Məhkəmə qərarları › İş №e-2-2(113)-2174/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2174/2025

26.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2174/2025 26.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən 10.000 manat borcun və həmin məbləğin 586 gün üçün (pulun ödənilməli olan tarixindən pretenziya ilə müraciət edilən günə qədər) illik 5 faizi olan 802 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 122 manat pulun cəmi 10.924 manatın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasındabağlanmış 24 May 2023-cü il tarixli AR/CESİ-01/23 xidmət müqaviləsinə əsasən “Azərbaycan elektrik sistemində dəyişən yenilənəbilir enerji tətbiqinin genişlənməsinə dəstək” layihəsi çərçivəsində Coğrafi məlumat system üzrə ekspert xidmətlərinin görülməsini İddiaçı öz üzərinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən Cavabdeh MMC icraçı Çahin Hüseynliyə görülmüş işlərə görə günü 300 (üç yüz) manat olmaqla (bütün rüsumlar daxil) ayın sonunda layihə rəhbərinin və ya layihə koordinatorunun təsdiq etdiyi iş cədvəlinə uyğun iddiaçının təqdim etdiyi e-qaimə əsasında bank köçürülməsi yolu ilə xidmət haqqı ödəyəcək. Müqavilə müddəti ərzində icraçının 44 iş günü işləməsi nəzərdə tutulub. 5.2. Həmin müqavilə əsasında görülmüş işlər 24 yanvar 2024-cü il tarixli təhviltəslim aktı əsasında təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli qaimə əsasında Cavabdeh MMC-dən 44 gün üçün müəyyən edilmiş 13200 (300x44) manat ödəniş tələb edilmiş, lakin sonuncu yalnız 27 İyun 2024-cü il tarixdə 3200 (üç min iki yüz) manat pul ödəmişdir. Halhazıradək isə Cavabdeh MMCnin mənə görülmüş xidmətlərə görə 10000 (on min) manat borcu qalmışdır.

II. Tərəflərin mövqeləri:

3. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iddiaçı tərəf elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini, cavabdeh tərəf isə məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər(yeni redaksiya). (borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. (əvvəlki redaksiya). - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (icraçı) Cavabdeh (sifarişçi) arasında 24 may 2023-cü il tarixli, AR/CESİ-01/23 nömrəli xidmət müqaviləsi bağlanmışdır.

10. Müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı coğrafi məlumat sistemi üzrə ekspert xidmətlərini görülməsini və bu xidmətdən irəli gələn digər öhdəliklərin icra edilməsini və hayata keçirilməsini təmin etməyi öz üzərinə götürmüşdür.

11. Müqavilənin 3.1-ci bəndinə əsasən sifarişşi icraçıya müqavilənin 1.1-ci maddəsində qeyd olunan xidmətlərə görə günü 300 manat olmaqla ayın sonunda layihə rəhbərinin və ya layihə koordinatoru təsdiq etdiyi iş cədvəlinə əsasən icraçının təqdim etdiyi e-qaimə əsasında bank köçürülməsi yolu ilə xidmət haqqı ödəməyi öz üzərinə götürmüşdür.

12. Müqavilə hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.

13. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, müqavilənin predmeti ekspert xidmətlərinin göstərilməsindən ibarət olmuşdur.

14. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.

15. Ona görə də, Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.

16. Qanunun tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.

17. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.

18. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında da qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.

19. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

20. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam, müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə xidmət göstərilibgöstərilməməsidir.

21. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə 13.200 manat məbləğində bərpa olunan enerji dəyərlərinin zonalaşdırılması xidmətlərinin göstəriılməsi barərə tərəflər arasında xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı imzalanmışdır.

22. İş materiallarına əlavə edilmiş İddiaçı məxsus hesabdan çıxarışdan məlum olur ki, Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixdə 3.200 manat məbləğində ödəniş edilmişdir.

23. Hazırda da iddiaçı cavabdehin 10.000 manat məbləğində borcunun qaldığını bildirərək, iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.

24. Məhkəmə xüsusi ilə, qeyd etməyi zəruri hesab edir ki, cavabdehin iddiaya etiraz etməmiş, tələb edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir.

25. Belə olan halda Məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin edilməli, 10.000 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

26. Məhkəmə iddianın əsas borca illik 5 faiz hesablanmaqla 802 manat tələb edilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir.

27. İş materiallarından görünür ki, təhvil-təslim aktı xx.xx.2024-cü il tarixində, pretenziya məktubu isə təxmini 11 ay sonra yəni, xx.xx.2025-ci il tarixində verilmişdir.

28. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 458 (10.000x5/100=500 (1 il üçün) 500/12=41,66 (1 ay üçün) 41,66x11=458 (11 ay üçün)) manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

29. Məhkəmə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 122 manat məbləğində pulun tələb olunması ilə bağlı aşağıdakıları qeyd edir.

30. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il taixli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 122 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

31. Lakin, Məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənməli olan dövlət rüsumunun məbləği 121,37 manat təşkil edir.

32. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

33. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli AR/CESİ-01/23 saylı müqaviləyə əsasən əsas borc üzrə 10.000 (on min) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Əsas borca illik 5% hesablanmaqla 458 (dörd yüz əlli səkkiz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 121 (bir yüz iyirmi bir) manat 37 (otuz yeddi) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar