Məhkəmə qərarları › İş №e-2-2(113)-2148/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2148/2022

05.08.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2148/2022 05.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh X3 qarşı “əmtəə nişanından istifadəyə qadağa qoyulması” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə məxsus “QONSHU” əmtəə (xidmət) nişanından cavabdeh X3 istifadə edilməsinə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2016-cı ildən “AY QONSHU” adı altında restoranı fəaliyyət göstərir. Bu müddət ərzində bir çox şəxslər tərəfindən adlarına və konseptlərinə uyğun iaşə obyektləri açılmış və faəliyyət göstərməyə çalışdığından yekunda “QONSHU” adının əmtəə nişanı qeydiyyatından keçirmək qərarına gəlmiş və “QONSHU” əmtəə nişanı kimi Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzinin 12 avqust 2021-ci il tarixli qərarı ilə 2021 1812 saylı şəhadətnamə əsasında İddiaçı MMC-nin adına qeydiyyata alınmışdır. Bu əmtəə nişanı aşağıda göstərilən əmtəələr (xidmətlər) üçün 09 sentyabr 2021-ci il tarxdə dövlət reyestrində qeydiyyata alınmışdır: 43-cü sinif-restoran və kafe xidmətləri. İş üzrə cavabdeh X4 fərdi sahibkar VÖEN ********** olaraq Bakı şəhəri, Nərimanov rayonunda fəaliyyət göstərən “QONSHU” restoranının sahibidir. Cavabdeh “QONSHU” əmtəə nişanından qanunsuz istifadə edərək əmtəə (xidmət) nişanında restoranın adında, e-mail ünvanlarında, sosial şəbəkələrdə (facebook və instagram səhifələri) uzun müddət istifadə edir. Dəfələrlə müraciət edilməsinə baxmayaraq qanunla əldə edilən əmtəə nişanından cəmiyyətdə formalaşmış işgüzar nüfuzuna xələl gərilməsi, müştərilər arasında yaranan çaşqınlığa və müştəri məmnuniyyəti göstəricisini kifayət qədər aşağa salır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəməyə təqdim etdiyi iddia ərizəsini izahat kimi qəbul edilməsini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X2 nümayəndəsi və vəkili məhkəməyə izahatında qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçı tərəfindən restoranı “QONSHU” əmtəə nişanını əsassız olaraq qeydiyyatdan keçirsə də hazırda restoran sahəsi üzrə sahibkarlıq fəaliyyətində həmin “QONSHU” adından istifadə etmir. Qanunsuz və əsassız olaraq, hazırda iddiaçının istifadəsində olan və fəaliyyət göstərən “QONSHU” restoranın adını mənimsəyərək, həmin adı qeydiyyatdan keçirmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş, cavabdehin istifadəsində olan X5 Xidmətində qeydiyyatdan keçmiş obyektinin yerləşdiyi ünvan ilə iddiaçının hüquqi ünvanı eynilik təşkil edir. Bu da onu sübut edir ki, iddiaçının direktorunun yaşayış ünvanı həmin ünvan olduğundan, hər zaman “QONSHU” restoranının adını görmüş və bu adın əmtəə nişanı kimi qərəzli olaraq qeydiyyatdan keçirmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş N2021 1812 nömrəli şəhadətnamə ilə “QONSHU” əmtəə nişanı xx.xx.2031 tarixinədək İddiaçı MMC-nin adına qeydiyyatdan keçirilmişdir. Əmtəə nişanının ilkinlik tarixi xx.xx.2021-ci il qeyd olunmuşdur.Əmtəə nişanı aşağıda göstərilən əmtəələr (xidmətlər) üçün qeydiyyata alınmışdır- 43-cü sinif-restoran və kafe xidmətləri. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi Patent və X1 Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışda X3 məxsus əmtəə nişanı qeydiyyata alınması üçün xx.xx.2021-ci il tarixli iddia sənədi baxılmağa qəbul edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş arayışda qeyd olunmuşdur ki, X4 (VÖEN **********) Bakı şəhəri X6 ev. 26, 1956-1989-cu məhəllə ünvanında yerləşən təsərrüfat subyekti üzrə xx.xx.2021 tarixində uçota alınmışdır. “Əmtəə nişanı və coğrafi göstəricilər” haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmtəə nişanı-sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır). Həmin Qanunun 9-cu maddəsinə əsasən əmtəə nişanının və coğrafi göstəricinin qeydə alınması barədə iddia sənədini iddiaçı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma verir. Həmin Qanunun 10-cu maddəsinə əsasən əmtəə nişanının ilkinliyi bu Qanunun 9-cu maddəsinə uyğun olaraq iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma daxil olduğu tarixdən müəyyənləşdirilir. Həmin Qanunun 25-ci maddəsinə əsasən əmtəə nişanı üzərində müstəsna hüquq əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. Əmtəə nişanı üzərində hüquqa malik şəxsin özü tərəfindən və ya onun razılığı əsasında ona məxsus əmtəə nişanı ilə Azərbaycan Respublikasında ticarət dövriyyəsinə buraxılan əmtəələrlə bağlı başqa şəxslərin həmin əmtəə nişanından istifadə etməsinə qadağa qoymaq hüququ yoxdur. Əmtəə nişanının sahibi “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan ölkələrin birində həmin Konvensiyanın 6 septies maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə onun istifadəsinə icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Həmin Qanunun 26-cı maddəsinə əsasən əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır. Əmtəənin satış üçün təklif olunması, satışı və ya xidmətin göstərilməsi qeydə alınmış nişanlardan istifadəni təsdiq edir. Geniş tanınmış əmtəə nişanının sahibi onun nişanı barədə yanlış təsəvvür yarada bilən reproduksiyadan, oxşatmadan, transliterasiyadan və tərcümə olunmuş sözdən ibarət olan əmtəə nişanının və ona aid olan əmtəələrin və xidmətlərin, geniş tanınmış əmtəə nişanına aid olan əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olduğu, qeydə alınmış əmtəə nişanının sahibi isə əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olmadığı təqdirdə də yanlış təsəvvür yarada bilən nişanın qadağan olunmasını tələb edə bilər. Müstəsna hüquq əmtəə nişanının müstəqil əmtəə nişanı kimi qeydə alına bilinməyən elementlərinə şamil edilmir. Həmin Qanunun 32-ci maddəsinə əsasən bu Qanunun 25-ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır. Mühafizə edilən əmtəə nişanı və coğrafi göstəricinin istifadəsi ilə bağlı aşağıdakılar qadağan olunur: əmtəənin, göstərilən xidmətin və ya sahibkarlıq fəaliyyətinin başqası ilə qarışdırılmasına səbəb olan hərəkətlər; kommersiya fəaliyyəti həyata keçirilərkən əmtəəni, göstərilən xidməti və ya sahibkarlıq fəaliyyətini gözdən salan yanlış rəylər; kommersiya fəaliyyəti həyata keçirilərkən istifadəsi əmtəənin xüsusiyyəti, keyfiyyəti, yararlığı barədə ictimaiyyəti çaşdıra bilən göstəricilər. Həmin Qanunun 33-cü maddəsinə əsasən bu Qanunun icrası ilə əlaqədar əmtəə nişanına dair müstəsna hüququn pozulması mübahisələrinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada qaydada məhkəmədə baxılır. Qeyd olunan maddi hüquq normalarının məzmunundan da göndüyü kimi qanunverici əmtəə nişanından istifadə hüququnun nişan sahibinin müstəsna hüququna aid etmiş, nişan sahibinin razılığı olmadan ondan istifadə edilməsini qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması hesab etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı “QONSHU” əmtəə nişanını qeydiyyata almış, bununla da qeyd olunan nişandan istifadəyə dair müstəsna hüquqlar əldə etmişdir. Cavabdeh isə sahibkarlıq fəaliyyətini həyata keçiridiyi təsərrüfat subyektində qeyd olunan əmtəə nişanından istifadə etməklə iddiaçının müstəsna hüquqlarını pozmuşdur. Cavabdeh iddia ərizəsinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən əmtəə nişanı əsassız olaraq qeydiyyatdan keçirilmiş, sahibkarlıq fəaliyyətində həmin nişandan istifadə etməmiş, əmtəə nişanı qərəzli olaraq qeydiyyatdan keçirilmişdir. Məhkəmə qeyd edir ki, əmtəə nişanından istifadə hüququ nişan sahibinin müstəsna səlahiyyətidir. Belə olan halda həmin nişandan istifadə edilməməsi həmin nişanın əsassız olaraq qeydiyata alındığını təsdiq etmir. Əlavə olaraq yuxarıda sadalanan maddi hüquq normalarından məlum oldu ki, əmtəə nişanın istifadə hüququ ilə bağlı əsas şərtlərdən biri əmtəə nişanının ilkinliyi şərtidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus əmtəə nişanının qeydə alınma tarixi xx.xx.2021-ci il olmaqla restoran və kafe xidmətləri üçün müəyyən olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməli və İddiaçı MMC-nə məxsus “QONSHU” əmtəə nişanından cavabdeh X2 istifadə edilməsi qadağan edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdı. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC-yə məxsus “QONSHU” əmtəə nişanından istifadə edilməsi X3 qadağan edilsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar