Məhkəmə qərarları › İş №e-2-2(113)-2138/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2138/2022

10.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2138/2022 10.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, Cavabdeh “X3 X4 Professional Excellence” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh “X3 X4 Professional Excellence” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddiaçı və cavabdeh arasında xx.xx.2020-ci il tarixində bağlanmış Ofis icarəsinə dair müqaviləyə əsasən, cavabdehdən iddiaçının xeyrinə ödənilməmiş icarə haqqı üzrə 32.229,99 manat məbləğində əsas, 5.801,40 manat məbləğində ƏDV və 3.800,00 manat məbləğində cərimə borcu olmaqla cəmi 41.831,39 manat məbləğində icarə haqqı borcu, habelə 200 manat məbləğində mediasiya xərclərin və 16 manat məbləğində ödənilmiş dövlət rüsumun ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddiaçı və cavabdeh arasında xx.xx.2020-ci il tarixində bağlanmış Ofis icarəsinə dair müqaviləyə əsasən, cavabdehdən iddiaçının xeyrinə ödənilməmiş icarə haqqı üzrə 32.229,99 manat məbləğində əsas, 5.801,40 manat məbləğində ƏDV və 3.800,00 manat məbləğində cərimə borcu olmaqla cəmi 41.831,39 manat məbləğində icarə haqqı borcu, habelə 200 manat məbləğində mediasiya xərclərin və 16 manat məbləğində ödənilmiş dövlət rüsumun ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixində iddiaçı və cavabdeh "xxxx" arasında bağlanan ofis icarəsinə dair müqavilənin ayrılmaz hissəsi olan, 1 saylı Əlavəsinə əsasən, "xxxx" MMC xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək 350 kv.m. sahəsinin icarəsinə görə 6.500 AZN+18% ƏDV aylıq icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Daha sonra həmin müqavilənin ayrılmaz hissəsi olan, 23 iyun 2021-ci il tarixli 2 saylı Əlavəsinə əsasən, "xxxx" MMC 50 kv.m ofis sahəsinə köçdüyünə görə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək aylıq 1.100 AZN+18% ƏDVolan icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Ödəniş 1 (bir) aylıq olmaq şərti ilə aylıq hesab faktura və elektron qaimə təqdim olunan gündən 10 gün ərzində nağd və ya köçürmə yolu ilə ödənilməlidir. Daha sonra "xxxx" MMC kommersiya hüquqi şəxsin adı və ünvanı dəyişdirilmişdir və hazırda “X3 X4 Professional Excellence” MMC adını daşıyır və ünvan 1 ünvanında yerləşir. İcarə müqaviləsinin 4.2-ci maddəsinin (a) bəndinə əsasən, İcarəçi Əlavə 1-də göstərilən qaydada və vaxtda icarə haqqını ödəməlidir. Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə 1-in 1.1-ci madəsinə əsasən, İcarəyə verən binanın 10-cu mərtəbəsində yerləşən 350 kv.m. Sahəni İcarəçiyə icarəyə verir. Əlavə 1-in 2.1-ci maddəsinə əsasən, İcarəçi xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək 6.500 AZN+18% ƏDV olan aylıq icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Ödəniş 1 (bir) aydan bir olmaq şərti ilə hesab-faktura təqdim olunan gündən 10 gün ərzində nağd və ya köçürmə yolu ilə ödənilməlidir. Müqavilənin 3.1-ci maddəsinin (f) bəndinə əsasən, İcarəçi tərəfindən icarə haqqının ödənilməsi hesab-faktura və elektron qaimə təqdim edildiyi gündən etibarən 15 (on beş) gündən çox gecikdirildikdə İcarəçiyə binanın istifadəsi Texniki xidmətlərdən yararlanmada məhdudiyyətlər qoya bilər. Elektron qaimələrin siyahısından görünür ki, cavabdehlə iddiaçı arasında icarə müqavilə münasibətləri mövcud olmuşdur və cavabdeh 574581 saylı, xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə cavabdeh tərəfindən avqust ayı üçün cəmi 7.670, 00 manat icarə haqqı ödənilmişdir, 540328 saylı, xx.xx.2020ci il tarixli elektron qaimə üzrə cavabdeh tərəfindən sentyabr ayı üçün cəmi 7.670, 00 manat icarə haqqı ödənilmişdir, 074260 saylı, xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə cavabdeh tərəfindən oktyabr ayı üçün cəmi 7.670,00 manat icarə haqqı ödənilmişdir, 405050 saylı, xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə cavabdeh tərəfindən noyabr ayı üçün cəmi 4.500,00 manat icarə haqqı ödənilmişdir. Ümumilikdə cavabdeh tərəfindən 27510 manat məbləğində icarə haqqı ödənilmişdir. 657250 saylı xx.xx.2020-ci il tarixli dekabr ayı üçün, 134509 saylı xx.xx.2021-ci il tarixli yanvar ayı üçün, 310333 saylı xx.xx.2021-ci il tarixli fevral ayı üçün, 105373 saylı xx.xx.2021-ci tarixli mart ayı üçün, 769399 saylı xx.xx.2021-ci il tarixli aprel ayı üçün elektron qaimələr üzrə isə cavabdeh tərəfindən hər hansı ödəniş edilməmişdir. Hazırki müqavilə üzrə elektron qaimələr və hesab kartından göründüyü kimi cavabdehin 2020-ci ilin noyabr, dekabr, 2021-ci ilin yanvar, fevral, mart və aprel ayları olmaqla 6 ay üçün (noyabr – 2686,44 əsas borc+483,56 ƏDV= 3170 manat, dekabr – 6.500 əsas borc+1170 ƏDV = 7670 manat, yanvar – 5525 əsas borc+994,50 ƏDV= 6519,50 manat, fevral – 6.500 əsas borc+1170 ƏDV = 7670 manat, mart – 4518,55 manat +813,34 ƏDV= 5331,89 manat, aprel – 6.500 əsas borc+1170 ƏDV= 7670 manat) cəmi 32.229,99 manat əsas borc, 5.801,40 manat ƏDV borcu, ümumilikdə 32.229,99+5.801,40=38.031,39 manat icarə haqqı borcu mövcuddur. Hazırkı müqavilənin 5.1-ci maddəsinə əsasən, İcarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə hər gecikdirilmiş gün üçün icarə haqqının 1 faizini ödəməlidir. Belə ki, cavabdehin icarə haqqını gecikdirməyə görə 3.800,00 manat cərimə borcu vardır. Bununla bağlı cavabdehlə dəfələrlə görüşləri, şifahi və telefon danışıqları olsa da heç bir nəticəsi olmamışdır. İddiaçı tərəfindən cavabdehə “Mediasiya prosesin tətbiqi barədə Təklif” göndərilmişdir. Lakin, cavabdeh tərəfindən həmin Təklif 10 gün ərzində qəbul edilmədiyindən iddiaçı Mediasiya Şurasına müraciət etmişdir. Cavabdehin “İlkin mediasiya sessiyasından sonra prosesində iştirak edilməməsi barədə” 03 fevral 2022-ci il tarixli Arayış iddiaçıya verilmiş və mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərcləri ödənilmişdir. Eyni zamanda 07 aprel 2022-ci il tarixində iddiaçı tərəfindən cavabdehə elektron məhkəmə portalı vasitəsilə Pretenziya məktubu göndərilmiş və 4 gün müddətində müqavilə öhdəliklərinin icra olunması tələb edilmişdir. Lakin bu günə kimi cavabdeh tərəfindən heç bir ödəniş edilməmiş, zənglərə də cavab verilməmişdir. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 əvvəl keçirilmiş məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs 2021-ci ilin iyun ayında həmin yerdən çıxmışdır. 2021-ci ilin sentyabr ayında 4500 manat, daha sonra 6500 manat 2021-ci ilin sentyabr ayında ödəniş olmuşdur. Cavabdehin hazırda iddiaçıya qarşı yeni iddiası olacaq, cavabdehin özünün əmlakları iddiaçının ofisində qalmışdır. İddiaçı cavabdeh şəxsə əmlakları götürməyə icazə vermir ki, iş məhkəmədədir. Hesab edir ki, iddia əsassızdır. Sonda cavabdehin nümayəndəsi iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, iddiaçı ünvan 2 ünvanında "Caspiən Plaza"da İİİ Plazanın 10-cu mərtəbəsində yerləşən 350 kv.metr ofis sahəsini, icarə haqqı qarşılığında cavabdehə icarəyə verməyi, cavabdeh isə xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 6500 manat + 18% ƏDV olan aylıq icarə haqqını ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2020-ci ildə bağlanmış icarə müqaviləsinə edilmiş dəyişikliklər haqqında 23 iyun 2021-ci il tarixli 2 saylı Əlavədən görünür ki, cavabdeh xx.xx.2021-ci il tarixindən İİİ Plazanın 10-cu mərtəbəsində yerləşən 350 kv.metr ofis sahəsindən İİ Plazanın 4-cü mərtəbəsində yerləşən 50 m2 ofis sahəsinə köçməyi, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci tarixinədək aylıq 1100 AZN+18% ƏDV olan icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Yanvar 2020-dekabr 2022-ci il tarixlər üzrə 211.01 saylı Hesab kartından görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində cavabdehin icarə haqqı məbləği 65541,39 manat təşkil etmiş, cavabdeh tərəfindən 27510 manat məbləğində ödəniş edilmiş, cavabdehin iddiaçıya 38031,39 manat icarə haqqı borcu qalmışdır. 9 ədəd elektron qaimədən görünür ki, cavabdehin xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində icarə haqqı məbləği 65541,39 manat təşkil etmişdir. 12 ədəd qəbzdən görünür ki, cavabdeh tərəfindən iddiaçıya icarə haqqına görə 41800 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5591 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtlərinə əsasən, həmçinin tədqiqata təqdim edilmiş sənədlərin düzgünlüyü məhkəmə tərəfindən nəzərə alındığı təqdirdə cavabdeh "xxxx" MMC-nin İddiaçı MMC-yə 23.741,39 (ƏDV daxil) manat (65.541,39 manat - 41.800,00 manat) məbləğində icarə haqqı üzrə borc qalığının olduğu müəyyən edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələri və vəkillərinin izahatlarını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli icarə müqaviləsi bağlanmış və icarə müqaviləsinə əsasən iddiaçı ünvan 2 ünvanında "Caspiən Plaza"da İİİ Plazanın 10-cu mərtəbəsində yerləşən 350 kv.metr ofis sahəsini, icarə haqqı qarşılığında cavabdehə icarəyə verməyi, cavabdeh isə xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 6500 manat + 18% ƏDV olan aylıq icarə haqqını ödəməyi öhdələrinə götürmüşlər. Sonra tərəflərin razılığı ilə 23 iyun 2021-ci il tarixli 2 saylı Əlavəyə əsasən icarə müqaviləsinə dəyişiklik edilmiş və dəyişikliyə əsasən cavabdeh xx.xx.2021-ci il tarixindən İİİ Plazanın 10-cu mərtəbəsində yerləşən 350 kv.metr ofis sahəsindən İİ Plazanın 4-cü mərtəbəsində yerləşən 50 m2 ofis sahəsinə köçməyi, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci tarixinədək aylıq 1100 manat+18% ƏDV olan icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinə görə iddiaçı öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən ofis sahəsini cavabdehə icarəyə vermiş, cavabdeh isə müqavilə üzrə öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyindən, icarə müqaviləsində nəzərdə tutulan müddətdə icarə haqqını tam ödəmədiyindən və bu hallar iş materialları ilə təsdiq olunduğundan iddia icarə haqqı borcunun tələb olunması hissəsində əsaslıdır. Borcun məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən icarə müqaviləsinə əsasən əsas borc üzrə 32.229,99 manat, ƏDV üzrə 5.801,40 manat, cəmi 38031,39 manat tələb etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5591 saylı ekspert rəyi ilə cavabdehin iddiaçıya ödəməli olduğu borc ƏDV daxil 23.741,39 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya ödəməli olduğu ƏDV daxil 23.741,39 manat məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmaqla iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 5.1-ci maddəsinə əsasən, İcarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə hər gecikdirilmiş gün üçün icarə haqqının 1 faizini ödəməlidir. Lakin məhkəmə hesab edir ki, tələb olunan 3.800 manat dəbbə pulu məbləği yaranmış 38031,39 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 1000 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddiaçı ödənilmiş 200 manat məbləğində mediasiya xərcini və əlavə ödənilmiş 16 manat dövlət rüsumunu cavabdehdən tələb etdiyini, iş üzrə dövlət rüsumu məbləğinin 216 manat olmasını və iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 59,14 faizini təşkil etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, mediasiya xərcinə görə 127,74 manat (216 manat (mediasiya xərci + dövlət rüsumu) – 88,26 manat (dövlət rüsumunun iddiaçıya aid edilməli olan hissəsi) = 127,74 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixində bağlanmış Ofis icarəsinə dair müqaviləyə əsasən icarə haqqı üzrə ƏDV daxil 23741,39 manat məbləğində borc və 1000 manat məbləğində cərimə, mediasiya xərcinə görə 127,74 manat, cəmi 24869,13 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 145 manat məbləğində ekspertiza xərclərinin 85,75 manat məbləği cavabdehdən, qalan 59,25 manat məbləği isə iddiaçıdan tutulmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə “X3 X4 Professional Excellence” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2020-ci il tarixində bağlanmış Ofis icarəsinə dair müqaviləyə əsasən icarə haqqı üzrə ƏDV daxil 23741,39 manat məbləğində borc və 1000 manat məbləğində cərimə, mediasiya xərcinə görə 127,74 manat, cəmi 24869,13 manat “X3 X4 Professional Excellence” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 145 manat məbləğində ekspertiza xərclərinin 85,75 manat məbləği cavabdeh “X3 X4 Professional Excellence” Məhdud Məsuliyyətli Cəmiyyətindən, qalan 59,25 manat məbləği isə İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000000 3944 SWİFT BİK CTREAZ 22.AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar