Məhkəmə qərarları › İş №e-2-2(113)-2162/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2162/2021

09.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2162/2021 09.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 nümayəndələri X14 və X8, Cavabdeh Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun və maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış “yük daşıma haqqında” müqavilə üzrə öhdəliyini icra etmədiyinə görə cavabdehdən 37327,42 (otuz yeddi min üç yüz iyirmi yeddi manat 42 qəpik) manat əsas borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 37357,42 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia ərizəsinə əlavə” barədə ərizə verərək, tərəflər arasında bağlanmış “yük daşıma haqqında” müqavilə üzrə öhdəliyini icra etmədiyinə görə Cavabdeh1ndən və Cavabdeh2 37327,42 (otuz yeddi min üç yüz iyirmi yeddi manat 42 qəpik) manat məbləğində əsas borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 37357,42 manat məbləğində pulun müştərək qaydada tutularaq İddiaçı Sadişah oğluna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı neçə illərdir ki, hüquqi şəxs yaratmadan fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Belə ki, qanunvericiliyə müvafuq olaraq dövlət qeydiyyatından keçərək vergi ödəyicisi kimi qeydiyyata alınmış və hazırda da fəaliyyətini davam etdirir. Faəliyyət növü isə xam kağızın dəzgahda quraşdıralaraq çap, etiket, o cümlədən şirniyyat istehsalı sahəsində yağ hopdurmayan perqament hazırlanmasıdır. Nəticədə bu malların hazırlanması üçün ölkə ərazisinə kağız xammalının gətirilməsi vacibdir. Azərbaycan Respublikasında kağız xammalının istehsalı olmadığından sifarişlər üzrə kağız xammalını adətən Rusiya Federasiyasından daşıma yolu ilə gətirir. Nəzərə çatdırır ki, xammalı ölkəyə bir neçə dəfə Cavabdeh2 vasitəsilə gətirmişdir. Sözügedən şəxs isə malları Cavabdeh1 vasitəsilə ölkəyə gətirirdi. Həmin şirkət yerli investisiyalı şirkət olmaqla daşıma xidmətini həyata keçirir. Malların gömrük bəyannaməsindən də bu açıq-aydın görünür. Həmin şirkət vasitəsilə bir neçə dəfə malları ölkəyə daxil olub və çatdırılmada hər hansı problem yaşanmayıb. Növbəti belə kağız xammalının sifarişini 2020-ci ilin dekabr ayında vermişdir. Mallar dekabrın sonunda Bakıda iddiaçıya təhvil verilməli idi. Həmin malların ümumi dəyəri 21950 ABŞ dolları məbləğində olmuşdur. Malların gecikdirilməsini gördükdə bu barədə şirkətin direktoru kimi tanıdığı Cavabdeh2 gecikmənin səbəbi barədə soruşduqda, o, Rusiya ərazisində malları gətirən nəqliyyat vasitəsinin qəzaya uğramasını, maşının aşmasını dedi. Malların aqibəti barədə soruşduqda bildirdi ki, mallara heç nə olmayıb, qəza ilə bağlı rəsmiləşdirmə başa çatandan sonra malları başqa maşına yükləyib gətirəcəklər. İddiaçı da heç bir etiraz etməmişdir. Lakin sonradan iddiaçıya məlum olmuşdur ki, mallar tam yararsız vəziyətə düşmüşdür. İddiaçı da mallar Azərbaycana daxil olan kimi onların gömrük rəsmiləşdirilməsini edib ekspertizaya göndərmişdir. Ekspertizadan qabaq isə malların faktiki vəziyyəti barədə iddiaçının və işçilərinin, o cümlədən Cavabdeh2 və onun yanında gələn Ramin Kərimovun və X4 ekspertinin iştirakı ilə mallara baxış keçirib, baxış Akı tərtib etmişlər. Həmin Aktla da təsdiq olunur ki, ayrı-ayrılıqda 1) Anbarda saxlanılan, dəzgahlarda doğranılaraq çap, etiket və s. kağız məmulatlarının hazılanması (istehsalı) üçün nəzərdə tutulmuş 5 ədəd rulonda 1539,5 kq çəkidə kağız xammalı; 2) Anbarda saxlanılan, dəzgahlarda doğranılaraq çap, etiket və s. kağız məmulatlarının hazılanması (istehsalı) üçün nəzərdə tutulmuş 17 ədəd rulonda 4291,90 kq çəkidə kağız xammalı; 3) Anbarda saxlanılan, dəzgahlarda doğranılaraq çap, etiket və s. kağız məmulatlarının hazılanması (istehsalı) üçün nəzərdə tutulmuş 6 ədəd rulonda 1547,00 kq çəkidə kağız xammalı; 4) Anbarda saxlanılan, 2895 kq çəkidə şirniyyat məmulatlarının istehsalı üçün nəzərdə tutulmuş yağ hopdurmayan kağızlar və yuxarıda sadalanan mallar ilkin əmtəəkeyfiyyət göstəricilərini itirdiyinə, eləcə də növbəti istehsal tələblərinə cavab vermədiyinə görə baxışa təqdim edilmiş bütün mallar təyinatı üzrə istifadəyə yararsız hesab edilir. Aktı adıçəkilən şəxslər öz imzası ilə təsdiq etmişlər. Daha sonra iddiaçı X5 müraciət edərək, malların keyfiyyəti, təyinatı üzrə yararlılığı, yararsızdırsa, yararsız mala görə ödənilmiş gömrük rüsumu və digər xərclər nəzərə alınmaqla, iddiaçıya dəymiş ziyanın məbləğinin hesablanmasını xahiş etmişdir. 25 yanvar 2021-ci il tarixli ekspert rəyinə əsasən baxışa təqdim edilmiş 28 ədəd rulonda olan 7378,4 kq kağız xammalı və 2895 kq yağ hopdurmayan kağız məmulatı təyinatı üzrə istifadəyə yararsız hesab edilir. Bundan başqa tərəfindən ödənilmiş 8131,10 manat məbləğində digər xərclər nəzərə alınmaqla, 28 ədəd rulonda olan 7378,4 kq kağız xammalı və 2895 kq yağ hopdurmayan kağız məmulatının təyinatı üzrə istifadəyə yararsız vəziyyətə düşməsindən fiziki şəxs İddiaçı Sadişah oğluna dəymiş maddi ziyanın məbləği 37327,42 (otuz yeddi min üç yüz iyirmi yeddi manat 42 qəpik) manat müəyyən edilir. Cavabdeh2 dəymiş zərərin məbləğini gördükdə, iddiaçıya dedi ki, mallar sığortalanıb və bütün dəymiş ziyan tərəflərindən ödəniləcəkdir. Lakin bu bir neçə ay müddətində müqavilə şərtləri pozularaq öhdəliyini yerinə yetirməmiş, tərəfindən edilmiş şifahi və yazılı xəbərdarlıqlara heç bir məhəl qoyulmamışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı əlavə olaraq bildirdi ki, yararsız vəziyyətə düşən mallar Azərbaycan Respublikasına gətirildikdən sonra mümkün qədər həmin malların bir qismi dəyər-dəyməzinə 6252,95 ABŞ dolları məbləğində satılmışdır. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 nümayəndəsi X14 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı ilə aralarında heç bir müqavilə bağlanmayıb. Ona görə də iddiaçının onlara qarşı tələb hüququ ola bilməz. Yararsız vəziyyətə düşən mallar Azərbaycan Respublikasına Cavabdeh1 MMC-yə məxsus qəzaya uğrayan maşınla gətirilməmişdir. Malların yararsız vəziyyətə düşməsi maşının qəzaya uğraması nəticəsində baş vermişdir. Qəzadan sonra mallar başqa bir maşına yüklənərək ölkəyə gətirilmişdir. CMR sənədində ştamp Cavabdeh1 MMC-yə məxsus ştampdır, lakin həmin ştamp sürüçülərə icazə məqsədilə vurulur. Vurulan ştamplar sürücülər tərəfindən hazırlanaraq özləri tərəfindən də istifadə edilə bilər. CMR sənədində onlara məxsus ştampın olması onların məsuliyyyət daşımalı olması anlamına gəlmir. Ona görə də iddianı əsassız hesab edir və rədd olunmasını xahiş edir. Cavabdeh1 nümayəndəsi X2 İlham Yəhya oğlunun izahatına uyğun izahat verdi və bildirdi ki, onlara qarşı irəli sürülən iddia tamamilə əsassızdır. Malları gətirən avtonəqliyyat vasitəsi qəzaya uğramış və qəzadan sonra mallar başqa avtonəqliyyat vasitəsinə yüklənərək ölkəyə gətirilmişdir. İddiaçının qəza olandan sonra sözügedən malları Cavabdeh1 MMC-nin icazəsi olmadan satmağa ixtiyarı yox idi. Həmçinin tələb olunan məbləğ şişirdilmiş məbləğdir. Təmsil etdiyi MMC-yə münasibətdə iddia tələbini qəbul etmir. Bundan başqa, iddiaçı tərəfindən “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın 40-cı bəndinin tələbləri də pozulmuşdur ( Daşıyıcıdan yükü qəbul edərkən yükalanın yükün açıq-aşkar korlanması, zədələnməsi və ya əskik çıxması barədə pretenziyası yaranarsa, o, bu barədə CMR-də müvafiq qeyd aparmalı, onu öz imzası və möhürü ilə təsdiq etməlidir. Yükün əskik çıxması, korlanması və ya zədələnməsi zahirən görünmədikdə və bu hallar yükalan tərəfindən yükü daşıyıcıdan qəbul etdikdən sonra mümkün və yolverilən müddət ərzində aşkar edildikdə, yükalan yükü qəbul etdiyi gündən 10 iş günü müddətində daşıyıcıya pretenziya verə bilər). Qeyd olunanlara əsasən iddianı əsassız hesab edir və rədd olunmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçıya ziyan dəydiyini qəbul edir. Başa düşür ki, ona dəymiş ziyan ödənilməlidir. İddiaçı ilə əvvəllər də işləmişdir. Lakin heç vaxt oxşar hallar baş verməmişdir. İddiaçı tərəfindən mallar sifariş verilmiş, lakin yolda malları gətirən avtonəqliyyat vasitəsi qəzaya uğramış və mallar yararsız hala düşmüşdür. Qəzadan sonra mallar digər avtonəqliyyat vasitəsinə yüklənərək ölkəyə gətirilmiş və burada həmin malların müəyyən hissəsi iddiaçı tərəfindən satılmışdır. Satılan mallarla qalan mallar arasında isə uyğunsuzluq mövcuddur. Eləcə də iddiaçı tərəfindən tələb olunan məbləğ şişirdilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - “Satıcı” – “X7” ASC ilə “Alıcı” - İddiaçı arasında 09 yanvar 2013-cü il tarixli 031/00278971/13022 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin ümumilikdə məbləği ******* ABŞ dolları təşkil edir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən alıcı tərəfindən satıcıya malların dəyərinin ödənişi qaydası: məbləğin 50 %-i mallar hazırlananadək, qalan 50 %-i isə malların hazır olması barədə alıcıya bildiriş daxil olduqdan 5 təqvim günü müddətində bank hesabı vasitəsilə edilməlidir. - "xxxx" ASC tərəfindən tərtib edilmiş 18 dekabr 2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən “X7” ASC-nin ******************** nömrəli hesabına 16000 (on altı min) ABŞ dolları məbləğində ödəniş edilmişdir. - "xxxx" ASC tərəfindən tərtib edilmiş 25 dekabr 2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən “X7” ASC-nin ******************** nömrəli hesabına 15687,1 (on beş min altı yüz səksən yeddi ABŞ doları on sent) ABŞ dolları məbləğində ödəniş edilmişdir. - “Şirkət” – Cavabdeh1 ilə “Sahibkar” – X18 arasında 10.12.2020-ci il tarixli 430 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən sahibkar mülkiyyətində olan yəhərli dartıcını və furqon soyuducunu, bundan sonra avtoqatar adlandırılacaq, idarə etmək üçün özü tərəfindən təhkim etdiyi sürücü X12, öz məsuliyyəti əsasında təhvil verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən şirkət qeyd olunan avtoqatarın daxili və beynəlxalq daşımalarda iştirak etməsi üçün bütün sənədlərlə təmin edir. - X4 eksperti X1, fiziki şəxs İddiaçı (VÖEN **********), fiziki şəxsin işçiləri: anbardar X16, fəhlə X13, mətbəəçi X10, Cavabdeh2 və X11 iştirakları ilə tərtib edilən 19 yanvar 2021-ci il tarixli Baxış Aktında qeyd edilmişdir ki, bu gün “X24 Nakliyat İns. Turizm. Ser. Hiz. Tic. LTD. ŞTİ” ilə bağlanılmış 01.11.2020-ci il tarixli R/M №-li müqaviləyə müvafiq olaraq, Rusiya Federasiyasından Respublikaya gətirilmiş kağız xammalı keyfiyyətini itirdiyinə və istehsal üçün yararsız vəziyyətə düşdüyünə görə anbarda ayrıca saxlanıldığı müşahidə edildi. Kağız xammalının yararsız vəziyyətə düşməsinin səbəbi işçilər tərəfindən 29.12.2020-ci il tarixdə Rusiya ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yükü daşıyan avtomobilin aşması nəticəsində əmələ gəlməsi ilə izah edildi. Baxış zamanı aşağıdakılar müəyyən edildi: 1) Anbarda saxlanılan, üstündə olan etiketdə “бумага ламинированная БЛ40 БВ30/ПЭ10” markalanma yazıları olan 5 ədəd rulonda 1539,5 kq çəkidə (315,1 +315,6 + 313,8 + 306,2 + 288,8 = 1539,5 kq) olan, dəzgahlarda doğranılaraq, şap, etiket və sair kağız məmulatlarının hazırlanması (istehsalı) üçün nəzərdə tutulmuş, 570 mm formatlı kağız xammalının 10-15 sm-ədək rulonüstü hissəsi islanıb və kənarları didilib. Bundan əlavə, rulonların üzəri kirlənməklə, rulonları dəzgaha quraşdırmaq üçün nəzərdə tutulmuş ox yuvaları deformasiyaya uğrayaraq və əzilərək dairəliyini tam itilib. Belə qüsuru olan xam kağız rulonunun dəzgaha quraşdırılaraq kağız məmulat istehsal edilməsi, yəni istehsal prosesinin davam etdirilməsi qeyri-mümkün hesab edilir. Bu səbəbdən, baxışa təqdim edilmiş 5 ədəd kağız xammalı rulonları, növbəti istehsal prosesində dəzgahda doğranılaraq müxtəlif təyinatlı kağız məmulatlar istehsalı üçün yararsız hesab edilir. 2) Anbarda saxlanılan, üstündə olan etiketdə “бумага упаковочная влагопрочная ВМП ООВК ” markalanma yazıları olan 17 ədəd rulonda 4291,90 kq çəkidə (268,3 + 266,7 + 258,9 + 257,9 + 267,9 + 259,5 + 264,9 + 260,3 + 258,9 + 277,1 + 223,9 + 223,9 + 267,1 + 258,3 + 226,7 + 227,1 + 224,5) olan, dəzgahlarda doğranılaraq, şap, etiket və sair kağız məmulatlar hazırlanması (istehsalı) üçün nəzərdə tutulmuş, 570 mm formatlı kağız xammalının 10-15 sm-ədək rulonüstü hissəsi islanıb və kənarları didilib. Bundan əlavə, rulonların üzəri kirlənməklə, rulonları dəzgaha quraşdırmaq üçün nəzərdə tutulmuş ox yuvaları deformasiyaya uğrayaraq və əzilərək dairəliyini tam itilib. Belə qüsuru olan xam kağız rulonunun dəzgaha quraşdırılaraq kağız məmulat istehsal edilməsi, yəni istehsal prosesinin davam etdirilməsi qeyri-mümkün hesab edilir. Bu səbəbdən, baxışa təqdim edilmiş 17 ədəd kağız xammalı rulonları, növbəti istehsal prosesində dəzgahda doğranılaraq müxtəlif təyinatlı kağız məmulatlar istehsalı üçün yararsız hesab edilir. 3) Anbarda saxlanılan, üstündə olan etiketdə “бумага упаковочная влагопрочная ВМП ООВК ” markalanma yazıları olan 6 ədəd rulonda 1547,00 kq çəkidə (238,9 + 314,1+247,7 + 247,3 + 250,1 +248,9) olan, dəzgahlarda doğranılaraq, şap, etiket və s. kağız məmulatlar hazırlanması (istehsalı) üçün nəzərdə tutulmuş, 600 mm formatlı kağız xammalının 10-15 sm-ədək rulonüstü hissəsi islanıb və kənarları didilib. Bundan əlavə, rulonların üzəri kirlənməklə, rulonları dəzgaha quraşdırmaq üçün nəzərdə tutulmuş ox yuvaları deformasiyaya uğrayaraq və əzilərək dairəliyini tam itilib. Belə qüsuru olan xam kağız rulonunun dəzgaha quraşdırılaraq kağız məmulat istehsal edilməsi, yəni istehsal prosesinin davam etdirilməsi qeyri-mümkün hesab edilir. Bu səbəbdən, baxışa təqdim edilmiş 6 ədəd kağız xammalı rulonları, növbəti istehsal prosesində dəzgahda doğranılaraq müxtəlif təyinatlı kağız məmulatlar istehsalı üçün yararsız hesab edilir. 4) Anbarda saxlanılan, üstündə olan etiketdə “Пергамент растительный с антиадгезионным покрытием марка ПА-2” markalanma yazıları olan, bir hissəsi bardanlara yığılmış, bir hissəsi anbarın döşəməsinə qalaqlanmış 2895 kq çəkidə şirniyat məmulatları istehsalı üçün nəzərdə tutulmuş, 400 x 600 mm formatda yağ hopdurmayan kağızlar çirkləndiyinə, gigiyenik xüsusiyyətini itirdiyinə, qablaşdırma pozulduğuna, əzilərək əmtəə görünüşünü itirdiyinə görə, təyinatı üzrə (şirniyat və sair istehsalında) istifadəyə yararsız hesab edilir. Beləliklə, yuxarıda sadalanan ilkin əmtəə-keyfiyyət göstəricilərini itirdiyinə, eləcə də növbəti istehsal tələblərinə cavab vermədiyinə görə, baxışa təqdim edilmiş 28 ədəd rulonda olan 7378,4 kq kağız xammalı və 2895 kq yağ hopdurmayan kağız məmulatı təyinatı üzrə istifadəyə yararsız hesab edilir. - X3 25 yanvar 2021-ci il tarixli, 14 saylı ekspert rəyindən müəyyən olunur ki, zərər aktına əsasən, birinci sual üzrə ilkin əmtəə-keyfiyyət göstəricilərini itirdiyinə eləcə də növbəti istehsal tələblərinə cavab vermədiyinə görə, baxışa təqdim edilmiş 28 ədəd rulonda olan 7378,4 kq kağız xammalı və 2895 kq yağ hopdurmayan kağız məmulatı təyinatı üzrə istifadəyə yararsız hesab edilir. O cümlədən: 1) Üstündə olan etiketdə “бумага ламинированная БЛ40 БВ30/ПЭ10 markalanma yazıları olan 5 ədəd rulonda 1539,5 kq çəkidə; 2) Üstündə olan etiketdə “бумага упаковочная влагопрочная В МП OOBK” markalanma yazıları olan 17 ədəd rulonda 4291,90 kq çəkidə 570 mm formatlı; 3) Üstündə olan etiketdə “бумага упаковочная влагспрочная ВМП OOBK markalanma yazıları olan 6 ədəd rulonda 1547 kq çəkidə 600 mm formatlı; 4) Üstündə olan etiketdə "Пергамент растительный с антиадгезионным покрытием марка ПА-2’’ markalanma yazıları olan 2895 kq çəkidə; ikinci sual üzrə isə fiziki şəxs İddiaçı tərəfindən ödənilmiş 8131 manat məbləğində digər xərclər nəzərə alınmaqla, 28 ədəd rulonda olan 7378,4 kq kağız xammalı və 2895 kq yağ hopdurmayan kağız məmulatı təyinatı üzrə istifadəyə yararsız vəziyyətə düşməsindən fiziki şəxs İddiaçı Sadışəh oğluna dəymiş maddi ziyanın məbləği 37327,42 (otuz yeddi min üç yüz iyirmi yeddi manat qırx iki qəpik) manat müəyyən edilir. - “X7” ASC-dən gələn qəzaya düşmüş maşındakı mallar haqqında 19.01.2021-ci il tarixli Məlumatdan görünür ki, 28 babin və 6 paletin cəmi qiyməti 17167 ABŞ dolları təşkil edir. Ümumi dəyən zərər isə 17167 ABŞ dolları əsas məbləğ, 1023 ABŞ dolları gömrük, 3275 ABŞ dolları ƏDV, 365 ABŞ dolları gömrük xərci və 120 ABŞ dolları bank xərci olmaqla, 21950 ABŞ dolları təşkil edir. - CMR - beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsində yükgöndərən “X7”, yük alan qismində İddiaçı göstərilmiş, daşıyıcı qrafasında isə Cavabdeh1 ştampı vurulmuşdur. - İddiaçı pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh1nə müraciət edərək, müqavilə üzrə yaranmış 37327,42 ABŞ dolları məbləğində borcun ödənilməsini xahiş etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək zəruriyyəti yaranacağını bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “X7” ASC ilə İddiaçı arasında 09 yanvar 2013-cü il tarixli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı sifariş etdiyi malların dəyərini ödəməklə “X7” ASC-dən malları alaraq daşıma yolu ilə gətirir. Malların xaricdən gətirilməsini isə iddiaçı dəfələrlə Cavabdeh2 vasitəsilə həyata keçirmişdir. Sonuncu isə öz növbəsində daşımanı Cavabdeh1 MMC vasitəsilə həyata keçirmişdir. (CMR sənədində daşıyıcı qrafasında M.İ.Southtrans” MMC-nin ştampı vurulmuşdur). İddiaçı 2020-ci ilin dekabr ayında ümumilikdə qiyməti 21950 ABŞ dolları təşkil edən malların gətirilməsi ilə bağlı sifariş vermiş, sifarişə əsasən dekabrın sonuna kimi mallar iddiaçıya təhvil verilməli idi. Həmin malların dəyəri və gətirilməsi ilə bağlı bütün xərclər iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Lakin cavabdehlərin deməsinə görə malları gətirən avtonəqliyyat vasitəsi qəzaya düşmüş və nəticədə iddiaçının sifariş etdiyi mallar yararsız hala düşmüşdür. Gətirilən mallara baxış keçirilmiş və bununla bağlı baxış aktı tərtib edilmiş və malların tam yararsız olması barədə ekspert tərəfindən rəy verilmişdir. Bundan başqa, məhkəmənin gedişində iddiaçı və ikinci cavabdehin nümayəndələri birlikdə müəyyən etmişlər ki, həmin malların bir qismi iddiaçı tərəfindən dəyərindən çox aşağı qiymətə, ümumilikdə 6252,95 ABŞ dolları (10630 manat) məbləğində satılmışdır. Qeyd olunmalıdır ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 850.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. 859.1-ci maddəsinə əsasən yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. 859.2-ci maddəsinə əsasən bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. 859.4-cü maddəsinə əsasən daşıyıcı daşımanı tamamilə və ya qismən başqa daşıyıcının vasitəsilə həyata keçirdiyi halda da məsuliyyət daşıyır. Onun daşıma üçün yükü verdiyi daşıyıcıya qarşı reqres hüququ saxlanılır. 859.5-ci maddəsinə əsasən daşıyıcıya qarşı bütün iddialar yük qeyd-şərtsiz qəbul edildikdən və ödənildikdən sonra ödənilir. 861.1-ci maddəsinə əsasən daşıyıcıya qarşı iddialar müddətin keçməsinə görə bir ildən sonra, yəni yükün məhv olduğu, itirildiyi və ya gecikdirildiyi təqdirdə çatdırmanın həyata keçirilməli olduğu gündən, yük zədələndikdə isə onun yük alana verildiyi gündən qüvvəsini itirir. Etiraz qaydasında yük alan və ya yük göndərən istənilən vaxt öz pretenziyalarını irəli sürə bilərlər, bu şərtlə ki, onlar bir illik müddət ərzində reklamasiya haqqında öz tələblərini bildirmiş olsunlar və iddia yükün qəbul edilməsi nəticəsində qüvvəsini itirməsin. Daşıyıcının qəsdi və kobud ehtiyatsızlığı halları istisna təşkil edir. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 780.1.2-ci maddəsinə əsasən tapşırığın icrasının üçüncü şəxslərə verilməsinin şəraitdən irəli gəlməsi halı istisna olmaqla, vəkalət alan tapşırığı şəxsən özü icra etməlidir. 780.4-ci maddəsinə əsasən hər bir halda vəkalət verən vəkalət alanın üçüncü şəxslərə qarşı malik olduğu tələbləri bilavasitə həmin üçüncü şəxslərə qarşı irəli sürə bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.9-cu maddəsinə əsasən borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır. 456-cı maddəsinə əsasən borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın: 3.7-ci bəndinə əsasən daşıyıcının bu Qaydaların 5 nömrəli əlavəsindəki formaya uyğun olaraq tərtib edilmiş birdəfəlik sifarişi qəbul etməklə, əmtəə-nəqliyyat qaiməsi tərtib etməsi avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqavilənin bağlanmasına bərabər tutulur. 38.1-ci bəndinə əsasən avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi (bundan sonra — CMR) bu Qaydaların 22 nömrəli əlavəsində nəzərdə tutulmuş nümunəvi formaya uyğun üç nüsxədə tərtib edilir, yükgöndərən və daşıyıcı tərəfindən imzalanır. CMR üzrə yükgöndərən və daşıyıcının imzalarının rəsmiləşdirilməsi mətbəədə çap edilmə üsulu ilə və ya yükgöndərənin və daşıyıcının ştempelinin əvəz edilməsi yolu ilə aparıla bilər. CMR-in birinci nüsxəsi yükgöndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir və yükalana verilir, üçüncü nüsxəsi isə daşıyıcıda qalır. 42.1.10-cu bəndinə əsasən yükgöndərənlərə və ya yükalanlara daşıyıcı tərəfindən vurulmuş real zərərin əvəzini ödəmək daşıyıcının vəzifəsi kimi müəyyən edilmişdir. 48.2.2-ci bəndinə əsasən yükün tam və ya qismən itirilməsinə, o cümlədən zədələnməsinə və ya çatdırılmanın gecikdirilməsinə görə daşıyıcı məsuliyyət dşıyır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı ilə Cavabdeh2 arasında şifahi formada bağlanan daşıma müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Sonuncu haqq müqabilində yükü olduğu yerdən təyinat yerinə daşımağı öhdəsinə götürmüşdür. Eyni zamanda Cavabdeh2 daşımanı tamamilə başqa daşıyıcının (digər cavabdeh) vasitəsilə həyata keçirmişdir. Daşıma müqaviləsi üzrə öhdəliklər daşıyıcı tərəfindən pozulmuşdur. Belə ki, yükün çatdırılması həm gecikdirilmiş, həm də tam yararsız vəziyyətə düşmüşdür. Beləliklə, daşıma müqaviləsi üzrə öhdəliklər Cavabdeh2 tərəfindən pozulmuşdur. Ona görə də iddiaçının həmin cavabdehə qarşı dəymiş ziyanın ödənilməsinə dair tələb hüququ, eyni zamanda Cavabdeh2 yükün yararsız vəziyyətə düşdüyü halda onun tam dəyərini ödəmək, çatdırmanın gecikdirilməsi və yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşımaq vəzifəsi yaranmışdır. Həmçinin məhkəmə araşdırması zamanı MM-nin 859.3-cü maddəsində göstərilən halların olması müəyyən olunmamışdır. Beləliklə, daşıma müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə iddiaçı Cavabdeh2 ona dəymiş ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Eləcə də, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlərin tətbiq edildiyini, vəkalət verənin vəkalət alanın üçüncü şəxslərə qarşı malik olduğu tələbləri bilavasitə həmin üçüncü şəxslərə qarşı da irəli sürmək hüququna malik olduğunu, həmçinin Cavabdeh1 iddiaçının əmlakına zərər vurulmasına gətirib çıxaran mülki hüquq pozuntusu törətdiyindən mülki hüquqi məsuliyyət daşımasını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı həmçinin hazırkı tələbi həmin cavabdehə qarşı irəli sürməkdə haqlıdır və dəymiş zərərin əvəzi hər iki cavabdehdən tutulmalıdır. İddiaçı tərəflər arasında bağlanmış “yük daşıma haqqında” müqavilə üzrə öhdəliyini icra etmədiyinə görə Cavabdeh1 və Cavabdeh2 37327,42 (otuz yeddi min üç yüz iyirmi yeddi manat 42 qəpik) manat məbləğində pulun tutlmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, yararsız vəziyyətə düşmüş malların bir qismi aşağı qiymətlə 10630 manata satılmışdır. Ona görə də məhkəmənin qənaətinə əsasən həmin məbləğ tələb edilən məbləğdən çıxılaraq, qalan 26697,42 manat (37327,42- 10630=26697,42) məbləğində pul MM-nin 500-cü maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin Cavabdeh1 nümayəndəsinin etirazının əsaslarından biri kimi “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın 40-cı bəndinin tələblərinin pozuntusuna istinad etməsinə münasibətdə qeyd edir ki, həmin hal hazırkı iddianın təmin olunmaması üçün əsas ola bilməz. Bundan başqa, iddiaçı mütəmadi olaraq yükün çatdırılması məsələsini diqqətdə saxlamış, yükün vəziyyəti ona məlum olan kimi zərərin ödənilməsi ilə bağlı digər cavabdehlə danışıqlar aparmışdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 26697,42 manat (iyirmi altı min altı yüz doxsan yeddi manat qırx iki qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdırAzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə münasib olaraq iddianın verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 9 manat hissəsi iddiaçıya aid edilməli, qalan hissəsinin əvəzi olaraq 21 manat məbləğində pul cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 26697,42 manat (iyirmi altı min altı yüz doxsan yeddi manat qırx iki qəpik) məbləğində pul və və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 21 (iyirmi bir) manat olmaqla, cəmi 26718,42 manat (iyirmi altı min yeddi yüz on səkkiz manat qırx iki qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 9 (doqquz) manat hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar