Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-218/2024 24.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 MMC-yə, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, maliyyə arayışı) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsinin iştirakı olmadan Cavabdeh1 iştirakı ilə, Digər cavabdehlərin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 MMC-yə, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 MMC-dən, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 18487.72 manat əsas borc, 1448,44 manat faiz borcu və 548,94 manat cərimə borcu olmaqla, cəmi 20485.1 manat borcun, 200 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişinin) tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh3 MMC-yə İddiaçı ASC-nin “Mərkəz” filialından 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2022-ci il tarixdə Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 ilə zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh3 MMC İddiaçı ASC-dən illik 21% olmaqla 12 ay müddətinə 20.000 manat məbləğində kredit götürmüşdür. 2023-cü ilin mayın 12-dək Cavabdeh3 MMC-nin banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 18487.72 manat əsas borc, 1448.44 manat faiz borcu və 548.94 manat cərimə borcu olmaqla cəmi 20485.1 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC cavabadehlər Cavabdeh3 MMC, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, iddia tələbini qəbul edir. Borcun bölünməsini gözləyirlər ki, ödəniş etsinlər. Ödəniş üçün müəyyən qədər məbləği də artıq hazırlayıblar.
4. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iş həcminin çoxluğunu nəzərə alaraq məhkəmə baxış iclasının iştirakları olmadan keçirilərək iddialarının tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edirlər.
5. İş üzrə digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər.
6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən iddiaçının və digər cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə 1 saylı əlavə olan xx.xx.2022-ci il tarixli razılaşmaya əsasən X3 razılaşmanın tələbləri ilə razı olduğunu və bu razılaşmanın imzalanması nəticəsində standart şərtlərin gələcəkdə onun bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etmədiyini bildirmişdir.
9. Bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə 4 saylı əlavə olan xx.xx.2022-ci il tarixli 20-MCR-1-674-22 saylı razılaşmaya (kredit limitinin ayrılmasına dair) əsasən Cavabdeh3 MMC-yə 120 ay müddətinə, 2.50% aylıq faiz dərəcəsi ilə 100000 manat məbləğində kredit limiti ayrılmışdır.
10. Bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə 5 saylı əlavə olan xx.xx.2022-ci il tarixli 20-MCR-1-674-22/1 saylı razılaşmaya (kredit limitinin ayrılmasına dair) əsasən Cavabdeh3 MMC-yə 12 ay müddətinə, 1.75% aylıq faiz dərəcəsi ilə 20000 manat məbləğində kredit limiti ayrılmışdır.
11. xx.xx.2022-ci il tarixli 20-MCR-1-674-22/1 saylı kredit müqaviləsinin 1 saylı əlavəsi olan ödəniş cədvəlinə əsasən borcalan Cavabdeh3 MMC tərəfindən yekun olaraq xx.xx.2023-cü il tarixinə 22347,31 manat məbləğində (20000 manat əsas borc, 2347,31 manat faiz məbləği) pul ödənilməlidir.
12. İddiaçı ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli Z/19290/22 saylı, Cavabdeh2 ilə bağlanmış Z/19292/22 saylı, X3 ilə bağlanmış Z/19293/22 saylı və X2 arasında bağlanmış Z/19899/22 saylı zaminlik müqavilələrinə əsasən:
13. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmeti xx.xx.2022-ci il tarixli, 20-MCR-1-674-22 saylı kredit limitinin ayrılmasına dair müqavilə bankdan kredit götürmüş bocalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir.
14. Müqavilənin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəliklər kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
15. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair razılaşmaya üzrə 12 ay müddətinə (xx.xx.2023-cü ilə kimi), 20000 manat məbləğində illik 21% olmaqla kredit verilmiş, əsas borcdan cəmi ödənilən məbləğ 1512,28 manat, faizdən ödənilən cəmi məbləğ 36,1 manat, əsas borc üzrə qalıq məbləğ 18487,72 manat, faiz borcu üzrə qalıq məbləğ 1448,44 manat, cərimə borcu 548,94 manat olmaqla cəmi borc məbləği 20485,1 manat müəyyən edilmişdir.
16. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə xx.xx.2022-ci il tarixli tarixli kredit verilməsinə dair razılaşmasının şərtləri və aparılmış ödənişlər nəzərə alınmaqla ilk xəbərdarlıq məktubunun cavabdehlərə çatdırıldığı xx.xx.2023-cü il tarixə, maliyyə arayışının verildiyi xx.xx.20223-cü il tarixinə (ayrı-ayrı göstərilməklə) əsas, faiz və cərimə borcunun məbləği nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in xx.xx.2023-cü il tarixli, 9/8636 saylı ekspert rəyinə əsasən xx.xx.2022-ci il tarixdə bağlanmış 20-MCR-1-674-22/1 saylı kreditin verilməsinə dair razılaşmada qeyd olunan şərtlər nəzərə aınmaqla Cavabdeh3 MMC-nin banka olan borcu xx.xx.2023-cü il tarixə 19768,17 manat, əsas borcu 18485 manat, faiz borcu 1283,17 manat, xx.xx.2023-cü il tarixə olan borcu 19940,69 manat, o cümlədən əsas borcu 18485 manat və faiz borcu 1455,69 manat müəyyən edildiyi, hesabdan çıxarış məlumatlarının təqdim edilmədiyi üçün cərimə borcunu hesablanmadığı qeyd olunmuşdur.
18. Məhkəmə tərəflərin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
21. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
23. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
24. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
25. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
26. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
27. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
28. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqaviləsindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
29. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının xx.xx.2022-ci il tarixdə bağlanmış 20-MCR-1-674-22/1 saylı kreditin verilməsinə dair razılaşması üzrə tələb etdiyi əsas və faiz borcu məbləğləri ekspert rəyində göstərilən məbləğlərlə eynilik təşkil etmir, ekspert rəyində göstərilən məbləğlər iddia tələbində göstərilən əsas və faiz borcu məbləğindən aşağı məbləğdə müəyyən edilmiş, iddiaçı isə iddia tələbinin azaldıması barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixli 20-MCR-1-674-22/1 saylı kredit razılaşması müqaviləsi əsas və faiz borcu məbləği ekspert rəyində müəyyən edilən məbləğdə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
30. Buna görə də məhkəmə hesab edir ki, ekspert rəyi əsas götürülməklə hazırkı mübahisəyə tətbiq edilməli və iddia tələbi qismən təmin edilməlidir.
31. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 20- MCR-1-674-22/1 saylı kredit razılaşmasının 7-ci bəndinə əsasən hesablanmış 548,94 manat məbləğində cərimə pullunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.
32. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
33. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
34. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulları tənasübsüz surətdə yüksək olmadığından cavabdehlərdən xx.xx.2022-ci il tarixli 20-MCR-1-674-22/1 saylı kredit razılaşmasi üzrə 548,94 manat məbləğində hesablanmış dəbbə pulu tutulmalıdır.
35. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə cavabdеhlər Cavabdeh3 MMC-dən, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 18485 manat əsas borc məbləği, 1283,17 manat faiz borcu, 548,94 manat dəbbə pulu borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, borc məbləğləri cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
36. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə İlkin mediasiya sessiyasının keçirilməsinə görə 200 manat məbləğində iddiaçı tərəfindən ödənişlər edilmişdir.
37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən mediasiya xərcləri məhkəmə xərclərinə aid olunmasa da, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
38. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.
39. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh3 MMC-dən, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir.
V. Nəticə:
41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh3 MMC-dən, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 18485 manat əsas borc məbləği, 1283,17 manat faiz borcu, 548,94 manat dəbbə pulu və mediasiya xərcinin əvəzi olaraq 200 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh3 MMC-dən, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova