Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2155/2021 20.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, iddiaçının direktoru X3, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh İnnovasiya və X4 hüquqi şəxsinə qarşı ( "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) yekun protokolun və qərarın ləğv edilməsi, yeni tenderin keçirilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdeh İnnovasiya və X4 hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və X4 X6-2 Xroniki böyrək çatışmazlığı üzrə dövlət proqramında nəzərdə tutulmuş dializdə istifadə olunan tibbi təyinatlı vasitələrin satınalınması üzrə 02-21/T-1 adı ilə qeydiyyatdan keçmiş "xxxx" MMC-ni tenderin qalibinin müəyyən etməsi barədə qərarının ləğv edilməsi; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və X4 hüquqi şəxsi tərəfindən həmin iş üzrə yeni tenderin keçirilməsi; məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və hüquqi xidmətin göstərilməsinə görə vəkilə ödənilmiş 200 manatın cavabdehdən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və X4 hüquqi şəxsi tərəfindən 2021-ci il üzrə büdcə vəsaiti hesabına 19 fevral 2021-ci il tarixdə keçiriləcək Lot-2 Xroniki böyrək çatışmazlığı üzrə dövlət proqramında nəzərdə tutulmuş dializdə istifadə olunan tibbi təyinatlı vasitələrin satınalınması üzrə açıq tender elan edilmişdir (Açıq tenderin keçirilməsinə dair “Əsas şərtlər toplusu”nun surəti əlavə olunur). İnnovasiya və X4 hüquqi şəxsi tərəfindən 2021-ci il üzrə büdcə vəsaiti hesabına dərman vasitələri, sarğı ləvazimatlarının satınalınması üçün keçirələcək açıq Tenderin Əsas şərtlər toplusuna və Əsas şərtlər toplusuna əlavə olunan 1, 2 və 3 nömrəli cədvələ əsasən, tender təkliflərinin “bal” sistemi üsulu ilə qiymətləndiriləcəyi nəzərdə tutulmuş və üstünlük veriləcək meyarlar - ən səmərəli qiymət, yüksək keyfiyyət və qrafikə uyğun malların təhvil verilməsi ilə şərtləndirilmişdir (Əsas şərtlər toplusuna əlavə olunan 1, 2 və 3 nömrəli cədvəllərin surətləri 1 vərəqdə əlavə olunur). 3 nömrəli cədvələ əsasən, 100 ballıq sistem üzrə tender təkliflərinin müqayisəsi və qiymətləndirilməsi - aşağı qiymət 85 balla, 1 nömrəli cədvəldə qeyd olunanlar, yəni malgöndərənin ixtisas göstəricilərinin müəyyənləşdirilməsi 10 balla, 2 nömrəlicədvəldə qeyd olunanlar, yəni malgöndərənin təcrübəsi və maliyyə imkanları isə 5 balla qiymətləndirilir. Eyni zamanda əsas şərtlər toplusu ilə tenderdə iştirak haqqının ödənilməsinə baxmayaraq, rəsmi müraciət etmiş iddiaçıların ixtisas uyğunluğu ilkin qiymətləndirilərək yalnız tender predmetini əhatə edən və ixtisası uyğun olan iddiaçılara əsas şərtlər toplusunun verilməsi nəzərdə tutulmuşdur. İnnovasiya və X4 hüquqi şəxsi tərəfindən açıq elan edilmiş tenderdə iştirak etmək üçün tərəflərindən tender təklifi edilmiş və alınması təsdiq olunan tender sənədlərini öyrənərək, bu tender təklifinə əlavə olunan Qiymət cədvəlində göstərilmiş Lot-2 Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramında nəzərdə tutulmuş dializdə istifadə olunan tibbi təyinatlı vasitələrin satınalınması üzrə tender komissiyasına ümumilikdə 16 çeşiddə malın satınalınması üzrə keyfiyyət zəmanəti verilməklə 10.438.953,64 manat qiymət təklif edilmişdir. Tenderdə iştirak etmək üçün ərizə ilə birlikdə qanunvericiliyə uyğun olaraq tərəflərindən iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi, tender təklifi, malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçməsini təsdiq edən sənədlər və rekvizitləri, ixtisas göstəricilərinə dair məlumat, maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış və digər tələb olunan sənədlər tender keçirənə təqdim edilmişdir (sənədlərin surətləri əlavə olunur). Eyni zamanda TuranBank ASC tərəfindən İnnovasiya və X4 hüquqi şəxsi qarşısında tender təklifinin təminatı olaraq 31 may 2021-ci il tarixədək qüvvədə olan 150.000 manat məbləğində öhdəlik götürülmüşdür (TuranBank ASC-nin Tender təklifinin təminatı formasının surəti əlavə olunur). Məhkəmənin diqqətinə çatdırır ki, İddiaçı MMC adı altında şirkətimiz yeni fəaliyyət göstərməyə başlasa da, bu şirkətin işçiləri 20 ildən çoxdur ki, təqdim etdiyi dializ avadanlıqları və onun sərfiyyat materialları ilə ölkənin səhiyyə bazarında yerini möhkəmləndirmişdir. Azərbaycanda mövcud olan bütün dializ avadanlıqlarının 98%-i şirkətin mütəxəssisləri tərəfindən ölkəyə gətirilib və quraşdırılıb. Şirkətin ən önəmli hədəfi dializ müalicəsində ehtiyacı olan bir pasiyentin belə bundan məhrum qalmamasıdır. Bu səbəbdəndir ki, şirkət yalnız səhiyyə dünyasında innovativ sıçrayışı hədəfləmiş liderlərlə əməkdaşlıq etməkdədir. Şirkətin müxtəlif istehsalçılar tərəfindən mütəmadi olaraq dünyanın bir sıra ölkələrində təşkil etdiyi seminar və təlim konfranslarında iştirak edən peşəkar mühəndis kollektivi mövcuddur. Mühəndislər iştirak etdiyi təlimlərdə xüsusi sertifikatla və dərəcələrlə təltif olunmuşdur. Şirkətin beynəlxalq normalara cavab verən anbarı mövcuddur ki, bu anbarda temperatur, rütubət və s. kimi məqamlara ciddi riayət olunur. Eyni zamanda məhkəməyə məlum edir ki, İnnovasiya və X4 hüquqi şəxsinə bir neçə iddiaçının tender təklifi verməsinə baxmayaraq, həqiqətdə İddiaçı MMC-dən başqa digər iddiaçılar tenderdə "xxxx" MMC tərəfindən təmsil edilmiş və nəticədə tenderdə cəmi iki iddiaçı iştirak etmişdir. Hansı ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən, Tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir. 03.09.2021-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Səhiyyə Nazirliyi İnnovasiya və X4 Hüquqi Şəxsinin tenderin nəticələri haqqında tender komissiyasının 06 aprel 2021-ci il tarixli, 11-21/T-1 saylı yekun protokolunun İddiaçı MMCnin təklifinin kənarlaşdırılması hissəsində ləğv edilməsini, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və X4 X6-2 xroniki böyrək çatışmazlığı üzrə dövlət proqramında nəzərdə tutulmuş dializdə istifadə olunan tibbi təyinatlı vasitələrin satınalınması üzrə 02-21/T-1 adı ilə qeydiyyatdan keçmiş "xxxx" MMC–ni tenderin qalibi müəyyən etməsi barədə qərarının ləğv edilməsini, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və X4 hüquqi şəxsi tərəfindən həmin iş üzrə yeni tenderin keçirilməsini, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və hüquqi xidmətinin göstərilməsinə görə vəkilə ödənilmiş 200 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan "xxxx" MMC məhkəmə tərəfindən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - İnnovasiya və Təchizat Mərkəzi PHŞ –nin 26.11.2020-ci il tarixli 21 saylı əmri ilə müəyyən edilir ki, dövlət büdcəsi vəsaiti hesabına tibb müəssisələrinin dərman vasitələri, sarğı ləvazimatları və materialları ilə təmin etmək məqsədilə tender komissyası yaradılmışdır. - “Respublika” qəzetinin 06 yanvar 2021-ci il tarixli nömrəsindən çıxarışdan görünür ki, İnnovasiya və Təchizat Mərkəzi PHŞ tərəfindən 2021-ci il üzrə dövlət büdcəsi vəsaiti hesabına Dövlət və Tədbirlər Proqramlarına uyğun nəzərdə tutulan və Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrinin dərman vasitələri, sarğı ləvazimatları və materialları ilə təmin etmək məqsədilə potensial imkanlara malik olan hüquqi və fiziki şəxslərin tendere dəvət edilməsi barədə elan verilmişdir. Elanda Lot 2 kimi Xronikiböyrək çatışmazlığı üzrə Tədbirlər Proqramında nəzərdə tutulmuş dializdə istifadə olunan tibbi təyinatlı vasitələrin satınalınması göstərilmişdir. - İnnovasiya və Təchizat Mərkəzi PHŞ –nin Tender Komissiyasının 28.12.2020-ci il tarixli 01.-21/T-1 saylı iclas protokolundan görünür ki, tenderin əsas şərtlər toplusu təsdiq edilmiş və satnalma mətodu açıq tender kimi müəyyən edilmişdir. -Həmin Komissiyanın 19.02.2021-ci il tarixli 03.21-T-1 saylı açıq tenderə təqdim olmuş zərflərin açılış protokolundan görünür ki, Lot 2 – Xronikiböyrək çatışmazlığı üzrə Tədbirlər Proqramında nəzərdə tutulmuş dializdə istifadə olunan tibbi təyinatlı vasitələrin satınalınması üzrə: -"xxxx" MMC-nin təklifinin qiyməti 13.358.418,97 manat, təklifin qüvvədə olma müddəti 19.04.2021-ci il, "xxxx" MMC–nin təklifinin qiyməti 13.567.207,86 manat, təklifin qüvvədə olma müddəti 16.04.2021-ci il, "xxxx" MMC–nin təklifinin qiyməti 13.630.280,96 manat, təklifin qüvvədə olma müddəti 20.04.2021-ci il, İddiaçı MMC–nin təklifinin qiyməti 10.438.953,64 manat, təklifin qüvvədə olma müddəti 04.04.2021-ci ildir. Protokol Tender Komissiyasının sədri və üzvlərinin imzası ilə təsdiq edilmişdir. - İnnovasiya və Təchizat Mərkəzi PHŞ tərəfindən 2021-ci il üzrə büdcə vəsaiti hesabına dərman vasitələri, sarğı ləvazimatları və materiallarının satınalınası üçün keçiriləcək açıq tenderin Əsas şərtlər toplusundan görünür ki, həmin toplunun: V bəndinin “Tender təklifinin qüvvədə olma müddəti” adlanan 12-ci yarımbədinə görə tender təklifi “Tender haqqında” məlumatlarda göstərilən müddət (zərflər açıldıqdan sonra ən azı 30 bank günü) ərzində qüvvədə olmalıdır. D bəndinin 22.3-cü bəndinə görə tender komissiyası aşağıdakı hallarda tender təklifini kənarlaşdırır: ...22.3.1 tender təklifi vermiş iddiaçı ixtisas tələblərinə uyğun gəlmirsə ...22.3.4 tender təklifi formal tələblərə cavab vermirsə. Əsas şərtlər toplusunun məlumat xəritəsinin giriş hissəsindən görünür ki, həmin xəritədə göstərilmiş satılalınan mallar haqqında dəqiq göstəricilər tender iştirakçılarına təlimatı (TİT) tamamlayır. Bu sənədin və TİT arasında ziddiyyətlər yaranarsa xəritədə göstərilən müddəalar daha üstün qüvvəyə malikdir. Xəritənin: 9.2-ci bəndinə görə iddiaçılar üçün ixtisas tələbləri aşağıdakı kimi olmalıdır: İddiaçının....analoji malların təchizatı təcrübəsi, texniki və maliyyə imkanları(lotun ehtimal olunan qiymətinin ən azı 5%-i həcmində dövriyəsi), müvafiq sahədə peşəkarlığı, müvafiq səriştəyə....malik olmalıdır. 12.1-12.4-cü bəndinə görə tender təklifinin qüvvədə olma müddəti zərflər açıldığı gündən sonra ən azı 30 bank günü müddətində müəyyən edilmişdir. - "xxxx" ASC-nin İddiaçı MMC-yə ünvanlanmış 01.02.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı MMC-nin bank qarşısında heç bir borcu yoxdur və AZN, USD, EUR cari hesabları üzrə 01.02.2020-31.01.2021-ci il tarixədək dövriyyəsi aşağıdakı kimidir. Cari AZN hesabı üzrə DT 12.655,75 AZN; KT 12.658,78 AZN Cari USD hesabı üzrə DT 0 USD; KT 0 USD Cari EUR hesabı üzrə DT 0 EUR; KT 0 EUR -İddiaçı MMC-nin DİN-nin Tibb İdarəsinə ünvanlanmış məktubundan görünür ki, İddiaçı MMC 2020-ci il tarixindəı yarandığı və yeni şirkət olduğu üçün Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən mənfəət vergisinin bəyannməsi təqdim edilməyib. -Dövlət Vergi Xidmətin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 29.01.2021-ci il tarixli məktubu ilə təsdiq edilir ki, İddiaçı MMC-nin 01.01.2020-31.12.2020-ci il müddəti ərzində dövriyyəsi 566,4 manat təşkil edir. - İddiaçı MMC tərəfindən İnnovasiya və Təchizat Mərkəzi PHŞ-yə ünvanlanmış 01.04.2021-ci il tarixli məktubundan görünür ki, Xronikiböyrək çatışmazlığı üzrə Tədbirlər Proqramında nəzərdə tutulmuş dializdə istifadə olunan tibbi təyinatlı vasitələrin satınalınması otu üzrə tender təklifinin müddəti 01.05.2021-ci ilə kimi uzadılmışdır. -06.04.2021-ci il tarixli 11-21/T-1 saylı Tenderin nəticələri haqqında tender komissiyasının yekun protokolundan müəyyən edilir ki, Lot 2 – Xronikiböyrək çatışmazlığı üzrə Tədbirlər Proqramında nəzərdə tutulmuş dializdə istifadə olunan tibbi təyinatlı vasitələrin satınalınması üzrə satınalınan malların ehtimal olunan qiyməti 13.804.006,04 manat təşkil edir. Tender təklifi göndərmiş malgöndərənlərdən İddiaçı MMC-nin tender təklifi “Dövlət Satınalmaları haqqında” Qanunun 36.5.3-cü maddələrinə uyğun olmaması səbəbindən kənarlaşdırılmışdır (tender təklifinin qüvvədə olma müddəti tələb olunduğundan azdır). Tenderdə birinci yeri "xxxx" MMC tutmuşdur. - "xxxx" MMC (sifarişçi) ilə İddiaçı MMC (icraçı) arasında bağlanılmış Tibb avadanlıqlarına texniki xidmətlərin göstərilməsi haqqında 22.10.2020-ci il tarixli, 01/20 saylı müqavilədən görünür ki, icraçı bütün tibbi cihazlarına profilaktika işlərini, servis xidmətini, diaqnostika, kalibrasiya və ölçümləmə xidmətlərini, sifarişçi isə görülmüş bu xidmətlərin müqabilində təqdim edilmiş hesabların məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - "xxxx" MMC (sifarişçi) ilə İddiaçı MMC (icraçı) arasında bağlanılmış Tibb avadanlıqlarına texniki xidmətlərin göstərilməsi haqqında 05.11.2020-ci il tarixli, 02/20 saylı müqavilədən görünür ki, icraçı bütün hemodiyaliz cihazlarına profilaktika işlərini, servis xidmətini, diaqnostika, kalibrasiya və ölçümləmə xidmətlərini, sifarişçi isə görülmüş bu xidmətlərin müqabilində təqdim edilmiş hesabların məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - “Azərbaycan Tibb Universitetinin X1” MMC (sifarişçi) ilə İddiaçı MMC (icraçı) arasında bağlanılmış Tibb avadanlıqlarına texniki xidmətlərin göstərilməsi haqqında 30.11.2020-ci il tarixli, 03/20 saylı müqavilədən görünür ki, icraçı bütün tibbi cihazlarına profilaktika işlərini, servis xidmətini, diaqnostika, kalibrasiya, təmir zamanı zərurət yarandıqda ehtiyyat hissələrinin təchizatı və ölçümləmə xidmətlərini, sifarişçi isə görülmüş bu xidmətlərin müqabilində təqdim edilmiş hesabların məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - "xxxx" MMC (satıcı) ilə İddiaçı MMC (alıcı) arasında bağlanılmış Mmalların alqısatqısı haqqında 17/02-01 saylı müqavilədən görünür ki, satıcı dərman vasitələri razılaşdırılmış çeşiddə, miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda alıcıya satmağı, alıcı isə həmin malları çatdırıldıqdan sonra təhvil alıb dəyərini bu müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh İnnovasiya və Təchizat Mərkəzi PHŞ tərəfindən xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramında nəzərdə tutulmuş dializdə istifadə olunan tibbi təyinatlı vasitələrin satınalınması üzrə açıq tender elan etmişdir. İddiaçı MMC həmin tenderdə iştirak etmək üçün tender təklifini tender komissiyasına təqdim etmişdir. 16.02.2021-ci il tarixdə açıq tenderin təklif zərfləri açılaraq İddiaçı MMC -nin ən aşağı qiymət təklif etməsi, eyni zamanda iddiaçının tender təklifinin qüvvədə olma müddətinin 04.04.2021-ci il tarixədək (tender təklifinin açıldığı tarixdən 26 bank günü) olması müəyyən edilmişdir. Tender komissiyasının 06.04.2021-ci il tarixli qərarı ilə İddiaçı MMC -nin tender təklifi formal tələblərə cavab vermədiyindən kənarlaşdırılmışdır. Tender Komissiyasının eyni tarixli qərarı ilə "xxxx" MMC tenderin qalibi elan edilmişdir. Hazırda İddiaçı MMC tenderin keçirilməsi zamanı satınalan təşkilat tərəfindən qanun pozuntularına yol verilməsini əsas göstərərək tenderin nəticələrinə dair protokol və qərarın ləğv edilməsi və yeni tenderin keçirilməsi tələbinə dair iddia irəli sürmüşdür. İddia tələbinin qanuni əsasını “Dövlət Satınalmaları haqqında” AR Qanununun 38.2-ci maddəsi təşkil edir. Həmin maddəyə görə tender komissiyası bu Qanunla müəyyənləşdirilmiş vəzifələrini yerinə yetirərkən qeyri-obyektivliyə yol verərək, hər hansı iddiaçının tərəfini saxlayarsa, iddiaçılardan hər biri müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilər. Həmin orqanlar tenderin hazırlanması və keçirilməsi zamanı qanun pozuntusuna yol verildiyini təsdiqləyərsə, tenderin nəticələri ləğv olunur və satınalan təşkilat həmin iş üzrə yeni tender keçirir. İddia ərizəsindən və iddiaçının nümayəndəsinin məhkəmədə verdiyi izahatdan isə görünür ki, İddiaçı MMC-nin tender nəticələrinin ləğv edilməsi tələbinin əsası kimi bir neçə hala istinad etmişdir.
1. Zərflər açılarkən İddiaçı MMC-nin tender təklifinin müddəti əsas şərtlər toplusunda müəyyən edilmiş 30 bank günü müddətindən az olsa da, sonradan cavabdehin məktubu əsasında MMC tərəfindən tender təklifinin müddəti uzadılmışdır.
2. İddiaçı qeyd edir ki, Əsas şərtlər toplusunda müəyyən edilmiş tenderin təkliflərinin qiymətləndirmə qaydalarında iddiaçıların (malgöndərənlərin) tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi maksimum 85 bal, malgöndərənin ixtisas göstəriciləri maksimum 10 bal, maliyyə imkanları maksimum 5 balla qiymətləndirilməli idi. Bu halda isə tender təklifində ən aşağı qiymət İddiaçı MMC tərəfindən verildiyindən MMC-nin ixtisas göstəriciləri və maliyyə imkanları digər iddiaçılara nisbətən daha az balla qiymətləndirilsəydi belə o tenderin qalibi hesab edilməli idi.
3. Tenderin zərflərinin açılmasında cəmi iki malgöndərənin nümayəndəsi iştirak etdiyindən “Dövlət Satınalmaları haqqında” AR Qanununun 11.1-ci maddəsinə əsasən satınalan təşkilat tenderi davam etdirməkdən imtina etməli idi. “Dövlət Satınalmaları haqqında” AR Qanununun: 2-ci maddəsinə görə tender - satınalma müqaviləsinin yerinə yetirilməsi üzrə iddiaçıların kağız daşıyıcıda və ya elektron formada təqdim etdikləri təkliflərdən ən səmərəlisinin seçilməsi məqsədi ilə keçirilən müsabiqədir. 32.1-ci maddəsinə görə tender təkliflərinin qüvvədə olma müddəti tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilir. Bu müddət tender zərflərinin açıldığı gündən sonra azı 30 bank günü təşkil etməlidir. Hazırkı işin mübahisəsiz hallarından isə görünür ki, mübahisəli tenderin əsas şərtlər toplusunda tender təkliflərinin qüvvədə olma müddətinin ən azı 30 bank günü olması şərti nəzərdə tutulduğu halda İddiaçı MMC-nin tender təklifində təklifin qüvvədə olma müddəti tender zərflərinin açıldığı gündən (16.02.2021-ci il tarixdən) 26 bank günü müddətində müəyyən edilmişdir. İddiaçı MMC-nin sonradan tender təklifinin müddətinin uzadılması barədə istinad etdiyi hallara gəldikdə məhkəmə cavabdehin dəlilləri ilə razılaşır ki, sonradan təklifin müddəti uzadılıb-uzadılmamasından asılı olmayaraq zərflər açılarkən iddiaçının təklifi müddətlə bağlı əsas şərtlər toplusunda müəyyən edilmiş formal tələblərə, eləcə də “Dövlət satınalmaları haqqında” AR Qanunu ilə nəzərdə tutulmuş minimal tələblərə uyğun olmamışdır. “Dövlət satınalmaları haqqında” AR Qanununun: 36.3-ci maddəsinə görə bu Qanunun 36.2-ci maddəsini nəzərə almaqla, satınalan təşkilat tender təklifini yalnız o halda formal tələblərə uyğun hesab edə bilər ki, bu təklif tenderin əsas şərtlər toplusunda göstərilmiş bütün tələblərə cavab versin. 36.5.3-ci maddəsinə görə isə tender təklifi formal tələblərə uyğun gəlmirsə satınalan təşkilat tender təklifini kənarlaşdırır. İstinad edilən maddələrin məzmunundan da göründüyü kimi tenderin şərtlər toplusundakı tələblərə cavab verməyən tender təklifi formal tələblərə uyğun gəlməyən təklif hesab edilir. Formal tələblərə uyğun gəlməyən təklif isə satınalan təşkilat tərəfindən kənarlaşdırılmalıdır. Belə olan halda isə məhkəmə belə qənaətə gəlir ki, zərflər açılarkən İddiaçı MMCnin tender təklifi formal tələblərə cavab vermədiyindən tender komissiyası “Dövlət satınalmaları haqqında” AR Qanununun 36.5.3-ci maddələrinin tələblərinə uyğun olaraq həmin təklifi kənarlaşdırmaqda haqlı olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, malgöndərənin analoji malların təchizatı təcrübəsinə malik olması, texniki və maliyyə imkanlarının (lotun ehtimal olunan qiymətinin ən azı 5%-i həcmində dövriyəsi) olması ixtisas tələbləri qismində əsas şərtlər toplusunda yer almışdır. Lakin işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı MMC-nin illik dövriyyəsi 566,4 manat təşkil edir. Bununla yanaşı iddiaçının malların təchizatı sahəsində təcrübəsini sübuta yetirmək üçün təqdim etdiyi müqavilələrə münasibətdə isə qeyd edilməlidir ki, həmin müqavilələrdən üçünün predmetini tibbi təyinatlı vasitələrin satınalınması deyil, tibb avadanlıqlarına texniki xidmətlərin göstərilməsi təşkil edir. Dördüncü müqavilə isə dərman vasitələrinin alqı-satqısı müqaviləsi olsa da, həmin müqavilədə bağlandığı tarix göstərilmədiyindən müqavilənin tender təklifi verilməmişdən əvvəl bağlanıbbağlanmamasını müəyyən etmək mümkün deyil. Beləliklə, işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapır ki, İddiaçı MMC tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmuş ixtisas tələblərinə də cavab vermir. “Dövlət satınalmaları haqqında” AR Qanununun 36.5.1.-ci maddəsinə görə isə tender təklifi vermiş malgöndərən (podratçı) ixtisas tələblərinə uyğun gəlməməsi satınalan təşkilat tender təklifinin kənarlaşdırılması barədə qərar qəbul etməsi üçün əsasdır. Əsas şərtlər toplusuna görə iddiaçının ixtisas göstəriciləri uyğun gəlmədiyi halda tenderdən kənarlaşdırılmalı olmaması, belə halda tender təklifinin ixtisas göstəricilərini qiymətləndirmək üçün topluda nəzərdə tutulmuş qaydada qiymətləndirilməli olması barədə iddiaçının dəlillərinə gəldikdə məhkəmə qeyd edir ki, əsas şərtlər toplusunda nəzərdə tutulan ixtisas göstəriciləri, təcrübə və maliyyə imkanları üçün qiymətləndirmə meyarları minimal ixtisas tələblərinə uyğun gələn, tenderdən iştirakdan kənarlaşdırılmamış iddiaçıların ixtisas tələblərinin müqayisə edilməsi üçün nəzərdə tutulmuşdur. Belə olan halda isə minimal tələblərə cavab verməyən tender təkliflərinin kənarlaşdırılması əvəzinə sözügedən üsulla qiymətləndirilməsi üçün heç bir əsas yoxdur. Tenderin zərflərinin açılmasında cəmi iki malgöndərənin nümayəndəsi iştirak etdiyindən tenderin davam etməsindən imtina edilməli olması barədə iddiaçının istinad etdiyi dəlilə münasibətdə isə məhkəmə əvvəla qeyd edir ki, iddiaçının həmin hissədə dəlillərinin hüquqi əsası kimi istinad etdiyi “Dövlət Satınalmaları haqqında” AR Qanununun 11.2-ci maddəsinə görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir. Göründüyü kimi istinad edilən maddə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduğu halda satınalan təşkilatın tenderin davamından imtina etməsini nəzərdə tutur. Hazırkı halda isə tender komissiyasının protokollarından da göründüyü kimi maddətenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı dörd olmuşdur. Odur ki, iddiaçının istinad etdiyi yuxarıda göstərilən hal cavabdeh tərəfindən tenderin keçirilməsi zamanı qanun pozuntularına yol verilməsi barədə nəticəyə gəlmək üçün əsas vermir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Nəticə hissəsi:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və X4 hüquqi şəxsinə qarşı yekun protokolun və qərarın ləğv edilməsi, yeni tenderin keçirilməsi tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva