Məhkəmə qərarları › İş №e-2-2(113)-218/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-218/2021

15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-218/2021 15.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun (cərimənin) ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun (cərimənin) ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh1 MMC arasında bağlanmış 07 sentyabr 2016-cı il tarixli 60176-1/KM nömrəli kredit müqaviləsinin ləğv edilməsi, ondan məcburi qaydada İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə əsas borc üzrə ******* (üç milyon beş yüz min) ABŞ dolları, 31 avqust 2020-ci il tarixə faiz borcu üzrə 1115073.49 (bir milyon yüz on beş min yetmiş üç dollar 49 sent) ABŞ dolları, 31 avqust 2020-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 293466.86 (iki yüz doxsan üç min dörd yüz altmış altı dollar 86 sent) ABŞ dolları, cəmi 4908540.35 (dörd milyon doqquz yüz səkkiz min beş yüz qırx dollar 35 sent) ABŞ dolları kredit borcunun, 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 30 (otuz) manat məbləğində digər xərclərin (İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı), ümumilikdə 4908540.35 (dörd milyon doqquz yüz səkkiz min beş yüz qırx dollar 35 sent) ABŞ dollarının və 60 (altmış) manatın tutulması; Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 95.0 kv.m., yaşayış sahəsi 66.0 kv.m., olan 4 otaqlı yaşayış evinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan 4908540.35 (dörd milyon doqquz yüz səkkiz min beş yüz qırx dollar 35 sent) ABŞ dolları və 60 (altmış) manat məbləğində borcun ödənilməsi; Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 95.0 kv.m., yaşayış sahəsi 66.0 kv.m., olan 4 otaqlı yaşayış evinin məcburi boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçıASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 07 sentyabr 2016-cı il tarixli 60176- 1/KMİ nömrəli kredit müqaviləsinə əsasən ona illik 8 (səkkiz) faiz dərəcəsi ilə ******* (üç milyon beş yüz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq 2-ci Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 95.0 kv.m., yaşayış sahəsi 66.0 kv.m., olan 4 otaqlı yaşayış evi 31.05.2017-ci il tarixli, 60176-1/İPM saylı ipoteka müqaviləsinə əsasən Bankın ipoteka hüquqları ilə yüklü edilmişdir. Kredit müqaviləsinin 4.1-4.2-ci bəndlərinə əsasən 1-ci Cavabdeh1 MMC Kredit müqaviləsində nəzərdə tutulmuş şərtlərlə aldığı vəsaiti 24 ay əsas məbləğə güzəşt verilməklə, ümumilikdə 60 (altmış) ay ərzində qeyd-şərtsiz olaraq qaytarmağı və kredit məbləğini kreditin verilmə tarixindən sonra bu Müqaviləyə 1 saylı Əlavədə göstərilmiş ödəmə cədvəli ilə müəyyən olunmuş qaydada ödənilməsini öhdəsinə götürmüşdür. Ödəmə cədvəlinə görə kredit üzrə əsas və hesablanmış faizlər hər ay bərabər hissələrlə Banka ödənilməlidir. Kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən bu müqaviləyə 1 sayı əlavə ilə müəyyən edilən ödəmə günü həmin gün üçün təyin edilmiş məbləğ ödənilmədikdə, ertəsi gündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi tarixədək 5.2-ci bəndində göstərilmiş faiz dərəcəsindən əlavə cərimə faizləri də hesablanır və cərimə fazinin dərəcəsi 5.3-cü bəndində göstərilmiş fazi dərəcəsinin iki mislinə bərabərdir. 1-ci Cavabdeh1 MMC öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə onun Banka əsas borc üzrə ******* (üç milyon beş yüz min) ABŞ dolları, 31 avqust 2020-ci il tarixə faiz borcu üzrə 1115073.49 (bir milyon yüz on beş min yetmiş üç dollar qırx doqquz sent) ABŞ dolları, 31 avqust 2020-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 293466.86 (iki yüz doxsan üç min dörd yüz altmış altı dollar səksən altı sent) ABŞ dolları, cəmi 4908540.35 (dörd milyon doqquz yüz səkkiz min beş yüz qırx dollar otuz beş sent) ABŞ dolları məbləğində borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia tələbi qismən edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" ASC ilə X3” MMC arasında bağlanan 07 sentyabr 2016-cı il tarixli 60176- 1/KMİ saylı kredit müqaviləsindən görünür ki, kreditor borcalana Türkiyə Respublikasının Bodrum vilayetində tikilməkdə olan “Buta Resort” kompleksində kapital qoyuluşu məqsədilə 60 ay müddətinə illik 8% hesablanmaq şərti ilə ******* ABŞ dolları məbləğində kredit verir. Borc alan bu müqavilə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverene qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən bu Müqaviləyə 1 Saylı Əlavə ilə müəyyən edilən ödəmə günü həmin gün üçün təyin edilmiş məbləğ ödənilmədikdə. ertəsi günündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi tarixədək 5.3-cü bəndində göstərilmiş faiz dərəcəsindən əlavə cərimə faizləri də hesablanır. Cərimə faizinin dərəcəsi 5.3-cü bəndində göstərilmiş faiz dərəcəsinin iki mislinə bərabərdir. - "xxxx" ASC (ipoteka saxlayan) ilə Tağı-zadə X7 (ipoteka qoyan) arasında bağlanan 31.05.2017-ci il tarixli 60176-1/İPM nömrəli ipoteka müqaviləsindən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən ipoteka saxlayan X3” MMC-nin 07 sentyabr 2016-cı il tarixli 60176- 1/KMİ saylı kredit müqaviləsinə əsasən ******* ABŞ dolları məbləğində verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş əmlakın (ünvan 1 yerləşən ümumi sahəsi 95.0 kv.m., yaşayış sahəsi 66.0 kv.m., olan 4 otaqlı yaşayış evi) girov qoyulması barədə razılığa gəlmişlər. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən ipoteka predmeti peşəkar qiymətləndirmə fəaliyyəti ilə məşğul olan qiymətləndirici tərəfindən aşağıdakı kimi qiymətləndirilir: Cavabdeh2 məxsus olan əmlak "xxxx" MMC tərəfindən tərtib olunmuş 25 Aprel 2017-ci il tarixli 04/02-317-i-Q saylı qiymətləndirmə aktına əsasən in "Bazar dəyəri" - 230 000,00 AZN, "Likvid dəyəri" -184 000,00 AZN məbləğində müəyyən edilmişdir. - Hüquqların Dövlət Qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli 13.07.2017-ci il tarixli çıxarışından görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 95.0 kv. m., yaşayış sahəsi 66,0 kv. m., yardımçı sahə 29,0 kv.m. olan 4 otaqlı yaşayış evinə Tağı-zadə X4 mülkiyyət hüququ "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. - "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış ərizəsindən görünür ki, X3” MMC tərəfindən kredit öhdəlikləri lazımınca icra edilmədiyindən kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydiyyata alınması xahiş edilmişdir. - İş materiallarına əlavə edilmiş 31.08.2020-ci il tarixli Borc haqqında arayışdan görünür ki, X3” MMC-nin 07 sentyabr 2016-cı il tarixli 60176-1/KM saylı kredit müqaviləsi üzrə 31.08.2020-ci il tarixə qalıq borcu kreditə görə ******* ABŞ dolları əsas, 1115073,49 ABŞ dolları faiz borcu, 293466,86 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 4908540,35 ABŞ dolları təşkil edir. - 02.04.2021-ci tarixdə Bakı Kommersiya Məhkəməsinə daxil olmuş "xxxx" MMC-nin 31.03.2021-ci il tarixli QXM-376M nömrəli qiymətləndirmə rəyindən görünür ki, Tağı-zadə X4 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 95.0 kv. m., yaşayış sahəsi 66,0 kv. m., yardımçı sahə 29,0 kv.m. olan 4 otaqlı yaşayış evinin likvid dəyəri 209000 manat müəyyən olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26.07.2021-ci il tarixli 9/3364 saylı ekspert rəyində qeyd olunur ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 MMC-nin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair çıxarış məlumatları, 07 sentyabr 2016-cı il tarixli, 60176-1/KM saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 MMC-nin 31.08.2020-ci il tarixə (maliyyə arayışında göstərilə tarixlər) banka olan əsas və faiz borcu 4.615,072,44 ABŞ dolları (Əsas borc ******* ABŞ dolları, Faiz borcu 1115072,44 ABŞ dolları) məbləğində müəyyən edilmişdir. Çıxarış məlumatlarına əsasən bank tərəfindən kredit ödənişlərinin gecikdirilməsinə görə cərimə hesablanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC ilə X3” MMC arasında 07 sentyabr 2016-cı il tarixli 60176- 1/KMİ saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən kreditor borcalana dövriyyə vəsaitinin artırılması məqsədilə 60 ay müddətinə illik 8% hesablanmaq şərti ilə ******* ABŞ dolları məbləğində kredit vermişdir. Borc alan bu müqaviləyə əsasən, krediti qəbul etməyi, Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin "xxxx" ASC ilə (ipoteka saxlayan) ilə Tağı-zadə X7 (ipoteka qoyan) arasında bağlanan 31.05.2017-ci il tarixli 60176-1/İPM nömrəli ipoteka müqaviləsi bağlanmış və 07 sentyabr 2016-cı il tarixli 60176-1/KM saylı kredit müqaviləsi üzrə göstərilən öhdəliklərin təminatı olaraq DƏDRX-in 1 saylı Ərazi İdarəsi tərəfindən Tağı-zadə X4 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 95.0 kv. m., yaşayış sahəsi 66,0 kv. m., yardımçı sahə 29,0 kv.m. olan 4 otaqlı yaşayış evi "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. Müqaviləyə əsasən ipoteka predmetinin likvid dəyəri 184 000,00 manat məbləğində müəyyən edilmişdir. Lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliklər yerinə yetirilməmiş və bu səbəbdən də iddiaçı 31.08.2020-ci il tarixli maliyyə arayışına əsasən 07 sentyabr 2016-cı il tarixli 60176-1/KM saylı kredit müqaviləsi üzrə ******* ABŞ dolları əsas borcun, 1115073,49 ABŞ dolları faiz borcunun, 293466,86 ABŞ dolları dəbbə pulunun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin bərabərliyi prinsipi tərəflər arasında ədalətli balans baxımından ədalətli məhkəmə araşdırması hüququnun mühüm xüsusiyyətidir və prosessin çəkişmə xarakterinə xas olan cəhətidir. Mahiyyət etibarı ilə bu prinsip tələb edir ki: “Hər bir tərəf öz arqumentlərini, o cümlədən sübutlarını təqdim etmək üçün ağlabatan imkana malik olmalı və əks tərəfin qarşısında əlverişsiz vəziyyətə salınmamalıdır” (X5rşı, 1993-cü il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə qeyd edir ki, təqdim edilmiş ekspert rəyi əsasında cavabdehin 31.08.2020ci il tarixə banka olan borcu 4.615.072,44 ABŞ dolları (Əsas borc 3.500.000 ABŞ dolları, Faiz borcu 1.115.072,44 ABŞ dolları) təşkil edir. Məhkəmə işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin müddəalarını rəhbər tutaraq qeyd ki, cavabdeh X3” MMC 07 sentyabr 2016-cı il tarixli 60176-1/KM saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə Cavabdeh1 MMC hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, 3.500.000 ABŞ dolları məbləğində əsas borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə nəzərdə tutulmuş faiz dərəcəsinə görə hesablanan faiz borcunun tutulması hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Yuxarıda qeyd olunan hallara əsasən iddia tələbi üzrə 31.08.2020-ci il tarixinədək hesablanmış 1115073.49 ABŞ dolları faiz borcunun ekspert rəyi üzrə qeyd olunan 1.115.072,44 ABŞ dolları hissəsi cavabdehdən tutulmalıdır. Məhkəmə iddia tələbinin 293.466.86 ABŞ dolları dəbbənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə işin hallarını nəzərə alaraq, tələb olunan 293.466.86 ABŞ dolları dəbbənin 2934,66 ABŞ dolları həddinədək azaldılmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Qanunun (bundan sonra – Qanun) 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. “İpoteka” haqqında Qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehə bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, kredit müqaviləsinə dair əsas və faiz borcu üzrə cavabdehin öhdəliklərinin tam yerinə yetirməməsi səbəbindən tələb 31.05.2017-ci il tarixli 60176-1/İPM nömrəli ipoteka müqavilələri üzrə Tağı-zadə X4 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 95.0 kv. m., yaşayış sahəsi 66,0 kv. m., yardımçı sahə 29,0 kv.m. olan 4 otaqlı yaşayış evinə yönəldilməlidir. Tağı-zadə X4 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 95.0 kv. m., yaşayış sahəsi 66,0 kv. m., yardımçı sahə 29,0 kv.m. olan 4 otaqlı yaşayış evinin likvid dəyəri 31.03.2021-ci il tarixli qiymətləndirmə rəyinə əsasən 209.000 manat müəyyən olunmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20.07.2020-ci il tarixli 01 saylı qərardadının 13-cü bəndinə əsasən ipoteka predmetinin likvid qiymətlə satılması borc alanın və ipoteka qoyanın da qanuni maraqlarına zidd deyil. Belə ki, ipoteka predmetinin realizasiyasının likvid qiymət əsasında daha tez həyata keçirilməsi borcun vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş əlavə ödənişlərin tutulmasının qarşısını da almaqla borcluları əlavə zərərdən qorumuş olacaqdır. Digər tərəfdən, likvid qiymət real bazar dəyərindən nisbətən aşağı olsa da, əhəmiyyətli qiymət fərqi olmadan dəyər itkisi yaratmayan həddə olduğundan və yalnız məcburi qaydada satışa tətbiq edildiyindən ipoteka qoyanın maraqlarına da zidd kimi qiymətləndirilməməlidir. Belə ki, Qanun ədalətli yanaşma müəyyən edərək, ipotekaqoyana ipoteka predmetini hərrac yekunlaşana qədər borcu ödəməklə ipotekadan azad etmək, habelə ipotekasaxlayanla qarşılıqlı razılıq əsasında ipoteka predmetini könüllü olaraq satmaq imkanı vermişdir. Bundan əlavə, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin, qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətiçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır. Məhkəmə iddia tələbinin ipoteka predmeti satıldıqdan və mülkiyyətçisi dəyişdikdən sonra əmlakın 1(ay) ərzində boşaldılması hissəsinə münasibətdə qeyd edir ki, tələbin qeyd olunan hissəsi tərəflər arasında yaranmış bu növ münasibətləri tənzimləyən normanın (red: “İpoteka” haqqında Qanunun) tələb və hərəkət ardıcıllığı üzrə müəyyən edilmiş şərtlərinə daxildir. Belə ki, “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.2-ci maddəsinə əsasən, yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; (59.3.1.) və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. (59.3.2.) Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Yuxarıda qeyd olunan normanın tələblərindən göründüyü kimi ipoteka qoyanlar müqavilə üzrə öhdəlikləri yerinə yetirə bilmədikdən sonra ipoteka saxlayan tərəfindən müvafiq ardıcılıqda hərəkətlər yerinə yetirilməsi müəyyən edilmişdir. Lakin iddia tələbinin ipoteka predmeti satıldıqdan və mülkiyyətçisi dəyişdikdən sonra əmlakın 1(ay) ərzində boşaldılması barədə tələbi cavabdehlərin gələcəkdə qanuna qorunan hüquqlarının pozulmasına səbəb olacaqdır. Belə olan halda iddia tələbi hazırki tərəflər arasında yaranmış münasibətləri tənzimləyən maddi hüquq normasına zidd olduğundan təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Cavabdeh1 MMC-dən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutularaq "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat Cavabdeh1 MMC tərəfindən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Bundan başqa ipoteka predmetinin üzrə keçirilmiş qiymətləndirilmənin dəyəri olan 400 manat Cavabdeh1 MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 MMC -dən 3.500.000 (üç milyon beş yüz min) ABŞ dolları məbləğində əsas, 1.115.072,44 (bir milyon yüz on beş min yetmiş iki ABŞ dolları qırx dörd sent) ABŞ dolları məbləğində faiz, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2934,66 (iki min doqquz yüz otuz dörd ABŞ dolları altmış altı sent) ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 4.618.007,1 (dörd milyon altı yüz on səkkiz min yeddi ABŞ dolları on sent) ABŞ dolları məbləğində borc Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun tutularaq "xxxx" ASC-yə ödənilməli, Cavabdeh1 MMCdən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməli, tutma Tağızadə X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 95.0 kv.m., yaşayış sahəsi 66.0 kv.m., olan 4 otaqlı yaşayış evinə yönəldilməli, əmlakın likvid dəyəri 209.000 (iki yüz doqquz min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, hərtərəfli, qərəzsiz və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 MMC-dən 3.500.000 (üç milyon beş yüz min) ABŞ dolları məbləğində əsas, 1.115.072,44 (bir milyon yüz on beş min yetmiş iki ABŞ dolları qırx dörd sent) ABŞ dolları məbləğində faiz, 2934,66 (iki min doqquz yüz otuz dörd ABŞ dolları altmış altı sent) ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 4.618.007,1 (dörd milyon altı yüz on səkkiz min yeddi ABŞ dolları on sent) ABŞ dolları məbləğində borc Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun tutularaq "xxxx" ASC-yə ödənilsin. Cavabdeh1 MMC-dən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Tutma Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 95.0 kv.m., yaşayış sahəsi 66.0 kv.m., olan 4 otaqlı yaşayış evinə tutma yönəldilsin. Əmlakın likvid dəyəri 209000 (iki yüz doqquz min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın. Cavabdeh1 MMC-dən 200 (iki yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Cavabdeh1 MMC-dən 400 (dörd yüz) manat qiymətləndirmə xərci tutularaq "xxxx" MMC-nin hesabına (Hesab nömrəsi: AZ64BBTB********************, Bank: "xxxx" ASC-nin “Promo” filialı; VÖEN **********; M/H: AZ13NABZ********************; Kod:501554 SWİFT: BBTBAZ22) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar