Məhkəmə qərarları › İş №e-2-2(113)-2185/2020

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2185/2020

05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2185/2020 05.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Rəhmanov Elçin Natiq oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra “xxxx” MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icra olunmamış müqavilənin icrası təmin edilərək 25352,26 (iyirmi beş min üç yüz əlli iki manat iyirmi altı qəpik) manat, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə 300 (üç yüz) manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu olaraq 31 (otuz bir) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə “xxxx” MMC arasında xx.xx.2017ci il tarixli, K-1 nömrəli müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemlərinin tikinti, təmir bərpa işləri məqsədi ilə icarəsinə dair müqavilə bağlamışlar. Müqavilənin şərtlərinə əsasən icarəyəverən İddiaçı müqavilə bağlandığı andan dəmir dirəklərin icarəsini həyata keçirmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverən malları icarəçinin sahibliyinə və istifadəsinə verdikdən sonra icarəçi razılaşdırılmış icarə haqqını ödəməyi öhdəsinə götürür. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktı ilə “xxxx” MMC tərəfindən icarəyə götürülmüş 3.85 metrlik dəmir dirəklər 500 ədəd olmaqla, geri qaytarılmışdır. Lakin yerdə qalan 1325 ədəd dəmir dirək geri qaytarılmamış və 25352, 26 manat məbləğində pul vəsaiti ödənilməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - İcarəyəverən qismində İddiaçı ilə icarəçi qismində “xxxx” MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, K-1 nömrəli avadanlıqların icarəsi müqaviləsinə əsasən icarəyəverən müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemlərinin tikinti, təmir bərpa işləri məqsədi ilə icarəçinin sahibliyinə və istifadəsinə verməyi, icarəçi isə razılaşdırılmış icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən hazıkı müqavilə avadanlıqların təhvil-təslimi haqqında akt imzalandığı tarixdən hüquqi qüvvəyə minir və icarə müddəti hər bir avadanlıq üçün bir aylıq nəzərdə tutulur. İcarə müddəti ərzində icarə haqqı sabit qalır və yalnız tərəflər arasında qiymət artımı olduqda qarşılıqlı razılaşma yolu ilə dəyişdiriliə bilər. - xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, icarəyə götürülmüş 3.85 metrlik 500 ədəd dəmir dirək geri qaytarılmışdır. Aktı hər iki tərəf imza və möhürləri ilə təsdiq etmişlər. - xx.xx.2017-ci il tarxili qiymətlərin razılaşdırılması protokolundan görünür ki, tərflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, K-1 nömrəli müqavilə üzrə icarəyə verilmiş 600 ədəd betonaltı dəmir dirəklərin toplam aylıq icarə haqqı 900 manata razılaşdırılmışdır. Protokolu hər iki tərəf imza və möhürləri ilə təsdiq etmişlər. - İddiaçı tərəfindən cavabdehə ünvanlanan xəbərdarlıq məktubundan görünür ki, pretenziya qaydasında xəbərdarlıqla “xxxx” MMC-yə müraciət edilərək ödənilməmiş 25352, 26 manat məbləğində icarə haqqının ödənilməsini və 1325 ədəd dəmir dirəklərin xx.xx.2020-ci il tarixədək qaytarılması xahiş edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında xx.xx.2017-ci il tarixli, K-1 nömrəli avadanlıqların icarəsi müqaviləsinə əsasən icarəyəverən müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemlərini tikinti, təmir bərpa işləri məqsədi ilə icarəçinin sahibliyinə və istifadəsinə verilmişdir. Cavabdeh icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2 -ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, eyni zamanda cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən icarə haqqına görə 25352,26 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda iddiaçı tərəfindən hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 300 manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 31 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 25352,26 manat (iyirmi beş min üç yüz əlli iki manat iyirmi altı qəpik) borc və hüquqi yardıma görə 300 (üç yüz) manat, ödənilmiş dövlət rüsumuna görə 31 (otuz bir) manat olmaqla, cəmi 25683,26 manat (iyirmi beş min altı yüz səksən üç manat iyirmi altı qəpik) məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar