Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2181/2021 30.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «pul» tələbinə dair kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, mala görə ödənilmiş 19460 (on doqquz min dörd yüz altmış) ABŞ dolları, yol xərci olaraq ödənilmiş- 3250 ( üç min iki yüz əlli) ABŞ dolları, ümumilikdə 22710 (iyirmi iki min doqquz yüz əlli) ABŞ dollarının, habelə məhkəmə xərcləri olaraq 230 (iki yüz otuz) manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 21 oktyabr 2019-cu il tarixdə Cavabdehxxxx“X2 və X4 Sanaye ve Ticaret Limited Şirkəti arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsinə görə iddiaçı şirkət cavabdeh şirkətin hesabına müəyyən edilmiş məbləği (19.460 ABŞ dolları) ödəməli, həmin məbləğin müqabilində isə cavabdeh şirkət iddiaçı şirkətə quru sarımsaq göndərməli idi. İddiaçı şirkət cavabdeh Şirkətin hesabına müqavilədə göstərilən məbləği - 19.460 ABŞ dollarını tam olaraq ödəmişdir. Lakin cavabdeh Şirkət üzərinə götürülən öhdəliyi lazımınca yerinə yetirməmişdir. Yəni, razılaşmaya əsasən cavabdeh şirkət Türkiyə Respublikasına iddiaçı şirkətə saf quru sarımsaq göndərməli olduğu halda, cavabdeh şirkət xarab sarımsaq göndərmişdir. Belə ki, göndərilmiş mal Türkiyə Respublikasında ekspertlər tərəfindən müayinə edilmiş, ekspert rəyinə əsasən göndərilən quru sarımsağın xarab olması müəyyən edilmişdir. Buna görə də iddiaçı şirkət cavabdeh şirkət tərəfindən göndərilmiş malı qəbul etmədən, geri Bakı şəhərinə cavabdeh şirkətə qaytarmışdır. İddiaçı şirkət tərəfindən 19.460 ABŞ dolları mala görə, malın Türkiyə Respublikasına göndərilməsinə görə 1500 ABŞ dolları, xarab malın Azərbaycan Respublikasına geri qaytarılmasına görə 1750 ABŞ, ümumilikdə 3250 ABŞ dolları pul yol xərci kimi ödənilmişdir. Yəni iddiaçı şirkət eyni zamanda yol xərci olaraq 3250 ABŞ dolları olmaqla ümumilikdə 22710 ABŞ dolları pul xərcləmişdir. Bununla da, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı şirkətin hüquqları pozulmuş, iddiaçı şirkət mala görə 19460 ABŞ dolları, əlavə olaraq malın gətirilməsi və geri qaytarılması ilə bağlı yol xərcləri- 3250 ABŞ dolları, ümumilikdə 22710 ABŞ dolları maddi ziyana düşmüşdür. İddiaçı şirkət cavabdeh şirkətə pulun geri qaytarılmasına dair təklif göndərmiş, lakin cavabdeh şirkət bu təklifə cavab verməmişdir. İddiaçı şirkətin pulu, qanunsuz olaraq cavabdeh şirkətdə hələ də qalmaqdadır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Satıcı Cavabdehxxxxalıcı “X2 və X3 Sanayi ve Ticaret» Limited şirketi arasında imzalanmış 21.10.2019-cu il tarixdə Tİ/015/19 saylı alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilə əsasında “Satıcı” 90 (doxsan) gün müddətində, dəyəri müqaviləyə əlavə edilən Protokol (Əlavə) ilə təsdiqlənəcək məbləğdə malları “Alıcıya” təslim edir. Təqdim edilən malların məlumatları, tərtib olunacaq qaimə-fakturalarda və ya aktlarda və ya bu müqaviləyə əlavədə göstəriləcəkdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən Tərəflər arasında təqdim ediləcək mallar üçün qiymət, müqavilənin ayrılmaz hissəsi olacaq Protokol (Əlavələr) ilə təsdiq edilir. Müqavilə Üzrə mallann dəyəri tam olaraq göstərilir. Malların dəyəri "Alıcıya” təqdim olunan akta, qaimə fakturaya və ya hesab-fakturaya əsasən, faktura tarixindən etibarən 3 (üç) iş günü müddətində bank köçürməsi şəkilində ödənilməlidir. İş materiallarına əlavə edilmiş X1 görünür ki, tərəflər arasında ümumilikdə 22000 kq quru sarımsağın cəmi dəyəri 19460 ABŞ dolları müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 21.10.2019-cu il, 28.10.2019-cu il tarixli ödəniş tapşırıqlarından görünür ki, alıcı “X2 və X3 Sanayi ve Ticaret” Limited şirketi tərəfindən sarımsağın dəyəri üçün ümumilikdə 19460 ABŞ dolları Cavabdeh MMC-yə ödənilmişdir. İş materiallarına əlavə edilmiş ********** nömrəli Gömrük bəyənnaməsindən görünür ki, 29.10.2019-cu il tarixdə Cavabdeh MMC tərəfindən ümumi dəyəri 19460 ABŞ dolları olan 10000 kq Böyük formalı, 12000 kq kişik formalı cəmi 22000 kq-880 ədəd kisədə quru sarımsaq «X2 və X3 Sanayi ve Ticaret» Limited şirkətinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş 13.11.2019-cu il tarixli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin məhsul nümunələrinin götürülməsi aktından görünür ki, Cavabdeh MMC-yə məxsus məhsuldan götürülmüş 1.9 kq sarımsaq üzərində aparılmış sınaq zamanı zərərli orqanizm aşkar edilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh MMC və “X2 və X3 Sanayi ve Ticaret» Limited şirketi arasında 21.10.2019-cu il tarixdə Tİ/015/19 saylı alqısatqı müqaviləsi bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən satıcı sifarişlər əsasında razılaşdırılmış miqdarda, çeşiddə malı alıcıya satmağı, alıcı isə nəzərdə tutulmuş malları qəbul etməyi, dəyərini ödəməsini öhdəsinə götürmüşdür. Cavabdeh müqavailəyə edilmiş əlavə üzrə qeyd olunan məhsulları alıcıya təhvil vermiş, alıcı isə həmin malların dəyərini ödəmişdir. Daha sonra alıcı malların yararsız olması səbəbi ilə satıcıya malları geri qaytararaq ödənilmiş məbləğin geri qaytarılmasını tələb etmişdir. Alıcının tələbi yerinə yetirilmədiyindən cavabdehdən borcun tutulmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki,hazırda tərəflər arasında yaranmış mübahisə malların cavabdeh tərəfindən yarasız vəziyyətdə iddiaçıya təhvil verilməsidir. Lakin malların təqdim edilməsi dövründə aparılmış yoxlamalar zamanı qeyd olunan mallarda hər-hansı nöqsanlar aşkar edilməmişdir. Bu hal iş materiallarına əlavə edilmiş müvafiq rəy əsasında öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh tərəfindən mallar iddiaçıya təhvil verilməmişdən qabaq qeyd olunan rəy alınmış və yalnız bundan sonra mallar müvafiq qaydada iddiaçıya təhvil verilmişdir. İddiaçı təhvil verilmiş məhsulu qəbul edərək müvafiq qaydada çatıdırlmasını təmin etmişdir. Belə olan halda müqavilə predmeti olan malların iddiaçı tərəfindən Türkiyə Respublikası ərazisinə çatdırıldıqdan sonra iddiaçı malların yarasız vəziyyətə düşməsini müəyyən etmiş və bununla əlaqədar olaraq Türkiyə Respublikasında ekspertlər tərəfindən müvafiq yoxlama apararaq məhsulların istifadəyə yarasız hala düşməsinin səbəbi olaraq cavabdeh tərəfindən ona əvvəlcədən yarasız malların təqdim edilməsini göstərmişdir. Məhkəmə qeyd olunan əsasa dair bildirir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdehə malların müvafiq qaydada təhvil verilməsi öhdəliyi müəyyən edilmişdir. Lakin təhvil təslim prosesi cavabdehin olduğu yerdə həyata keçirilməsi nəzərdə tutulduğundan iddiaçı tərəf cavabdehin olduğu yerdə malları qəbul etməsi müqavilə üzrə cavabdehin öhdəliyinin bitməsinə gətirib çıxarmışdır. Belə ki, müqavilə üzrə tərəflərin öhdəliklərinin dəqiq hədləri müəyyən edilmişdir. Cavabdehin öhdəliyinin son həddi malların təhvil verilməsidir ki, bu şərtə cavabdeh tərəfindən əməl edilməsi işin mübahisəsiz halıdır. Belə olan halda iddiaçı tərəfindən mübahisə predmeti olan malların alınması zamanı məhsulun yararsız olmasına dair sübutu məhkəməyə təqdim etməsi vacib şərtdir. Lakin iddiaçının hazırki iddiasının əsasını malların təqdim Türkiyə Respublikasında iddiaçının ünvanına çatdırılan zaman məhsulları xarab olmasının aşkar edilməsi artıq malların iddiaçıya cavabdeh tərəfindən təhvil verilməsindən sonra, yəni iddiaçını həmin müqavilə üzrə götürdüyü öhdəliklərin yerinə yetirilməsi vaxtı əhatə edir. Qeyd olunan öhdəliyin müqavilə üzrə razılaşdırılmış subyekti yalnız iddiaçı olduğundan bu öhdəliyin yerinə yetirilməsi zamanı yaranmış uyğunsuzluqlara dair cavabdehə məsuliyyət müəyyən edilməsi əsassızdır. Belə olan halda məhkəmə hesab edir ki, mülki münasibətlərin iştirakçıları arasında yaranan münasibətlərin rəsmişlədirilməsində vacib səbəblərdən biri də tərəflərin qarşılıqlı hüquq və vəzifələrinin ardıcıllığının müəyyən edilməsidir. İddiaçı tərəfindən qeyd olunan halları təkzib edən hər-hansı sübutu məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən,qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Hazırki tələb üzrə iddianın əsasını təşkil edən hallar müəyyən edilməsi və ya ümumiyyətlə cavabdeh tərəfindən iddiaçıya zərər vurulması halına dair iddiaçı tərəfindən mötəbər sübutların məhkəməyə təqdim edilməməsi səbəbindən məhkəmə iddia tələbi üzrə iddiaçının əsaslandığı halların əslində baş verməməsi qənaətinə gəlir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edir ki, hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçı İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən məhkəmə xərcləri ilə əlaqədar ödənilmiş 230 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 230 (iki yüz otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2181/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2181/2021
30.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver