Məhkəmə qərarları › İş №e-2-2(113)-2132/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2132/2021

22.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2132/2021 22.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçı X5, nümayəndəsi vəkili Vəkil və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı X5 Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X5 iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 14.01.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş 22 616 manat pul məbləğinin, 27.08.2020-ci il tarixli əmək müqaviləsi üzrə ödənilməmiş əmək haqqı və pul mükafatının cəmi 5 200 manat və həmin məbləğin gecikdirilməsinə görə 11024 manat ödənc (cərimə) cəmi 16 224 manat pul məbləğinin, mənəvi ziyana görə 20 000 manat, cəmi 58 840 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14.012020-ci il tarixdən "xxxx" ASC-nin Qazaxstan Respublikasında icrasını həyata keçirdiyi Almatı layihəsində obyektlərin və mal materialın mühafizəsi üzrə işlərin icrası nəzarəti xidmət müqaviləsi əsasında ona tapşırılmışdır. Əmək haqqı ayda 2958 manat təşkil etmiş, 14.01.2020-ci il tarixdən 27.08.2020-ci il tarixə kimi işlədiyi xidmət müqaviləsi üzrə ona hazıradək əmək haqqı və məzuniyyət pulu ödənilməmiş. 27.08.2020-ci il tarixdə "xxxx" ASC-nin Qazaxstan fılialalı ilə əmək müqaviləsi imzalanaraq aylıq əmək haqqı 650000 tenqe olmaqla iqtisadçı vəzifəsinə işə qəbul olunmuş və həmin müqavilə üzrə 5200 manat məbləğində ödənilməmiş əmək haqqı və mükafaq qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı X1 nümayəndəsi vəkili Vəkil iddianı müdafiə edərək, izahatında xidməti müqavilə (2958 manat aylıq əmək haqqı) üzrə 14.01.2020-ci il tarixdən 27.08.2020-ci il tarixədək olan dövr üçün cəmi 1048 manat ödənildiyini, 22616 manat (23664-1048) məbləğində vəsaitin ödənilmədiyini, bununla yanaşı 27.08.2020-ci il tarixli əmək müqaviləsinə görə ******* tenqe, yəni 5200 manat məbləğində ödənilməmiş borcun qaldığını bildirmişdir. Odur ki məhkəmədən qeyd olunanları nəzərə alaraq, tələbin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X5 iddianı müdafiə edərək, Vəkil ilə eyni məzmunlu izahat vermiş və əlavə olaraq birdirmişdir ki, xidməti müqaviləyə görə cəmi 1048 manat, həmçinin əmək müqaviləsinə görə isə sentyabr ayı üçün əmək haqqı və mükafat kimi ******* tenqe, yəni 5200 manat məbləğində vəsait ödənilmişdir. Odur ki məhkəmədən qeyd olunanları nəzərə alaraq, tələbin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin izahatında bildirmişdir ki, cəmiyyətlə onun arasında işlərin təhvil-təslim aktlarının tərtib edilməsi nəzərdə tutulmamışdır, çünki o, mühafizə xidmət rəisi vəzifəsində çalışdığından əsas vəzifəsi Qazaxıstan Respublikasında olan layihə üzrə obyektlərin və mal-materialların mühafizəsinin təşkili və nəzarəti olmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə iddianı qəbul etməyək izahatında X5 tərəfindən görülən işlərin təhvil-təslim aktları olmadığından, həmçinin iddiaçı tələbi ilə bağlı məhkəməyə kifayət qədər sübutların təqdim edilmədiyindən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində 01.07.2019-cu il tarixli "xxxx" ASC ilə arasında bağlanmış xidməti müqaviləyə əsasən Qazaxıstan Respublikasında cəmiyyətin Almatı layihəsində işçi qismində fəaliyyət göstərdiyini, X1 da, 2020-ci ilin təxminən yanvar ayından həmin ilin noyabr ayınadək orada işlədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində Qazaxıstan Respublikasında cəmiyyətin Almatı layihəsində işçi qismində fəaliyyət göstərdiyini, X1 da, 2020-ci ilin təxminən yanvar ayından həmin ilin noyabr ayınadək orada işlədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 şahid X2 ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 14 yanvar 2020-ci il tarixli AX-FS 20/002 nömrəli xidməti müqavilənin surətindən görünür ki, həmin müqavilə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyasi" ASC ilə X5 arasında bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, icraçı sifarişçinin Qazaxıstan Respublikasında icrasını həyata keçirdiyi Almatı layihəsində obyektlərin və mal materialların mühafizəsi üzrə işlərin icrasını və nəzarətini öz üzərinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən, sifarişçi icraçıya 1 (bir) ay üçün 2958 manat xidmət haqqı ödəyir. 27.08.2020-ci il tarixli 227 nömrəli əmək müqaviləsinin və 27.08.2020-ci il tarixli 493 nömrəli əmrin surətindən görünür ki, "xxxx" ASC-nin Qazaxıstan filialı ilə X5 əmək müqaviləsi imzalamış və X5 aylıq əmək haqqı 650 000 tenqe olmaqla iqtisadçı vəzifəsinə işə qəbul olunmuşdur. 01 iyul 2019-cu il tarixli ASFX 18/450 nömrəli xidməti müqavilənin surətindən də görünür ki, həmin müqavilə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyasi" ASC ilə X8 arasında Qazaxıstan Respublikasında “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyasi" ASC-nin icrasını həyata keçirdiyi Almatı layihəsi ilə bağlı bağlanmışdır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1-ci maddələri). Məhkəmədə tədqiq edilən sənədlərə, izahatlara və ifadələrə əsasən müəyyən edilmişdir ki, 14.01.2020-ci il tarixdə "xxxx" ASC ilə X5 arasında xidməti müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı 26.08.2020-ci il tarixədək (27.08.2020-ci il tarixdə iddiaçı ilə yeni əmək müqaviləsi bağlanmış) cəmiyyətin Qazaxıstan Respublikasında icrasını həyata keçirdiyi Almatı layihəsində obyektlərin və mal-materialın mühafizəsi üzrə işlərin icrasına nəzarəti həyata keçirmiş, əmək haqqı ayda 2958 manat məbləğində olmuşdur. X4 7 ay (2958x7=20706) 12 gün (2958:30x12=1183,20) üçün cəmi 21889,20 manat məbləğində vəsait ödənilməli olduğu halda, 1048 manat (iddiaçının izahatına əsasən) ödənilmiş, 20841,20 manat məbləğində pul ödənilməmiş qalmışdır. Cavabdeh iddianı ümumiyyətlə qəbul etməsə də, məhkəmə qeyd edir ki, X1 14.01.2020-ci il tarixdən 26.08.2020-ci il tarixədək xidməti müqaviləyə əsasən Almatı layihəsində mühafizə xidmətində işlədiyi həm təqdim edilən sənədlərlə, həm də şahid ifadələri ilə təsdiq edilmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının xidməti müqavilə ilə bağlı olan tələb qismən təmin edilməli və 14.01.2020-ci il tarixdən 26.08.2020-ci il tarixədək olan dövr üçün cavabdehdən ödənilməyən 20841,20 manat məbləğində pul tutularaq X4 ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, 27.08.2020-ci il tarixli əmək müqaviləsi üzrə ödənilməmiş əmək haqqı və pul mükafatı kimi 5 200 manat və həmin məbləğin gecikdirilməsinə görə 11024 manatın, həmçinin mənəvi ziyana görə 20000 manat tələbi ilə bağlı X1 iddiası rədd edilməlidir. Belə ki, əmək müqaviləsinə əsasən iddiaçının aylıq əmək haqqı 650000 tenqe təşkil etmiş və 2 ayın əmək haqqısı olan ******* tenqe (faktiki 1320000) iddiaçıya ödənilmiş, iddiaçı X5 isə sentyabr və oktyabr aylarında cəmi ******* (650000+650000) tenqe məbləğində mükafatlandırıldığı barədə, həmçinin mənəvi ziyanla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və xidməti müqavilə üzrə 14.01.2020-ci il tarixdən 26.08.2020-ci il tarixədək olan dövr üçün ödənilməmiş 20841,20 manat məbləğində pul "xxxx" ASC-dən tutularaq X4 ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında Qanunun 9.1.1-ci maddəsinə əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olduqlarına görə 30 manat məbləğində dövlət rüsumu "xxxx" ASC-dən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Xidməti müqavilə üzrə 14.01.2020-ci il tarixdən 26.08.2020-ci il tarixədək olan dövr üçün ödənilməmiş 20841,20 manat məbləğində pul "xxxx" ASC-dən tutularaq X4 ödənilsin. İddia digər hissədə rədd edilsin. Cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyasi" ASC-dən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar