Məhkəmə qərarları › İş №e-2-2(113)-2145/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2145/2025

24.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2145/2025 24.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil1 Hüseyn qızının, Cavabdehin nümayəndələri Qanuni nümayəndə (qanuni təmsilçi), Vəkil2 və X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilədən irəli gələn zərərin ödənilməsi” barədə iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN HALLARİ

1. “X1” MMC (daşıyıcı) və Cavabdeh MMC (sifarişçi) arasında xx.xx.2023-cü il tarixli, LSAZ-C-085 saylı yükdaşıma xidmətlərinə dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə bu müqavilə görə ekspeditor (iddiaçı) və sifarişçi (cavabdeh) arasında yüklərin daşınması sahəsində tərəflərin qarşılıqlı səmərəli əməkdaşlığını tənzimləyir.

2. Həmin müqavilənin: 2.1. 1.2-ci bəndinə görə hər yükləmə üçün tərəflər müqavilənin ayrılmaz hissəsi olan spesifikasiya tərtib edirlər. Spesifikasiyada yükün adı, marşurut, daşıma qiyməti və çatdırılma tarixi göstərilməlidir; 2.2. 1.3-cü bəndinə əsasən ekspeditor tələb olunan xidmətləri razılaşdırılmış qiymət əsasında həyata keçirir. Uyğun olaraq sifarişçi tərəfindən tələb olunan hər xidmət partiyası üçün qiymət çıxarılır; 2.3. 1.6-cı bəndinə əsasən ekspeditorun təqdim etdiyi xidmətlərə - yüklərin daşınması, anbarda müvəqqəti saxlamanın təşkili, idxal/ixrac yerində gömrük razılaşdırılmasının təşkili, yükləmə-yük boşaltma işləri və tərəflərin razılaşdırdığı digər əməliyyatlar daxildir; 2.4. 2.1-ci bəndinə əsasən sifarişçi ekspeditorun xidmətlərinin qarşılığı olan ödəməni yükün sifarişçinin istədiyi ünvana çatdırılmasından sonra verilmiş hesaba uyğun olaraq ödəyir. Ekspeditor xidmət haqqını hesab-faktura təqdim edildikdən sonra 5 gün ərzində təqdim etməlidir. Ekspeditor bu müddətə riayət etmədikdə sifarişçinin xidməti göstərilən günün rəsmi məzənnəsinə müvafiq olmaq şərtilə, təqdim ediləcək hesabfakturanın tarixinə müvafiq yenidən hesablaşma aparmaq hüququ vardır; 2.5. 2.2-ci bəndinə görə hazırkı müqavilə üzrə ödənişlər ekspeditorun təqdim etdiyi hesab-fakturanın əsasında ekspeditorun bank hesabına hesab-faktura tarixindən sonrakı 10 iş günü ərzində köçürmə yolu ilə həyata keçirilir; 2.6. 4.1-ci bəndinə görə tərəflər müqaviləyə uyğun olaraq olaraq öhdəliklərini yerinə yetirmədikdə və ya lazımi qaydada yerinə yetirmədikdə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar; 2.7. 4.5-ci bəndinə görə sifarişçi iş və xidmətlərin icrası üçün tələb olunan bütün sənədlərin və daşıma sənədlərinin (keyfiyyət, uyğunluq, mənşə sertifikatlarının və s.) vaxtında təqdim olunmasını təmin etməli və qəbulu ilə bağlı texniki şərtlər, temperatur rejimi və s. ilə əlaqədar məlumat veməlidir; 2.8. 4.6-cı bəndinə əsasən sifarişçi gömrük rəsmləşdirilməsi, nəzarəti və bəyanatının düzgün vaxtda həyata keşirilməsini təmin etməli, idarəetmə və gömrük prosedurları zamanı nəqliyyat vasitəsinin boşdayanma vaxtini istisna etməlidir; 2.9. 4.10-cu bəndinə əsasən maşının tam boşaltması üçün 48 saat ödənişsiz gözləmə vaxtı təyin edilir. Bu müddətdən sonra hər gözləmə gününə görə ödəniş “müqaviləyə əlavə” sənədində qeyd olunacaqdır; 2.10. 4.13-cü bəndinə əsasən malın yükləmə sənədinin sifarişçinin tələbinə uyğun olaraq tərtib olunmasından və doldurulmasından əmin olmaq ekspeditorun vəzifəsidir; 2.11. 4.19-cu bəndinə əsasən kanteynerin boş qaytarılması zamanı ekspeditordan asılı olmayan səbəbdən (platforma qıtlığı, hava şəraiti, sərhədlərdə/stansiyalarda tıxac) yarana bilən gecikmələr tədqirində ekspeditor tərəfindən təqdim olunmuş orjinal gəmi xətti invoysuna əsasən sifarişçi bütün cərimələri ödəməyi öz üzərinə götürür.

3. Tərəflər arasında bağlanmış müqaviləyə əlavə №2-yə görə yükün götürülmə yeri Xiamen, Cin, çatdırılma ünvanı Bakı, Azərbaycan, kanteynerlərin sayı 10 ədəd, vahidin qiyməti 4950 ABŞ dolları olmaqla, ümumi 49500 ABŞ dolları, tarnzit müddəti 50-55 gün, boşaldılma müddəti – yerinə çatdıqdan sonra 48 saat (gecikməyə görə 1kanteyner eçen 150 manat cərimə), ödəniş – 50% yük Poti limanına çatnazdan 1 həftə əvvəl, qalan ödəniş yük Bakıya çatdıqdan sonra 14 iş günün müəyyən edilmişdir.

4. 15.11.2025-ci il tarixdə cavabdeh tərəfindən daşınan yükə dair 2 ədəd – **********0427 və **********0454 sorğu nömrəli qısa idxal bəyannamələri, xx.xx.2023-cü il tarixdə isə 2 ədəd - **********8847 və **********8878 sorğu nömrəli gömrük bəyannamələri təqdim edilmişdir. Yük müqavilə şərtlərinə uyğun olaraq cavabdehə Bakı şəhərində təhvil verilmişdir. Daşıma haqqı olaraq razılaşdırılmış 84150 manat daşıma haqqı cavabdeh tərəfindən hissə-hissə - xx.xx.2023-cü il tarixdə 25500 manat, xx.xx.2023-cü il tarixdə 5000 manat, xx.xx.2025-ci il tarixdə 10000 manat, xx.xx.2024-cü il tarixdə 20000 manat və xx.xx.2024-cü il tarixdə 23650 manat olmaqla, tam örənilmişdir.

5. Daha sonra, cavabdeh tərəfindən iddiaçıya “Bakı istiqamətində daşıma marşurutunda demuraj (xx.xx.2023 – xx.xx.2023) 6 gün müddəti üçün, bir kanteyner 2550 manat olmaqla, cəmi 15300 manat və “Bakı istiqamətində daşıma zamanı konteynerlərin porta qayıtması zamanı yaranmış xərclər (kanteyner demuraj Poti limanında)” 1 gün üçün cəmi 4411 manat pulun ödənilməsini əks etdirən qaimə (invoys) təqdim edilmişdir. Cavabdeh tərəfindən bu sonuncu qaimələr üzrə ödəniş edilməmişdir.

6. Bundan başqa, iddiaçının 001 nömrəli xx.xx.2025-ci il tarixli məktubuna AR DGK Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli yazılı cavabında göstərilmişdir ki, cavabdehin ünvanına gələn mallar - 2 ədəd qülləli kranlar ölkə ərazisinə daxil olmamışdan əvvəl **********0454 və **********0427 sorğu nömrəli qısa idxal bəyannamələri ilə bəyan edilmiş, ölkə ərazisinə daxil olduqdan sonra isə **********8847 və **********8878 sorğu nömrəli gömrük bəyannamələri ilə rəsmiləşdirilmişdir. Qeyd olunan malların ölkə ərazisinə bütöv şəkildə gətirilməsi mümkünsüz olduğu üçün kranlar ayrı ayrı hissələrə sökülərək demontə edilmiş vəziyyətdə müvafiq olaraq 10 ədəd konteyner vasitəsilə idxal edilmişdir. Qurğunun hissələrini daşıyan konteynerlərdən 9 ədədi təyinat gömrük orqanına xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində çatdırılmış, əlavə olaraq 1 konteynerin təyinatı xx.xx.2023-cü il tarixində dəyişdirilərək Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə yönləndirilmiş və rəsmiləşdirmə prosesinə başlanılmışdır. Sökülmüş texnikaların rəsmiləşdirilməsi həmin mallara aid olan hissələr ölkə ərazisinə tam şəkildə idxal edildikdən sonra həyata keçirilir. MƏHKƏMƏDƏ İCRAAT

a) İlkin iddia tələbi və onun dəlilləri

7. İddiaçı ödənilməmiş 19711,5 manat məbləğində borcun, 985,5 manat 5% illik hesablanmış pul məbləğinin, 6603,35 manat müqavilə üzrə hesablanmış cərimənin, hüquqi xidmətə görə ödənilmiş 1000 manat pulun, 320 manat vəkilə ödənilmiş xidmət haqqının və ödənilmiş 175,86 manat dövlət rüsumunun, cımi 28796,21 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. İddiaçı ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış LSAZ-C-085 nömrəli xx.xx.2023-cü il tarixli nəqliyyat-ekspedisiyası müqaviləsi və əlavələr tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış, möhürlənmiş, beləliklə qüvvədə olan qanunvericiliyə uyğun olaraq bağlanaraq tərəflərin müvafiq öhdəlikləri yaranmışdır. Müqaviləyə görə, “iddiaçı cavabdehə məxsus yükün Çin Xalq Respublikasının Xiamen şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə daşınmasını öhdəsinə götürür, cavabdeh bunun müqabilində iddiaçıya ödəniş edir. Yükün daşınması üçün konteynerlərin sayı və qiyməti barədə iddiaçı cavabdehə təklif göndərmiş, cavabdehin verdiyi sifariş əsasında yükün daşınması üçün 5 konteynerdən (maşın) istifadə olunacaq, hər bir konteynerin (maşın) qiyməti 5.000 ABŞ dolları, cəmisi 25.000 ABŞ dolları olacaqdır. Həmin sənədə görə, tərəflər həmçinin razılığa gəlmişlər ki, yük yerinə çatdıqdan sonra 48 saat ərzində boşaldılmalıdır, 48 saatdan sonra bohaldılması gecikdirilən hər əlavə günə (1 konteyner) 150 ABŞ dolları cərimə ödəyəcəkdir. Qeyd olunan təklif tərəflər arasında müzakirə predmeti olmuş və son nəticədə razılığa gəlmişlər ki, yükün daşınması 10 konteyner (maşın) vasitəsilə həyata keçiriləcək, 1 konteynerin (maşın) qiyməti isə təklifdə qeyd olunan qiymətdən 50 ABŞ dolları aşağı, yəni 4.950 ABŞ dolları müəyyən olunacaqdır. Bu fakt tərəflər arasında aparılmış və məhkəməyə təqlim olunmuş iddiaçının nümayəndəsi Ceyhun Manaflı və cavabdehin nümayəndəsi Elvin Abbasov arasında aparılan mail yazışmaları ilə tam təsdiq olunur. Bunlardan başqa, tərəflər həmçinin öz aralarında yazılı formada yük daşıma üçün vacib qaydalar da müəyyən edirlər ki, həmin qaydalara görə onlar razılığa gəlmişlər ki, Azərbaycan sərhədini keçdikdən sonra yük maşını 2 həftə müddətində Azərbaycan ərazisini tərk etməlidir. Yük maşınının müştərinin günahı üzündən Azərbaycanda 2 həftədən çox dayanması halında, geri dönərkən Azərbaycan sərhədtində cərimə tətbiq olupa bilər. Həmin məbləğ hesab fakturada öz əksini tapacaq. Həmin qaydalar müqavilənin tərkib hissəsi oğlan 2 N°-li Əlavədə öz əksini tapmış, Əlavə Cavabdehin səlahiyyətli nümayəndəsi tərfindən xx.xx.2023-cü il tarixdə imzalanmış və MMC-nin möhürü ilə təsdiq edilmişdir. Məhkəməyə təqdim olunmuş mail yazışmalarından həmçinin məlum olur ki, yük Çindən çıxdıqdan sonra iddiaçının nümayəndələri tərəfindən cavabdehin nümayəndəsinə razılaşdırılmış xidmət haqlarının və əlavə xərclərin vaxtında ödənilməsi, əks halda yükün buraxılmaması, demuraj və sair məsələlərin ortaya çıxacağı, yaranacaq bu çətinliklərlə bağlı cərimələrin tətbiq olunacağı və həmin cərimələrin cavabdehə yönəldiləcəyi barədə müxtəlif tarixlərdə xəbərdarlıq məktubları göndərilmişdir. Həmin yazışmalardan o da məlum olur ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə razılaşdırılmış məbləğdən 25.500 manat ödəniş olunsa da, qalan məbləğ ödənilməmiş qalmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi cavabdehə ünvanladığı məktubda qeyd edir ki, cavabdeh ödənişləri gecikdirdiyi üçün yük Poti limanından buraxılış ala bilməyəcək və həmin məktubda da bir daha ödənişin tam aparılması, əks halda daha çox xərclərin yaranacağı bildirilir. xx.xx.2023-cü il tarixli mail iddiaçının nümayəndəsinin cavabdehə ünvanladığı məktubda bildirir ki, yük limanda xx.xx.2023-cü il tarixdə artıq yüklənmişdir və idxal bəyanamələrin kodları və CMR təqdim olunmadığına görə 5 gündür ki, ləngimə baş verir. Bu ləngimə konteynerlərin boşaldılaraq Potiyə vaxtında çatdırılmaması cərimələrə səbəb olacaqdır ki, həmin cərimələr də iddiaçının təqdim etdiyi invoys əsasında cavabdehə yönələcəkdir. Beləliklə də, məhkəməyə təqdim olunmuş mail yazışmaları, CMR sənədləri və sair sənədlərə əsasən müəyyən edilir ki, cavabdehə aid yükün daşınması üçün iddiaçının xx.xx.2023-cü il tarixdə 18 gün müddətinə icarəyə götürdüyü 10 konteynerlərdən 7-i boşaldılmış vəziyyətdə xx.xx.2023-cü il tarixdə, yəni 4 gün gecikmə ilə iddiaçıya təhvil verilmişdir. Digər 3 konteyner isə boş vəziyyətdə iddiaçıya xx.xx.2023-cü il tarixdə, yəni 5 gün gecikmə ilə təhvil verilmişdir. Gecikmə ilə bağlı cərimələr Gürcüstan şirkəti tərəfindən hesablanmışdır. Konteynerlərin gecikməsinə görə - tətibq olunmuş cərimənin ümumi məbləği 4.411 manat təşkil edir ki, bu da cavabdehə təqdim olunmuş xx.xx.2023-cü il tarixli EBDU seriyalı, 659715 Ns-li e-qaimənin 3-cü bəndində öz əksini tapmışdır. Bunlardan başqa, işə olan sənədlərdən bəlli olur ki, cavabdehin təqsiri üzündən konteynerlər Azərbaycana xx.xx.2023-cü il tarixdə gəlmişdir. Tərəflər arasında əldə olunmuş razılaşmaya görə həmin konteynerlər 48 saat ərzində boşaldılmalı halda 6 gün gec boşaldılmışdır. Bu gecikmə müddətini cavabdeh tərəf iddiaya etirazında də təsdiq edir. Bu gecikmə isə 15.300 manat (6 gün x 10 konteyner x 150 dollar cərimə = 9.000 ABŞ dolları (azərbaycan manatına məzənnə ilə 15.300 manat) cərimənin hesablanmasına gətirib çıxarmışdır. Konteynerlərin gec boşaldılmasına görə tətibq olunmuş cərimənin ümumi məbləği 15.300 manat təşkil edir ki, bu da cavabdehə təqdim olunmuş xx.xx.2023-cxü il tarixli EBDU seriyalı, 659715 Ns-li e-qaimənin 2-ci bəndində öz əksini tapmışdır. İddiaçı tərəflər arasında bağlanmış müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirmiş, cavabdeh tərəfindən daşıma xidmətinə görə olan ödəniş hələ də tam ödənilməmiş qalır. Cavabdehə təqdim edilmiş elektron/hesab fakturada nəzərdə tutulmuş məbləğdən xx.xx.2024-cü il tarixinədək cəmi 84.150 manat məbləğində pul ödənilmiş, cavabdehin iddiaçıya 19.711,50 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı tərəfindən cavabdehə EBDU N659715 saylı xx.xx.2023-cü il tarixli elektron qaimə vurulmuşdur, həmin elektron qaimə cavabdeh tərəfindən təsdiq edilmişdir. EBDU N659715 saylı xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən cavabdeh müqaviləyə əsasən ümumi 103.861,50 manat pulu iddiaçıya ödəməli idi. Lakin cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 25.500 manat, xx.xx.2023-cü il tarixdə 5000 manat, xx.xx.2023-cü il tarixdə 10.000 manat, xx.xx.2024-cü il tarixdə 20.000 manat, xx.xx.2024-cü il tarixdə 23.650 manat, cəmisi 84.150 manat pul ödənilmiş, geri qalan 19.711,50 manat isə bugünədək ödənilməmişdir. Müqaviləyə görə 19.711,50 manat borca görə hər gün üçün 0.1% məbləğində cərimə hesablanır. Həmin cərimə məbləği 19.711,50 x 0.1% x 365 gün (xx.xx.2024-xx.xx.2025) = 6603,35 manat cərimə də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Borc vaxtında ödənilmədiyinə görə illik 5 % 19.711,50 x 5% x 1 il = 985,50 manat hesablanmış pul da cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Beləliklə də müəyyən olunur ki, tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdeh öhdəliklərini lazımınca icra etməmiş, nəticədə bu günə kimi onun iddiaçıya ödənilməmiş 19.711,50 manat borcu yaranmışdır.

b) İddiaya qarşı etirazın dəlilləri

9. Cavabdeh iddiaya qarşı yazılı etirazında bildirmişdir ki, tərəflər arasında imzalanmış nəqliyyat müqaviləsinə əsasən icraçı şirkət ÇXR-in Xiamen şəhərindən onlara məxsus yükün Bakı şəhərinə çatdırılmasını təmin etmiş və sifarişçi olaraq nəqliyyat xərcləri tam olaraq ödənilmişdir. Belə ki, iki şirkət arasında imzalanmış müqaviləyə əlavə edilən RF QAZ 01923 saylı qiymət təklifinə əsasən nəqliyyat xərci iddia ərizəsində göstərildiyi kimi 61095 USD (103 861.5 AZN) deyil 49 500 USD (84 150 AZN) təşkil etmişdir. İddia ərizəsində qeyd olunan EBDU N«659715 saylı xx.xx.2023-cü il tarixli elektron qaimə əsassız olduğu üçün tərəfimizdən təsdiq edilməmiş, dəfələrlə geri qaytarılmış, qeyd olunan tarixdə isə həftə sonu, qeyri iş saatında sistemə yüklənmişdir. İddia ərizəsində iddiaçı müqavilədə göstərilən əsas məbləğdən əlavə olaraq hesabladığı pulun nə ilə bağlı olduğunu ümumiyyətlə göstərməmiş və əsaslandırmamışdır. Cavabdeh olaraq sifarişçi kimi müqavilə üzrə olan öhdəliklərinə məsuliyyətlə yanaşmış və hətta yükün onlardan asılı olmayan səbəblərə görə gömrük xidmətində ləngiməsi zamanı yaranan problemin həllini də öz üzərlərinizə götürmüşlər. Gətirilən yüklərlə bağlı qısa idxal bəyannamələri vaxtında tərtib edilərək qarşı tərəfə təqdim olunmuş, lakin gömrük nəzarətindən keçid zamanı icraçı öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. İdxal edilən iki ədəd MC120B markalı qülləli kranlarla bağlı vaxtında verilmiş xx.xx.2023-cü il tarixli **********0454 və **********0427 saylı əsas, 8 ədəd isə qısa idxal gömrük bəyannamələrində əks olunan məlumatlardan da aydın olur ki, daşıyıcı şirkət yükü ölkəyə 10 ədəd nəqliyyat vasitəsilə gətirmişdir. Məhz bununla bağlı qısa idxal bəyannamələri hər bir maşına ayrılıqda deyil, idxal oluna yükə görə iki ədəd olaraq tərtib edilmişdir. Yükləri daşıyan nəqliyyat vasitələri, onların hər birinin ölkəyə daxil olma tarixləri və sürücülər haqqında məlumatlar ərizəyə əlavə olunan qısa idxal bəyannamələrində əks olunmuşdur. Yüklərin rəsmiləşdirilməsi zamanı məlum olmuşdur ki, sərhəd nəzarətini keçərkən iddiaçı şirkətinin əməkdaşlarının məsuliyyətsizliyi ucbatından qısa idxal bəyannamələrinin qeydə alınması təmin edilməmiş, nəticədə yüklərin gömrükdən təhvil alınması ilə bağlı problem yaranmışdır. Məsələnin onlara aidiyyəti olmasa da, icraçının keyfiyyətsiz xidməti nəticəsində yaranan problemin həllini öz üzərlərinə götürmüş, kranların gömrükdən təhvil alınmasını təmin etmişlər. Qeyd olunanlardan əlavə yüklərin gömrük xidmətində 6 gün ləngiməsinə görə cavabeh terminal xərci olaraq əlavə 5 000 manat da ödəməli olmuşdur. Yaranmış problemin iki şirkət arasında razılaşma və əməkdaşlıq əsasında həlli tərəfimizdən qarşı tərəfə təklif olunsa da, iddiaçı əsassız iddiasından əl çəkməmişdir.

MƏHKƏMƏ İCLASİNDA VERİLƏN İZAHATLAR:

10. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında ilkin iddia tələbinə izahat verərək, onun təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə ətmin olunmamasını xahiş etdi.

11. Cavabdehin nümayəndələri yazılı etirazların uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdilər.

MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

12. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

13. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 386. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

19. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Maddə 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

21. Maddə 852.1. Ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.

22. Maddə 852.3. Ekspeditor yük göndərənin göstərişlərinə əməl etməlidir. O, daşıyıcıları öz məsuliyyəti ilə seçir. Əgər ekspeditor daşımanı tamamilə və ya qismən özü həyata keçirirsə, daşıyıcının hüquq və vəzifələrinə malik olur. Əgər bir neçə yük göndərinin əşyalarının aralıq və son təyinat yerləri eynidirsə, ekspeditor bu əşyaları qruplaşdıraraq yığma nəqliyyat təşkil edə bilər. Bütün hallarda o, yük göndərənin mənafelərini qorumalı və göstərişlərinə əməl etməlidir. O, qarşıya çıxan bütün çətinliklər barəsində yük göndərənə məlumat verməlidir.

23. Maddə 852.4. Ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır.

24. Maddə 859.2. Bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır.

Azərbaycan Respublikasının Vergi Məcəlləsi:

25. Maddə 13-1.1. Gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi məqsədi ilə qısa idxal bəyannaməsi əsasında malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemləri tətbiq olunur.

26. Maddə 113.1. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

27. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Maadə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

31. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

MƏHKƏMƏNİN MÖVQEYİ

32. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsinin dəlillərini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsassızdır.

33. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

34. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında yükdaşıma xidmətlərinə dair xx.xx.2023-cü il tarixli, LSAZ-C-085 saylı müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilənin əsasında cavabdehin başlıca öhdəliyi onun sifarişi ilə iddiaçı tərəfindən malların (yükün) daşımasına görə müqavilədə nəzərdə tutulmuş haqqın ödənilməsi, iddiaçının başlıca öhdəliyi isə sifariş edilmiş yükün müqavilədə və razılaşmada göstərilmiş müddətdə və qüsursuz olaraq təyinat yerində sifarişçiyə (yük alana – cavabdehə) təhvil verməkdən ibarət olmuşdur. Həmçinin, o da işin mübahisəsiz halıdır ki, yük iddiaçı tərəfindən daşınmış, təyinat yerində cavabehə təhvil verilmiş və daşımaya görə tərəflər arasında razılaşdırılmış daşıma haqqı (84150 manat) hiss-hissə iddiaçıya ödənilmişdir.

35. Tərəflər arasındakı münbahisə isə yükün daşınması zamanı iddiaçı tərəfindən kirayə götürülmüş 1 kanteynerin vaxtında qaytarılmamsına görə hesablanmış 4411 manat və Bakı istiqamətində daşıma zamanı xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə demuraja görə yaranmış 15300 manat xərcilə bağlıdır. İddiaçı bu xərclərin yaranmasında cavabdeh tərəfindən yükə dair gömrük bəyannamələrinin vaxtında və qanunla müəyyən edilmiş qaydada (hər bir kanteyner üçün ayrıca) verilməməsi səbəbindən onun təqsirinəticəsində yarandığını iddia edir. Cavabdeh isə mübahisəli xərclərin yaranmasını iddiaçının səriştəsizliyi ilə əlaqələndirir. Göründüyü kimi tərəflər arasındakı mübahisə, məhz yükün gömrük orqanında sənədləşdirilməsi ilə bağlı yaranmışdır.

36. Şərh edilənlər baxımından yükün daşınması ilə əlaqədar yaranmış və tərəflər arasında mübahisə doğuran həmin xərclərin onların hansının təqsiridən yaranmasının müəyyən edilməsinin iş üçün mühüm əhəmiyyəti vardır. Bu zaman həm də diqqət yetirilməli əsas məqam ondan ibarətdir ki, yükün gömrük rəsmləşdirilməsi zamanı tərəflərin öhdəliklərinin bölgüsü (yükü) necə müəyyən edilmişdir.

37. Mülki Məcəllənin 853.2-ci maddəsinin mənasından da göründüyü kimi, daşıyıcı yükü öz məsuliyyəti ilə daşıyır. Bu zaman, tərəflər arasındakı müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, yükün hansı nəqliyyat vasitəsi ilə və hansı qaydada daşınması, daşınmnın vaxtında, qüsursuz və təhlükəsiz icra edilməsi üçün tədbirlərin görülməsi və s. kimi risklər daşıyıcının üzərinə düşür. Bu, həm də o mənaya gəlir ki, yükü ilkin yerindən təyinat yerinə daşıyaraq sifarişçiyə təhvil verənədək yarana biləcək bütün çatışmazlıqlara, o cümlədən vaxtında çatdırılmamağa, yükün sənədləşdirilməsinin dügün təşkil edilməməsi və s. ilə bağlı dəymiş zərərə görə məsuliyyəti, qanunla və müqavilə ilə sifarişçinin (yükgöndərənin) üzərinə düşən öhdəliklər istisna olmaqla (məsələn, yükün çəkisi, çatdırılacaq ünvan və s.), daşıyıcıya aiddir. Mülki Məcəllənin 859.2-ci maddəsində də göstərilir ki, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, “çatdırmanın gecikdirilməsi” geniş mənada ifadə olunmuşdur və həmin ifadə eyni zamanda yükün gömrük rəsmiləşdirilməsi zamanı daşımanın gecikdirilməsi ilə baglı məsələləri də əhatə edir.

38. Tərəflər arasında bağlanmış müqavilədə də gömrük rəsmiləşdirilməsi zamanı onların öhdəliklərinin dairəsi dəqiq göstərilmişdir. Müqavilənin 1.6-cı bəndinin 3-cü yarımbəndinə əsasən idxal/ixrac yükün gömrük rəsmiləşməsnini təşkil edilməsi iddiaçının, gömrük rəsmləşdirilməsi, nəzarəti və bəyanatının düzgün vaxtda həyata keşirilməsini təmin edilməsi, idarəetmə və gömrük prosedurları zamanı nəqliyyat vasitəsinin boşdayanma vaxtini istisna edilməsi isə sifarişçinin öhdəliyinə aiddir.

39. İş materiallarına əlavə edilmiş tərəflərin nümayəndələri arasında aparılmış email yazışmalarından görünür ki, iddiaçının nümayəndəsi yükün xx.xx.2023-cü il tarixdə Gürcüstan Respublikasının Poti limanına çatacağı barədə xx.xx.2023-cü il tarixdə bildiriş göndərərərk, ödənişin 50% hissəsini xx.xx.2023-cü il tarixədək ödənilməsini xahiş etmişdir. Bundan sonra, tərəflər arasında ödənişlə bağlı 25 və xx.xx.2023-cü il tarixlərdə də e-mail yazışmaları olmuşdur. Daha sonra, xx.xx.2023-cü il tarixdəki yazışmada iddiaçının nümayəndəsi yenlənmiş CMR- beynəlxalq qaimələrin qoşmaya əlavə edilməsini bildirmişdir. Tərəflər arasında sonuncu e-mail yazışması isə xx.xx.2023-cü il tarixdə aparılmış, həmin bildirişdə iddiaçının nümayəndəsi günün sonuna qədər qısa idxal bəyannamələrinin verilməsini, yüklərin xx.xx.2023-cü il tarixdən yükləndiyini bildirmişdir. İş materiallarından da görünür ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən **********0427 və **********0454 nömrəli 2 ədəd qısa idxal bəyannamələri verilmiş, həmin bəyannamələrin 31-ci bölməsində (malların təsviri) sökülmüş vəziyyətdə olan qülləli kran təsvir edilmişdir.

40. Həmçinin, iş materiallarında olan CMR – beynəlxalq yük qaiməsinə əsasən müəyyən edilir ki, yük hissələrə ayrılmış vəziyyətdə 10 ədəd yük avtomobilinə yüklənərək Gücüstan Respublikasının Medlog terminalından xx.xx.2023-cü il tarixdə yola salınmış, eləcə də AR DGK Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubu ilə müəyyən edilir ki, qurğunun hissələrini daşıyan konteynerlərdən 9 ədədi təyinat gömrük orqanına xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində çatdırılmış, əlavə olaraq 1 konteynerin təyinatı xx.xx.2023-cü il tarixində dəyişdirilərək Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə yönləndirilmiş və rəsmiləşdirmə prosesinə başlanılmışdır. Eləcə də, iş materialları ilə o da müətyən edilir ki, demuraja görə iddiaçı tərəfindən tələb edilən cərimə xx.xx.2023-xx.xx.2023-cü il trixləri əhatə etmişdir.

41. Şərh edilənlərdən də görünür ki, iddiaçı yüklərin gömrük rəsmliləşdirilməsi ilə bağlı cavabdehi CMR beynəlxalq qaimələrini göndərdiyi bildirişə əlavə etməklə, xx.xx.2025-ci il tarixdə tam olaraq məlumatlandırmış, xx.xx.2023-cü il tarixdə isə cavabdeh tərəfindən hər qülləli karana görə 1 qısa idxal bəyannaməsi verilmişdir. İddiaçı da cavabdeh tərəfindən gömrük rəsmləşdirməsinin düzgün aparılmamasını (bununla bağlı öhdəliyini pozmasını), məhz qısa idxal bəyannaməsinin 2 ədəd (hər bir qülləli kran üçün) deyil, hər kanteyenrə görə ayrıca, 10 ədəd verilməli olması ilə izah edir.

42. Məhkəmə iddiaçının bu dəlili ilə bağlı qeyd edir ki, AR Göümrük Məcəlləsinin 13-1.1 və 113.1-ci maddələrinin mənasından da görünür ki, qısa idxal bəyannamələri gömrük buraxılış məntəqəsinə gətirilməli olan mallara və nəqliyyat vasitələrinə görə əvvəlcədən verilir. Məhkəmə hesab edir ki, qeyd edilən müddəlarda istifadə olunana “mallar” termini özlyündə hər hansı istənilən “əşya” ifadəsini ehtiva edir. Belə ki, Mülki Məcəllənin 135.1-ci maddəsində verilmiş anlayışdan da görünür ki, yalnız fiziki obyektlər, o cümlədən pullar və sənədli qiymətli kağızlar əşyadır. İdxal-ixrac məqsədilə təqdim edilən bütün fiziki obyektlər, o cümlədən pullar və qiymətli əşyalar və sənədli qiymətli kağızlar da əşyadır və gömrük məqsədləri üçün onlar “mal”, yaxud “mallar” termini altında ifadə edilmişdir.

43. Həmçinin, Mülki Məcəllənin 135.9-cu maddəsində göstərilir ki, əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. İşin qeyd edilən faktiki hallarından da göründüyü kimi, cavabdeh tərəfindən sifariş edilən qülləli kranların bütöv şəkildə ölkəyə gətirilməsi mümkün olmadığından onlar hissələrə ayrılaraq, hər biri 5 kanteynerdə daşınmışdır. Hissələrinə bölünərək daşınsa da, kanteynerlərin hər biri bir mürəkkəb əşyadır (maldır). Bu halda, Gömrük Məcəlləsinin yuxarıda qeyd edilən müddəaları baxımından qülləli kranlar da bötöv bir əşya (mal) olaraq bəyan edilməli idi. Bu şərh edilənlər əsasında belə qənaətə gəlmək olar ki, cavabdeh daşınan yüklə bağlı qısa idxal və sonradan gömrük bəyannamələrini qanunvericiliyin tələblərinə uyğun olaraq vermiş və bu məslədə öhdəlyini müqaviləyə uyğun olaraq yerinə yetirmişdir.

44. Tərəflər arasında bağlanmış nə müqavilədə, nə də müqavilədən sonra razılaşdırılmış əlavələrdə qısa idxal və gömrük bəyannamələrinin hər bir kanteyner üçün ayrıca verilməli olması barədə xüsusi şərt əlavə edilməmiş, eləcə də e-mail yazışmalarında da bu məsələ ilə bağlı cavabdehə hər hansı bir bildiriş təqdm etməmişdir. Şərh edilənlərdən bu qənaətə gəlmək olar ki, daşıma sahəsində təcrübəyə malik olan şəxs kimi, iddiaçıya bu problemin olacağı bəlli idisə, bunu əvvəlcədən cavabdehə bildirməyə borclu idi, çünki əvvəldə də qeyd edildiyi kimi, idxal/ixrac yükün gömrük rəsmiləşməsnini təşkil edilməsi öhdəliyi iddiaçıya aid olnuşdur. İddiaçının bu vəziyyəti əvvəlcədən cavabehə bildirməməsi onun idxal/ixrac prosedurunun düzgün təşkil etməməsi anlamına gəlmiş olur. Eyni zamanda, yükün hissələrə bölünərək daşınması və bu formada daşınmadan törəyən istənilən çatışmazlıqlar iddiaçının məsuliyyətinə aid olaraq daşıma riskinə aiddir.

45. Beləliklə, şərh edilənlər əsasında məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

46. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar