Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2178/2025 24.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “əsassız varlanma qaydasında pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: öhdəlikdən kənar ödənilmiş pul, əsassız varlanma, kondikasiya iddiasının şərtləri) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “əsassız varlanma qaydasında pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən yanlışlıqla ödənilmiş 3850 manat məbləğində pulun və ödənilmiş 58,9 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. X3 tərəfindən idarə olunan “X9” markalı 99LO609 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə Xırdalan-Saray yolu ilə hərəkətdə olarkən manevretmə qaydalarını pozması nəticəsində iddiaçıda “Avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası” növündə PME********** saylı sığorta şəhadətnaməsi ilə sığortalanmış, X1 idarə etdiyi “Ford Transit” markalı 77JM541 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Yuxarıda qeyd olunan hadisə ilə bağlı Abşeron rayon DYPŞ-də tərtib olunmuş inzibati tənbehvermə haqqında qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirkar şəxs “Ford Transit” markalı 77JM541 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 müəyyən olunmuşdur. “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Mərkəzi X5 29 iyun 2022-ci il tarixli qərarına əsasən 1 noyabr 2022-ci il tarixindən etibarən yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxslərə “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətininin icbari sığortası” növü üzrə sığortalanmış əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi birbaşa olaraq zərərçəkənin mülki məsuliyyətinin icbari sığortaçısı tərəfindən həyata keçirilir. 2.2. Məhz buna görə də iddiaçı tərəfindən müvafiq sığorta müqaviləsinin şərtlərinə və qanunvericiliyin tələblərinə uyğun olaraq, xx.xx.2024-cü il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində “Ford Transit” markalı, 77JM541 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə faydalanan şəxsə sığorta ödənişi həyata keçirilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixində “Ford Transit” markalı 77JM541 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh MMC-nin bank hesabına 3850 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sonradan "xxxx" ASC-nin əməkdaşları tərəfindən yanlışlıqla təkrar ödəniş həyata keçirilmiş və əsassız olaraq Cavabdeh MMC-nin bank hesabına xx.xx.2024-cü il tarixində yenidən 3850 manat məbləğində pul köçürülmüşdür. Odur ki belə olan təqdirdə Cavabdeh MMC-nin, hesabına yanlışlıqla ödənilmiş 3850 manat məbləğində pul vəsaitini geri qaytarmaq öhdəliyi yaranır. Əlavə olaraq, xx.xx.2024cü il tarixində Cavabdeh MMC-yə pretenziya məktubu ilə müraciət edilmiş, lakin hələ də məktuba münasibət bildirilməmişdir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 14.2.7, 439.4, 1091.1, 1092.2-ci maddələri göstərilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2178/2025 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza dair sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, zərər vuran nəqliyyat vasitəsi 99LO609 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsidir. Digər ödəniş tapşırığında yanlışlıqla həmin nəqliyyat vasitəsinin nömrə nişanı göstərilmişdir.
7. İddiaçının nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə xx.xx.2025-ci il tarixdə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
8. Cavabdehin nümayəndəsi Qanuni nümayəndə2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə xx.xx.2025-ci il tarixdə ərizə ünvanlayaraq, iddiaçı "xxxx" ASC ilə qarşılıqlı razılaşmaya gəlib ödəniş etmək üçün xx.xx.2025-ci il, saat 11:35-ə təyin edilmiş məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Əsassız varlanma qaydasında pulun tutulması tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, cavabdehin mülkiyyətində olan “Ford Transit” markalı 77JM541 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixli şəhadətnaməyə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası qaydasında sığortalanmış, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Bakı-Saray-Novxanı şosesində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində cavabdehin mülkiyyətində olan adıçəkilən nəqliyyat vasitəsinə X2 idarə etdiyi “Mercedes- Benz Vito” markalı 99LO606 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən zərər vurulmuş, xx.xx.2024-cü il tarixli akta əsasən zərərin məbləği 3850 manat müəyyən edilmiş, cavabdeh xx.xx.2024-cü il tarixli 100 nömrəli məktubla zərərlə razı olduğunu və 3850 manat məbləğində pulun "xxxx" ASC-də olan AZ73TCZB******************** nömrəli hesablaşma hesabına köçürülməsini xahiş etmişdir. İddiaçının xx.xx.2024-cü il tarixli ZBT/8262 nömrəli ödəniş aktına əsasən 3850 manat məbləğində pulun cavabdehə köçürülməsi tapşırılmışdır. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı və icra qeydinə əsasən xx.xx.2024-cü il tarixli ZBT/8262 nömrəli ödəniş akta istinad edilməklə 3850 manat, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı və icra qeydinə əsasən xx.xx.2024-cü il tarixli ZBT/8262 nömrəli ödəniş akta istinad edilməklə 3850 manat məbləğində pul cavabdehin AZ73TCZB******************** nömrəli hesablaşma hesabına köçürülmüşdür.
13. İddiaçı xx.xx.2025-ci il tarixdə 3850 manat məbləğində pulun yanlışlıqla köçürüldüyünə istinad edərək həmin məbləğin cavabdehdən tutulmasını tələb edir.
14. Cavabdeh qarşılıqlı razılaşma əsasında ödənişin edilməsi üçün iclasın təxirə salınmasını xahiş edir, lakin məhkəmə iclaslarında iştirak etmir.
15. Məhkəmə kommersiya mübahisəsi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
16. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Yəni öhdəlik bir tərəfin müəyyən hərəkətlər etməsi və ya müəyyən hərəkətlərdən çəkinməsi, digər tərəfin isə tələb etmək hüququ ilə xarakterizə edilən qarşılıqlı hüquqi münasibətdir. Hər bir hüquqi münasibət kimi öhdəlik hüquq münasibətinin də müəyyən yaranma - əmələ gəlmə əsası olur. Mülki Məcəllənin 386-cı maddəsi öhdəliklərin əmələ gəlmə əsaslarını müəyyən edir. Belə ki, öhdəliyin əmələ gəlmə əsaslarına başlıcası müqavilə olmaqla zərər vurulması, əsassız varlanma və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar aid edilir. Mülki hüquq nəzəriyyəsində bu əsaslar müqavilədən və müqavilədən kənar olmaqla iki yerə bölünür. Öhdəliyin əsassız varlanma ilə əmələ gəlməsi onun müqavilədən kənar əsasla yaranması hesab olunur.
17. Mülki Məcəllənin 58-ci fəsli “əsassız varlanma” adlanır. Mülki Məcəllənin 1091-ci maddəsi əsassız varlanmaya anlayış verir. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
18. Göründüyü kimi, əsassız varlanma hüquqi əsas – bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadan və ya həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənərək başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edilməsidir.
19. Eyni zamanda Mülki Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
20. Mülki hüquq nəzəriyyəsində məhrum olanın əsassız əldə edilmiş və ya saxlanılmış əmlakı qaytarmaq barədə varlanmış şəxsə verdiyi tələb kondikasiya iddiası adlanır və bu növ iddiada bir neçə şərtin mövcudluğu sübut edilməlidir. Belə ki, kondikasiya iddiasının sübutetmə predmetinə (1) varlanmanın baş verməsi, (2) bu varlanmanın hüquqi əsasa malik olmaması, (3) varlanmanın məhrum olanın hesabına formalaşması daxildir. Bu şərtlərdən hər hansı birinin mövcudluğunun sübut edilməməsi kondikasiya iddiasının rəddi üçün əsasdır.
21. İş materiallarından da göründüyü kimi, iddiaçı və cavabdehin qarşılıqlı razılaşması əsasında sığorta ödənişi 3850 manat müəyyən edilmiş, cavabdeh həmin məbləğin "xxxx" ASC-də olan AZ73TCZB******************** nömrəli hesablaşma hesabına köçürülməsini xahiş etmiş, iddiaçının xx.xx.2024-cü il tarixli ZBT/8262 nömrəli ödəniş aktı əsasında 3850 manat məbləğində pulun cavabdehə köçürülməsi tapşırılsa da, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli ödəniş tapşırıqları üzrə adıçəkilən məbləğ 2 dəfə cavabdehə köçürülmüşdür.
22. Belə olan halda, hazırkı ödənişin sığorta öhdəliyindən kənar iddiaçının hesabına edildiyi və cavabdehin həmin məbləği bank hesabı vasitəsilə əldə edərək varlandığı təsdiq edilir.
23. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
24. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh MMC-dən 3850 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
25. İddiaçı eləcə də 58,9 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
26. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli qəbzlə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 58,5 manat dövlət rüsumu ödənilmişdir.
27. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
28. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Yuxarıda göstərilənlərə əsasən və iddianın təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 58,5 manat pul Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.
V. Nəticə:
30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdehndən 3850 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 58,5 manat məbləğində pul Cavabdehndən tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova