Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2144/2022 07.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, iddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: iddiaçı "xxxx" QSC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə kimi Cavabdeh MMC-yə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 36 845,49 manat, 200 manat ödənilmiş dövlət rüsumu, cəmi 37 045,49 manat borcun Cavabdeh MMC-dən alınaraq "xxxx" QSC-yə ödənilsməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə kimi stansiya xidmətləri göstərilmiş və həmin xidmətlərə görə yığımlar hesablanmışdır. Belə ki, "xxxx" QSC-nin (ADY) X4 stansiyasında göstərilmiş xidmətlərə görə (“yüklərin qorunub saxlanılması”, “vaqonların dalan yoluna verilib-götürülməsi”, “dalan yolundan istifadə”, “yüklərin mühafizəsi”, “ADY-yə məxsus vaqonun (konteynerin) istifadəsi və s.) Cavabdeh MMC-yə 36 845,49 manat yığım hesablanmışdır. Bununla bağlı Cavabdeh MMC-yə xx.xx.2021-ci il tarixdə pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Ona görə də "xxxx" QSC pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.2.29-cu yarımbəndinə əsasən Cəmiyyətin fəaliyyət istiqamətlərindən biri də dəmir yolu daşımalarında (ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları) göstərilən xidmətlərin tariflərinin, yığımların, habelə tariflər üzrə güzəştlərin müəyyən edilməsidir. Cavabdeh iddiaya iddia müddətinin tətbiqi barədə ərizə vermiş və mübahisəyə Mülki Məcəllədə nəzərdə tutulmuş üç illik iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Bundan sonra cavabdeh yenidən iddia müddətinin tətbiqi barədə ərizə vermiş və ərizəsində göstərmişdir ki, sonuncu məhkəmə iclasında iddiaçının nümayəndəsi xidmət haqlarının hesablanmasını həm yüklərin boşaldılmasına görə, həm də stansiya xidmətlərinə görə hesablandığını bildirərək təqdim etdikləri və özlərinin təsdiq etdikləri arayışa istinad etmişdir. Əvvəlki ərizədə iddia müddəti öhdəliklərin icrası müddəti ilə əsaslandırılmışdır. Hazırda isə iddiaçı yüklərin doldurulub boşaldılmasına görə də xidmət haqqı hesabladığını iddia etdiyindən bu halda hazırkı ərizənin əsaslarına əlavə olaraq 1951-ci il tarixdən qüvvədə olan və Azərbaycan dövlətinin də qoşulduğu Razılaşmaya əsasən də iddia müddətinin ötürüldüyünü hesab edirlər. Belə ki, ADY-nin rəsmi veb səhifəsində yerləşdirilən həmin Razılaşmanın 48-ci maddəsinə əsasən yük daşıyana qarşı iddia müddəti 9 aydır. Beləliklə, cavabdeh həm beynəlxalq dəmir yol daşımalarına dair Razılaşmaya əsasən, həm də qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən iddiaçı hazırkı iş üzrə iddianın əsaslarından asılı olmayaraq iddia verilməsi üşüm nəzərdə tutulmuş müddəti ötürmüşdür. Bununla yanaşı ddiaçı təqdim etdiyi qaimələri sübut kimi istinad edərək hesab edir ki, elektron qaimələrin imtina edilmədiyi halda sistem tərəfindən qəbul edilməsi borcun olması kimi qəbul edilməlidir. Təmamilə əsassızdır. Belə ki, Nazirlər Kabinetinin xx.xx.2021-ci iltarixli 26 saylı Qərarı ilə təsdiq edilmiş “elektron qaimə fakturanın forması və tətbiqi, uşotu və istifadəsi” qaydalarının 1.2-ci bəndinə əsasən elektron qaimə faktura vergi orqanında uşotda olan şəxslərə göndərilən ilkin uşot sənədidir. Qaimə-faktura məhz malların, xidmətlərin alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər – qaimələr, qəbzlər, təhvil-ytəslim aktları və s. əsasında doldurulmalıdır. İddiaçının təqdim etdiyi elektron qaimə fakturada bunların heç biri yoxdur. Həmin qaimə fakturalar əsasında hər hansı ödənişin edilməsinə dair də heç bir sənəsd yoxdur. Bundan başqa AR Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarı ilə elektron fakturanın sübut olub-olmamasına yekun hüquqi qiymət verilmişdir. Həmin Qərarla müəyyən edilmişdir ki, “Bu baxımdan, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.” Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Ə.Hüseynbəyli əlavə olaraq bildirdi ki, iddiaçının iddia müddətinin ötürülməsi ilə bağlı istinad etdiyi hallar əsassızdır. Belə ki, əvvəla iddiaçıya daşınma xidmətləri deyil, stansiya xidmətləri göstərilmişdir. İkincisi, həmin xidmətlər indi də göstərilir, yəni münasibətlər davam edən münasibətlərdir. Eyni zamanda cavabdeh tərəfindən 2018-ci ilin dekabrında göstərilmiş xidmətlərə görə ödənişlər edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia müddətinin tətbiqi barədə ərizəsində qeyd edilənlərə uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Vəkil əlavə olaraq bildirdi ki, 2019-cu ilin yanvar-fevral aylarında iddiaçı tərəfindən onlara xidmət göstərilməmiş, eləcə də həmin xidmətlərə görə tərəflərindən ödənişlər edilməmişdir. İddiaçının birtərəfli qaydada tərtib etdiyi FDU-92 arayışları sübut qismində qəbul edilməməlidir. İş materiallarına əlavə edilmiş: xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövrü əhatə edən xx.xx.2019-cu il tarixli forma FDU-92 arayışından görünür ki, ödəyici Cavabdeh MMC-yə Hacı Zeynalabdin stansiyasında göstərilmiş stansiya xidmətlərinin dəyəri cəmi ƏDV daxil 20426,19 manat təşkil edir. xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövrü əhatə edən forma xx.xx.2019cu il tarixli FDU-92 arayışından görünür ki, ödəyici Cavabdeh MMC-yə Hacı Zeynalabdin stansiyasında göstərilmiş stansiya xidmətlərinin dəyəri cəmi ƏDV daxil 24.517,59 manat təşkil edir. xx.xx.2019-cu il-xx.xx.2022-ci illər ərzində "xxxx" QSC tərəfindən tərtib edilmiş Cavabdeh MMC-yə göstərilmiş stansiya xidmətlərinə görə tətbiq edilmiş yığımlardan yaranan debitor borc barədə arayışdan müəyyən edilir ki, Cavabdeh MMC-yə X4 stansiyasında 2019-cu ilin yanvar ayında dalan yolundan istifadəyə görə 59 manat, vaqonun dalan yoluna verilib götürülməsinə görə 899,16 manat, yüklərin qorunub saxlanmasına görə 5511,40 manat və ADDY-na məxsus vaqonun (konteynerin) istifadəsinə görə 5729,34 manat, cəmi ay ərzində göstərilmiş stansiya xidmətlərinə görə 12198,9 manat; 2019-cu ilin fevral ayında dalan yolundan istifadəyə görə 59 manat, vaqonun dalan yoluna verilib götürülməsinə görə 497,37 manat, yüklərin qorunub saxlanmasına görə 6230,40 manat və ADDY-na məxsus vaqonun (konteynerin) istifadəsinə görə 17.730,82 manat, cəmi ay ərzində göstərilmiş stansiya xidmətlərinə görə 24517,59 manat məbləğində borc hesablanmışdır. xx.xx.2019-cu il tarixli, EAAQ seriyalı, 527041 saylı elekron qaimədən görünür ki, "xxxx" QSC tərəfindən yanvar ayında göstərilmiş stansiya xidmətlərinə görə ƏDV daxil 20726,19 manat məbləğində elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. xx.xx.2019-cu il tarixli EAAR seriyalı, 675482 saylı elekron qaimədən görünür ki, "xxxx" QSC tərəfindən fevral ayında göstərilmiş stansiya xidmətlərinə görə ƏDV daxil 24517,59 manat məbləğinə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixə olan 39.435,06 manat məbləğində borcun 10 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə QSC-nin pozulmuş hüquqlarının müdafiəsi istiqamətində zəruri addımlar atılacağı bildirilmişdir. Əsaslandırıcı hissə: İşin halları ondan ibarətdir ki, iddiaçı "xxxx" QSC 2019-cu ilin yanvar-fevral aylarında Cavabdeh MMC-yə müxtəlif adda stansiya xidmətlərini göstərdiklərini, lakin həmin xidmətlərə görə yığımların cavabdeh tərəfindən ödənilmədiyini əsas göstərərək 36 845,49 manat məbləğində borcun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə mübahisəli dövrdə iddiaçı "xxxx" QSC tərəfindən onlara stansiya xidmətlərinin göstərilməsini inkar edir və iddiaçının təqdim etdiyi birtərəfli qaydada tərtib edilmiş arayış və elektron qaimələrin xidmətlərin göstərilməsini təsdiq edən sübut qismində qəbul edilməməli olmamasına, həmin sənədlər sübut qismində qəbul edilsə belə iddiaçı tərəfindən iddia müddətinin buraxılmasına istinad edərək iddianın rədd edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 385.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırkı halda tərəflər arasında şifahi xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, iddiaçı tərəfindən yükdaşıyıcı olaraq fəaliyyət göstərən cavabdehə mütəmadi olaraq stansiya xidmətlərinin göstərilməsi və cavabdeh tərəfindən həmin xidmətlərə görə ödənişlər edilməsi işin mübahisəsiz halını təşkil etsə də, iddiaçı tərəfindən cavabdehə mübahisə predmeti olan dövrdə - 2019-cu ilin yanvar-fevral ayları ərzində stansiya xidmətlərinin göstərilməsini, həmin xidmətlərin nədən ibarət olmasını və həcmini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi FDU-92 formalı arayışların surətləri və debitor borclar barədə arayış iddiaçı tərəfindən birtərəfli qaydada tərtib edilməklə yanaşı xidmətlər göstərilərkən tərtib edilən ilkin sənədlər deyil, xidmətlərin göstərilməsi faktını təsdiq etmək üçün sonradan tərtib edilən hesabat xarakterli sənədlərdir. Bundan əlavə FDU-92 formalı arayışlarda (onların məhkəməyə təqdim edilmiş surətlərində) göstərilmiş məlumatların bir hissəsinin oxunması mümkün olmadığından, həmin sənədlərə əsasən göstərilməsi iddia edilən xidmətlərin həcminin və xidmətlərə görə yığımların hesablanması qaydasının müəyyən edilməsi də qeyri-mümkündür. İddiaçının məhkəməyə təqdim etdiyi 2019-cu ilin yanvar və fevral ayında göstərilmiş xidmətlərə görə tərtib edilmiş elektron qaimələrə gəldikdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” na əsasən 1.2-ci bəndinə görə elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin qaydaların 1.3-cü bəndinə görə bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. Sözügedən qaydaların 2.5.3-ci bəndinə görə elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaiməfakturanın “Əsas” sətrində qeyd olunur; Yuxarıda göstərilən müddəaların məzmunundan da göründüyü kimi elektron qaiməfakturalar malların (işlərin, xidmətlərin) təqdim edilməsini təsdiq edən ilkin sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında tərtib edilməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Beləliklə, hazırkı halda mübahisəli elektron qaimə-fakturaların əsasında xidmətlərin göstərilməsinə dair hər iki tərəfin təsdiq etdiyi xidmətlərin təhvil-təslimi barədə aktlar və ya digər ilkin sənədlər durmadığından həmin qaimə-fakturalar müvafiq xidmətlərin təqdim edilməsi faktının təsdiq edilməsi üçün kifayət etmir. Digər tərəfdən məhkəmə qeyd edir ki, FDU arayışlarına və elektron qaimələrinə əsasən 2019-cu ilin yanvar ayında göstərilməsi iddia edilən xidmətlərin dəyəri 20726,19 və fevral ayında göstərilməsi iddia edilən xidmətlərin dəyəri 24517,59, cəmi iki ay ərzində göstərilməsi iddia edilən xidmətlərin dəyəri 45.243,78 manat olduğu halda debitor borclar haqqında arayışda cavabdehin yanvar ayında göstərilməsi iddia edilən xidmətlərə görə borcunun 12.198,9 manat və fevral ayında göstərilmiş xidmətlərə görə borcunun isə 24517,59 manat olması qeyd edilmişdir. İddiaçının nümayəndəsi qeyd edilən uyğunsuzluqları yanvar ayında göstərilmiş xidmətlərə görə tərtib edilmiş xx.xx.2019-cu il tarixli, EAAQ seriyalı, 527041 saylı elekron qaimə üzrə cavabdehin müəyyən ödənişlər etməsi ilə əsaslandırmıizah etmiş, lakin sözügedən elektron qaimə üzrə cavabdehin hər hansı ödəniş etməsini təsdiq edən sübutları təqdim edə bilməmişdir. İddiaçının sonuncu məhkəmə baxışı iclasından əvvəl elektron sistemə əlavə etdiyi ödəniş sənədlərinə münasibətdə qeyd edilıməlidir ki, iddiaçı həmin sübutları hazırlıq mərhələsində ondan asılı olmayan səbəblərə görə mümkün olmamasını əsaslandırmadığından həmin sənədlər sübut qismində qəbul edilə bilməz. Digər tərəfdən həmin sənədlər 2018-ci ilin oktyabr ayında və 2019-cu ilin yanvar ayında aparılmış ödənişləri ehtiva etdiyindən həmin ödənişlərin 2019-cu ilin fevral ayında tərtib edilmiş elektron qaimə üzrə edilməsi və belə olan halda hazırkı mübahisəyə aid olması da istisna olunur. İddiaçı tərəfindən baxış mərhələsində sistemə əlavə edilmiş yük nəqliyyat qaiməsində münasibətdə məhkəmə qeyd edir ki, həmin sənəd də MPM-in 78.1-ci maddəsinin tələbləri baxımından sübut qismində qəbul edilmir. Digər tərəfdən həmin sənəd sübut qismində qəbul edilsəydi belə yalnız 2019-cu ilin yanvar ayında yük göndərəni Cavabdeh MMC olan yükün X4 Stansiyasından yola düşməsini təsdiq etməklə iddiaçı tərəfindən həmin yüklə bağlı stansiya xidmətlərinin göstərilməsi və həmin xidmətlərin növünün və həcminin müəyyən edilməsi üçün kifayət etməyəcəkdi. Azərbaycan Respublikası MPM-nin: 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən 2019-cu ilin yanvar-fevral ayında cavabdehə stansiya xidmətlərinin göstərilməsi iş materiallarına əsasən öz təsdiqini tapmadığından həmin xidmətlərə görə yığımların tutulması tələbinə dair hazırkı iddia əsassız olmaqla rədd edilməlidir. Məhkəmə iddia tələbinin əsassız olmasını nəzərə alaraq həmin tələbə cavabdehin ərizəsinə əsasən iddia müddətinin tətbiq edilməsini zəruri saymır. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2144/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2144/2022
07.07.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver