Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-217/2023 13.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh2, Cavabdeh1 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı QSC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 001R********** saylı krеdit razılaşmasının ləğv edilməsi; cavabdеhlərdən müştərək qaydada iddiaçının xeyrinə 001R********** saylı krеdit razılaşması üzrə 3865.62 manat məbləğində krеdit bоrcu, 486.84 manat məbləğində faiz bоrcu və 542.04 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4894,50 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 8.95 manat məbləğində dövlət rüsumunun və ödənilmiş 60 manat mediasiya xərcinin tutulması iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 iddiaçı ilə bağladığı xx.xx.2021ci il tarixli 001L**********71 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 300000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 001R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 1134.38 manat ödəmiş, onun 3865.62 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 220 gün üçün hesablanmış faiz borcu 486.84 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 220 gün üçün hеsablanmış cərimə 542.04 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh3, Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərilərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, xx.xx.2022-ci il tarixdə cavabdehlər tərəfindən ümumilikdə 99 manat ödəniş edilmiş, hesabdan çıxarışa əsasən hazırda ödənilməli olan əsas borc 3793,44 manat, faiz borcu 486.84 manat, cərimə borcu isə 542,04 manat təşkil edir. Bundan əlavə, tərəflər arasında mübahisənin məhkəmədənkənar həlli istiqamətində danışıqlar aparılmış, lakin nəticə əldə edilməmişdir. Bu səbəbdən iddia ərizəsinin sonuncu ödənişləri nəzərə alınmaqla təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinin qismən, əsas borc hissəsində təmin edilməsinə etiraz etmədiyini, iddia ərizəsinin qalan hissədə rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, xx.xx.2021-ci il tarixli 001R********** saylı krеdit razılaşmasının ləğv edilməsinə etirazı yoxdur, hazırda iddia ərizəsində göstərilən kredit borcunu birdəfəlik ödəməyə maddi imkanları yoxdur. Kredit borcu sahibkarlıq məqsədləri üçün götürülmüş, lakin digər cavabdeh olan oğlu Cavabdeh1 İİ Qarabağ müharibəsi döyüşlərində ağır yaralandığı və dəfələrlə əməliyyat edildiyi üçün əlavə xərclər yaranmış, bu səbəbdən ödənişləri vaxtında edə bilməmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinin qismən, əsas borc hissəsində təmin edilməsinə etiraz etmədiyini, iddia ərizəsinin qalan hissədə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər Cavabdeh3 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 06 may 2021-ci il tarixli 001L**********71 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlə əsasında hissələrlə verilən kreditlər üçün 300000 manat məbləğində uzunmüddətli kredit xəttini açır. Uzunmüddətli kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksumum borclanma həddidir. Müqavilənin 1.2-ci bəndinə əsasən kreditlər tərəflər arasında kredit razılaşması”, “bank qarantiyası verilməsi haqqında müqavilə”, “akkreditiv aaçılması üçün razılaşma” əsasında veriləcək. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 06 may 2021-ci il tarixli 001L**********71 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə 001R********** nömrəli kredit razılaşmasına əsasən tərəflər uzunmüddətli kredit müqaviləsinə uyğun olaraq bu kredit razılaşmasını bağladılar. Müqavilənin 1.1-ci bəndinə əsasən bank məbləği 5000 manat olan krediti aylıq faiz dərəcəsi 2,0833 faiz olmaqla 24 ay müddətinə kredit alana verir. Müqavilənin 1.2-ci bəndinə əsasən kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. Müqavilənin 4.2.2-ci bəndinə əsasən ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faizi məbləğində cərimə ödəməyə borcludur. Uzunmüddətli kredit müqaviləsi üzrə 001R********** nömrəli kredit razılaşması üzrə ödəniş planında Cavabdeh2 tərəfindən ödənilməli olan aylar üzrə ödənişlər əksini tapmışdır. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 06 may 2021-ci il tarixli 001S**********03 nömrəli zaminlik müqaviləsinə əsasən 06 may 2021-ci il tarixli 001L**********71 saylı uzunmüddətli kredit müqaviləsi və həmin uzunmüddətli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “kredit razılaşması”, “Bank qarantiyası haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditləşdirilməsi barədə razılaşma” formasında bağlanan ayrıca razılaşmlar üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 06 may 2021-ci il tarixli 001S**********02 nömrəli zaminlik müqaviləsinə əsasən 06 may 2021-ci il tarixli 001L**********71 saylı uzunmüddətli kredit müqaviləsi və həmin uzunmüddətli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “kredit razılaşması”, “Bank qarantiyası haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditləşdirilməsi barədə razılaşma” formasında bağlanan ayrıca razılaşmlar üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İddiaçı tərəfindən verilmiş 23 sentyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 001R********** saylı xx.xx.2021-ci il tarixli kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixə olan borcu əsas məbləğ üzrə 3865.62 manat, faiz üzrə 486,84 manat, cərimə borcu 542,04 manat, ümumilikdə, 4894,5 manat təşkil edir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli hesabdan çıxarışa əsasən Cavabdeh2 001R********** saylı xx.xx.2021-ci il tarixli kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixə edilmiş 99 manat ödənişin 26.82 manat hissəsi cərimə borcuna, 72.18 manatı isə əsas borca yönəldilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya kredit və zaminlik müqavilələri və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilərinə əsasən üzərlərinə götürdükləri öhdəlikləri tam icra etmədiklərini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya 3793,44 manat (əsas borc üzrə xx.xx.2022-ci il tarixdə ödəniş edildiyi nəzərə alınmaqla) əsas borcunun, 486.84 manat faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehlərdən 3793,44 manat əsas borc, 486.84 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində Cavabdeh2 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 001R********** saylı krеdit razılaşmasının ləğv edilməsi tələbini də irəli sürmüşdür. İşin araşdırılan hallarından, tərəflərin izahatlarından cavabdehlərin öz öhdəliklərini tam və vaxtında icra etməməsi müəyyən edilmiş, habelə Cavabdeh2 da həmin razılaşmanın ləğv edilməsinə etiraz etmədiyini bildirmişdir. Bu səbəbdən Məhkəmə hesab edir ki, iddiaçının həmin tələbi də əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 542.04 manat cərimənin cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borcluların əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq cərimə 5 manat məbləğində müəyyən edilməlidir. Nəticə: Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya 3793,44 manat əsas borc, 486,84 manat faiz borcu və 5 manat məbləğində cərimə, cəmi 4285,28 manat borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli 001R********** saylı kredit razılaşması ləğv edilməli, cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 3793,44 manat əsas borc, 486.84 manat faiz borcu və 5 manat məbləğində cərimə, cəmi 4285,28 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş ümumilikdə 68,95 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 001R********** saylı kredit razılaşması ləğv edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 3793,44 (üç min yeddi yüz doxsan üç manat qırx dörd qəpik) manat məbləğində kredit bоrcu, 486,84 (dörd yüz səksən altı manat səksən dörd qəpik) manat məbləğində faiz bоrcu və 5 (beş) manat cərimə, ümumilikdə 4285,28 (dörd min iki yüz səksən beş manat iyirmi səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 68,95 (altmış səkkiz manat doxsan beş qəpik) manat dövlət rüsumu İddiaçı QSC-nin özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-217/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-217/2023
13.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver