Məhkəmə qərarları › İş №e-2-2(113)-215/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-215/2024

19.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-215/2024 19.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh “FS İnternational” LLC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “FS İnternational” LLC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh “FS İnternational” LLC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 57640 ABŞ dollar əsas borcun və mediasiya rüsumu qismində ödənilmiş 400 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 11/18/23/21 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı nəzərdə tutulmuş malları Alıcıya təhvil verməyi, Alıcı isə həmin malları qəbul edib haqqını ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehin hesabına: - 24 avqust 2021-ci il tarixli köçürmə sifarişinə əsasən 6000 ABŞ dolları; - 01 sentyabr 2021-ci il tarixli köçürmə sifarişinə əsasən 30000 ABŞ dolları; - 02 sentyabr 2021-ci il tarixli köçürmə sifarişinə əsasən 21640 ABŞ dolları olmaqla, ümumilikdə 57640 ABŞ dolları köçürülmüşdür. Müqavilənin 5.1-ci bəndinə əsasən bütün ödənişlər (hissə-hissə ödəmək mümkündür) 100% ön ödəmə formasında edilməlidir. Müqavilənin 5.2-ci bəndinə əsasən əgər Mallar çatdırılmasa, Satıcı ödənişialdıqdan 90 gün ərzində ödənişləri geri qaytarmalıdır. Lakin bu günə kimi malların heç biri cavabdeh tərəfindən iddiaçıya təqdim edilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı vəsaiti xarici ölkəyə köçürdüyü, qanunvericiliklə müəyyən edilmiş qaydada mal ölkəyə idxal edilmədiyi və vəsait ona geri qaytarılmadığı üçün iddiaçı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən inzibati qaydada cərimə edilmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə də məlumat verməmişdir.

5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 11/18/23/21 nömrəli müqaviləyə əsasən satıcı kənd təsərrüfatı məhsullarına, o cümlədən diri çəkidə iribuynuzlu mal-qaraya qaimə-fakturalara (qaimələrə) uyğun şərtlərlə, qiymətlə, miqdarda və çeşiddə mülkiyyət hüququnu alıcıya verməyi və alıcı bu məhsulu qəbul etməyi və onun üçün faktura ilə müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.

8. Müqavilənin 3.4-cü bəndinə əsasən müqavilənin ümumi məbləği 1.000.000 ABŞ dollarıdır və daşıma sənədlərinə uyğun olaraq müqavilənin qüvvədə olduğu müddətdə təhvil verilmiş malların partiyalarının ümumi məbləği ilə müəyyən edilir.

9. Müqavilənin 5.1-ci bəndinə əsasən alıcı qaimə-fakturada göstərilən məbləğin 100 %-i həcmində avans ödəyir. Hissə-hissə ödəmə mümkündür. Malların çatdırılmaması halında, satıcı avans ödənişinin məbləğini avans ödəniş tarixindən 90 gündən gec olmayaraq qaytarır.

10. Müqavilənin 7.2-ci bəndinə əsasən son qəbul alıcının ölkəsində baş verir.

11. Müqavilənin 11.2-ci bəndinə əsasən tərəflər arasında yaranmış mübahisə danışıqlar yolu ilə həll edilmədikdə, mübahisə Azərbaycan Respublikasının Bakı İqtisadiyyat Məhkəməsinə verilir.

12. 24 avqust 2021-ci il tarixli köçürmə sifarişindən görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına 6000 ABŞ dolları köçürülmüşdür.

13. 01 sentyabr 2021-ci il tarixli köçürmə sifarişindən görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına 30000 ABŞ dolları köçürülmüşdür.

14. 02 sentyabr 2021-ci il tarixli köçürmə sifarişindən görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına 21640 ABŞ dolları köçürülmüşdür.

15. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli, 2108/21 saylı hesab faktura (57640 ABŞ dolları məbləğində) təqdim edilmişdir.

16. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(007)-5009/2023 saylı qərarından görünür ki, İddiaçı MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində inzibati xətanın obyekti olmuş 21640 ABŞ dolları məbləğinin iyirmi faizi - 4328 ABŞ dolları məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(103)-2303/2023 saylı qərarı ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(007)-5009/2023 saylı qərarından verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.

18. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(007)-5013/2023 saylı qərarından görünür ki, İddiaçı MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində inzibati xətanın obyekti olmuş 30000 ABŞ dolları məbləğinin iyirmi faizi - 6000 ABŞ dolları məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir.

19. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmış, müqavilənin 5.1-ci bəndinin tələblərinə əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli, 2108/21 saylı hesab faktura üzrə ümumilikdə 57640 ABŞ dolları vəsait ödənilmiş, lakin müqavilə üzrə cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, müqavilənin tələblərinə əsasən malları alıcıya (iddiaçı) təhvil verməmişdir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

20. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

21. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.

22. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

23. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 57640 ABŞ dolları məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 400 manat mediasiyaya dair xərc cavabdehə aid edilməlidir.

V. Nəticə:

26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh “FS İnternational” LLC-dən 57640 ABŞ dolları məbləğində pul, 400 manat mediasiyaya dair xərc tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar