Məhkəmə qərarları › İş №e-2-2(113)-2167/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2167/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2167/2025 05.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, kredit müddətindən sonra dəbbə pulunun hesablanması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1 (bundan sonra Cavabdeh1 MMC) və Qanuni nümayəndə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli K6139 saylı kredit razılaşması (maliyyələşdirmə üçün ərizə) üzrə 309 036,5 manat əsas borc, 5536,92 manat faiz borcu, 57483,59 manat cərimə məbləği olmaqla ümumilikdə 372 057,01 manat borcun və ödənilmiş 662,06 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2023-cü il tarixdə onGTC- 09751LE/2019 saylı bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli 1.0.5 nömrəli versiyası imzalanmışdır. Borcalan həmin razılaşmanı imzalayaraq “www.pashabank.az” saytında yerləşdirilmiş ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə tərərflər arasında ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli 1.0.5 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə 01 nömrəli əlavə razılaşma imzalanmışdır. Eyni zamanda ümumi şərtlər toplusu çərçivəsində tərəflər arasında xx.xx.2023-cü il tarixli K6139 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və iddiaçı tərəfindən borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 12%, kreditin müddəti ərzində illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 27% olmaqla 350 000 manat məbləğində dövriyyə vəsaitinin artırılması məqsədi ilə kredit xətti açılmışdır. 2.2. Borcalanın iddiaçı qarşısında olan K6139 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı ilə cavabdeh Qanuni nümayəndə arasında xx.xx.2023-cü il tarixli Z5658 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin borcalan qeyd edilən öhdəliklərini icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. İddiaçı tərəfindən borcalana xəbərdarlıq məktubu göndərilmiş və iddiaçı qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2025-ci il tarixə iddiaçı qarşısında öhdəlikləri aşağıdakı kimidir: K6139 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 319 021,50 manat əsas borc, 5536,92 manat faiz borcu, 46608,55 manat cərimə borcu olmaqla cəmi 371 166,97 manat; gecikmə günlərinin sayı – 302 gün. 2.3. Ümumi şərtlər toplusuna əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “fərdi müştərilərin maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “fərdi müştərilərin maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bundan başqa ümumi şərtlər toplusunun ödəniş kartı bölməsi üzrə karta dair ümumi məlumatlar bölməsində qeyd edilir ki, kart üzrə texniki overdraft, yəni hesabın məzənnə fərqi və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman bu növdən olan kart üzrə iddiaçının mövcud cərimə faizləri tətbiq olunacaq. Cərimə faizləri möhlət müddəti tətbiq olunmadan texniki overdraft halının baş verdiyi gündən hesablanmağa başlayır. Eyni zamanda ümumi şərtlər toplusuna əsasən müştəri tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək iddiaçının hüququdur. İddiaçı iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 661,17 manat dövlət rüsumu ödəmişdir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445.2.1, 448.1-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə digər cavabdehlər tərəfindən iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndələri X4 və X2 məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat (izahlar) verdilər və eyni zamanda göstərdilər ki, cavabdeh tərəfindən edilmiş ödənişlərdən sonra hazırda 309 036,5 manat əsas borc, 5536,92 manat faiz borcu, 57483,59 manat cərimə borcu mövcuddur.

6. Cavabdeh, həmçinin Cavabdeh1 MMC-nin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak edərək, maliyyə çətinliyi ilə bağlı ödənişləri edə bilmədiyini, lakin ötən aydan etibarən kredit ödəməyə başladığını bildirərək əsas və fazi borcu məbləğində etiraz etmədiyini göstərdi.

7. Cavabdeh, həmçinin Cavabdeh1 MMC-nin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə xx.xx.2025-ci il tarixdə ərizə ünvanlayaraq məhkəmə iclasının 21 gün müddətinə təxirə salınmasını xahiş etmiş, ərizə təmin edilsə də, cavabdehlər növbəti məhkəmə iclaslarında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişlər. Belə olan halda məhkəmə cavabdehlərin iştirak olmadan işə baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcunun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2023-cü il tarixdə OnGTC-09751LE/2019 nömrəli xx.xx.2022-ci il tarixli “Bank xidmətlərinin göstərilməsinə dair” ümumi şərtlər toplusunun 1.0.5 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə razılaşma, xx.xx.2023-cü il tarixdə əlavə razılaşma imzalanmışdır. Ümumi şərtlər toplusu çərçivəsində bank tərəfindən borcalan Cavabdeh1 MMC-yə tərəflər arasında imzalanmış 18 aprel 2023-cü il tarixli K6139 saylı maliyyələşdirmə üçün ərizə üzrə dövriyyə vəsaitinin artırılması məqsədi ilə xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 12%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 27% olmaqla 350 000 manat məbləğində birdəfəlik kredit verilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli Z5658 saylı zaminlik müqaviləsi üzrə cavabdeh Qanuni nümayəndə Cavabdeh1 MMC-nin iddiaçı qarşısında öhdəliklərini icra etməsi üçün birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.

12. İddiaçı 18 aprel 2023-cü il tarixli K6139 saylı maliyyələşdirmə üçün ərizə üzrə 309036,5 manat əsas borc, 5536,92 manat faiz borcu və 57483,59 manat cərimənin cavabdehlərdən tutulmasını tələb edir.

13. Cavabdehlər maddi çətinliklərlə bağlı ödənişləri icra edə bilmədiyini, əsas və faiz borcuna etiraz edilmədiyini bildirir.

14. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin müqavilə bağlanarkən qüvvədə olan maddi hüquq normaları əsasında şərh edilməsini zəruri sayır.

15. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən (müqavilə bağlanarkən qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

16. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

17. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

19. X3 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

20. Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.

21. Məhkəmə iddiaçının tələbini təşkil edən borcun məbləği ilə bağlı isə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

22. İddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli PB/PBL-OUT-00347- 2025 nömrəli maliyyə arayışından görünür ki, 18 aprel 2023-cü il tarixli K6139 saylı maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2024-cü il tarixə (kreditin müddətinin sonuna) əsas borc 350 000 manat, faiz borcu 5536,92 manat təşkil edir.

23. Təqdim olunan hesabdan çıxarışdan görünür ki, edilən ödənişlərdən əsas borc üzrə xx.xx.2024 – xx.xx.2025-ci il tarixlərdə cəmi 40963,5 (15500+10468,5+5010+5000+4985) manat silinmə aparmışdır. Beləliklə, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə qeyd olunan 309 036,5 (350000-40963,5) manat qalıq əsas borcun hansı qaydada hesablandığı müəyyən olunur.

24. Həmçinin hesabdan çıxarışdan görünür ki, xx.xx.2024 – xx.xx.2024-cü il tarixlərdə edilmiş 36900 (11000+9000+1400+15500) manat ödəniş cərimə borcu üzrə silinmişdir.

25. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

26. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci Fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü Fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Kredit müddəti ilə bağlı isə nəzərə alınmalıdır ki, bu müddət müvafiq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona xitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir. Kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır (borc alanın borcun ödənilməsini tələb edə bilməsi; borc verənin borcun götürülməsini tələb edə bilməsi; borc alanın kredit məbləğini müvafiq qrafik üzrə hissələrlə, yaxud birdəfəlik ödəmə şəklində həyata keçirməsi).

27. Göründüyü kimi, Konstitusiya Məhkəməsi mülki qanunvericiliyin normalarından çıxış edərək göstərmişdir ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Başqa sözlə, müqavilənin qüvvədə olduğu müddət ərzində yol verilmiş pozuntuya görə məsuliyyət müqavilənin müddətinin başa çatmasına görə aradan qalxmır. Lakin müqavilə xitam olunduqdan (müddətin başa çatması, ləğvi və ya müqavilədən bir tərəfli imtina olunması) sonra qüvvədə olmayan müqavilə şərtinə istinad edilməklə dəbbə pulunun hesablanmasının hüquqi əsası yoxdur. Təsadüfi deyildir ki, Konstitusiya Məhkəməsi adıçəkilən Qərarda qeyd etmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

28. Tərəflər arasında bağlanmış 18 aprel 2023-cü il tarixli K6139 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, kreditin illik/gündəlik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra kreditin illik/gündəlik cərimə faizi 27% göstərilmiş, əsas məbləğin müddətin sonunda ödənilməsi razılaşdırılmış və kreditin müddəti xx.xx.2024-cü il tarixinədək göstərilmişdir.

29. Göründüyü kimi, kreditin müddəti xx.xx.2024-cü il tarixədək müəyyənləşdirilmiş, əsas məbləğin müddətin sonunda ödənilməsi razılaşdırılmışdır.

30. Məhkəmə qeyd edir ki, öhdəliklərin icrasının təmin edilməsi üsullarından biri olan dəbbə pulu (cərimə, penya) öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Hazırkı iş üzrə əsas öhdəliyin müddətin sonunda icra edilməsi razılaşdırılmışdır. Başqa sözlə, müqavilənin xitam olunma (müddətin başa çatması) tarixi ilə əsas öhdəliyin icrası tarixi eyni günə şərtləşdirildiyindən əsas öhdəliyin icrasının gecikdirilməsi həmin tarixdən sonraya təsadüf etmişdir. Qüvvədə olmayan müqavilə şərtinə istinad edilməklə dəbbə pulunun hesablanmasının hüquqi əsası olmadığından iddiaçının cərimə hesablayıb tələb etməsi əsassız olmuşdur.

31. Lakin iş materiallarında olan hesabdan çıxarışdan görünür ki, kredit müddətindən sonra (xx.xx.2024-cü il) edilmiş ödənişlərdən xx.xx.2024-cü il tarixdə 11000 manat, xx.xx.2024-cü il tarixdə 9000 manat və 1400 manat, xx.xx.2024-cü il tarixdə 15500 manat olmaqla ümumilikdə 36900 manat cərimə məbləğinə silinmişdir.

32. İddiaçının cərimə tələb etməyə subyektiv hüququnun olmadığı qənaətinə gələn məhkəmə bu nəticəyə gəlir ki, edilmiş 36900 manat ödəniş çıxılmaqla yekun borc 278 198,42 manat (309 036,5 manat əsas borc + 5536,92 manat faiz borcu – 36900 manat cəriməyə silinən cəmi ödəniş) əsas borc olaraq müəyyən edilməlidir.

33. Bundan başqa, Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

34. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

35. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

36. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

37. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, 18 aprel 2023-cü il tarixli K6139 saylı maliyyələşdirmə üçün ərizə üzrə 278 198,42 manat əsas borc cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

38. İddiaçı ödənilmiş 662,06 manat dövlət rüsumunun da cavabdehlərdən tutulmasını tələb edir.

39. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, **********4 nömrəli mədaxil qəbzi ilə 661,17 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Həmçinin ********** nömrəli mədaxil qəbzi əsasında 1 manat dövlət rüsumu ödənilmişdir.

40. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

41. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

42. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

43. Məhkəmə hesab edir ki, hazırkı mübahisə məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının pozulması nəticəsində meydana gəldiyindən məhkəmə xərcləri işin nəticəsindən asılı olmayaraq cavabdehlərdən tutulmalıdır.

44. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 662,17 manat məbləğində pul cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

V. Nəticə:

45. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış K6139 saylı kredit müqaviləsi (maliyyələşdirmə üçün ərizə) üzrə 278198,42 manat əsas borc pul cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 662,17 manat cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar