Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2143/2021 11.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” ASC-nə qarşı “borcun silinməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC cavabdeh “xxxx” ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02/3-5053 saylı abunə kodu üzrə əsassız hesablanmış 4638,60 manat məbləğində borcun cavabdeh «xxxx» İstehsalat Birliyi tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı istifadəsində olan Bakı şəhəri Qaradağ rayonunun Güzdək qəsəbəsində yerləşən daş karxanasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 24 mart 2021-ci il tarixdə cavabdeh təşkilatın nümayəndələri 009022 saylı akt tərtib edərək həmin aktda “...sayğac “C” fazasından keçən yükü qeyd etmir. Belə ki, “C” fazası üzərində quraşdırılmış cərəyan transfarmotorundan sayğacın “C” fazasına cərəyan daxil olmur.” kimi qeydlər aparılmışdır. Bundan təxminən 2 gün sonra “xxxx” ASC Enerji Satış Departamenti 26 mart 2021-ci il tarixdə ********* saylı hesab ödəniş vərəqi ilə iddiaçıya müraciət edərək istifadə edilmiş elektrik enerjisinin sərfinə görə 26 mart 2021-ci il tarixədək 4638,60 manat borcun olması bildirilmiş, həmin borcun ödənilməsi qeyd edilmişdir. Sayğaca qeyd edilən müdaxilə iddiaçı hüquqi şəxsin əməkdaşları tərəfindən edilməmişdir, bu barədə cavabdeh təşkilatın nümayəndələri hüquqi şəxsə hər hansı irad bildirməyiblər. Aktda göstərilənlər qüsurlar hər hansı kənar təsir nəticəsində, eyni zamanda sayğacda yaranmış problem nəticəsində mümkün ola bilər. Eyni zanamda həmin ərazidə bu sahəyə bələd olmayan adamın sayğaca müdaxilə etməsi qeyrimümkündür. Cavabdeh təşkilat tərəfindən hüquqi şəxsə rəsmi olaraq sayğaca müdaxilə etməyi, bunun nətəcəsinə hüquqi şəxsə borc və cərimə hasablanması, həmin borc və cərimənin ödənilməsi tələb edilməmiş, yalnız 26 mart 2020-ci il tarixli xəbərdarlıq edilmişdir. Lakin, sayğaca müdaxilə olubsa belə, həmin müdaxilə hüquqi şəxs tərəfimdən olmayıb. İstinad edilən aktda hüquqi şəxsdən tələb olunan pulun sənaye və məişət sayğaclarının kalibirləmə laboratoriyasında yoxlanılmasının nəticələri gözlənilmədən hesablandığını bildirmək mümkündür. hüquqi şəxsə hesablanmış borc və yönəlmiş tələb qeyri-mötəbər və ziddiyyətli sənədlərlə əsaslandırılmış, həmçinin sayğaca müdaxilənin, bunu hüquqi şəxsin qəsdən yol verdiyi qanunsuz hərəkətlərin səbəb olduğu sübut edilməmişdir. Əksinə, normativ hüquqi aktların tələblərinə əsasən iddiaçının sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi istehsalçı daşımışdır. Yaranmış vəziyyətdə hüquqi şəxsin istifadəsində olan sayğaca qanunsuz müdaxilə etməyi və bunun nəticəsində aktın tərtib olunmasından bir neçə gün sonra borcun olmamasına baxmayaraq abonent hesabına tələbdə göstərilən həcmdə borcunun hesablanması, sayğacın yoxlanılmasının Qaydalarda müəyyən edilən tələblərə uyğun həyata keçirilməsivə sair bu kimi halları sübut etmək yükü cavabdehin üzərindədir. Bundan başqa 2010-cu il aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış "Sahibkarlıq sahəsində aparılan yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında" Fərmanda sahibkarların və istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə yoxlama prosedurunda əsaslı yeniliklər təsbit olunmuşdur. İlk növbədə yoxlamaların yalnız müvafiq reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməsinin mümkünlüyü vacib şərt kimi müəyyən edilmişdir. Bununla yanaşı, adıçəkilən sənəddə sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi barədə məlumatın əldə olunmasını təmin edən vahid məlumat reyestrinin yaradılması tapşırılmış, onun aparılması isə Ədliyyə Nazirliyinə həvalə edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X2 izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan 16.05.2012-ci il tarixli kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışdan görünür ki, “xxxx” MMC “xxxx” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin nizamnaməsinin surətindən görünür ki, “xxxx” MMC Bərəkət firmasının və “xxxx” MMC-nin birləşməsi nəticəsində yaranmışdır. İş materiallarında olan 24.03.2021 tarixli 009022 saylı akta əsasən 02/3-5053 saylı abunə kodu üzrə Bakı şəhəri, Qaradağ rayonu, Güzdək qəsəbəsində yerləşən daş karxanasına baxış zamanı sayğacın “C” fazasından keçən yükü qeyd etməməsi, “C” fazası üzərində quraşdırılmış cərəyan transfarmotorundan sayğacın “C” fazasına cərəyanın daxil olmaması müəyyən olunmuşdur. İş materiallarında olan 26 mart 2021-ci il tarixli icra vərəqindən görünür ki, 24.03.2021 tarixli 009022 saylı akta əsasən zərərin məbləği 4638,60 manat müəyyən olunmuşdur. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55.1-ci maddəsinə əsasən hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Həmin Məcəllənin 56.2-ci maddəsinə əsasən hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. Yuxarıda qeyd olunan normalara əsasən məhkəmə qeyd edir ki, 24.03.2021 tarixli 009022 saylı aktda “xxxx” MMC-nin adı qeyd edilsə də, qeyd olunan hüquqi şəxs “xxxx” MMC-nə qoşulmuş, sonuncu isə Bərəkət firması ilə birləşməklə “xxxx” MMC yaranmışdır və sonuncu adı çəkilən hüquqi şəxslərin hüquqi varisidir. Hazırda isə “xxxx” MMC “xxxx” MMC-nin adı qeyd edilmiş 24.03.2021 tarixli 009022 saylı akta əsasən hesablanmış olan borcun silinməsini tələb edir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “xxxx” ASC tərəfindən 02/3-5053 saylı abunə kodu üzrə 24.03.2021 tarixli 009022 saylı akta əsasən hesablanmış 4638,60 (dörd min altı yüz otuz səkkiz manat, altmış qəpik) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2143/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2143/2021
11.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver