını xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
III.Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı ilə X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1050 saylı özəlləşdirilən müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsinə əsasən:
10. Müqavilənin 1.1-ci bəndinə əsasən İcarəyəverənin icarəyə verdiyi ünvan 3 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 79,2 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir.
11. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə icarə haqqı aşağıdakı qaydada hesablanır: torpaq sahəsinin illik icarə haqqı 1800 manat, aylıq icarə haqqı 150 manat təşkil edir.
12. Müqavilənin 4.1-ci bəndinə əsasən icarə müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müəyyən edilir.
13. X4 şəxsi hesab vərəqəsindən görünür ki, cəmi ödənilib 3610 manat, ödənilməmiş borc məbləği 750 manat təşkil edir.
14. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
17. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə cavabdeh arasında bağlanmış dövlət əmlakının icarəyə verilməsi haqqında icarə müqaviləsinə əsasən ünvan 4 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 79,2 kv.m torpaq sahəsi cavabdehin icarəsində olmuşdur. Lakin cavabdeh X7 torpaq sahəsinin icarəsində olduğu müddət üçün icarə haqqını ödəmək öhdəliyini lazımi qaydada icra etmədiyindən dövlət büdcəsinə xx.xx.2024-cü il tarixə 750 manat məbləğində icarə haqqı borcu ödənilməmiş qalmışdır.
19. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə edilməsi nəzərdə tutulur. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər.
20. Həmin Məcəllənin 51-ci maddəsinin 6-cı bəndinə əsasən Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir.
21. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin 10-cu abzasına əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
22. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir.
23. Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.11-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının qanunlarının və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, daşınmaz dövlət əmlakını, o cümlədən dövlətə məxsus olan hüquqi şəxslərə məxsus daşınmaz əmlakı icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanılmış əqdlərin qeydiyyatını aparmaq, icarə haqlarının müəyyən edilməsi ilə bağlı təkliflər hazırlayıb Nazirliyə vermək və bu sahədə nəzarəti həyata keçirmək Xidmətin vəzifələrinə aid edilmişdir.
24. Həmin Əsasnamənin 3.0.15-ci yarımbəndinə əsasən dövlət əmlakı barəsində bağlanılmış əqdlər Azərbaycan Respublikasının iqtisadi maraqlarına ziyanla nəticələndikdə, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, həmin əqdlərlə bağlı məhkəmədə iddia qaldırmaq, dövlətə məxsus olan, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərlə bağlı məhkəmə mübahisələrində dövlətin mənafeyini təmsil etmək Xidmətin vəzifəsinə aid edilmişdir.
25. Həmin Əsasnamənin 4.0.18-ci yarımbəndinə əsasə vəzifə və hüquqlarının həyata keçirilməsi ilə bağlı məhkəmədə öz adından çıxış etmək Xidmətin hüquqlarına aid edilmişdir.
26. Beləliklə, işin yuxarıda göstərilən hallarına və normativ hüquqi aktların məzmununa əsasən müəyyən edilir ki, hazırkı iş üzrə icarə obyekti olan dövlət mülkiyyətində olan torpaq sahəsi X4 icarəsinə verildiyindən Əmlak Məsələləri Dövlət Xidməti dövlət mənafeyinin müdafiəsi üçün hazırkı iddianı məhkəmədə qaldırmaq hüququna malikdir.
27. Mülki Məcəllənin:
28. 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. “Torpaq icarəsi haqqında” AR qanununun 14-cü maddəsinin 1-ci bəndinə görə torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir.
29. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
32. Yuxarıda göstərilənləri nəzərə alaraq və iddia tələbinə iddiaçının irəli sürdüyü tələb çərçivəsində baxaraq məhkəmə belə qənaətə gəlir ki, icarəyə verilmiş torpaq sahəsi (üzərində olan qeyri-yaşayış sahəsi) cavabdehin istifadə və sahibliyində olduğu üçün və icarə münasibətləri olmadan Torpaq Məcəlləsinin 51-ci maddəsinin 6-cı bəndinə əsasən dövətə məxsus torpaq sahəsindən mənfəət əldə etməklə istifadə edilməsi qanuni hesab edilə bilmədiyi üçün iddia təmin edilməli, cavabdehin dövlət mülkiyyətində olan torpaq sahəsinin icarəsinə görə 750 manat məbləğində borc tutularaq iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına ödənilməlidir.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
35. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, təmin olunan 750 manat məbləğinə mütənasib olaraq iş üzrə ödənilməli olan 30 manat (dövlət rüsumunun hesablanması kalkulyatorun göstəricisi nəzərə alınmaqla) dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
V. Nəticə:
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdеh X3 xx.xx.2021-ci il tarixli, 1050 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2024-cü il tarixə mövcud olan 750 manat borc məbləği tutularaq iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ((VÖEN **********, Xidmətin Azərbaycan Respublikası X8 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZA2ZC) ödənilsin. İddia ərizənin verilməsinə görə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu cavabdeh X3 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova