Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2146/2022 15.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “stansiya xidmətlərinə görə hesablanmış yığımın tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ("xxxx" QSC) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ("xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi "xxxx" ASC-yə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 144793 (bir yüz qırx dörd min yeddi yüz doxsan üç) manat və 435 (dörd yüz otuz beş) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 145228 (bir yüz qırx beş min iki yüz iyirmi səkkiz) manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC tərəfindən "xxxx" ASC-yə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi stansiya xidmətləri göstərilmiş və həmin xidmətlərə görə yığımlar hesablanmışdır. Belə ki, "xxxx" QSC-nin (ADY) xx stansiyasında göstərilmiş xidmətlərə görə (“MDB və Baltikyanı dövlətlərə məxsus vaqon istifadəsi”, “vaqonların dalan yoluna verilib-götürülməsi”, “dalan yolundan istifadə”, “lokomotivlərin manevr işləri”, “ADY-yə məxsus vaqonun (konteynerin) istifadəsi və s.) "xxxx" ASC-yə 144793 (bir yüz qırx dörd min yeddi yüz doxsan üç) manat yığım hesablanmışdır. Bununla bağlı cavabdeh "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixdə pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Ona görə də "xxxx" QSC pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli 622 nömrəli Fərmanının 3.4-cü yarımbəndinə əsasən dəmir yolu daşımalarında, o cümlədən beynəlxalq yükdaşımalarda göstərilən xidmətlərin tarifləri, yığımlar, habelə tariflər üzrə güzəştlər Cəmiyyət tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.2.29-cu yarımbəndinə əsasən Cəmiyyətin fəaliyyət istiqamətlərindən biri də dəmir yolu daşımalarında (ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları) göstərilən xidmətlərin tariflərinin, yığımların, habelə tariflər üzrə güzəştlərin müəyyən edilməsidir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini əsassız olduğundan qəbul etmədiklərini və iddianın rədd edilməli olduğunu bildirmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə elektron qaydada ünvanlanan ərizə-vəsatətdə qeyd olunmuşdur ki, iddia tələbi əsassızdır. "xxxx" QSC ilə "xxxx" ASC arasında xx.xx.2020-ci il tarixdə “hüq.756” nömrəli müqavilə bağlanmışdır. Bu müqavilədə qeyd olunmuşur ki, icraçı (yəni "xxxx" QSC) xx stansiyasında məntəqəsi olan Sifarişçinin (yəni "xxxx" ASC) lokomotivinin stansiya yoluna çıxmaqla vaqonun verilib-götürülməsini, zərurət yarandığı halda isə Sifarişçinin yazılı müraciəti əsasında Sifarişçiyə məxsus olan dalan dəmir yolunun yükləmə-boşaltma sahəsinə vaqonun verilib- götürülməsini və dalan dəmir yolunda digər əlavə manevr işlərinin həyata keçirilməsini, Sifarişçi isə bu Müqavilə ilə müəyyən edilmiş qaydada göstərilmiş Xidmət müqabilində İcraçıya xidmət haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Buradan aydın olur ki, "xxxx" QSC ilə "xxxx" ASC arasında bağlanmış müqavilə ümumi nəzərdə tutulmuş xidmətlərə dair olan razılaşmadır, həmçinin cavabdeh tərəfindən tələb edilən xx.xx.2020-ci il tarixdən ödənişlər müqavilənin bağlanma tarixi ilə (müqavilə xx.xx.2020-ci il tarixdə bağlanmışdır) üst-üstə düşmür. Hətta "xxxx" QSC tərəfindən cəmiyyətimizə ünvanlanmış ödənişlərə dair qaimə-fakturalar isə müqavilə tarixindən öncəki tarixləri əhatə edir. Həmçinin baş vermiş texniki səhv nəticəsində "xxxx" QSC tərəfindən bizə ünvanlanmış elektron qaimələr bizim tərəfimizdən qəbul edilmiş, lakin faktiki olaraq hər hansı başqa şirkətə aid yükün daşınmasına görə "xxxx" ASC öhdəlik götürməmişdir. Qaimələrdə qeyd olunmuş xidmətlərin konkret olaraq hansı işlərə dair hesablandığını, hesablanmış məbləğin hansı şirkətlərin yükünün daşınması ilə əlaqədar olduğunu, həmin qiymətlərin nəyə əsasən hesablanması barədə məlumatlar "xxxx" QSC tərəfindən təqdim olunmuş iddiada qeyd edilməmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, sübutları məcmu halda qymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - "xxxx" QSC ilə "xxxx" ASC arasında xx.xx.2020-ci il tarixdə, hüq 756 nömrəli dalan dəmir yolunda xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən icraçı xx stansiyasında məntəqəsi (ünvanı) olan sifarişçinin lokomotivinin stansiya yoluna (stansiyanın X4 əsasən qatarların qəbuledilməsi və göndərilməsi üçün nəzərdə tutulmuş bütün yollarına) çıxmaqla vaqonun verilib-götürülməsini, zərurət yarandığı təqdirdə isə Sifarişçinin yazılı müraciəti əsasında sifarişçiyə məxsus olan dalan dəmir yolunun yükləmə-boşaltma sahəsinə vaqonun verilib-götürülməsini və dalan dəmir yolunda digər əlavə manevr işlərinin (eyni vaxtda verilən vaqonların yükləmə-boşaltma sahələrinə paylanması, yükləmə-boşaltma yerində vaqonların yerinin dəyişdirilməsi, bir yükləmə-boşaltma yerindən digərinə və ya başqa yola verilib-götürülməsi, lokomotiv qoşulu vəziyyətdə yük əməliyyatının aparılması, vaqonların tərəziyə verilib-götürülməsi və s.) həyata keçirilməsini, sifarişçi isə bu müqavilə ilə müəyyən edilmiş qaydada göstərilmiş xidmət müqabilində icraçıya xidmət haqqı ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən dalan dəmir yolunun ümumi uzunluğu 1635 (min altı yüz otuz beş) p.m. təşkil edir və vaqonların dalan dəmiryoluna verilib-götürülməsi üçün Sifarişçinin lokomotivinin xx stansiyasının yoluna çıxdığı məsafə hər iki tərəfə hesab edilməklə 0.7 (sıfır tam onda yeddi) km təşkil edir. Zərurət yarandığı təqdirdə isə icraçının lokomotivi ilə sifarişçiyə məxsus olan dalan dəmir yolunun yükləmə-boşaltma sahəsinə qədər vaqonların verilib- götürülməsi üçün məsafə xx stansiyasından hər iki tərəfə hesab edilməklə 2.5 (iki tam onda beş) km təşkil edir. Müqavilənin 2.5-ci bəndinə əsasən vaqonların qəbulu və təhvil verilməsi müəyyən olunmuş qaydaya müvafiq olaraq stansiyanın yolunda həyata keçirilir və göstərilən xidmətin təhvil-təslimi icraçının daxili aktı olan yaddaş vərəqəsi (QU- 45) ilə tənzimlənir. - xx.xx.2020-xx.xx.2022-ci illər ərzində "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə göstərilmiş stansiya xidmətlərinə görə tətbiq olunmuş yığımlardan yaranan debitor borc barədə arayışa əsasən göstərilən dövlər ərzində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin yaranmış borc məbləği 144793 manat təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAH seriyalı, 669671 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən fevral ayı üçün göstərilmiş stansiya xidmətlərinə görə ƏDV daxil ümumi 20671,98 manat məbləğinə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" ASC-yə göndərilmişdir. - xx.xx.2020-ci il tarixli, EBAİ seriyalı, 904598 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən mart ayı üçün göstərilmiş stansiya xidmətlərinə görə ƏDV daxil ümumi 26500,08 manat məbləğinə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" ASC-yə göndərilmişdir. - xx.xx.2020-ci il tarixli, EBAK seriyalı, 134695 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən aprel ayı üçün göstərilmiş stansiya xidmətlərinə görə ƏDV daxil ümumi 27817,23 manat məbləğinə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" ASC-yə göndərilmişdir. - xx.xx.2020-ci il tarixli, EBAL seriyalı, 413623 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən may ayı üçün göstərilmiş stansiya xidmətlərinə görə ƏDV daxil ümumi 14173,96 manat məbləğinə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" ASC-yə göndərilmişdir. - xx.xx.2020-ci il tarixli, EBAM seriyalı, 706647 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən iyun ayı üçün göstərilmiş stansiya xidmətlərinə görə ƏDV daxil ümumi 4683,30 manat məbləğinə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" ASC-yə göndərilmişdir. - xx.xx.2020-ci il tarixli, EBAN seriyalı, 891922 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən iyul ayı üçün göstərilmiş stansiya xidmətlərinə görə ƏDV daxil ümumi 5299,38 manat məbləğinə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" ASC-yə göndərilmişdir. - xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı, 002821 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən avqust ayı üçün göstərilmiş stansiya xidmətlərinə görə ƏDV daxil ümumi 5900 manat məbləğinə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" ASC-yə göndərilmişdir. - xx.xx.2020-ci il tarixli, EBAR seriyalı, 905755 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən sentyabr ayı üçün göstərilmiş stansiya xidmətlərinə görə ƏDV daxil ümumi 7967,95 manat məbləğinə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" ASC-yə göndərilmişdir. - xx.xx.2020-ci il tarixli, EBAT seriyalı, 594769 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən oktyabr ayı üçün göstərilmiş stansiya xidmətlərinə görə ƏDV daxil ümumi 11425,35 manat məbləğinə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" ASC-yə göndərilmişdir. - xx.xx.2020-ci il tarixli, EBAV seriyalı, 653606 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən noyabr ayı üçün göstərilmiş stansiya xidmətlərinə görə ƏDV daxil ümumi 47484,49 manat məbləğinə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" ASC-yə göndərilmişdir. - xx.xx.2021-ci il tarixli, 113İPXO212642072 köçürmənin aparılması haqqında bildirişdən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" QSC-yə 2306,52 (ödənişin təyinatı – EBBH 714774 nömrəli qaimə, vaqon tərəzisinin yoxlanılması xidməti) manat məbləğində ödəniş edilmişdir. - xx.xx.2021-ci il tarixli, 113İPXO212671802 köçürmənin aparılması haqqında bildirişdən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" QSC-yə 11502,55 (ödənişin təyinatı – müqavilə əsasında ödəniş) manat məbləğində ödəniş edilmişdir. - xx.xx.2021-ci il tarixli, 113İPXO212951089 köçürmənin aparılması haqqında bildirişdən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" QSC-yə 8474,58 (ödənişin təyinatı – müqavilə əsasında ödəniş) manat məbləğində ödəniş edilmişdir. - xx.xx.2021-ci il tarixli, 113İPXO213152203 köçürmənin aparılması haqqında bildirişdən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" QSC-yə 2103 (ödənişin təyinatı – EBBL 470636 nömrəli qaimə) manat məbləğində ödəniş edilmişdir. Həmçinin iddiaçı tərəfindən məhkəməyə iddia tələbi ilə bağlı 2020-ci il üzrə FDU-92 formalı arayışlar təqdim olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər arasında dəmir yolunda xidmətlərin göstərilməsinə dair 2020-ci ilin noyabr ayında müqavilə bağlanmış, müqavilə üzrə tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi cavabdehə müxtəlif adda stansiya xidmətlərini göstərdiklərini, lakin həmin xidmətlərə görə yığımların cavabdeh tərəfindən ödənilmədiyini əsas göstərərək, 144793 manat məbləğində borcun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə tərəflər arasında xx.xx.2020-ci il tarixdə müqavilə bağlandığını, həmin müqavilənin ümumi nəzərdə tutulmuş xidmətlərə dair olan razılaşma olduğunu, həmçinin cavabdeh tərəfindən tələb edilən xx.xx.2020-ci il tarixdən olan ödənişlərin müqavilənin bağlanma tarixi ilə üst-üstə düşmədiyini, cavabdehə ünvanlanmış ödənişlərə dair qaiməfakturaların müqavilə tarixindən öncəki tarixləri əhatə etdiyini, texniki səhv nəticəsində "xxxx" QSC tərəfindən onlara ünvanlanmış elektron qaimələrin tərəflərindən qəbul edildiyini, lakin onların iddiaçı qarşısında mübahisəli dövr üzrə öhdəlik götürmədiyini bildirərək, onlara stansiya xidmətlərinin göstərilməsini inkar etmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Qeyd olunduğu kimi, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi "xxxx" MMC-yə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 144793 manat vəsaitin cavabdehdən tutulmasını xahiş edir. Hazırkı halda tərəflər arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, iddiaçı tərəfindən cavabdehə müəyyən vaxtlarda stansiya xidmətlərinin göstərilməsi və cavabdeh tərəfindən həmin xidmətlərə görə ödənişlərin edilməsi işin mübahisəsiz halını təşkil etsə də, iddiaçı tərəfindən cavabdehə mübahisəli dövr ərzində stansiya xidmətlərinin göstərilməsini, həmin xidmətlərin nədən ibarət olması və həcmini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi FDU-92 formalı arayışları və debitor borclar barədə arayış iddiaçı tərəfindən birtərəfli qaydada tərtib edilməklə yanaşı, xidmətlər göstərilərkən tərtib edilən ilkin sənədlər deyil, xidmətlərin göstərilməsi faktını təsdiq etmək üçün sonradan tərtib edilən hesabat xarakterli sənədlərdir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi yaranan borc məbləğinin cavabdehdən tutulmasını tələb etsə də, sübut qismində təqdim etdiyi göstərilən sənədlər 2020-ci ilin fevral-noyabr aylarını əhatə edir. İddiaçının məhkəməyə təqdim etdiyi 2020-ci ilin fevral-noyabr ayılarnda göstərilmiş xidmətlərə görə tərtib edilmiş elektron qaimələrə gəldikdə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” na əsasən 1.2-ci bəndinə görə elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin qaydaların 1.3-cü bəndinə görə bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. Sözügedən qaydaların 2.5.3-ci bəndinə görə elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaiməfakturanın “Əsas” sətrində qeyd olunur; Yuxarıda göstərilən müddəaların məzmunundan da göründüyü kimi, elektron qaimə fakturalar malların (işlərin, xidmətlərin) təqdim edilməsini təsdiq edən ilkin sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında tərtib edilməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Beləliklə, hazırkı halda mübahisəli elektron qaimə-fakturaların əsasında xidmətlərin göstərilməsinə dair hər iki tərəfin təsdiq etdiyi xidmətlərin təhvil-təslimi barədə aktlar və ya digər ilkin sənədlər dayanmadığından həmin qaimə-fakturalar müvafiq xidmətlərin təqdim edilməsi faktının təsdiq edilməsi üçün kifayət etmir. Digər tərəfdən məhkəmə qeyd edir ki, FDU arayışları və elektron qaimələrə əsasən 2020-ci ilin fevral-noyabr aylarnda göstərilməsi iddia edilən xidmətlərin dəyəri ilə debitor borclar haqqında arayışda həmin dövrdə göstərilməsi iddia edilən xidmətlərə görə yaranmış borc arasında uyğunsuzluq mövcuddur. Eyni zamanda təqdim olunan elektron qaimələr üzrə cavabdeh tərəfindən hər hansı ödənişin edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən 2021-ci ilin sentyabr-noyabr aylarında edilən ödənişlər barədə bildirişlər isə ya müqavilə üzrə edilən ödənişlərdir, ya da hazırda təqdim olunan qaimələr üzrə yox, başqa nömrəli elektron qaimələr üzrə edilən ödənişlərdir. Beləliklə, həmin ödənişlərin hazırkı mübahisəyə aid olması öz təsdiqini tapmır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən mübahisəli dövr ərzində cavabdehə stansiya xidmətlərinin göstərilməsi iş materiallarına əsasən öz təsdiqini tapmadığından həmin xidmətlərə görə yığımların tutulması tələbinə dair hazırkı iddia əsassız sayılmalı və rədd edilməlidir. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2146/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2146/2022
15.08.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver