Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2135/2024 19.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh2 (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SİF105 saylı kredit müqaviləsinə əsasən 55640,37 (əlli beş min altı yüz qırx manat otuz yeddi qəpik) manat əsas borc, 4826,09 (dörd min səkkiz yüz iyirmi altı manat doqquz qəpik) manat hesablanmış faiz borcu, 1562,15 (bir min beş yüz altmış iki manat on beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 62028,61 (altmış iki min iyirmi səkkiz manat altmış bir qəpik) manat, K5591 saylı kredit müqaviləsinə əsasən 37,604,26 (otuz yeddi min altı yüz dörd manat iyirmi altı qəpik) manat əsas borc, 3327,87 (üç min üç yüz iyirmi yeddi manat səksən yeddi qəpik) manat hesablanmış faiz borcu, 1047,82 (bir min qırx yeddi manat səksən iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 41979,95 (qırx bir min doqquz yüz yetmiş doqquz manat doxsan beş qəpik) manat məbləğində borcun və 395 (üç yüz doxsan beş) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh2 (bundan sonra “Borcalan”) arasında xx.xx.2021-ci il tarixli SİF105 saylı kredit müqaviləsi və həmin müqavilə üzrə xx.xx.2021-ci il tarixli öhdəlik müqaviləsi imzalanmış və kreditor Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun (bundan sonra – Fond) 20 oktyabr 2021-ci il tarixli ZM-2071/2021 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə borcluya illik 15% faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə 150000 (bir yüz əlli min) manat məbləğində kredit verilmişdir. Bundan əlavə xx.xx.2021-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.4 saylı versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC/SE/11038 saylı razışlaşma imzalanmışdır. Həmin razılıq ərizəsinin imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Həmin ümumi şərtlər toplusunun çərçivəsində K5591 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2024-cü il tarixədək nominal illik faiz dərəcəsi 16%, kreditin illik cərimə faizi 15%, kredit müddəti bitdikdən sonra illik cərimə faizi 31% olmaqla, cəmi 50000 (əlli min) manat məbləğində dövriyyə vəsaitinin artırılması məqsədilə birdəfəlik kredit ayrılmışdır. Lakin borcalan müqavilə üzrə öhdəliklərini 236 və 274 gün icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək borcalan və zaminə xəbərdarlıq məktubları göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: SİF105 saylı kredit müqaviləsinə əsasən 55640,37 (əlli beş min altı yüz qırx manat otuz yeddi qəpik) manat əsas borc, 4826,09 (dörd min səkkiz yüz iyirmi altı manat doqquz qəpik) manat hesablanmış faiz borcu, 1562,15 (bir min beş yüz altmış iki manat on beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 62028,61 (altmış iki min iyirmi səkkiz manat altmış bir qəpik) manat, gecikmə günü: 236 -K5591 saylı kredit müqaviləsinə əsasən 37604,26 (otuz yeddi min altı yüz dörd manat iyirmi altı qəpik) manat əsas borc, 3327,87 (üç min üç yüz iyirmi yeddi manat səksən yeddi qəpik) manat hesablanmış faiz borcu, 1047,82 (bir min qırx yeddi manat səksən iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 41979,95 (qırx bir min doqquz yüz yetmiş doqquz manat doxsan beş qəpik) manat təşkil edir. Gecikmə günü: 274. Ümumi şərtlər toplusuna 4-cü bölümünün 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. SİF105 saylı kredit müqaviləsinin 3.1.5.1-ci bəndinə əsasən borclu davam edən 60 (altmış) gün ərzində ona verilmiş kredit üzrə əsas borc hissəsini və ona hesablanmış faizi ödəniş cədvəli üzrə ödəmədikdə kreditor müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunun ödənilməsini borcludan tələb edə bilər.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi İ.Abdullayev iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iş üzrə aparılmış ekspertiza nəticəsində verilmiş ekspert rəyinin mötəbər sübut qismində qəbul edilməməsini xahiş edir, belə ki, ekpert tərəfindən aparılmış hesablamalar müqavilə şərtləri nəzərə alınmadan edilmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə və üçüncü şəxs Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fonduna lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, cavabdeh məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin gəlməməsinin səbəbinin üzrlü olmasına dair hər hansı sübut təqdim etməmişdir.
5. Məhkəmə iclasının cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
7. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.4 saylı versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC/SE/11038 saylı razışlaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir.
9. İddiaçı ilə cavabdeh arasında K5591 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2024-cü il tarixədək nominal illik faiz dərəcəsi 16%, kreditin illik cərimə faizi 15%, kredit müddəti bitdikdən sonra illik cərimə faizi 31% olmaqla, cəmi 50000 (əlli min) manat məbləğində dövriyyə vəsaitinin artırılması məqsədilə birdəfəlik kredit ayrılmışdır. 10.İddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli, SİF105 saylı kredit müqaviləsi və həmin müqavilə üzrə xx.xx.2021-ci il tarixli öhdəlik müqaviləsi imzalanmış və kreditor Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun 20 oktyabr 2021-ci il tarixli ZM- 2071/2021 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə borcluya illik 15% faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə 150000 (bir yüz əlli min) manat məbləğində kredit verilmişdir.
11. Müqavilənin 7.1-ci bəndinə əsasən Borclu bu müqavilə üzrə hesablanmış faizləri kreditin illik faiz dərəcəsindən Fond tərəfindən ödəniləcək faiz subsidiyası üzrə 7.5 % faiz bəndi çıxıldıqdan ödəniş cədvəlinə uyğun olaraq ödəyir. 12.İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli PB/PBL-OUT-00061-2024/6 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya olan borcu SİF105 saylı kredit müqaviləsinə əsasən 55640,37 manat əsas borc, 4826,09 manat faiz borcu, 1562,15 manat cərimə borcu olmaqla, cəmi 62028,61 manat, K5591 saylı kredit müqaviləsinə əsasən 37604,26 manat əsas borc, 3327,87 manat faiz borcu, 1047,82 manat cərimə borcu olmaqla, cəmi 41979,95 manat təşkil edir.
13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3411 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, iş materiallarında olan çıxarış məlumatları, xx.xx.2021-ci il tarixli, SİF 105 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh2 xx.xx.2023-cü il tarixə (maliyyə arayışında göstərilən tarix) İddiaçı ASC-yə olan borcu - əsas borc üzrə 56406,24 manat, faiz borcu üzrə 5075,75 manat, K5591 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2023-cü il tarixə əsas borc 36674,98 manat, faiz borcu 2445 manat, xx.xx.2024-cü il tarixə əsas borc 36674,98 manat, faiz borcu 4352.10 manat müəyyən edilmişdir. Qeyd edilmişdir ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli, SİF 105 saylı kredit müqaviləsi və K5591 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi əlaqədar məlumat olmadığı üçün Cavabdeh2 cərimə hesablanmadı. 14.İş üzrə təyin edilmiş təkrar məhkəmə mühasibatlıq ekspertizası nəticəsində verilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7781 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, xx.xx.2021-ci il tarixli, SİF 105 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə olan borcu - əsas borc üzrə 55640,27 manat, faiz borcu üzrə 3616,26 manat, xx.xx.2023-cü il tarixə olan əsas borcu 55649,27 manat, faiz borcu 3824,91 manat, K5591 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2023-cü il tarixə əsas borc 36674,98 manat, faiz borcu 2445 manat, xx.xx.2024-cü il tarixə əsas borc 36674,98 manat, faiz borcu 4352.10 manat müəyyən edilmişdir.
15. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
16. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-cu maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
18. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
19. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
20. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının gecikdirilmiş borcun ödənilməsi ilə bağlı tələbi tərəflər arasında bağlanmış kredit müqavilələrindən irəli gəlir. Cavabdehin öz öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
21. İşin hallarından məlum olur ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2021ci il tarixli, SİF 105 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 150000 manat, K5591 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə isə 50000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh tərəfindən kredit müqavilələri üzrə üzərinə düşən öhdəliklər tam şəkildə icra edilməmiş, kredit müqavilələri üzrə əsas borc və faiz borcu iddiaçıya ödənilməmişdir.
22. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır.
23. Cavabdehin kredit müqavilələri üzrə əsas və faiz borcunun müəyyən edilməsi məqsədilə ilkin və təkrar məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmiş, keçirilmiş təkrar məhkəmə mühasibatlıq ekspertizası nəticəsində Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7781 nömrəli ekspert rəyi ilə Cavabdeh2 xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə olan borcu - əsas borc üzrə 55640,27 manat, faiz borcu üzrə 3616,26 manat, K5591 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2023-cü il tarixə əsas borc 36674,98 manat, faiz borcu 2445 manat müəyyən edilmişdir.
24. Məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq əsas borc və faiz borcunun məbləğləri göstərilən ekspert rəyinə uyğun müəyyən edilməli, cavabdehdən SİF105 saylı kredit müqaviləsinə əsasən 55,640.27 manat əsas borc, 3616,26 manat hesablanmış faiz borcu; K5591 saylı kredit müqaviləsinə əsasən 36674,98 manat əsas borc, 2445 manat hesablanmış faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
25. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı tərəflər arasında bağlanmış kredit müqavilələrinə əsasən hesablanmış cərimə məbləğlərinin tutulması tələbini də irəli sürmüşdür.
26. Məhkəmə hesab edir ki, cavabdehin müqavilələr üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə təmin edilməlidir.
27. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
28. Belə olan halda iddia tələbi bu hissədə təmin edilməli, cavabdehdən SİF 105 saylı kredit müqaviləsi üzrə 1562,15 manat, K5591 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə isə 1047,82 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir.
29. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, SİF105 saylı kredit müqaviləsinə əsasən 55640,27 manat əsas borc, 3616,26 manat hesablanmış faiz borcu, 1562,15 manat cərimə borcu, K5591 saylı kredit müqaviləsinə əsasən 36674,98 manat əsas borc, 2445 manat hesablanmış faiz borcu, 1047,82 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 391 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 4 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
32. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərcinə dair bildirişlərdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri 200 (100 manat +100 manat) manat təşkil edir.
33. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
V. Nəticə:
36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 SİF105 saylı kredit müqaviləsinə əsasən 55640,27 manat əsas borc, 3616,26 manat faiz borcu, 1562,15 manat cərimə borcu; K5591 saylı kredit müqaviləsinə əsasən 36674,98 manat əsas borc, 2445 manat faiz borcu, 1047,82 manat cərimə borcu, 391 manat dövlət rüsumu, ümumilikdə 101377,48 (bir yüz bir min üç yüz yetmiş yeddi manat qırx səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 4 (dörd) manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 200 (iki yüz) manat ekspertiza xərci Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova