Məhkəmə qərarları › İş №e-2-2(113)-218/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-218/2023

19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-218/2023 19.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, avans, ödəniş, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödəmə mənbəyində vergi üçün ödənilmiş 2393,02 manat daxil olmaqla 17093,02 manat məbləğində pulun, ödənilmiş 143 manat dövlət rüsumunun və mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini və cavabdehin əməllərində cinayət əlamətlərinin aşkara çıxarılması barədə xüsusi qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanında İddiaçı mağazasının açılması üçün qeyriyaşayış sahəsinin icarəsi haqqında müqavilə bağlanmışdır. İddiaçı tərəfindən cavabdehə təmir işləri üçün xx.xx.2021-ci il tarixində müqavilə əsasında vergi daxil olmaqla 17093,02 manat (14700 manat vergisiz) pul birdəfəlik ödəniş qaydasında bank vasitəsi ilə köçürülmüşdür. Cavabdeh tərəfindən sözügedən obyektdə təmir işləri başlansa da, sonradan dayandırılmışdır. İndiyə qədər obyekt hələ də iddiaçıya təhvil verilməyib. Hər dəfəsində cavabdeh “İcradan”, “Şəhərsalmadan cavab gözləyirəm” deyə bəhanələr gətirir. Son dəfə xx.xx.2022-ci il tarixində iddiaçının əməkdaşları obyektə gedərək cavabdehlə görüşmək istəsə də, sonuncu, görüşə gəlməmiş və telefon zənglərinə cavab verməmişdir. İddiaçı məsələ ilə bağlı cavabdehə atası və qardaşı vasitəsi ilə onun barəsində şikayət edəcəklərini bildirmiş, lakin cavabdeh xəbərdarlıqlara laqeyd yanaşaraq nə obyektin təmirinə başlamış, nə də ki onlarla görüşmüşdür. Hal-hazırda isə onlara olan cavabı: “Nə istəyirsiniz edin, pulu xərcləmişəm, sizə verəcəyim pul yoxdur” ifadəsidir. İddiaçı hesab edir ki, baş verən hal dələduzluq halıdır. Cavabdehin etdiyi əməllər göstərir ki, aldatmaq yolu ilə pulu mənimsəyib və öz mənafeyinə xərcləmişdir. İddiaçı məsələ ilə bağlı Bakı Şəhəri Xəzər Rayonu Prokurorluğuna xx.xx.2022-ci il tarixli, 866 nömrəli məktubla şikayət etmiş, lakin Bakı Şəhəri Xəzər Rayonu Prokurorluğu tərəfindən xx.xx.2022-ci il tarixində iddiaçıya daxil olan xx.xx.2022-ci il tarixli, 560-Xid-22 nömrəli cavab məktubunda izah olunmuşdur ki, göstərilən xüsusatlar mülki xarakter daşıdığından həmin xüsusatların araşdırılması Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən məhkəmə orqanlarına müraciət edilməlidir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 443.1, 448-ci maddələri göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmənin iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahatlar vermiş və eyni zamanda bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə icarə haqqının marketin fəaliyyətə başladığı tarixdən hesablanması razılaşdırılsa da, cavabdeh tərəfindən icarə obyektində müəyyən işlər görülməli olduğundan birinci ay üçün razılaşdırılmış 17093,02 manat icarə haqqı obyekt təhvil verilmədən ödənilmiş, həmin məbləğin 14700 manatı köçürmə yolu ilə cavabdehə, 2393,02 manatı isə ödəmə mənbəyində vergi olaraq ödənilmişdir. İcarə obyekti 3 aya təhvil verilməli idi, lakin təhvil verilməmişdir. Ona görə də ödədikləri pulun cavabdehdən tutulmasını xahiş edirlər.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya etiraz etməmiş, izahatında icarəyə verilməsi razılaşdırılmış obyektin dam örtüyünün vurulması, təmiri və s. üçün pul lazım olduğundan icarə obyektinin təhvil verilmədiyini, iddiaçı tərəfindən ona 14700 manat pulun verildiyini, lakin sənədləşməni həyata keçirə bilmədiyi üçün işləri tamamlaya bilmədiyini, ona görə də icarə obyektini razılaşdırılmış müddətə, yəni 3 aya iddiaçıya təhvil verə bilmədiyini, pulu qaytarmaq niyyətinin olduğunu bildirmişdir. Eyni zamanda bildirmişdir ki, lazımi qaydada sənədləşməni həyata keçirə bilmədiyindən icarə obyektinin dam örtüyü və s. sökülmüşdür. Bundan başqa bildirmişdir ki, tələb olunan 2393,02 manat pul ona ödənilmədiyindən ondan tutulmamalıdır.

III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Pulun tutulması tələbi ilə bağlı

7. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

8. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

9. Məhkəmə tərəfindən müəyyən olunan işin mübahisəsiz halları bundan ibarətdir ki, icarəyə verən Cavabdeh ilə icarəçi İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixdə icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən icarəyə verən ünvan 2 ünvanında yerləşən ona məxsus 91,18 kvadrat metr qeyri-yaşayış sahəsini icarəyə verməyi, icarəçi isə icarə obyektini qəbul edib əvəzində icarəyə verənə ÖMV daxil 1-ci ay üçün 17093,02 manat, 2-21-ci aylar üçün 610,47 manat, 22-ci aydan başlayaraq isə 1395,35 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İcarəçi İddiaçı MMC tərəfindən icarəyə verən Cavabdeh xx.xx.2021-ci il tarixdə köçürmə yolu ilə 14700 manat ödəniş edilmiş, eyni zamanda icarəçi tərəfindən ödəmə mənbəyində 2393,02 manat vergi ödənilmişdir. Lakin icarə obyekti icarəçiyə təhvil verilməmişdir.

10. İddiaçı tərəf bildirmişdir ki, müqavilədə icarə haqqının marketin fəaliyyətə başladığı tarixdən hesablanması razılaşdırılsa da, birinci ay üçün razılaşdırılmış 17093,02 manat icarə haqqı icarə obyekti təhvil verilməmiş ödənilmiş, lakin icarə obyekti təhvil verilməmişdir. Ona görə də cavabdehə ödənilmiş 14700 manat pul və ödəmə mənbəyində vergi olaraq ödənilmiş 2393,02 manat pul cavabdehdən tutulmalıdır.

11. Cavabdeh tərəf iddianı qismən, 14700 manat pulun tutulması hissəsində qəbul etmiş, lakin iddiaçı tərəfindən ödənilmiş 2393,02 manat ÖMV-nin ondan tutulmasına etiraz etmişdir.

12. Mülki Məcəllənin 387.2-ci maddəsinə əsasən əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır.

13. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

14. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

15. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

17. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

18. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

19. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

20. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

21. Hazırkı işin mübahisəsiz halıdır ki, icarə haqqının icarə obyekti qəbul edilkdən sonra marketin fəaliyyətə başladığı tarixdən hesablanmaqla ödənilməsi icarə müqaviləsində razılaşdırılsa da, icarəçi birinci ay üçün razılaşdırılmış icarə haqqını icarə obyekti təhvil verilmədən ödəmiş, icarəyə verən isə müqavilə üzrə öhdəliyini icra etməyərək icarə obyektini razılaşdırılmış müddətdə icarəçiyə təhvil verməmişdir.

22. Yuxarıda qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə qeyd edir ki, icarəyə verən müqavilə üzrə öhdəliyini icra etmədiyindən icarəçiyə dəymiş zərərin əvəzini ödəməyə borcludur. Lakin məhkəmə hesab edir ki, iddia tələbi qismən, 14700 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır.

23. Belə ki, iddiaçının tələbinin bir hissəsini ÖMV kimi ödənilmiş 2393,02 manat pulun tutulması təşkil edir.

24. Tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndindən görünür ki, müəyyən olunmuş icarə haqqına ÖMV daxildir və vergi icarəçi tərəfindən ödənilir.

25. Məhkəmə müəyyən edir ki, hazırkı iş üzrə hüquqi şəxs olan icarəçi icarəyə verənin əldə edəcəyi gəlirdən ödəmə mənbəyində 2393,02 manat vergini tutaraq dövlət büdcəsinə ödəmişdir. Lakin icarə obyekti təhvil verilmədiyindən icarəyə verənə ödədiyi pulu tələb edir.

26. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə əsasən vergilərin dəqiqləşdirilməsi vergi ödəyicisi tərəfindən həyata keçirilə, buna müvafiq olaraq vergi ödəyicisinin hesablanmış vergi və faiz məbləğləri azaldıla, artıq ödəmə yarandığı halda isə geri qaytarılması və ya əvəzləşdirilməsi tələb edilə bilər. İcarəyə verən tərəfindən gəlir əldə olunmadığından, 2393,02 manat ÖMV-ni iddiaçı ödədiyindən, verginin ödəyicisi kimi qeyd olunan hüquqlardan da iddiaçı istifadə edə bilər. Vergi Məcəlləsində verginin ödəyicisi olmayan şəxsin isə qeyd olunan hüquqlardan istifadə etməsi imkanı nəzərdə tutulmamışdır.

27. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi 2393,02 manat pulun tutulması hissəsində əsaslı olmadığından təmin oluna bilməz.

28. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi pulun tutulması hissəsində qismən təmin olunmalı, 14700 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

b) Cavabdeh barəsində xüsusi qərardad qəbul edilməsi tələbi ilə bağlı

29. Mülki Prosessual Məcəllənin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.

30. Məhkəmə qeyd edir ki, cavabdeh barəsində xüsusi qərardad çıxarılması üçün qeyd olunan maddədə nəzərdə tutulan əsaslar müəyyən olunmur.

31. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi cavabdehin əməllərində cinayət əlamətlərinin aşkara çıxarılması barədə xüsusi qərardadın qəbul edilməsi hissəsində təmin olunmamalıdır.

c) Məhkəmə xərcinin tutulması ilə bağlı

32. İddiaçı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 200 manat pulun da cavabdehdən tutulmasını xahiş etmişdir.

33. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞB/***nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 19 avqust 2022-ci il tarixində, 15:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, İddiaçı MMC-nin nümayəndəsi iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya xərcini ödəmişdir.

34. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (bunda sonra “Mediasiya haqqında” Qanun) 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.

35. “Mediasiya haqqında” Qanunun “mediasiya xərcləri” adlanan 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).

36. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

37. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir.

38. İddiaçı həmçinin dövlət rüsumu kimi ödənilmiş 143 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir.

39. Mülki Prosessual Məcəllənin 112.1 və 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir.

40. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi kimi müəyyən olunur.

41. Məhkəmə müəyyən edir ki, hazırkı iddia üzrə iddianın qiyməti 17093,02 manat olduğundan ödənilməli olan dövlət rüsumunun məbləği 141,28 manat (120+((7093,02x0,3)/100)) olmuşdur.

42. “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.

43. İddiaçı mediasiya xərci olaraq 200 manat ödədiyindən və qeyd olunan məbləğ hazırkı iş üzrə ödənilməli olan dövlət rüsumunu tam əhatə etdiyindən iddiaçı qanunun tələbinə əsasən dövlət rüsumunu ödəməkdən azad olmuş, lakin artıq dövlət rüsumu ödəmişdir.

44. Məhkəmə hesab edir ki, artıq ödənilmiş dövlət rüsumu cavabdehdən tutula bilməz.

V. Nəticə:

45. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. 14700 (on dörd min yeddi yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar