Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2148/2020 18.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının qanuni təmsilçisi X6, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutun nümayəndəsi X3, Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili X1, Cavabdeh2 MMC-nin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 MMC-yə və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutuna qarşı protokolun və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər “xxxx” MMC-yə və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən laboratoriya avadanlığının satın alınması məqsədi ilə xx.xx.2019-cu il tarixində keçirilən açıq tenderin nəticələri haqqında tender komissiyasının yekun protokolunun və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli satınalma müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC xx.xx.2009-cu il tarixində təsis edilmiş və Azərbaycanda fiziki-kimyəvi laboratoriyaların ən müasir avadanlıqlarla təchiz olunması, servis xidməti və işçi kadrlarının hazırlanması üzrə ixtisaslaşmışdır. Öz sahəsində lider olan İddiaçı MMC ABŞ və Avropa analitik avadanlıqların istehsalçı şirkətlərinin (məs. Agilent Technologies, Beckman Coulter, Merck Millipore, Alfa Laval, OHAUS və s.) Azərbaycanda rəsmi nümayəndəsidir. Fəaliyyəti ərzində bir sıra uğurlu layihələrə imza atan İddiaçı MMC qida, ekoloji, neft, toksikoloji, elmi-tədqiqat və mikrobioloji laboratoriyalar qurub, təhvil vermişdir. Bundan başqa İddiaçı MMC mütəmadi olaraq məlumatlandırıcı və maarifləndirici xarakter daşıyan seminarlar təşkil etmişdir. Fəaliyyəti yüksək keyfiyyət və standartlara uyğun aparmaq üçün Şirkət İSO 9001-2015 Beynəlxalq keyfiyyət sertifikatını (fevral 2019 – fevral 2022) əldə etmişdir. Eyni zamanda Azərbaycan Respublikası qanunlarına uyğun olaraq iddiaçı tərəfindən gətirilən bütün prekursorlar, güclü təsiredici və zəhərli maddələr v.s. mallar üçün (onların idxalı, saxlanılması və satışı) tələb olunan icazə və sertifikat da müvafiq dövlət orqanlarından əldə edilmişdir (İddiaçı MMC-nin dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surəti əlavə olunur). Cavabdeh satınalma təşkilatı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən laboratoriya avadanlığının satın alınması məqsədi ilə xx.xx.2019-cu il tarixində elektron satınalma vasitəsilə açıq tender keçirilmişdir. Cavabdeh satınalan təşkilat tərəfindən təqdim olunan tenderin əsas şərtlər toplusunun 6-cı bölməsində satın alınan “Qaz xromatoqrafı sistemi”nin tələb olunan göstəriciləri əks olunmuşdur. On bir bənddən ibarət olan bu tələblərə aşağıdakılar daxil edilmişdir: 1. Təchizatçı şirkət alkoqollu içkilərin analizi sahəsi üzrə təcrübəli olmalı və bu sahə üzrə təchiz etdiyi minimum 3 layihə haqqında məlumat təqdim etməlidir. 2. Təklif edilən cihazın rəsmi təmsilçisi olmalı və ixtisaslaşmış servis xidməti vermək iqtidarında olmalıdır. 3. Qaz xromatoqrafı sistemi aşağıda adları sadalanan qaz generatorları ilə birgə təklif edilməlidir: ¾ Hidrogen generatoru – minimum 100 cc 99.99995% təmizliklə, ¾ Azot generatoru – minimum 250 cc 99.99995% təmizliklə, ¾ Zero Air – 1500 cc hava kompressoru ilə birgə, 4. Qaz xromatoqrafı – S/SL giriş (İnlet) malik olmalıdır. (Aşağı konsentrasiyalı maddələrin itkisinin qarşısını almaq üçün sistem nümunəni birbaşa olaraq da kolonkaya yeritmə imkanına malik olmalıdır.) 5. Qaz xromatoqrafı FİD detektoru ilə təchiz olunmalıdır. 6. Qaz xromatoqrafı sistemi “direct heating” sistemə malik olmalı və “ferul free connection” texnologiyalarına malik olmalıdır (kolonların istifadəçi tərəfindən daha rahat dəyişdirilməsi və bu dəyişiklik zamanı arzu edilməyən qaz sızıntılarının qarşısını almaq üçün). ¾ Sürətli analizlərin həyata keçirilməsi üçün sobanın temperaturu 450 dərəcədən 50 dərəcəyə 3 dəqiqədən az müddətdə düşməlidir. 7. Alkoqollu içkilərin analizi üçün nəzərdə tutulmuş kapilyar kolonla təchiz olunmalıdır. 8. Minimum 14 nümunəlik avtomatik özünümunəverən (avtosampler) ilə təchiz olunmalıdır. 9. Sistemin işləməsi üçün istifadə ediləcək qazlar üçün müvafiq qaz filterləri verilməlidir. 10. Kompyuter dəsti və lisenziyalı proqram təminatı ilə təmin olunmalıdır. 11. Nümunələr üçün 2 ml.-lik vial və qapaqları olmalıdır (Tender əsas şərtlər toplusu əlavə olunur). Tenderin əsas şərtlər toplusuna cavab verən malları təmin etmək imkanları olduğundan tender təklifini cavabdeh - satınalma təşkilatına təqdim etmişlər. (İddiaçı MMC-nin tender təklifi əlavə olunur). Tender təklifləri tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmuş şərtlərə tam uyğun olaraq satınalma qiyməti 119.180 manat olmuşdur. Qeyd etmək istəyirlər ki, tenderdə iştirak edən 2 iddiaçı təklif etdikləri qiymətdən baha (121.000 və 127.440 manat), 2 iddiaçı isə ucuz (88500 və 80000 manat) qiymətlər təklif etmişlər (Tenderin iclas protokolu əlavə olunur). Qeyri-şəffaf və qanunvericiliyin tələblərinin pozulması ilə keçirilmiş tenderin qalibi Cavabdeh2 MMC seçilmişdir (“Respublika” qəzetinin xx.xx.2019-cu il tarixli buraxılışı əlavə olunur). Cavabdeh2 MMC-nin 2020-ci ildə adı dəyişərək “xxxx” MMC olmuşdur (Vergi orqanından məktub və “xxxx” MMC haqqında İnternet Vergi orqanından Çıxarış əlavə olunurlar). Cavabdeh satınalma təşkilatının verdiyi məlumata əsasən, “xxxx” MMC təklif edilmiş qiymətdən aşağı qiymət göstəricisinə görə qalib seçilmişdir. “xxxx” MMC-nin təklif etdiyi mallar aşağı keyfiyyətdə və göstəriciləri tenderin şərtlərinə cavab vermədiyi üçün onların qiyməti iddiaçının təklif etdiyi qiymətdən aşağı olmuşdur. Aşağıdakılara görə hesab edir ki, cavabdeh “xxxx” MMC-nin tender təklifi, tenderin əsas şərtlər toplusuna uyğun gəlmir və bu səbəbdən də cavabdehin tender təklifinin qiyməti aşağıdır. Tenderin əsas şərtlər toplusunun 4-cü bəndində nəzərdə tutulan “Qaz xromatoqrafı – S/SL giriş (İnlet) malik olmalıdır. Aşağı konsentrasiyalı maddələrin itkisinin qarşısını almaq üçün sistem nümunəni birbaşa olaraq da kolonkaya yeritmə imkanına malik olmalıdır” tələbinin əvəzinə cavabdeh “xxxx”MMC tərəfindən təklif olunan avadanlıq yalnız SSL girişə malikdir ki, bu da tələb olunan S/SL girişdən daha aşağı göstəricidir və bu giriş sistemi ilə nümunənin birbaşa kolona daxil edilməsi mümkün deyildir. Bundan başqa, tenderin əsas şərtlər toplusunun 6-cı bəndində nəzərdə tutulan “Qaz xromatoqrafı sistemi “direct heating” sistemə malik olmalı və “ferul free connection” texnologiyalarına malik olmalıdır (kolonların istifadəçi tərəfindən daha rahat dəyişdirilməsi və bu dəyişiklik zamanı arzu edilməyən qaz sızıntılarının qarşısını almaq üçün) tələbinin əvəzində tenderdə qalib gələn şirkətin təklif etdiyi avadanlıqda “direct heating” sistemi və “ferul free connection” texnologiyaları mövcud deyildir. Bundan başqa, şərtlər toplusunun həmin bəndində nəzərdə tutulmuş “Surətli analizlərin həyata keçirilməsi üçün sobanın temperaturu 450 dərəcədən 50 dərəcəyə 3 dəqiqədən az müddətdə düşməlidir” şərtin əvəzinə qalib şirkətin təklif etdiyi avadanlıq tələb olunan temperaturu 4 və daha çox dəqiqə ərzində düşür. Bundan başqa, tenderin əsas şərtlər toplusunun 8-ci bəndində nəzərdə tutulmuş “Minimum 14 nümunəlik avtomatik özünümunəverən (avtosampler) ilə təchiz olunmalıdır” tələbinin qarşısında cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu müqavilə bağladığı şirkət “8 nümunəlik avtosampler” ilə təchiz edilmiş avadanlıq satmışdır. Cavabdeh “xxxx” MMC-nin tenderin əsas şərtlər toplusuna cavab verməyən təklif olunan mallar iddiaçıda daha ucuz qiymətədir və əgər cavabdeh Satınalma təşkilatı tenderin əsas şərtlər toplusunda bu göstəricilərə malik malları istəsəydi, həmin malların alınması üçün daha az dövlət vəsaiti xərclənərdi. Göründüyü kimi, təklif olunan avadanlıqların şərtləri tenderin tələb etdiyi şərtlərinə uyğun olmamışdır və bu səbəbdən də, təklif olunan avadanlıqların qiyməti aşağı olmuşdur. xx.xx.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun nümayəndəsi iddia ərizəsinə yazılı etirazı məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə iddiaçı qismində olan, İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli iddia ərizəsində irəli sürülən iddia əsassız və qanunsuz olduğu üçün təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən laboratoriya avadanlığının satın alınması məqsədi ilə xx xxxxxxx 2020ci il tarixdə elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi barədə “Respublika” qazetinin buraxılış nömrəsində elan verilmişdir. Həmin elana uyğun olaraq İnstitut tərəfindən xx xxxxxx 2019-cu il tarixdə elektron satınalma vasitəsilə açıq tender keçirilmişdir. AR-in “Dövlət satınalmaları haqqında” qanununun 5.2-ci maddəsinin tələblərinə əsasən satınalmaların bütün digər metodlarının tətbiqi zamanı malgöndərənlərə (podratçılara) satınalma müqaviləsinin qüvvəyə minmə qaydaları haqqında məlumat satınalan təşkilat tərəfındən təkliflərə, ofertalara və ya katirovkalara dair sorğunun alındığı vaxt verilir. Həmin Qanunun 6.1-ci maddəsinin tələblərinə əsasən satınalma prosedurlarının istənilən mərhələsində malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərinin tender komissiyası tərəfindən müəyyənləşdirilməsi və qiymətləndirilməsi üçün bu hüquq normasında qeyd edilən meyarlar tətbiq olunur. Bu Qanunun 22.1-ci maddəsinin tələblərinə əsasən satınalmaların təşkil olunması üçün satınalan təşkilat tender komissiyasını formalaşdırır, tenderin əsas şərtlər toplusunu hazırlayır, tender komissiyası tərəfindən tenderin əsas şərtlər toplusu və tender elanı təsdiq edildikdən sonra tender elanını dərc etdirir. Həmin Qanunun 22.1-1-ci maddəsinin tələblərinə əsasən satınalan təşkilat satınalmaların aşkarlıq, şəffaflıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında təşkilini təmin edir. Bu Qanunun 25.1-ci maddəsinin tələblərinə əsasən açıq tenderin keçirilməsi barədə elan tender zərflərinin açılması günündən azı 30 bank günü, ikinci dəfə isə azı 20 bank günü əvvəl, respublikanın dövlət qəzetlərində və beynəlxalq miqyasda yayılan kütləvi informasiya vasitələrində, habelə rəsmi internet saytında verilməlidir. Yuxarıda sadalanan hüquq normalarının tələblərinə əsasən İnstitut tərəfindən mütəxəssislərdən ibarət tender komissiyası formalaşdırılmış, tenderin əsas şərtlər toplusu hazırlanmış, tender komissiyası tərəfindən tenderin əsas şərtlər toplusu və tender elanı təsdiq edildikdən sonra xx xxxxxxx 2019-cu il tarixdə “Respublika” qəzetində və dövlət satınalmalarının vahid internet portalında dərc etdirilmişdir. Tender komissiyası tərəfindən tender təkliflərinin təqdim edilməsindən əvvəl və sonra malgöndərənlərin podratçıların ixtisas göstəriciləri, peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları və qanunvericilikdə nəzərdə tutulan digər meyarları müəyyənləşdirilmişdir. Tender komissiyası tərəfindən ARın “Dövlət satınalmaları haqqında” qanunun “tender prosedurları” adlı 4-cü fəslinin bütün müddəalarında təsbit edilmiş hüquq normalarının tələblərinə əməl edilmiş, satınalma aşkarlıq, şəffaflıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında yerinə yetirilmişdir. İnstitut tərəfindən laboratoriya avadanlığının satın alınması məqsədi ilə keçirilən açıq tenderdə iştirak etmək üçün müraciət etmiş iddiaçılardan İddiaçı və Cavabdeh2 tərəfindən təklif edilən laboratoriya avadanlığı əsas şərtlər toplusunun 6-cı bölməsində göstərilən tələblərə tam uyğun olmuşdur. Lakin Cəmiyyət tərəfindən təklif edilən laboratoriya avadanlığının dəyəri İddiaçı MMC Məhdud Mısuliyyətli Cəmiyyətinin həmin avadanlığa görə təklif etdiyi qiymətdən 30.680 manat aşağı olmuşdur. AR-in “ Dövlət satınalmaları haqqında” qanunun 36.7-ci maddəsinin tələblərinə əsasən ən aşağı qiyməti olan tender təklifi qalib gəlmiş sayılır. İddiaçı MMC Məhdud Məsuliyyətli Cəmiyyətinin laboratoriya avadanlığının alınmasına görə təklif etdiyi qiymət 119.180 manat olduğu halda, cəmiyyət tərəfindən həmin avadanlığın alınmasına görə təklif edilən qiymət 30.680 manat aşağı olmaqla 88.500 manat təşkil etmişdir. (119.180-88.500=30.680). Buna görə də, İnstitut dövlət büdcəsindən maliyyələşən qurum olduğu və cəmiyyət tərəfindən İddiaçı MMC Məhdud Məsuliyətli Cəmiyyətindən aşağı qiymət təklif olunduğu üçün elektron satınalma vasitəsilə keçirilən açıq tenderin qalibi cəmiyyət seçilmişdir. Cəmiyyət tərəfindən təklif edilmiş laboratoriya avadanlığı olan “X11 1310” qaz xromotoqrafı və digər avadanlıqlar İnstitut tərəfindən hazırlanmış açıq tenderin şərtlər toplusunun 6-cı bölməsinin tələblərinə aşağıda göstərildiyi kimi tam cavab verilir: Təklif edilən cihaz digər istehsalatçıların avadanlıqlarından 30 % daha həssasdır. (Thermo FİD Detector məlumat toplama tezliyi 300 Hz, digərləri maksimum 200Hz). Bu daha aşağı konsentrasiyaların analiz etmək üçün əsas meyardır. Cihazın ölçülərinin daha kiçik olması laboratoriyada daha rahat yerləşməsinə imkan yaradır. Detektorun maksimum temperaturu 870° C olması yaranmış hər hansı bir çirklənmənin qarşısını alır. Həmçinin qaz xromatoqrafı üzərində yerləşdirilmiş planşet tipli kompüter vasitəsilə tam idarə edilir. Thermo Scientefıc şirkətinin nümayəndəsi digər şirkətlərdən fərqli olaraq metodların qurulması və müştəri dəstəyi ödənişsizdir. Cihazın injector və detector hissəsini modul tipli olması və soyuq septa prinsipi ilə nümunənin inyeksiyası (X9 ) cihazın servis xidmətlərinin və digər maliyyə xərclərini azaldır. Təklif edilən FFAP kapilyar kolon nəinki alkoqollu içkilərin analizi üçün həmçinin aldehidlər, ketonlar və digər polyar maddələrin analizində istifadə edilə bilər. Təklifə eyni zamanda metodun qurulması və metod üçün gərəkən standartların ödənişsiz təminatı daxildir, hansılar ki, şərtlər toplusunda öz əksini tapmamışdır. Ən son proqram təminatı olan Xcalibur universal hesab edilir və gələcəkdə cihazın digər analizlər üçün konfriqasiya dəyişikliyi etməyə imkan verir və lizensiyası müddətsizdir. Təklif edilən proqram təminatı Xcalibur bir neçə detektordan alınan siqnalı emal edir və digər şirkətlərdən fərqli olaraq eyni anda həm alkoqollu içkiləri həm pestesid qalığını analiz etmək mümkündür. Cəmiyyət Thermo Scientefıcin MDB ölkələri, Avropa və Türkiyə Nümayəndələri ilə portnoyor olmaqla AR-də, o cümlədən MDB ölkələrində səlahiyyətli distribyutordur. Digər şirkətlərdən daha üst texnologiyalı və keyfiyyətli avadanlığın qiymətinin daha münasib və aşağı olması ilə rəsmi nümayəndə olaraq cəmiyyətin istehsalçıdan daha böyük endirim vermək imkanının olmasıdır. Cəmiyyət Şirvan şərabları, Avrora, Azgranata və digər şirkətlər ilə əməkdaşlıq edir; cəmiyyət Thermo Fisher şirkətinin Azərbaycanda nümayəndəsi və partnyorudur, servis xidmətində çalışan X14 Elmləri doktorudur. Hidrogen generatoru minimum 100 cc tələb edildiyi halda 300 CC təmin edir ki, bu da cihazın gələcəkdi digər avanlıqlarda istifdəsinə imkan yaranır. Azot generatoru 250 CC tələb edildiyi halda 500 CC təmin edir. Zefo Air hava kompressoru 1500 cc tələb edildiyi halda 2000 cc təmin edir; 19070010 X12/Splitless (S/SL) - modulu ilə təchiz edilmişdir; 19070001 İnstant Connect FİD module - FİD detektoru ilə təchiz edilmişdir. 19070010 X12/Splitless (S/SL) - modulu ilə təchiz edilmişdir; 19070001 İnstant Connect FİD module - FİD detektoru ilə təchiz edilmişdir. Tender şərtlərin 6-cı bölümündə yazılmış hissədən fərqli olaraq (istehsalçıya görə adlandırma dəyişir) təqdim etdikləri cihaz İCSS sistemi ilə təchiz edilmişdir. Çevik bir forsunka konfiqurasiyası, istənilən laboratoriyanın tez məhsuldar olması üçün mövcud və sübut olunmuş metodları tez və asanlıqla həyata keçirməyə imkan verir. İCSS modulu ilə asan və sürətli alətsiz və qaz borularını açmadan və cihaz işlək vəziyyətdə olmaqla çıxarmaq lazım olduqda, məsələn, mürəkkəb yapışqan nümunələrdən sonra tez bir zamanda təmizlənməsi üçün injektor korpusunun çıxarılması mümkündür. Xromatoqraf 450 dərəcədən 3 dəqiqə müddətinə 50 dərəcəyə qədər temperaturu salır, lakin mövcud analiz üçün bütün beynəlxalq metodlara əsasən istifadə zamanı maksimum temperatur 250 dərəcə C keçmir. Bu səbəbdən alkoqollu içkilərdə analiz ediləcək maddələrin bəzilərinin xromatoqrafık ayrılması çətin olduğu üçün təqdim etdikləri cihazla temperaturun yüksəlmə surətini 0,1 ilə 125°C/dəq arasında təyin etmək mümkündür. Bu isə nəinki qaynama və saxlanma müddətləri yaxın olan, hətta izomerlərin də analizini mümkün edir. Cihaz üzərində quraşdırılan - 260N230P TR-FFAP GC COLUMN 50M, 0.32MMİD, 0.5UM FİLM kapilyar kolonu beynəlxalq metodlarda alkoqollu içkilərin analizi üçün tövsiyə edilir. Cihaz üzərinə 105 nümunəlik - Al 1310 for TRACE 1300 Series GC avtosampleri quraşdırılmışdır (tender şərtlərinə görə 14 nümunədən az olmamalıdır. Hava, Hidrogen və azot generatorlarının çıxışlarına fılterlər quraşdırılmışdır. Kompüter dəsti və ən müasir və universal proqram təminatı olan XCalibur quraşdırılmışdır ki, bu da gələcəkdə xromatoqraf üzərinə digər detektor və modulların quraşdırılmasına və beynəlxalq kitabxanalardan istifadəyə imkan verir. Nümunələr üçün bir qutu vial və qapaq dəsti İnstitutun laboratoriyasına əlavə olaraq hədiyyə edilmişdir. Cəmiyyət tərəfindən laboratoriyaya əlavə bir illik analiz və servis baxışı üçün paket hədiyyə edilmişdir. Bundan başqa TOCT 32039-2013 uyğun olaraq analiz metodu qurulmuş və kalibrasiya standartları hədiyyə edilmişdir. Yuxarıda faktiki hallar əsasında qeyd edildiyi kimi, İnstitut tərəfindən cəmiyyətin ixtisas göstəriciləri, satınalma müqaviləsinin icrasını təmin etmək üçün peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlığı kimi meyarlar müəyyənləşdirilmiş və qiymətləndirilmişdir. xx xxxxxx 2019-cu il tarixdə baş tutmuş “Laboratoriya avadanlığının” satınalınması üzrə elektron satınalma vasitəsilə keçirilmiş açıq tenderin nəticəsi olaraq tender komissiyası tərəfindən tenderin nəticələri haqqında xx xxxxxx 2019-cu il tarixdə yekun protokol tərtib edilmiş və həmin protokol dövlət satınalmaların vahid internet portalında yerləşdirilmiş, tenderdə iddiaçı kimi qeydə alınmış istənilən iştirakçının portal vasitəsilə yekun protokol ilə tanış olmaq imkanı yaradılmışdır. Tender Komissiyası tərəfindən yekun protokolun surəti onun imzalanmasından sonra 3 bank günü ərzində müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuşdur. Həmin yekun protokola əsasən açıq tenderin qalibi olan Cəmiyyət ilə İnstitut arasında xx xxxxxx 2019-cu il tarixdə Laboratoriya avadanlığının satınalınması barədə 02 saylı müqavilə bağlanılmışdır. Bağlanılmış satınalınma müqaviləsi dövlət satınalmaların vahid internet portalında yerləşdirilmiş və bu barədə xx xxxxxx 2019-cu il tarixdə “Respublika” qəzetinin buraxılış nömrəsində elan verilmişdir. İddiaçı qismində olan İddiaçı tərəfindən verilmiş iddia ərizəsində AR-in Mülki Məcəlləsinin 19, 337, 339.1, 560.1, 560.2ci maddələrinə istinad edilməsi tamamilə əsassızdır. xx xxxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh “xxxx” MMC İddiaçı MMC-nin razılığı ilə əsl Cavabdeh2 MMC ilə əvəz edilmişdir. xx xxxxxxx 2020-ci il tarixdə Cavabdeh2 MMC-nin nümayəndəsi iddia ərizəsinə yazılı etirazı məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi əsassızdır, tender qanuna uyğun keçirilib. Onun mübahisələndirilməsinə dair iddiaçının ərizəsində tender keçirilərkən hər hansı bir qanun pozuntusunun olduğunu təsdiq edən heç bir əsaslı sübut yoxdur. İddiaçının ərizəsində bir çox ziddiyyətli məqamlar və əsassız tələblər yer alıb. İddiaçı ərizəsində etiraf edir ki, onun tender təklifinin satınalma qiyməti 119.180 manat olmuş, cavabdehin, təklif etdiyi qiymət 88500 manat - 30680 manat az olmaqla cavabdeh daha aşağı qiymət göstəricisinə görə tenderin qalibi seçilmişdir. Bu da “Dövlət satınalmaları haqqında” AR qanununun 36.7.1-ci maddəsinə uyğundur. Orada müəyyən edilib ki, ən aşağı qiyməti olan tender təklifi qalib gəlmiş sayılır. Dövlət vəsaitinin əsassız xərclənməsi barədə iddiası iddianın predmeti deyil, həm də iddiaçı bu barədə mülahizə yürütmək səlahiyyətində deyildir. İddiaçı daha sonra etiraf edir ki, tenderin nəticələrinin ləğv edilməsi üçün müxtəlif dövlət orqanlarına müraciət edib, lakin həmin təşkilatlar tenderin qanunvericiliyə uyğun keçirildiyi barədə cavab vermişlər. AR “Dövlət Satınalmalar haqqında” qanunun 40.4.-ci maddəsinə əsasən satınalma müqaviləsi malgöndərən (podratçı) ilə satınalan təşkilat tərəfindən imzalandığı andan qüvvəyə minir. xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili X2 iddia ərizəsinə yazılı etirazı məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki,”Cavabdeh2” MMC tərəfindən tələb olunduğu kimi Spilt/Splitless təqdim edilmiş və inyeksiya portu 12500:1 olduğu halda, iddiaçı şirkətin təmsil etdiyi agilent avadanlığında 7500:1 dir, bu göstərici fərqi isə onların avadanlıqda daha aşağı konsentrasiyaları sistemə birbaşa inyeksiya ilə analiz etməyə imkan verir. Təqdim edilmiş Al 1310 autosampler AS1310 modifıkasiyalıdır və 105 nümunə üçün nəzərdə tutulub. Tender şərtlərinə görə isə 14 və daha çox olmalıdır. (Laboratoriyada mövcud avadanlığın şəkli və spesifikasiyası əlavə olunmuşdur.) Thermo Fisher GC 1310 qaz xromatoqrafı 450 dərəcədən 50 dərəcəyə 4 dəqiqədən daha az vaxt ərzində enir. Həmçinin soyutma sistemindəki fan (ventilyator) otağın havası ilə sobanı soyutduğu üçün, fəsil dəyişkənliyindən yaranan nəmlilik və ətraf mühit temperatur dəyişkənliyi bu parametrə birbaşa təsir edir. Analiz üçün daha vacib olan parametr temperaturun dəqiq nizamlanmasıdır. Hansı ki, 0,1 dərəcədir və Direct heating sistemi ilə də eyni həssaslıqdadır. Əsas sobanın bərabər və dəqiq qızdırılması olduğundan hər iki sistemdə həssaslıq 0,1 dərəcədir. Texniki spesifikasiya əlavədədir. Bu isə onu göstərir ki, cihaz spirt analizinin aparılması üçün lazım olan tələbə tam uyğundur. (Beynəlxalq metod şərtləri əlavə edilir) Məlumat üçün onu da bildirirlər ki, 10 aydan artıq müddətdir ki, İnstitut verilən cihazda spirt və vodka analizi edir. Ferrul free connection sistemi ilə təqdim etdikləri avadanlığın fərqi kolonun bağlanma üsuludur. Hansı ki, analizin nəticəsinə heç bir təsiri yoxdur və texniki göstərici deyil. Avadanlıqlarının inyeksiya portu kolon ilə bərabər çıxdığı üçün daha rahat formada dəyişilir. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni təmsilçisi iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun nümayəndəsi iddiaya dair etirazda yazılanlara uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək etirazda yazılanlara uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi izahatında avadanlığın şərtlər toplusunda göstərilən bütün şərtlərə cavab verdiyini, həmçinin cavabdehin təqdim etdiyi avadanlıqdan daha ucuz olduğunu bildirərək iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - “Respublika” qəzetinin xx.xx.2019-cu il tarixli buraxılışından görünür ki, qəzetdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi- Tədqiqat İnstitutunun laboratoriya avadanlığının satınalınmasına dair açıq tender elan etməsi barədə elan verilmişdir. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən tərtib edilmiş laboratoriya avadanlığının alınması açıq tenderin şərtlər toplusundan görünür ki, həmin topluda keçiriləcək açıq tenderin şərtləri müəyyən edilmişdir. Şərtlər toplusunun 6-cı bölməsinə əsasən qaz xromatoqrafı sistemi aşağıda qeyd edilən şərtlərə cavab verməlidir:
1. Təchizatçı şirkət alkoqollu içkilərin analizi sahəsi üzrə təcrübəli olmalı və bu sahə üzrə təchiz etdiyi minimum 3 layihə haqqında məlumat təqdim etməlidir.
2. Təklif edilən cihazın rəsmi təmsilçisi olmalı və ixtisaslaşmış servis xidməti vermək iqtidarında olmalıdır.
3. Qaz -xromotoqrafı sistemi aşağıda adları sadalanan qaz generatorları ilə birgə təklif edilməlidir. -Hidrogen generatoru - minimum 100 cc 99.99995% təmizliklə - Azot generatoru - minimum 250 cc 99.99995% təmizliklə - Zero Air - 1500 cc hava kompressoru ilə birgə
4. Qaz xromatoqrafı - S/SL giriş (İnlet) malik olmalıdır. - Aşağı konsentrasiyalı maddələrin itkisinin qarşısını almaq üçün system nümunəni birbaşa olaraq da kolonkaya yeritmə imkanına malik olmalıdır.
5. Qaz xromatoqrafı FİD detektoru ilə təchiz olunmalıdır.
6. Qaz xromatoqrafı sistemi direct heating sistemə malik olmalı və ferul free connection texnologiyalarına malik olmalıdır.(kolonların istifadəçi tərəfindən daha rahat dəyişdirilməsi və bu dəyişiklik zamanı arzu edilməyən qaz sızıntılarının qarşısım almaq üçün) - Surətli analizlərin həyata keçirilməsi üçün sobanın temperaturu 450 dərəcədən 50 dərəcəyə 3 dəqiqədən az müddətdə düşməlidir.
7. Alkoqollu içkilərin analizi üçün nəzərdə tutulmuş kapilyar kolonla təchiz olunmalıdır.
8. Minimum 14 nümunəlik avtomatik özünümunəverən (avtosampler) lə təchiz olunmalıdır.
9. Sistemin işləməsi üçün istifadə ediləcək qazlar üçün müvafiq qaz fılterləri verilməlidir.
10. Kompüter dəsti və lisenziyalı proqram təminatı ilə təmin olunmalıdır.
11. Nümunələr üçün 2 ml lik vial və qapaqları olmalıdır. -Cavabdeh2 MMC tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli tender təklifindən görünür ki, tenderin əsas şərtlər toplusunu, həmçinin əsas şərtlər toplusuna edilmiş əlavələri və dəyişiklikləri öyrənərək, ümumi məbləği 88.500 manat olan və ya bu tender təklifinə əlavə olunan qiymət cədvəlində verilmiş digər məbləğlərə laboratoriya avadanlığının satın alınması təklif edilmişdir. Tender təklifi qalib seçildiyi halda, tender təklifinin aksept edilməsi barədə bildirişi aldıqdan sonrakı 10 təqvim günü ərzində satınalma müqaviləsində göstərilmiş bütün malların göndərilməsinə başlayıb, 30 təqvim günü ərzində malların göndərilməsini tamamlayacaqları barədə öhdəlik götürmüşlər. Gətirilən mallara 1 il zəmanət verilir. - Həmin təklifə əlavə edilmiş xaricdən gətirilən malların qiymət cədvəlindən görünür ki, malların ümumi qiyməti 88.500 manat məbləğində müəyyən edilmişdir. Qaz xromatoqrafına TRACE 13** AL ***0 avtomatik özünümunəverən avtosampler, S/SL girişi (inlet) olan, maksimum temperaturu 400 dərəcə olan qaz xromatoqrafı üçün injector port daxil edilmişdir. -İddiaçı MMC-nin xx.xx.2019-cu il tarixli, KM1909004 saylı təklifindən görünür ki, AGT-G3950A Agilent İntuvo 9000 GC System – alkoqollu içkilərin analizi üçün nəzərdə tutulmuş qaz xromatoqrafı sisteminin qiyməti – 74.000 manat, PK-61 Qaz xromatoqrafının işləməsi üçün zəruri olan qaz generatorlarının 1 dəstinin qiyməti 27.000 manat, ƏDV 18.180 manat olmaqla, cəmi 119.180 manat dəyərindədir. Aİ1310 və AS 1310 model avtosamplerlərin texniki spesifikasiyasından görünür ki, Aİ1310 modeli 8 nümunəlik, AS 1310 modeli isə 105 nümunəlik avtosamplerdir. - Tenderin nəticələri haqqında tender komissiyasının xx.xx.2019-cu il tarixli yekun protokolundan müəyyən edilir ki, tenderin əsas şərtlər toplusu almış və tender təklifləri vermiş 4 mal göndərənlərin – İddiaçı MMC, Cavabdeh2 MMC-nin, “xxxx” MMC-nin və “xxxx” MMC-nin təklifləri qiymətləndirilmiş, “xxxx” MMC-nin və “xxxx” MMC-nin təkliflərinin tenderin şərtlər toplusunun tələblərinə uyğun olmaması müəyyən edildiyindən həmin təkliflər kənarlaşdırılmış, tender təkliflərinin müqayisəsi və qiymətləndirilməsi nəticəsində “xxxx” MMC 86,45 balla tenderin qalibi olmuşdur. “xxxx” MMC isə 84,55 balla ikinci yeri tutmuşdur. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu (sifarişçi) ilə Cavabdeh2 MMC (icraçı) arasında xx xxxxxx 2019-cu il tarixdə “Laboratoriya avadanlığının satın alınması” haqqında 02 saylı müqavilə bağlanmış müqaviləyə əsasən müəyyən edilir ki, sifarişçi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat institutu “Laboratoriya avadanlığının” satın alınması uçün icraçının 88.500 manat təklifini qəbul etmişdir. 2.2-ci bəndinə görə icraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan malların (bu müqaviləyə Əlavə 2) təhvil verilməsim öhdəsinə göturur. Mallar icraçının təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, icraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində (bu müqaviləyə Əlavə 1) göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. 2.3-cü bəndinə əsasən sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -xx xxxxxx 2019-cu il tarixdə “Laboratoriya avadanlığının satın alınması” haqqında 02 saylı müqaviləyə 1 saylı əlavədə müqavilənin xüsusi şərtləri göstərilmişdir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -xx xxxxxx 2019-cu il tarixdə “Laboratoriya avadanlığının satın alınması” haqqında 02 saylı müqaviləyə 2 saylı əlavədə (Qiymət razılaşma protokolu) malların adı və təsviri, miqdarı və qiyməti göstərilmişdir. Yekun qiymət 88.500 manat müəyyən edilmişdir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - “Respublika” Qəzetinin xx.xx.2019-cu il tarixli buraxılışından görünür ki, qəzetdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi- Tədqiqat İnstitutunun laboratoriya avadanlığının satınalınmasına dair açıq tenderin qalibi Cavabdeh2 MMC elan edilməsi və qalib şirkətlə satınalma müqaviləsinin bağlanması barədə elan verilmişdir. -Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin İddiaçı MMC-yə ünvanlanmış xx xxxx 2020-ci il tarixli, 05/06-xx-xx-1559 saylı məktubundan görünür ki, açıq tender üsulu tətbiq edilməklə elektron satınalma vasitəsilə keçirilmiş tenderin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun həyata keçirilməsi və tenderin qalibi Cavabdeh2 MMC-nin təklif etdiyi qaz xromatoqrafı sisteminin tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmuş texniki tələblərə uyğun olması müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi- Tədqiqat İnstitutunda direktor müavini vəzifəsində çalışır. Xromatoqraf alınması üçün tender elan edilmişdir. Avadanlıq tenderdə minimal qiymətlə, nəzərdə tutulmuş şərtlərlə alınır. Tenderin əsas qanunlarından biri odur ki, alıcı avadanığı ucuz qiymətə alsın. Tenderin şərtlərində ola bilər ki, səriştəsizlikdən texniki səhv olsun. Avadanlığın parametrlərində səhv yoxdur. Şərtlər toplusunu əməkdaşlar fikirləşərək tərtib etmişlər. Hansı qiymət sərf edirsə, həmin avandanlıq alınır. Şərtlər toplusu işçilər tərəfindən tərtib olunmuşdur. Şərtlər toplusunda göstərilən parametrlər avadanlıqda mövcuddur. Ola bilər ki, nöqtə, vergül səhvi olsun. Cavabdeh2 MMC cihazı təhvil verdikdən sonra servis xidmətlərini pulsuz həyata keçirmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi- Tədqiqat İnstitutu tərəfindən laboratoriya avadanlığının alınması məqsədilə açıq tender elan edilmiş, həmin tenderin şərtlər toplusu tərtib edilmiş və dərc edilmişdir. İddiaçı MMC və Cavabdeh2 MMC tenderdə iştirak etmək üçün tender təkliflərini İnstituta təqdim etmişlər. xx.xx.2019-cu il tarixdə keçirilmiş açıq tenderdə tender komissiyasının qərarı ilə Cavabdeh2 MMC qalib elan edilmiş və bu barədə tenderin nəticələri haqqında tender komissiyasının xx.xx.2019-cu il tarixli yekun protokolu tərtib edilərək tender komissiyası tərəfindən təsdiq edilmişdir. Tenderin nəticələrinə uyğun olaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu (sifarişçi) ilə Cavabdeh2 MMC (icraçı) arasında xx xxxxxx 2019-cu il tarixdə laboratoriya avadanlığının satın alınması haqqında 02 saylı müqavilə bağlanmışdır. Hazırda İddiaçı MMC tenderin keçirilməsi zamanı qanun pozuntularına yol verilməsini əsas göstərərək tenderin nəticələri barədə yekun protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC iddia tələblərini tenderdə qalib elan edilmiş Cavabdeh2 MMC-nin tender təklifində göstərilmiş laboratoriya avadanlığının tenderin şərtlər toplusunun 6-cı bölməsində nəzərdə tutulmuş tələblərə, Cavabdeh2 MMCnin özünün isə şərtlər toplusundan göstərilmiş ixtisas və təcrübə tələblərinə uyğun olmaması ilə əsaslandırmışdır. “Dövlət satınalmaları haqqında” AR Qanununun: 2-ci maddəsinə görə tenderin əsas şərtlər toplusu - satınalan təşkilatın tender şərtlərini əks etdirən və iddiaçılara təqdim edilən sənəddir. 24.1-ci maddəsinə görə tenderin əsas şərtlər toplusunda aşağıdakı məlumatlar göstərilir: 24.1.2. malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərinin bu Qanunun 6-cı maddəsinin müddəalarına uyğun qiymətləndirilməsi, həmçinin bu Qanunun 36.13-cü maddəsinə əsasən ixtisas göstəricilərinin təkrar təsdiqinin prosedurları və meyarları; 24.1.3. malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərini təsdiq edən sənədlərə və ya digər məlumatlara aid tələblər; 24.1.4. bu Qanunun 14-cü maddəsinin tələbləri nəzərə alınmaqla malların (işlərin və xidmətlərin) zəruri texniki və keyfiyyət xüsusiyyətləri, o cümlədən planlar, çertyojlar və eskizlər, malın miqdarı (həcmi), əlavə xidmətlər, malların göndərilməsinin (işlərin görülməsinin, xidmətlərinin göstərilməsinin) yeri və müddətləri; 30.2-ci maddəsinə görə satınalan təşkilat tender təklifləri verilməsinin son müddəti qurtaranadək tenderin əsas şərtlər toplusuna hər hansı malgöndərənin (podratçının) sorğusuna cavab olaraq dəyişikliklər və əlavələr edə bilər. Bu barədə məlumat dərhal tenderin əsas şərtlər toplusunu almış bütün malgöndərənlərə (podratçılara) göndərilir. Dəyişikliklər və əlavələr malgöndərənlər (podratçılar) üçün məcburi qüvvəyə malikdir. 36.1-ci maddəsinə görə tender təkliflərinə baxılmasını, onların qiymətləndirilməsini və müqayisəsini asanlaşdırmaq məqsədi ilə satınalan təşkilat malgöndərənlərdən (podratçılardan) öz tender təkliflərinə dair izahat verməsi üçün sorğu edə bilər. Qiymətlərin dəyişdirilməsi və formal tələblərə uyğun gəlməyən tender təklifinin həmin tələblərə uyğunlaşdırılmasına yönəldilmiş dəyişikliklər də daxil olmaqla, tender təklifinin mahiyyətini dəyişdirmək məqsədi daşıyan heç bir sorğuya, təklifə və ya icazəyə yol verilmir. 36.2-ci maddəsinə görə bu Qanunun 36.1-ci maddəsindən asılı olmayaraq satınalan təşkilat tender təkliflərinə baxılması gedişində aşkar edilmiş sırf hesab səhvlərini düzəldir. Satınalan təşkilat hər hansı belə düzəliş barəsində tender təklifini vermiş malgöndərənə (podratçıya) ləngimədən məlumat verir. 36.3-cü maddəsinə görə bu Qanunun 36.2-ci maddəsini nəzərə almaqla, satınalan təşkilat tender təklifini yalnız o halda formal tələblərə uyğun hesab edə bilər ki, bu təklif tenderin əsas şərtlər toplusunda göstərilmiş bütün tələblərə cavab versin. 36.5. Satınalan təşkilat aşağıdakı hallarda tender təklifini kənarlaşdırır: 36.5.1. tender təklifi vermiş malgöndərən (podratçı) ixtisas tələblərinə uyğun gəlmirsə; 36.5.3. tender təklifi formal tələblərə uyğun gəlmirsə... İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından isə görünür ki, mübahisəli tenderin qalibi elan edilmiş Cavabdeh2 MMC tenderdə iştirak edərkən alkoqollu içkilərin analizi sahəsində 3 layihəsi olmamış, yəni həmin şirkət tenderin şərtlər toplusunun 6-cı bölməsinin 1-ci bəndində nəzərdə tutulmuş ixtisas və təcrübə tələblərinə tam şəkildə uyğun olmamış, eləcə də MMC-nin təklif etdiyi avadanlıq (qaz xromatoqrafı) şərtlər toplusunun 6-cı bölməsinin 6-cı bəndində göstərilmiş direct heating sistemə və ferul free connection texnologiyalarına malik olmamışdır. Bununla yanaşı Cavabdeh2 MMC-nin tender təklifində göstərilmiş Aİ 1310 modelli avtosampler 8 nümunəlik olduğundan şərtlər toplusunun 6-cı bölmənin 8-ci bəndində nəzərdə tutulmuş “minimum 14 nümunəlik avtomatik özünümunəverən sampler ilə təchiz edilməlidir” tələbinə də cavab verməmişdir. Göründüyü kimi tenderin qalibi elan edilmiş Cavabdeh2 MMC-nin tender təklifi formal tələblərə uyğun gəlmədiyindən, eyni zamanda MMC-nin özü tender təklifi vermiş malgöndərənlər üçün (podratçı) şərtlər toplusunda müəyyən edilmiş ixtisas və təcrübə tələblərinə cavab vermədiyindən “Dövlət satınalmaları haqqında” AR Qanununun 36-cı maddəsinin tələblərinə əsasən həmin tender təklifi satınalan təşkilat tərəfindən kənarlaşdırılmalı idi. Digər tərəfdən Cavabdeh2 MMC-nin nümayəndələri məhkəmə iclaslarında verdikləri izahatlarda tender təklifinin şərtlər toplusunda göstərilmiş tələblərə uyğunsuzluqları ilə bağlı bildirmişlər ki, cihazın direct heating sistemi və ferul free connection texnologiyalarına malik olması barədə tələblər texniki göstərici deyil və bu baxımdan cihazın apardığı analizin nəticələrinə heç bir təsir etmir, eləcə də təkliflərində qaz xromatoqrafının Aİ 1310 modelli avtosamplerlə (8 nümunəlik) təchiz edilməsi göstərilsə də, İnstituta şərtlər toplusunda göstərilmiş şərtlərə cavab verən AS 1310 avtosampleri (105 nümunəlik) təqdim edilmişdir. Həmin dəlillərə münasibətdə məhkəmə qeyd edir ki, laboratoriya avadanlığının direct heating sistemi və ferul free connection texnologiyalarına malik olması tenderdə alınmalı olan avadanlığın cavab verməli olduğu zəruri şərt kimi satınalan təşkilatın təsdiq etdiyi şərtlər toplusunda göstərilmişdir. Belə olan halda isə “Dövlət satınalmaları haqqında” AR Qanununun tələblərinə uyğun olaraq göstərilən tələblərin cihazın keyfiyyətinə və texniki parametrlərinə təsir edib-etməməsindən asılı olmayaraq təklif edilən cihaz həmin tələblərə cavab verməli idi. Təklifdə cihazın Aİ 1310 modelli avtosamplerlə təchiz edilməsi göstərilsə də, İnstituta AS 1310 avtosampleri (105 nümunəlik) təqdim edilməsi barədə cavabdehin istinad etdiyi dəlillərə münasibətdə məhkəmə qeyd edir ki, tenderin qalibi tender komissiyası tərəfindən tender təkliflərinin qiymətləndirməsi nəticələrinə əsasən müəyyən edilir. Cavabdeh2 MMC-nin tender təklifində alınmasını təklif etdiyi Aİ 1310 avtosampleri isə 8 nümunəlik olmaqla şərtlər toplusundakı tələblərə cavab verməmişdir. Cavabdeh2 MMC tərəfindən təklif edilmiş avadanlığın qiymətinin daha aşağı olması, tenderdə isə ən aşağı qiymət təklif etmiş malgöndərənin qalib gəlməli olması barədə cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun istinad etdiyi dəlillərlə bağlı isə qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə əsasən tenderin qalibi tenderin formal tələblərinə uyğun olan təkliflərin arasından seçilməli və həmin təkliflərdən ən aşağı qiymət vermiş malgöndərən tenderdə qalib gəlmiş hesab edilməlidir. Lakin tender təklifində ən aşağı qiymət müəyyən edilməsi tenderin formal tələblərinə uyğun tender təklifinin qalib elan edilməsinə haqq qazandırmır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, tender komissiyası Cavabdeh2 MMC-nin tenderin formal tələblərinə uyğun olmayan təklifi kənarlaşdırmalı olduğu halda həmin təklifi qiymətləndirməklə və bundan əlavə təklifi vermiş şirkəti tender qalibi elan etməklə, dövlət satınalmalarının keçirilməsi qaydalarını müəyyən edən qanunvericiliyin tələblərini pozmuşdur. Mülki Məcəllənin: 337.1-ci maddəsinə görə bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 404-1-ci maddəsinə görə dövlət satınalmaları müqaviləsinə dair münasibətlər Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun tənzimlənir. “Dövlət Satınalmaları haqqında” AR Qanununun 38.2-ci maddəsinə görə tender komissiyası bu Qanunla müəyyənləşdirilmiş vəzifələrini yerinə yetirərkən qeyri-obyektivliyə yol verərək, hər hansı iddiaçının tərəfini saxlayarsa, iddiaçılardan hər biri müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilər. Həmin orqanlar tenderin hazırlanması və keçirilməsi zamanı qanun pozuntusuna yol verildiyini təsdiqləyərsə, tenderin nəticələri ləğv olunur və satınalan təşkilat həmin iş üzrə yeni tender keçirir. Bu halda qəbul olunmuş qərardan fərqlənən xüsusi rəy vermiş komissiya üzvlərindən başqa, komissiyanın sədri və digər üzvləri 3 il müddətində hər hansı tender komissiyasının sədri və ya üzvü ola bilməzlər. Belə olan halda məhkəmə mübahisəli tenderin keçirilməsi zamanı qanun pozuntularına yol verilməsinin işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapdığını nəzərə alaraq hesab edir ki, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 MMC-yə və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi- Tədqiqat İnstitutuna qarşı protokolun və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən laboratoriya avadanlığının satın alınması məqsədi ilə keçirilən açıq tenderin nəticələri haqqında tender komissiyasının yekun protokolu və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli satınalma müqaviləsi etibarsız hesab edilməlidir. Bununla yanaşı kommersiya araşdırılması zamanı aşkara çıxan cinayət əməllərinin araşdırılması üçün xüsusi qərardad qəbul edilərək müvafiq prokurorluq orqanına göndərilməsi barədə iddiaçının qanuni təmsilçisi tərəfindən verilmiş vəsatətə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırılması zamanı tərəflərin və ya digər şəxslərin əməllərində cinayət əlamətlərinin olmasını təsdiq edən və iş üzrə xüsusi qərardadın qəbul edilməsi üçün yetərli olan hallar müəyyən edilmədiyindən həmin vəsatət rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən laboratoriya avadanlığının satın alınması məqsədi ilə xx.xx.2019-cu il tarixdə keçirilən açıq tenderin nəticələri haqqında tender komissiyasının yekun protokolu və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli satınalma müqaviləsi etibarsız hesab edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva