Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2139/2022 22.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Xəlil Ülkər Abdurahman qızının katibliyi, İddiaçının nümayəndəsi X1, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqaviləyə xitam verilməsi və nəqiyyat vasitəsinin qaytarılması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “müqaviləyə xitam verilməsi və nəqiyyat vasitəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 11 avqust 2021-ci il tarixli C-054-B-PCC- 21 № li avtomobilin müddətli satışı üzrə müqaviləyə xitam verilməsi, Chevrolet Trax minik markalı, **-PC-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin qaytarılması, 22 manat dövlət rüsumu və 210 manat məbləğində çəkilmiş mediasiya xərcinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 11 avqust 2021-ci il tarixli C-054-B-PCC-21 № li müqaviləyə əsasən iddiaçı ilə cavabdeh arasında avtomobilin müddətli satışı üzrə muqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı 2019-cu il istehsalı olan Chevrolet Trax minik markalı, **-PC-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini cavabdehə satmışdır. Satılan nəqliyyat vasitəsinin dəyəri ƏDV daxil olmaqla 32859,75 manat olmuşdur. Cavabdeh tərəfindən ilkin ödəniş kimi 2200 manat məbləğində pul iddiaçıya ödənilmişdir. Qalan 30659,75 manat məbləğində pulun 12 ay müddətində hissəhissə olmaqla ödənilməsi haqqında tərəflər arasında razılıq əldə edilmişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini bir müddət icra etsə də, sonradan müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini icra etməmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehlə dəfələrlə danışıqlar aparılmasına və xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh ödəməli olduğu borc məbləğini ödəməmişdir. Bundan sonra iddiaçı borcun ödənilməsi ilə bağlı pretenziya məktubu ilə cavabdehə müraciət etmişdir. Lakin pretenziyanı aldıqdan sonra da cavabdeh bu günə qədər ödəməli olduğu borc məbləğini ödəməmişdir və ödəməkdən imtina edir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi N.Salmanov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəməyə müraciət edildikdən sonra da hazırkı müqavilə üzrə cavabdeh tərəfindən hər hansı ödəniş edilməmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də Məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 11 avqust 2021-ci il tarixli C-054-B-PCC-21 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi sayılan 01 nömrəli əlavəsində göstərilmiş spesifikasiyaya uyğun 1 ədəd 2018-ci il istehsalı olan Chevrolet Trax ağ rəngli (Ban nömrəsi: KL1BD7659JB645886, mhərrik nömrəsi F18D1********) markalı avtomobili texniki tam saz halda alıcının mülkiyyətinə verir, alıcı isə bu işin müqabilində razılaşdırılmış məbləği satıcıya ödəyir və avtomobili qəbul edir. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin ümumi məbləği ƏDV daxil olmaqla 32859,76 manat təşkil edir. Bu müqavilənin ümumi məbləğinin 2200 manat məbləğində hissəsi ilkin ödəniş kimi müqavilə qüvvəyə mindikdən sonra satıcı tərəfindən təqdim edilmiş hesab-fakturaya əsasən 10 bank günü ərzində satıcının bu müqavilənin 9-cu hissəsində göstərilən hesablaşma hesabına alıcı tərəfindən ödənilir. Qalan 30659,76 manat məbləğində pul alıcı tərəfindən hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 02 saylı əlavəyə əsasən satıcıya ödənilməlidir. Sözügedən müqaviləyə 02 saylı xx.xx.2021-ci il tarixli Əlavədə müqavilə üzrə cavabdehin aylar üzrə ödəməli olduğu ödənişlər öz əksini tapmışdır. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 09 mart 2022-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdən 11 avqust 2021-ci il tarixli C-054-B-PCC-21 nömrəli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 30354 manat məbləğində borcunun 10 aprel 2022-ci il tarixədək ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 11 avqust 2021-ci il tarixli C-054-B-PCC-21 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 32859,75 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının cavabdehdən alqı-satqı müqaviləsinin predmeti olan malın qaytarılmasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış 11 avqust 2021-ci il tarixli C-054-B-PCC-21 nömrəli alqı-satqı müqaviləsinə xitam verilməklə nəqliyyat vasitəsi cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 11 avqust 2021-ci il tarixli C-054-B-PCC-21 № li avtomobilin müddətli satışı üzrə müqaviləyə xitam verilməli, cavabdehdən Chevrolet Trax minik markalı **-PC-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 232 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 11 avqust 2021-ci il tarixli C- 054-B-PCC-21 № li avtomobilin müddətli satışı üzrə müqavilə ləğv edilsin. Cavabdeh MMC-dən Chevrolet Trax minik markalı **-PC-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi alınaraq İddiaçı MMC-yə verilsin. Ödənilmiş 232 (iki yüz otuz iki) manat məbləğində dövlət rüsumu Cavabdeh MMCdən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2139/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2139/2022
22.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver