Məhkəmə qərarları › İş №e-2-2(113)-217/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-217/2025

05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-217/2025 05.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: qarantiya müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı borcun tutulması qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-dən və Cavabdeh1 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 483,765.74 (dörd yüz səksən üç min yeddi yüz altmış beş manat yetmiş dörd qəpik) manat əsas, 105,976.96 (yüz beş min doqquz yüz yetmiş altı manat doxsan altı qəpik) manat faiz, müqavilə müddətinin bitmə tarixindən sonra əsas borc məbləğinə hesablanmış 12,026.95 (on iki min iyirmi altı manat doxsan beş qəpik) illik beş faiz, cəmi 601,769.65 (altı yüz bir min yeddi yüz altmış doqquz manat altmış beş qəpik) manat borcun, həmçinin ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Xətai filialı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 009-GRM-068-2023 saylı müqaviləyə əsasən Bank pirinsipialın lehinə öz öhdəliklərini tam yerinə yetirəcək müddətə kimi 688,184.90 (altı yüz səksən səkkiz min yüz səksən dörd manat 90 qəpik) AZN məbləğində “İcra” və “Avans” kontr-qarantiya məktubları verilmişdir. Müqavilə üzrə öhdəliklərin icrasını təmin еtmək məqsədilə xx.xx.2023-cü il tarixli 009-GRM-068-2023 saylı Müqaviləyə əsasən Cəmiyyətin Bank qarşısında öhdəlikləri tam yеrinə yеtirilənədək Cavabdeh1 Cavabdeh2 MMC-yə zamin durmuşdur. Bоrcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət оlunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh2 MMC götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya (хəbərdarlıq) məktubları da cavabsız qalmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəməyə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

4. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlandırılsa da məhkəmə iclasına gəlməmişlər, gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişlər və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 478-ci maddəsinə əsasən qarantiyaya əsasən qarant (bank, digər kredit təşkilatı və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir. - 479.1-ci maddəsinə əsasən qarantiya prinsipialın benefisiar qarşısında öhdəliyini (əsas öhdəliyi) lazımınca icra etməsini təmin edir. - 480-ci maddəsinə əsasən qarantın benefisiar qarşısında qarantiya ilə nəzərdə tutulan öhdəliyi müstəqil öhdəlikdir və icrasının təminatı üçün verildiyi əsas öhdəlikdən, hətta qarantiyada bu öhdəliyə istinad edilsə belə, asılı deyildir. - 479.2-ci maddəsinə əsasən qarantiya verilməsinə görə prinsipial qaranta şərtləşdirilmiş muzd ödəyir. - 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər(yeni redaksiya). (borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. (əvvəlki redaksiya).

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

10. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (qarant) ilə Cavabdeh2 MMC (prinsipal) arasında xx.xx.2023-cü il tarixli 009-GRM-068-2023 nömrəli qarantiya müqaviləsi bağlanmışdır.

11. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Qarant” “Prinsipal”ın müraciətinə əsasən "xxxx" MMC ilə imzalanmış xx.xx.2021-ci il tarixli, 1456/SC-0183 saylı müqaviləyə əsasən, "xxxx" MMC-nin xeyrinə avans qarantiyasını verməyi, prinsipal isə bu qarantiya üzrə müəyyən edilmiş muzdu qaranta ödəməyi öhdəsinə götürür.

12. Müqavilənin 3.1-ci bəndinə əsasən qarant prinsipalın xahişi ilə benefisiarın tender elanına əsasən 688,184.90 manat məbləğində bank qarantiyası verəcəkdir. Bu müqavilə qüvvəyə mindikdən sonra qarant tərəfindən qarantiya məktubu hazırlanaraq benefisiara təqdim edilir.

13. Müqavilənin 2.1-ci maddəsinə əsasən qarantiya məktubu təqdim edildiyi tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədədir.

14. xx.xx.2023-cü il tarixli 009-GRM-068-2023 nömrəli Qarantiya müqaviləsinə kreditin ayrılmasna dair Əlavənin şərtlərinə uyğun olaraq qarant benefisiara ödənilmiş qarantiya məbləği həcmində prinsipala 6 ay müddətinə kredit verir.

15. Qarantiya müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinin təminatı kimi “Qarant” ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli 009-GZM-068-2023 saylı Zaminlik müqaviləsi bağlanmışdır.

16. Müqavilələr tərəflərin elektron imzaları ilə imzalanaraq təsdiq olunmuşdur.

17. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli kredit hesabından çıxarışa əsasən bank tərəfindən Cavabdeh2 MMC-yə xx.xx.2023-cü il tarixində 6 ay müddətinə 605.040,06 manat məbləğində qarantiya krediti verilmişdir.

18. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3585/2024 saylı qərardadı ilə "xxxx" ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 03 may 2023- cü il tarixli, 009-GRM-068-2023 saylı qarantiya müqaviləsinə və həmin müqavilə əsasında imzalanmış kreditin ayrılmasına dair xx.xx.2023-cü il tarixli əlavəyə əsasən bank tərəfindən ödənilmiş qarantiya məbləği üzrə hal-hazıradək aparılmış ödənişlər nəzərə alınmaqla Cavabdeh2 MMC -nin banka əsas borcunun və qaratiya məbləğinin bank tərəfindən ödənildiyi tarixdən 6 aylıq müddət üçün (kreditin ayrılmasına dair əlavədə nəzərdə tutulmuş kreditin verilmə müddəti) faiz borcunun nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir.

19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/6516 nömrəli rəyinə əsasən xx.xx.2024-cü il tarixə (müqvailənin müddətinin bitmə tarixinə) əsas borc 483,765,74 manat, faiz borcu 42.171,98 manat müəyyən edilmişdir

20. İş materiallarına əlavə edilmiş maliyyə arayışına əsasən Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixə ödənilməli əsas borcu 483.765,74 manat, faiz borcu 105.976,96 manat məbləğində müəyyən edilmişdir.

21. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi.

22. Cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclasa gəlməmiş, iddiaya etiraz bildirməmiş və qeyd edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişlər. Cavabdehlərin nümayəndəsi və vəkili yalnız məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı məhkəməyə elektron sistem vasitəsilə vəsatət göndərməklə kifayətlənmişdir.

23. Belə olan halda, məhkəmə qeyd edir ki, iddia tələbi əsas və faiz borcun tələb edilməsi hissəsində qismən əsaslıdır və əsas borc üzrə 483.765,74 manat və faiz borcu üzrə 42.171,98 manat məbləğində pul müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

24. İş materiallarından da, göründüyü kimi, qarantiya müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitmiş, iddianın dəyişdirilməsinə dair ərizə isə Məhkəməyə təxmini 11 ay sonra yəni, xx.xx.2024-cü il tarixdə edilmişdir.

25. Belə olan halda, yəni iddiaçının əsas borca illik 5 faiz hesablanmaqla 12.026,95 manat tələb etməsi halı nəzərə alaraq Məhkəmə hesab edir ki, qeyd edilmiş məbləğdə pul (483.765,74x5/100=24.188,287 (1 il üçün), 24.188,287/12=2.015,690 (1 ay üçün), 2.015,690x11=22.172,59)) Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

26. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 827,89 manat məbləğində pul da, cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

27. Belə ki, iş materiallarına əlavə edilmiş ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 827,89 manat məbləğində pul ödənilmişdir.

28. Beləliklə iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

29. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 483.765 (dörd yüz səksən üç min yeddi yüz altmış beş) manat, 74 (yetmiş dörd) qəpik, faiz borcu üzrə 42.171 (qırx iki min yüz yetmiş bir) manat 98 (doxsan səkkiz) qəpik olmaqla, cəmi 525.937 (beş yüz iyirmi beş min doqquz yüz otuz yeddi) manat, 72 (yetmiş iki) qəpik məbləğində pul müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Əsas borca illik 5 faiz hesablanmaqla 12.026 (on iki min iyirmi altı) manat 95 (doxsan beş) qəpik məbləğində pul müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 827 (səkkiz yüz iyirmi yeddi) manat 89 (səksən doqquz) qəpik məbləğində pul müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar